Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NATARAZLIĞIN ÇAĞDAŞ NÖVÜ

[ Oxu! / 1844 dəfə baxılıb ]   
|
 

Bu günün insanında tarazlıq ürək əleyhinə pozulub.
Qəlb biganələşdikdə ortada bir şey qalmır. Məxluqatın əşrəfi insan, insanın əşrəfi isə qəlbdir. Heç bir şeyin fayda vermədiyi bir gündə “səlim bir qəlb”in fayda verəcəyi həqiqətini Qurandan öyrənirik. [26/88-89].

Allah Rəsulunun bəyan etdiyi kimi – qəlb, insanın mərkəzi, vücudun komandiri, imanın məskənidir. Qəlb, Allahın təcəlligahıdır [1]; Allahla insan arasındakı ünsiyyətin nizamlandığı ülvi bir məkandır. Xülasə, qəlb, enerji istehsal edən mərkəzdir. Sizcə nə qədər insan içində belə möhtəşəm bir imkan daşıdığının fərqindədir?

Aldığımız Qərb qaynaqlı rasionalist və pozitivist təhsilin təxribatına məruz qalan orqanlarımızın başında qəlb dayanır. Məqsəd imanları öldürmək, ya da təsirsiz hala gətirməkdirsə, əlbəttə, ilk hədəf ürək olmalıdır. Məkanı başına yıxılmış bir iman, ona saray olmaq yerinə zindan olan bir ürəkdə nə edə bilər ki?
Çağdaş təhsilin hədəfi imanın iqtidarlığını əlindən almaqdır. İqtidarlığı əlindən alınmış bir iman, sadəcə bir ürək aksessuarıdır. Zamanımızda yaşanılan çarəsizliyin qaynağı da elm və texnologiya ilə şüalandırılmış imanların iqtidarsızlığı deyilmi? İmanlar, "vehin" [ətalət, bacarıqsızlıq] xəstəliyinə tutularaq dişi-dırnağı tökülmüş itaətkar bir aslana döndərildi. Qəlb imana məskən olmaq əvəzinə ona məhbəs oldu.
İndi saxta bir islamçılıq dəbdədir. İnsana yalnız İslamın verə biləcəyi ən gözəl sərmayə olan duyğudan, kamillikdən və daxili zənginlikdən məhrum bir "tip" yaratmağa çalışırlar. Duyğusu və yaşamı bir “lord” [2], ya da bir “kont” [3] kimi olduğu halda, bir müsəlman kimi düşünən; imanını ağlının əlinə verib ağlı ilə iman edən əcaib xilqətli tiplər. Münafiqlər qissəsində anıldığı kimi, İslamı qavrayışına, düşüncələrinin parlaqlığına, ya da ayələrin arasında zəka oyunları və məntiq tapmacaları çözən kimi dolaşmasına, yəni nitqinə heyran olursunuz. [63/4].
Müsəlmanın ən güclü orqanı ürəyidir; - Allahla olsun, qullarla olsun – hər cür ünsiyyəti ürəyindən başlayır. Məsələn, iki marksistlə iki müsəlman arasındakı ünsiyyət formasında fərq olmalıdır. “Qardaş”lıq “yoldaş”lığa döndərilməməlidir. Dava və s. adını qoyduğumuz mövhumi şeylər bu cür saxta bir islamçılığın bəhanəsi ola bilməzlər. Hiss etməyən, ürpənməyən, yanmayan, hüzünlənməyən qəlblə daş arasında nə fərq var ki? Kitaba görə bu cür qəlbdən daş yaxşıdır:
“Sonra qəlbləriniz yenə qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki daşlardan elələri vardır ki, onlardan irmaqlar fışqırır, elələri vardır ki, yarılaraq ortasından sular çağlayır, elələri də var ki, Allah qorxusundan yuvarlanır. Allah etdiklərinizdən qafil deyil” [2/74].

Əgər daşıdığın qəlb belədirsə, bəsdir, daha onun hamballığını etmə. Bir ömür köksündə qranitdən bir parça daşımağa səni kim və nə məcbur edir? Götür, at!
Müsəlman gənclik boğaza qədər mənəvi səfalət bataqlığına batıb. Bunun nəticəsi olaraq dini ideologiya, Kitabı manifest, Rəsulu ideoloq, təbliği propaqanda, təbliğatçını propaqandist, cihadı döyüş, təfəkkürü ağıl yürütmə, dəvəti gəvəzəlik kimi anladıq və anlatdıq. Bu İslamı dəyərləri cığırından çıxardığımız üçün, bir nəslin həyatında çevriliş edən bu şeylər, bizim həyatımızda çevriliş bir yana, heç kiçik bir dəyişiklik belə etmədi.
Tərbiyələnmədik, öyrəndik. Biri olmadan digəri heç bir işə yaramadı. Baxdıq, amma görə bilmədik; gördüyümüzü sandıq. Bildik amma dərk edə bilmədik. Təsadüfən dərk etdiksə də yaşaya bilmədik. Yaşadıqsa da ixlasa çata bilmədik. Bəzən bilmədiyimiz üçün, bəzən də bilib dərk etmədiyimiz üçün düşmən olduq.
Altun tarazlığın daxili dünyamız əleyhinə pozulmasının təməlində yatan səbəblərdən bizi ən çox maraqlandıran üç şey haqqında danışmaq istəyirəm:
1) Anormal “tövhid” anlayışı, 2) Dini siyasiləşdirmə, 3) Əks-reaksiya.
Bunları maddələr halında araşdırmağa çalışaq:

Anormal "tövhid" anlayışı
Tövhid anlayışındakı anormallıq İslamın doğuş tarixini düzgün dəyərləndirməməkdən, ona sağlam düşüncə ilə baxmamaqdan qaynaqlanır.
Bildiyiniz kimi “Məkkə dövrü” ibadət və qanunlardan daha çox tövhid əqidəsinin formalaşdırılmağa çalışıldığı dövr idi. Dinin təməli olan əqidənin toxumu bu dövrlərdə qəlblərə yerləşdirilmişdi. Səadət Əsrini öz məntiqi içərisində qavradığımızda elə bir cəmiyyət üçün bu üsulun ən uyğun üsul olduğunu anlayarıq. Sonralar bu dövrü, öz şərtləri və orjinal quruluşu içində doğru dəyərləndirməməkdən qaynaqlanan bəzi üsullara aid problemlər yaşanmışdır. Bu gün də aramızda müdafiəçilərinin olduğu anormal bir tövhid anlayışı inkişaf etdirilir. Bu anormallıq, Əsri Səadətin özünəməxsus şərtlərini və imkanlarını unudaraq “İslamlaşma müddəti”ni eyni ilə bu günümüzə gətirmək arzusundan qaynaqlanır.

Əsas budur: madam ki, bu dövr tamamilə Məkkə dövrünə uyğun gəlir, o halda, belə bir dövrdə vacib olan, Allah Rəsulunun etdiyi kimi tövhid əqidəsini formalaşdırmaq; əxlaq, rəftar və əməllərdə o sıranı təqib etməkdir. Muamelat [4] bir yana heç əxlaqla, ehsanla, irfanla, nəfs təzkiyəsi [5] və ruh tərbiyəsi ilə məşğul olmaq belə bu dövrdə lazımsızdır. Düşüncələri və rəftarları belədir.
Tutaq ki, mübahisə doğura bilən bu tezisə "inandıq" deyək və bu üslubu düzgün hesab edək. Elə isə eyni məntiqlə yola çıxdığımız zaman indi oxuyacağım bu kərim ayələrin Məkkədə nazil olmasını necə açıqlaya bilərsiniz? Unutmayaq ki, bu ayələr nazil olduğu vaxtda şərab küpləri hələ qırılmamış, hicab fərz olmamış, faiz yasaqlanmamışdır. Bir çox fərzin adı belə bilinmirdi.
Ortada Dövlət də yox idi. “Dövlət”i yaxşı müsəlman olmanın şərti saymaq yerinə bu ayələrdən yola çıxaraq əvvəlcə “ürək dövləti”ni qurmaq lazımdır. Ayələrə dönək; müttəqilərin xüsusiyyətlərini dinləyək:
“Gecə boyunca çox az yatarlar. Onlar səhər vaxtlarında istiğfar edərlər” [51/17-18].
Qrammatik olaraq başdakı “kanu” naqis [6] felinə keçmiş zaman formasında “dı” şəkilçisini [yatarlardı] artırmağımız lazım gəlir. Belə etsək isə bu ayə sanki keçmişdə yaşayan birinə xitab kimi anlaşılardı. Halbuki, bu ayədən bir ayə əvvəlkində cənnətə girən müttəqi möminin dünya həyatında etdikləri barədə danışılır; “gecə boyunca çox az yatmaq” və “səhər vaxtlarında istiğfar etmək” kimi əməllər də “ittiqa”nın [7], dolayı yolla cənnətlik insanın xüsusiyyətlərindən hesab edilir.
Bəli, sən ey tövhidi və əqidəni ön plana alan dostum! Məkkədə nazil olduğuna şübhə olmayan bu ayə nə üçün sənin “Məkkəndə” hələ də nazil olmayıb? Günahı ən son nə zaman işləmişdik? Beş il əvvəl? Yoxsa bir il əvvəl? O da deyil, bir ay, deyil, bir həftə; yox, yox lap yaxınlarda! Bəli, bu doğrudur. Həyatımızda günah axtarmaq üçün elə də uzaqlara getməyə gərək olduğunu sanmıram. İnsan heç günah işləməsə, bu tüğyan selinin ortasında, cəmiyyətin əxlaqsızlıq və günahkar makinası kimi çalışdığı bir mühitdə, ona səssiz qalaraq yaşaması günah olaraq yetər, elə deyilmi? Bu barədə şübhəsi olanlar İslamdakı əmr-i bi’l mə’ruf nehy-i əni’l munkər fərzinin istinad etdiyi açıq hökmləri təkrar gözdən keçirsinlər.
Bu halda, “Allah”ın “vestağfiru” [istiğfar ediniz!] [2/2; 11/3, 52, 61, 92; 41/6; 71/10] əmrinə uyaraq və Zariyat surəsindəki tövsiyəni əsas alaraq Rəbbinin hüzurunda qorxu və haşyətlə boyun bükərək son etdiyin istiğfar nə zamandı?” deyə sorulsa cavabınız nə olardı, bilmirəm.
Allah Rəsulunun və səhabənin Məkkəsində nazil olan, amma hələ də bizim Məkkəmizdə nazil olmayan ayələri oxumağa davam edək:
“Həqiqətən, Rəblərindən olan haşyətlərinə görə ehtiramla qorxanlar” [23/57].
Ayədə keçən “haşyət” və “ehtiramla qorxu” bir ruh halıdır ki, kitablardan öyrənilməz; yaşayaraq öyrənilir. Ümumiyyətlə, “ehtiramla qorxanlar” mənası verilən “muşfikun” terminində belə tarazlıq ən bariz bir biçimdə görünür. Bir-birinə zidd olan “ehtiram” və “qorxu”, əslində fərdin Allah qarşısındakı ruh halını tarazlayan iki eyni ağırlıqdı. Ardınca gələn sonrakı ayələrdə bu tarazlıq özünü daha açıq bir biçimdə göstərir:
“Və onlar Rəblərinə dönəcəklərinə görə verdiklərini qəlbləri ürpərərək verərlər” [23/60].
Bəli, verəcəksiniz; amma vermiş olmanın sevinci, ərköyünlüyü və qüruru əvəzinə dönüb bir də ürpərti duyacaqsınız; həm də lap ürəyinizdə. Vermiş olmanın gətirdiyi “ümid”inizi verdiyinizin qəbulundan, əməlinizin saleh olub olmadığından əmin olmamaqdan qaynaqlanan bir “qorxu” ilə tarazlayacaqsınız. Əgər bu şəkildə edə bilsək, bir xeyri, xeyirli bir üsul, xeyirli bir niyyət və xeyirli bir məqsəd üçün edilən “xeyirlilər”dən olacağının müjdəsi də Qurandan:
“Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə önə keçərlər” [23/61].
Bu Məkkə ayələri “möminlərin həqiqətən xilas olduğu” müjdəsini verdikdən sonra xilas olan möminlərin xüsusiyyətlərini sayar:
“Onlar namazlarında huşu içində olanlardır.
Onlar boş şeylərin hamısından üz çevirənlərdir.
Onlar zəkat verənlərdir.
Və onlar namuslarını qoruyanlardır”
“Onlar əmanətlərə və verdikləri sözə riayət edənlərdir.
Onlar namazlarını qoruyanlardır”
[23/2-5; 8-9]
Bəli, dövlətli Mədinədə deyil, dövlətsiz Məkkədə, yəni əqidə və tövhidin möhkəmləndirildiyi Məkkədə bizim, biz tövhid dəvətçilərinin, çox da önəm vermədiyi “boş şeylərdən üz çevirmək”, “əmanətə və verilən sözə riayət” etmək kimi mövzular işlənməkdədir.
Bu tövsiyələrin “Dövlət”li deyil, amma “camaat”lı Məkkədə icra olunması, ilk əvvəl “Məkkə dövrü – Mədinə dövrü” müddətinin hər çağda eyni ilə keçərli ola biləcəyini düşünənlərin diqqətini çəkməlidir. Üsul barədəki mübahisələrindən daha vacibli olan bir şeyi bilməliyik: Bu İlahi tövsiyələrin, iman həlqəsinin içini dolduran ehsan və irfana çatmanın əlaməti olduğu həqiqətini...
Bilək ki, “Rəsul” olmadan daha əvvəl də “əmin” olan bir Peyğəmbərin ümmətiyik. İmanını itirsən də əminlik xüsusiyyətini itirməyəcəksən, fəqət bunu da yaxşı biləcəksən ki, ən böyük xəyanət imana edilən xəyanətdir. Əminlik xüsusiyyətini qazanıb, əmin olmamızı düşmənlərimizin dilindən söylətmədikcə vicdan aynasında mömin görünsək də toplum aynasında “mömin” [əmin biri] olmayacağıq.
Əməlin deyil, imanın əlbisəsi, tövhidin zinəti olan bu ilahi tövsiyələri araşdırmağa davam edərək tövhid anlayışımızı təshih etdirək: Bu ayələr də Məkkəli:
“Onlar ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi [and] pozmazlar.
Və onlar Allahın çatdırılmasını əmr etdiyi şeyi çatdırarlar, Rəblərindən qorxu ilə qəlbləri [ehtiramla] titrəyər və hesabı verə bilməməkdən qorxarlar.
Və onlar Rəblərinin rizasını istəyərək səbir edərlər, namazı doğru qılarlar, özlərinə ruzi olaraq verdiklərimizdən gizli və aşkar infaq edərlər və pisliyi yaxşılıqla dəf edərlər. Dünya yurdunu gözləyən gözəl sonluq da onlar üçündür”[13/20-22]
“Rəhmanın qulları yer üzündə təmkinlə gəzər və cahillərə müxatab olduqları zaman salam deyib keçərlər.
Onlar Rəblərinə səcdə edərək və qiyama duraraq gecələyərlər”
[25/63-64].
“Onlar xərclədikləri zaman nə israf edərlər, nə də xəsislik edərlər; seçimləri ikisi arasında orta bir yol [tarazlıq] olar”[25/67]

Quranın tərbiyə etdiyi nəslin Məkkədə müxatib olduğu bu kərim ayələr beynimizdəki "tövhid" şablonuna uymadığı üçün onları yox saymağımız mümkün deyil. Elə ona görə, bunları Rəbbani tərbiyənin tövhidlə doğrudan da əlaqəli bir bölümü olaraq qəbul etməyimiz vacibdir. Oxuduğumuz ayələrdə zikr olunanlar: Gecə boyunca çox az yatmaq, səhər vaxtlarında istiğfar etmək, Rəbləri qarşısında havf və haşyət duymaq, verdiklərini qəlbləri ürpənərək vermək, xeyirdə yarışmaq və önə keçmək, huşu içində namaz qılmaq, boş şeylərdən üz çevirmək, əmanətə və verilən sözə əməl etmək, Allahın nəfslərinə, yaxınlarına, topluma çatdırmasını əmr etdiklərini çatdırmaq, hesabı verə bilməməkdən qorxmaq, Rəbbin rizasını istəmək xüsusunda səbir etmək, gizli, açıq infaq etmək, pisliyi yaxşılıqla dəf etmək...
Heç kəs bütün bunların tövhidlə həqiqətən də əlaqədar olmadığını söyləyə bilməz. Əgər bunu söyləyir, ya da bu qənaəti dəstəkləyiriksə və buna görə də bu fəzilətləri əhəmiyyətli hesab etmir və sonraya saxlayırıqsa, demək ki, tövhidi doğru qavramamışıq. Anormal tövhid anlayışı dedikdə bunu nəzərdə tuturduq.
Təqva, irfan, ehsan kimi müxtəlif anlayışlarda əksini tapan daxili zənginliyin əldə edilməsi, fərddəki tövhid anlayışının təzahürüdür. Fərdi üslubdan ictimai üsluba keçidin sağlam ola bilməsi üçün ilk əvvəl ürək dövlətini qurmaq lazımdır.

Dini siyasiləşdirmə
Bir İslam böyüyünün təbiri ilə desək, bu din “siyasəti ibadət, ibadəti siyasət” olan bir dindir. Buna görə də zalım və fasiq idarəçilər, ibadəti formal mənada qavrayıb kiçik bir məkana təsis edərək özünü də belə dar mənadakı bir "ibadət"ə həsr edənlərdən həmişə razı və məmnun qalmışdılar. Hətta ibadəti küçələrə, prospektlərə, şəhərlərə aparmasınlar deyə onların ayaqlarına qədər getmiş, “ibadət”i də özləri ilə birlikdə qəfəsə sıxışdırdıqları üçün hətta onları mükafatlandırmışdılar da.
Təbii ki, həyatın bütün sahələrini ehtiva etməyən belə naqis bir ibadət anlayışı zalımların çörəyinə qatıq olmuş, bəziləri qalın divarlar arasında böyük cihad etdiyini sanarkən ümmətin bütün maddi-mənəvi dəyərləri zülmkar rəhbərlər və onların məmurları tərəfindən kobudcasına qarət edilmiş, talan edilmişdir.
Gələcəkdə İslamı hərəkatın toxum kadrlarını yaradacağı gözlənilən nəsil isə bütün bunlara rəğmən yuxarıdakıların tam əksi olan bir hərəkətlə tarazlığı əks tərəfdən pozmuş, dini siyasətləşdirmək kimi bir reaksiya ilə cavab vermişdi.
İbadəti dar məkana sıxışdırıb dini ibadiləştirmək [8] necə bir natarazlıqdırsa, dini və dini dəyərləri çox çeşidli mənalarından təcrid edərək siyasətləşdirmək də eyni bir şəkildə natarazlıqdır.
Bu bir reaksiya idi. Hər reaksiyanın daşıdığı zəifliyi bu da daşıyırdı. Bu əks reaksiyanın ehtiva etdiyi anlayışda hər şey ictimai müstəvidə dəyərləndirilirdi. Belə ki, hər kəs üçüncü şəxsi xilas etməkdən söz edirdi. Xilas edilməli olanlar bunu unudaraq xilaskarlılıq dalınca düşmüşdülər. Bu, özünün xilas edildiyini xəyal etmək kimi boş bir qənaətin nəticəsi idi. Ətəyi alovlanan yanğınsöndürənin yanğın söndürməyə qaçması kimi bir şeydir. Xilaskarlar xilas etməkdən xilas olmağa vaxt tapa bilmirdilər.

Halbuki, bizlərə belə bir vəzifə verilməmişdir, biz xəyal etmişdik. Əsl fərdi məsuliyyətlərimizi unudub bizə lazım olmayan, güc yetirə bilməyəcəyimiz yüklərin altına girmişdik. Lakin bilməliyik ki, fərdi azadlıq ictimai azadlığın ilk və ən böyük şərtidir:
“Bir toplum öz nəfslərində olanı dəyişdirmədikcə Allah da o toplumda olanı dəyişdirməz” [13/11].
Nəfslərimizdə olanı dəyişdirmək əvəzinə vəzifəmiz olmayan bir işi – toplumu dəyişdirməyə çalışdıq. Əslində dərk etmədik ki, toplumu dəyişdirmənin ən qısa yolu nəfslərimizdə olanı dəyişdirməkdən ibarətdir. Məhz daha öncə də söz etdiyim fərdi sistemlər nəfslərimizdə olanlardır. Onları yıxmaq, onları dağıtmaq lazımdır.
Zahiri dünyalarına daha çox diqqət verənlər daxili dünyalarını, o dünyadakı düşmənlərini, o dünyanın məsələlərini unutmuşlar.

Din siyasətləşdirilincə, siyasət də təbii olaraq dinləşirdi. Parça bütündən üstün tutuldu və “əhsən-i təqvim” tarazlığı pozuldu. Artıq din ideologiya, Peyğəmbər ideoloq, cihad qovğa, təbliğ propaqanda olmuşdu. Bu hal elə pik nöqtələrə qaldırılmışdır ki, bəzən müsəlman olmanın çətinliyini görüb çarəni “İslamçı görünmək”də tapanlar belə ola bilirdi.
Çevrilişin ilk ərazisinin ürəklər olduğu ağıla gətirilmirdi. İçimizdəki bir nəfərlik sistemlərə və bütlərə necə olursa-olsun bir söz dedirtmədiyimiz halda, çölümüzdəki bütlərə və sistemlərə qarşı sıxdığımız yumruq bir "şou"ya dönürdü. Bilmək istəmirdik ki; şəxsiyyət olmadan camaat, camaat olmadan kadr, kadr olmadan qurum olmaz.
Ürək inqilabını gerçəkləşdirib könül ərazisini daru-l İslam edə bilməmiş bir insanın siyasi müvəffəqiyyəti nə qədər parlaq olursa olsun onu satın alarlar. Belə ki, daxili zəfərlə tarazlanmayan xarici uğurlar bir anda məğlubiyyətə çevrilər. Bu ümmət belə acı həqiqəti azmı yaşayıb? Bu məzlum ümmətin tarixi, görünüşü gözəl olmaqla yanaşı qurdunu içində daşıyan meyvə kimi olan aldadıcı uğurların acı nəticəsi ilə doludur.
Buyruq qulları, günlərin birində İslamı çalışmaları ilə ətrafda şöhrət tapmış birini satın almaq, ya da susdurmaq istədikləri zaman, o adam haqqında tutduqları dosyedə onun “zəif” nöqtəsini qeyd etdikləri bölməyə baxacaqlar. “Zəif”liklərinizi qeyd etdikləri bölmənin maddələrini hər cür ehtiraslarınız, alışqanlıqlarınız, vərdişləriniz təşkil edir. Bu istərsə bir siqaret, istərsə bir çay vərdişi olsun.
Zəifliyiniz pula, mala, məqama, qadınadırmı? Verərlər və sizi satın alarlar. Bəzən insan, bütün ömrünün qazancını, alışqan olduğu kiçik bir şey qarşılığında belə sata bilir. Bu, Şeytanın da möminlərə qarşı istifadə etdiyi ən birinci taktikadır. Bizə qədər gəlib çatan məşhur rəvayətlərdə, Şeytanın başqa şeyə qarşılıq imanı necə satın almaq istədiyinin ən təsirli nümunələri anladılır. Bu zaman isə bütün əməllər boşa çıxacaq [iflas], nəticədə hidayət satılıb zəlalət alınmış olacaqdır:
“Məhz onlar hidayətin əvəzinə zəlaləti satın almışlar. Onların alveri bir xeyir gətirmədi” [2/16]
Zəiflikləri, zövqləri, vərdişləri bölməsində “Allah”, “Allah Rəsulu” onların sevgisi, riza və razılığı yazılmalıdır. Bunları verə bilərlərsə versinlər; budur bizim məramımız, versinlər və istədikləri qədər istifadə etsinlər. Abdullah b. Ömərin dediyi kimi bizi Allahla, bizi Rəsulla şirnikləndirsinlər.
Allah ordusunun [cundullah] həqiqi sayını öyrənmək istəyən, insanların “zəiflikləri” bölməsində nə yazıldığına baxsın. Təbii öz qeydini bilmək istəyən də...

Əks – reaksiya.
Mənəvi dünyamızı kamilləşdirmək iddiasında olan bəzi üsul və məktəblərin olduğu hamıya məlumdur. Onların sözügedən işi nə qədər gerçəkləşdirə bildikləri, gücləri, səmimiyyətləri, əqidələri və siyasi şüurları başqa bir müzakirənin mövzusudur. Daha doğrusu sözü gedən çevrələrin hamısını tərəzinin eyni gözündə dəyərləndirmək haqsızlıq olardı.
Ümumən isə bu üslubu mənimsəyən bəzi çevrələrin siyasi şüur baxımından bir səfalət və hətta ara-sıra xəyanət içərisində olduğu da məlumdur. Bunlar içərisindən İslam düşməni mövqelərini qanuniləşdirmək istəyənlər də çıxa bilir. Bəziləri də “Mənə dəyməyən ilan min il yaşasın” fəlsəfəsinə sarılaraq məktəbinin və adamlarının təhlükəsizliyini İslamın təhlükəsizliyindən öndə tutur. Hətta, “böyük xilaskar” olduğu iddia edilən və dinə baxışı məlum olan bir rəhbərin, cümhuriyyətin ilk dövrlərində Şərqdə “dəstək” verdiyi şeyxlik şəhadətnamələri o şeyxlərin xələfləri tərəfindən hələ də saxlanılmaqdadır.
Sözü gedən qrupdan bəziləri, cahanşümul İslamı hərəkat qarşısında düşməndən daha düşməncə bir rəftarı özlərinə yaraşdıra bilirlər. Son illərdə müsəlmanların sistemə inteqrasiyası bu toplumun əlində “məşrəb əzm”inə çevrilməkdə, ümmət fərdlərinin enerjiləri boş yerə getməkdədir. Dinə deyil məşrəbə istinad edilərək alınan bu tərbiyənin nəticəsində, dinin deyil, məşrəbin qurtuluşu əsas alınır.
Bu qüsurları istənilən qədər artırmaq mümkündür. Ancaq bunu yaxşı bilin ki, bəzilərinin bəzən düşüncəsizlik və cəhalətdən, bəzən də İslama xəyanətdən qaynaqlanan bütün bu qüsurları İslam davasını çiyninə almaq iddiasında olanların ədəbsizləşməsini, tərbiyəsizləşməsini, ehsan, irfan və təqva yoxsulluğunu qanuniləşdirməz.
Nəfsi təmizləmək və tərbiyə etmək; Allahı təsbih, tənzih [9], tahmid [10] və zikr etmək müsəlmanlar içərisində bəlli bir zümrənin deyil, Qurana tabe olan hər kəsin haqqıdır.
Təqva, huşu, ehsan, havf, haşyət, şəfqət bir zümrənin deyil, Quranın terminləridir. İslamın “kamil insan” modelinə çatmanın resepti olan bu əlamətləri qazanc mənbələrinə döndərib gəlir əldə edənlərə qarşı göstəriləcək əks-reaksiya ehsanı, irfanı, əxlaqı, zahidliyi, təqvanı, zikri, təsbihi, istiğfarı nə gözdən salmaq lazımdır, nə də ki, tərk etmək.
Bu yanlışlığa qarşı göstəriləcək ən ağıllı hərəkət, müttəqi olmaq, zahid olmaq, abid olmaq, arif və fazil olmaqdan keçir. Bu məziyyətlərə çatmaq üçün miskin olmağa, tənbəl və bacarıqsız olmağa gərək olmadığını, razılaşmağın və güzəştə getmənin isə bunlarla heç bir əlaqəsinin olmadığını sübut etmək, bu işi gəlir mənbələrinə çevirən mənsəbpərəstlərin inhisarını, sözügedən məziyyətlərə sahib çıxaraq qırmaq gərəkdir.
Bir qrupun yanlışları başqa bir qrupun fəziləti deyildir. Artıq saxta İslamçılığın heç kəsə xeyir vermədiyi məlumdur. Maneələrin yıxıldığı bir çağda möminin qəlbindəki və zehnindəki maneələrə bir bəhanə tapması çox çətin olacaq.
Elə isə, bunları yıxmağa çalışaq. Bir səfərbərlik başladaq. Hər kəs öz könlünün səhraya dönən ucsuz-bucaqsız ərazisini yaşıllaşdırmaq üçün bu səfərbərliyə qatılsın. Ürəyinə sahib çıxmayanın ürəyi işğal olunacaq. Unutmayaq ki, ürək bir “imkan”dır. Texnologiyanın deyil, Allahın möcüzəsidir. Onu tam gücü ilə istifadə edə bilməyin yollarını öyrəndiyimiz gün bəsitlikdən xilas olub kamilləşəcək, zənginləşəcəyik.
“Arif” olmadan “alim”, “müttəqi” olmadan “mücahid” olunmayacağını bilmək lazımdır. Ürəyə hansı güc hakimdirsə, o bədənə də bütün funksiyaları ilə birlikdə “o güc” hakimdir. İşğal olunmuş bir ürəyin sahibinin azadlıq iddiası boş bir iddiadır. İnsan könlünü nəyə vermişsə, gözü də onda olacaqdır. İnsan könlünü kimə vermişsə üzü də ona dönmüş olacaq, başqasına deyil.


[1]Allahın təcəlli etdiyi yer.
[2]İngiltərədə çox zəngin biri.
[3] Qərbdə dördüncü dərəcəli əsillilik məqamı
[4] (Ər) İslamda şəxs və ailə hüququ, miras, ticarət, borc və iş hüququ ilə əlaqəli mövzular.
[5] Nəfsin pisliklərdən təmizlənməsi.
[6] Ərəb dilində bir qrup fel var ki, cəm halı düzəldiləndə felin kökü dəyişir. Belə fellərə naqis, sınıq, dəyişən və s. deyilir.
[7] Allah qorxusu ilə günahlardan qaçmaq, çəkinmək, əndişə.
[8]Allahın qüsur və nöqsanlardan uzaq olduğuna inanmaq.
[9]Həmd etmək, şükür etmək.
[10]Monopoliya

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka