Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DAXİLİ ZƏNGİNLİK

[ Oxu! / 3877 dəfə baxılıb ]   
|
 
Daxili zənginliyin İslamın söz dağarcığındakı qarşılığı olan irfan, ehsan və təqvanın qrammatik və semantik mənaları üzərində uzun-uzadı durmaq istəmirəm. “Tərif” edilən hər şey kimi bu dəyərlərin də zehnimizin bir küncündə dondurulub “təhrif” ediləcəyindən çox qorxuram.

Biz tərif etdiyimizi təhrif etməkdə ustalaşmışıq. Elminə sahib olduğumuz bir şeyin özünə də sahib olduğumuzu zənn edirik. Bəzən bunu cəhalətimizdən, çox vaxt da hiyləgərliyimizdən edirik.
Təbii ki, bu doğru deyil. Bir şeyin elmini əldə etməklə özünü əldə etmək arasında böyük bir fərq var. Yaşamadıqca dərk olunmayacaq bir dünyanı tərif etmək, balı bankanın üstündən yalatmaqdır, bunu bilirəm. Buna görə də sözü gedən təsəvvürlərin "elmi" üzərində deyil, əməlin "saleh" olmasını təmin edən irfan, ehsan və təqvanın qazanılmasında mühüm rol oynayan amillərin üzərində duracağam.
Bu amillərdən birincisi bayaqdan bəri yeri gəldikcə söz etdiyimiz qəlbdir, yəni məkan. Kiçik cahan olan insanın paytaxtı...
İkincisi, daxili zənginliyin əldə edilməsində məkandan sonra gələn zaman; xüsusi ilə gecə...
Üçüncüsü, bu məkanın əlverişli hala gətirilməsində önəmli bir ünsür olan iqlim; hüzn və göz yaşı...
Dördüncüsü isə, sözügedən məkanın uyğun iqlim və zamanda əkilincə məhsuldar bar verə biləcəyi ən cins meyvə; sevgi...

MƏKAN
Qəlb: Möhtəşəm imkan.
“Vücudda bir ət parçası var. O pozularsa bütün vücud pozular. O, qəlbdir.”
Buxarinin nəql etdiyi bu hədisdən də anlaşıldığı kimi, qəlb yaradılış baxımından pakdır. Ancaq vücud ölkəsinin paytaxtı olduğuna görə iman, ruh kimi dostlar da, şeytan, nəfs kimi düşmənlər də orada təşkilatlanmağa çalışır.
Çevrilişlər, üsyanlar orada baş verir. Bu ucsuz-bucaqsız ölkənin ən təsirli xüsusiyyəti adında gizlənib: Qəlb, yəni dəyişkən olan; haldan hala düşən; bir sözlə “Qərarsız”... Bir qərarda durmamağı, gördüyünə meyl etməsi, bir su kimi içinə girdiyi qabın şəklini, buqələmun kimi içində yaşadığı məkanın rəngini əks etdirməsi ona bu adın verilməsinə səbəb olmuşdur. Çevriliş, başqa sözlə inqilab da qəlblə eyni kökdən gəlmirmi?
Harada yerləşir? Nə mənası var bunun? İçimizdəki sonsuzluğu öldürmüşüksə, yerini bilib, bilməmək nəyi dəyişdirir? Yox əgər yaşayırsa, o sizi özündən xəbərdar edəcəkdir.

Ürək Dövləti.
Dünyanın ən böyük dövlətinə sahib ola bilmək üçün, əvvəlcə bu möhtəşəm imkanın fərqinə varmalıyıq. İçimizdəki hüdudsuz və sinifsiz ərazinin varlığından xəbərdar olmalıyıq. Quranın eniş biçimi və yeri mövzusundakı mübahisələrdə bəzi alimlər “ərş”i qəlb olaraq qəbul edirlər. Bu düşüncəni qəlb barədəki bəzi ayələr də dəstəkləyir.
“Məkansız”a məkan ola bilən qəlb, insana şah damarından daha yaxın olan Allahı qonaq edəcək gücdə yaradılmışdır.
“And olsun insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə verdiyindən də xəbərdarıq. Biz ona şah damarından daha yaxınıq” [50/16]
“Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz həqiqətən də Ona tərəf qaytarılacaqsınız” [8/24]
Bəli, bu möhtəşəm məkan, Allaha aid edilib beytullah və ərşullah olunmamışsa deməli ən böyük imkan itirilib.
Allah bir köksdə iki qəlb yaratmadığına [Əhzab, 4] görə qəlb ya Allaha aid edilir, ya da qeyrisinə. Əgər Allahdan qeyrisinə aid edilmişsə bu halda, beytullah deyil, beytulməqam, beytulmal, beytuşşəhvət, beytunnəfs və hətta beytuşşeytan olur.
İslamı hərəkat, insanların əvvəlcə ürəklərindən vurulduğu belə bir toplumda ürək dövlətini qura bilmiş nə qədər igid yetişdirə biləcəkdir ki?
“Başqası deyil, özlərinin işlətdiyi günahlar qaraltmışdı qəlblərini” [83/14].
Təbii ki, bu qaranı, bu pası təmizləmək asan olmayacaq. Necə təmizlənsin ki? Ən çox istifadə etdiyimiz orqanlar əl, baş və qəlbdir. Bunlar içərisində də ən çox istifadə etdiyimiz qəlbdir. Əlimizi bir neçə ay yumadığımızı düşünək. Diksindiniz, elə deyil? Bəs ondan daha çox istifadə etdiyimiz qəlb? Onun kirliliyini siz hesablayın. Bu kirlilik, nəticədə qəlbi elə bir vəziyyətə gətirir ki, qəlb daşlaşır, qatılaşır, duyğusuzlaşır. Bunun Quran ifadəsi:
“Sonra qəlbləriniz yenə qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki daşlardan elələri vardır ki, onlardan irmaqlar fışqırır, elələri vardır ki, yarılaraq ortasından sular çağlar, elələri də var ki, Allah qorxusundan yuvarlanır. Allah etdiklərinizdən qafil deyil” [2/74].
Bu həqiqət şairin dilində ifadəsini belə tapır:

Daş daş deyil, bağrındır daş sənin.
Nərəni, necə yaxsın, söylə bu atəş sənin?!

Bir qatılıqdır dinamit, sökərmi ürəkləri?
Başın bir kəz bu qəlbə dəyməsin ey daş sənin.

Külüngü qayalara deyil, qəlblərə vur ey Fərhad,
Nə üçündür qırdığın bunca daş sənin?!


Başqa bir şair, Asaf Halət də içimizdəki bütləri, “Azər”i biz olan bütləri xatırladır: Könül əhli bir Çələbinin dilindən könlün başqa bir üzü:

İbrahim,
İçimdəki bütləri dağıt
Əlindəki baltayla
Qırılan bütlərin yerinə
Yenilərini qoyan kim?!
Günəş buzdan evimi yıxdı
Sal buzlar düşdü
Bütlərin boyunları qırıldı
İbrahim,
Günəşi evimə soxan kim?!

Asma bağçasında dolaşan gözəlləri
Buhtunnasır büt yapdı
Mən ki, zamansız bağçaları qucaqladım
Gözəllər məndə qaldı

İbrahim,
Könlümü büt sanıb da qıran kim?!


Qəlb qatılığı rəhmət qıtlığı ilə birbaşa əlaqəli hadisə olmasaydı üzərində bu qədər dayanmazdıq: “Sözlərini pozduqları üçün onları lənətlədik və qəlblərini sərtləşdirdik” [5/13]. Qəlb qatılığının səbəbi olaraq lənətlənmənin göstərilməsi olduqca ürpədicidir.
Eyni zamanda qəlblər həm də sınanır. Kiçik kainat olan insanın bu möhtəşəm dünyası hər an sınanmaqda və fitnələrlə qarşı-qarşıya qalmaqdadır. Quran, “Allahın təqva üçün qəlblərini sınadığı şəxslər”dən söz edir. Gündüzü olmayan bir gecədə ürəyi zəbt etməyə gələn “qəm”, sonunda hidayətin, qəlbin yanacağı olan hidayətin tamamilə kəsilməsinə səbəb olur:
“Hatəmallahu ala kulubihim [Allah qəlblərini möhürlədi]”
[2/7; 6/46].
Artıq qovluq bağlanmış, möhürlənmiş və imzalanmışdır. O möhürü onu vurandan başqa heç kim aça bilməyəcək. Qatılıq qəlbin fəlakəti, möhürlənməksə qiyamətidir. Qəlb kimi mükəmməl bir ərazisini əldən qaçıran demək ki, dövlət quşunu əlindən uçurmuşdu. Bu hala düşməmək üçün ən təminatlı yol “daxili savaş”dır.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka