Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BƏŞƏRİ MÜNASİBƏTLƏR

[ Oxu! / 7131 dəfə baxılıb ]   
|
 
"111.Yaxşılıqları və gözəllikləri almaq və vermək üçün etkən [1] və edilgən [2] olun. Lakin pisliklər və şəxsi qüsurlarınız üçün izolyator olun. Qüsurlarınızı və xətalarınızı başqalarına yoluxdurmayın. Dostlarınızın hüznünü və sevincini paylaşın. Ürək ovçusu olun. İnsanların könlünü ələ almaq üçün müstəsna zamanları, kədərli və sevincli anları ələ keçməz fürsət olaraq dəyərləndirin.

112. Əgər getdiyiniz mühit və getdiyiniz cəmiyyət İslami deyilsə o mühitə və o cəmiyyətə uymayın. Getdiyiniz mühiti və daxil olduğunuz cəmiyyəti şəxsi inanclarınıza uydurun. Getdiyiniz yerə inancınızı da özünüzlə bərabər aparın. Şəxsi dəyərlərinizə uyğun bir çevrə yaratmasanız, başqaları sizin adınıza, sizin dəyərlərinizlə daban-dabana zidd bir çevrə yaradacaqlar.

113. Təvazökar olun, lakin şəxsiyyətsiz olmayın. Alçaqkönüllülük [3] alçalmaq demək deyil, əksinə ucalmaqdır. Allah, kitabında möminləri vəsf edərkən "möminlərə qarşı zillətli [4], kafirlərə qarşı izzətlidirlər [5]" buyurur. Yaxşı bilin ki, mömin qardaşlarına qarşı təkəbbürlü davrananlar, kafirlər, münafiqlər və fasiqlər önündə ikiqat olarlar.

114. Qardaşına qarşı təvazökar olarsa dəyərinin azalacağını zənn edənlər sözün həqiqi mənasında şəxsiyyət sahibi ola bilməyən xəstə və kompleksli insanlardır. Belələri sudan ibrət alsınlar. Baxın, su həmişə əngin yerlərdən axır, bununla belə bu hal onun izzətindən bir şey əskiltməz. Hətta dilimizdə belə bir söz də var: "Su kimi əziz olasan". Onun alçaq yerlərdən axması da dəyərindən heç bir şey azaltmaz. Su köklərdən ağacların ta zirvəsinə çıxar, qar olar dağların zirvəsinə yağar, buxar olar göylərə yüksələr.

115
.İzzəti və yüksək keyfiyyətləri şəxsiyyətindən qaynaqlanmayan insanlar, təvazö göstərməyə, təvazökar yaşamağa, geyinməyə, yeməyə və gəzməyə qorxarlar. Özünə güvəni olmayanlar sözlərində, davranışlarında və həyatlarında təvazökar ola bilməzlər.

116. Təvazö göstərməkdə həddi aşıb imanın qiymətini ayaqlar altına sərmək isə məziyyət deyil, əksinə iradə zəifliyidir. Kafirə, münafiqə və fasiqə hansısa bir mənfəət qarşılığı təvazö göstərmək zillətdir. Mömin, mənsub olduğu dinin ləyaqətini öz ləyaqətindən daha uca tutmalı və qorumalıdır.

117. Riyakar olmayın, yaltaqlıq etməyin. Belə etdiyiniz təqdirdə həm öz şəxsiyyətinizi alçaldar, həm də müxatibinizi aldatmış olarsınız. Unutmayın ki, çox vaxt yaltaqlanaraq, dil tökərək əldə edilən mənfəət düşəcəyiniz zillətin əvəzini ödəmir. O mənfəəti başqa yollarla da əldə edə bilərsiniz, ancaq dünyanın bütün sərvətini versəniz də itirdiyiniz şəxsiyyətinizi geri qazana bilməzsiniz.

118. Heysiyyətsizlik yaltaqlığın məslək halına dönməsidir. Müsəlmanların öndər şəxsiyyətlərini gözləyən ən böyük təhlükə ətrafdakılarının yaltağa çevrilməsidir. Nə siz başqasına yaltaqlanın, nə də başqalarının sizə yaltaqlanmasına izin verin. Əgər biri sizi üzünüzə qarşı mədh edərsə ona yaxşılıq edib, etmədiyinizə baxın. Əgər yaxşılığınız toxunan biri sizi tərifləyirsə ehtiram və tərifi qəbul edin, əgər yaxşılığınız toxunmayan biri sizi tərifləyirsə Sevgili Nəbinin tövsiyəsi ilə "onun üzünə torpaq atın" və o mədhiyyəni qəbul etməyin. Bu Allah Rəsulunun qoyduğu nəbəvi həddir.

119. İnsanların mövqelərinə və hallarına görə münasibət qurmaqla yaltaqlığı və heysiyyətsizliyi bir-birinə qarışdırmayın. İnsanlarla xoş davranmaq və onların fərqli kompleksiya və yaradılışlarına görə onlarla rəftar etmək yaltaqlıq və riyakarlıq deyil, ağıllı və xoşrəftar olmaqdır. Bu keyfiyyətə sahib olmayanların qədəri tənha yaşayıb, tənha ölməkdir. Belə ki, hər kəsdən bunu gözləmək də cəfəngiyatdır.

120. Dostlarınızın xətalarını münasib bir üslubla üzlərinə, yaxşılıqlarını və gözəl tərəflərini də arxalarınca söyləməyə çalışın. Əksini edən dostuna pislik etmiş olar. Ancaq təşviq və təqdir məqsədi ilə Allahdan nəfslərini qıcıqlandırmamağını dua edərək yaxşılıqlarını üzlərinə qarşı da söyləyə bilərsiniz.

121.Cəmiyyətə tabe olan möminləri tənqid edərkən adil və mötədil olun. Onların gözəl xüsusiyyətlərinin də olduğunu ağlınızdan çıxartmayın. Tənqidinizi şəxslərə deyil xətalara təksif [6] edin. Ancaq tənqid etdiyiniz şəxsin başqalarına zərər verəcəyindən əminsinizsə onun adını açıqlamanızda heç bir günah yoxdur. Çünki mömini maddi və mənəvi bir zərərə uğramaqdan qorumaq da sizin qardaşlıq vəzifələrinizdən biridir.

122.Bir qardaşınızın üzünə qarşı tənqid etmənin ədəbi, arxasınca onun üçün dua və istiğfar [7] etməyinizdir. Bunu edə bilirsinizsə deməli onu tənqid etmək haqqını da əldə etmişsiniz. Belə etmək sözü-nüzün onun üzərindəki təsirini artıracaq. Sözü biz söyləyərik, təsirini Allah yaradar.

123. Dininizə qarşı deyil, amma dünyanıza və nəfsinizə qarşı edilənlər qarşısında iltifatlı davranın. Sevgili Əfəndimizin buyurduğu kimi "İltifat göstərin ki, iltifat görəsiniz." Bir xəta ilə adam asanlardan olmayın. Unutmayın ki, siz də insansınız və insanlar xəta edən məxluqlardır.

124.Möminə, Allahdan daha qəhr edici [Qəhhar] kimi görünmək yaraşmaz. Allahdan daha mərhəmətli [Rahim] kimi görünmənin yaraşmadığı kimi... Qul bağışlamağı Allahdan öyrənməli və Rəsul Əleyhissalamın buyurduğu kimi "Allahın əxlaqı ilə əxlaqlanmalı"dır.

125. Dininizə olunan həqarət və təcavüzlərə iltifat göstərmək haqqına sahib deyilsiniz. İnsan ancaq öz nəfsinə olunan təcavüzü iltifatla qarşılaya bilər. Allah adına, Allahın dininə olunan təcavüzə iltifat göstərmək həddi aşmaqdır.

126. İnandığınız dəyərlər, insanlığın dəyişməz dəyərləridir. Onlara həqarət edildiyini gördüyünüz zaman, gücünüz nəyə çatırsa o şəkildə protest edin. İnandığı dəyərlərə həqarət edilməsini qəbul edən insan, heysiyyət və şərəfdən məhrum olan insandır.

127. Mətanətli olun. Əsrimizin ən böyük əskikliyi mətanət çatışmamazlığıdır. Elm mətanətlə süslənəndə fəzilət olur. Sokrat kimi inandığı dəyərlər uğrunda yeri gəlincə hər kəsi qarşısına ala bilməyənlər elmlərinin və imanlarının namusunu fəda edənlərdir.

128. Üzüyola olun. Qaba olmayın. Birlikdə yaşadığınız insanlar sizinlə birlikdə olmağın dadına doymasınlar. Onlara "illallah" [8] dedizdirməyin. Sizinlə bir müddət birlikdə yaşayanlar o anları xoşluqla yad etsinlər. Ətrafındakı insanları incidib uzaqlaşdıranlar, ömür boyu dost qıtlığı çəkməyə məhkum olarlar.

129. İnsanlarla münasibətlərinizdə qaba və qəddar deyil, mərhəmətli və mülayim olun. Dərd çəkin ki, dərdiniz çəkilsin. "Sıxıntıya dözə bilməyən" dünyada yaşamamalıdır. Mömin olmaq "sıxıntıya dözmək" deyil, "sıxıntıya namizəd olmaq"dır. İncitməməkdən daha önəmlisi inciməməkdir. Ancaq kamil bir əxlaqa sahib olan insanlar bunu bacara bilərlər. İncitməmək hər kişinin işidir, inciməmək ər kişinin işidir.

130. Fədakar və vəfalı olun. Möminlər bir yerdə yaşamağa məcbur və məhkumdurlar. Bir arada yaşamağın əsas şərti "fədakarlıq"dır. Heç bir şey qarşılıqsız deyil. Dost qazanmaq isə heç… Qardaşını nəfsindən üstün tutmaq "îsâr"dır [9]. Îsâr sahibi ola bilmək, comərdliyin ən üstün olanıdır.

131. Başqalarını düşünün, eqoist olmayın. Əgər insanlar inandıqları bir dünyanı rahatlıqlarından, sərvətlərindən, komfortlarından, həyatlarından fəda etmədən qura biləcəklərini düşünürlərsə, qədim insanlıq tarixi onların haqsız olduqlarını sübut edəcək. Batil əhlinin batil iddiası üçün etdiyi fədakarlığı, haqq əhli haqq iddiası üçün edə bilmirsə zəfərdən danışması boş cəfəngiyatdır. Çünki həyatın ən dəyişməz qanunu: "İnsan üçün ancaq əməyinin qarşılığı var" kodudur. Quran belə söyləyir. Buradakı şərt "əmək"dir. Bir insanın haqq yolda olmağı, tənbəlliyinə bəhanə ola bilməz. Qazananlar, çalışanlardır.

132. Mütəcəssis [10] olmayın. Möminlərin qüsurlarını araşdırmaq, onları utandırmaq üçün eyiblərini açmaq, Allahın yasaqladığı bir davranışdır. Mömin, qardaşının qüsurlarını açıb onu rəzil edən deyil, o qüsurları düzəldib onu əziz edəndir. Unutmayın ki, Allahın gözəl isimlərindən biri də "Səttar: Eyibləri örtüb, gizlədən"dir. Başqalarının günahlarını tapmaqdan zövq alan insanlar xəstə tiplərdir. Onlar öz qüsurlarını örtmək üçün başqalarının "daha qüsurlu" olduğunu isbat etməyə həvəslidirlər. Belə olmayın və belə olanlarla dostluq etməyin. Yaxşı bilin ki, başqalarının qüsur və yanlışları, sizin məziyyətiniz və doğrularınız ola bilməz.

133. Məclis əmanətdir, xəyanət etməyin. Məclisdə danışılanlar arasında xüsusi olanları orda-burda danışmayın. Nur surəsi 62-ci ayədə bildirilən məclis ədəbinə riayət edin. Söhbət əsnasında daxil olduğunuz məclisdə gördüyünüz ən münasib yerdə oturun. Söhbətin istiqamətini pozan davranışlardan uzaq olun. Söhbətin istiqamətini zədələməyəcəyindən əmin olduqdan sonra məclisə daxil olarkən izin istəyin. Əgər bir yer göstərilərsə orada oturun.

134. Bir məclisdə gündəmi yaxşı anladığınızdan əmin olmadan sözə başlamayın. Məclisə gələn elm və irfan sahiblərinə, yaşlı və xəstə insanlara yer verin. Bu öz haqqından könüllü vaz keçməkdir, başqa sözlə desək sədəqədir. Məclisi izin istəmədən tərk etməyin. Hər məclisdə söhbətə başlayarkən Qurandan bir surə və ayə ilə başlamağı, bitirərkən də istiğfar ilə bitirməyi alışqanlıq halına gətirin. Bilin ki, Nəbi Əleyhissalam belə edərdi. Bu, məclisin mənəvi havasına təsir edəcək, unudulan bir sünnət də ihya [11] edilmiş olacaq.

135. İnsanların iztirablarına ortaq olun. Xəstələri ziyarət edin və təsəlli verin. İnsanlığımızın, İslamlığımızın ayrılmaz bir parçası olduğunu unutmayın.

136. Ürək ovçusu olun. İnsanlar çətin günlərdə edilən yaxşılıqları unutmazlar. Belə həssas zamanları fürsət bilin və qəlblərdə özünüzə yer ayırın. Yetimləri, öksüzləri, qəribləri, dulları və kimsəsizləri himayə edin. Unutmayın ki, hər cəmiyyətdə bu zümrələr İslamın təbii müttəfiqləridir. Və yenə unutmayın ki, içində yaşadığınız cəmiyyətdəki yardıma möhtac olanları qorumaq inancımızın bizə yüklədiyi bir vəzifədir.

137. İçində yaşadığınız cəmiyyətdə əzilən insanların müdafiəçisi və himayədarı olun. Onları dinin dəyişməz dəyərlərinə inandırın. Dərdlərini dinləyib, süfrənizi onlarla paylaşın. Daima cəmiyyətin zənginlərinə hörmət göstərmək, yoxsulla zəngin arasında ehtiram və hörmətdə ayrı-seçkilik etmək, Allahın nifrət etdiyi davranışlardır. Bunu "qulluq", "qayə" və sairə kimi bəhanələrlə olsa belə etməyin. Bunu etmək "Yəhudiləşmək"dir. Bu iyrənc davranışdan şeytandan qaçdığınız kimi qaçın.



[1](Ər) Təsir edən (aktiv)
[2] (Ər) Təsir edilən (passiv)
[3] Alçaq könüllü- təvazökar, təkəbbürlü olmayan
[4] Kiçilmə, miskin, təvəzökar
[5] Üstün, şərəfli
[6] (Ər) Bir mövzunu diqqətlə araşdırmaq
[7] Tövbə etmək
[8] Adətən bezib usananda işlədilən bir ifadə.
[9] (Ər) ehsan, müsafirə hörmət, ikram, comərdcə dağıtmaq
[10]Başqalarının işinə qarışan, özgələrinin sirlərinin araşdıran, hər şeylə ifratcasına maraqlanan
[11]Yenidən həyat qazandırma, diriltmə.

Azerislam.com



Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka