Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRLƏRƏ İMAN

[ Oxu! / 3805 dəfə baxılıb ]   
|
 
"Allah Rəsulu Rəbbindən ona endirilənə iman etdi; möminlər də… Hamısı, Allaha, mələklərinə, mesajlarına və elçilərinə inandılar: "Onun elçilərini arasında ayrı-seçkilik etmərik. Eşitdik və itaət etdik; bağışlamağını diləyərik, ey Rəbbimiz! Çünki dönüş Sənədir!" dedilər." [2:285]

Peyğəmbərlik qurumu, insan həddini-dəyərini bilsin, problemin deyil, çözümün bir parçası olsun deyə Allah tərəfindən yaradılmış ülvi bir qurumdur.
Peyğəmbərlər, insanlığın həqiqi modelləridir. İnsanı yaradan və yaratdığını çox yaxşı tanıyan Allah, peyğəmbərlərini kamil insan olmaq istəyən hər kəsə göndərmişdi. Allahın təqdim etdiyi bu əsil insanlıq nümunələrini göz ardı edən bir dünyanın, bu dünyanın cilalayaraq təqdim etdiyi "fotomodellərə" etibar etməkdən başqa yolu yoxdur. Bələdçisi qarğa olanın gedəcəyi yeri söyləməyə ehtiyac yoxdur.

Peyğəmbərlərə iman, əslində Allahın insanlıq tarixinə peyğəmbərlər vasitəsi ilə müdaxiləsinə imandır. Peyğəmbərlər, Allahın insanlar arasından seçdiyi elçilərdir. Quranda adı zikr olunan 24 peyğəmbərlə yanaşı, adı zikr olunmayan on minlərlə peyğəmbər olduğunu Allah Rəsulundan öyrənirik.
Allah elçi göndərmədikcə heç bir qövmü həlak etmədiyini bəyan edir. Peyğəmbərlər, eynilə vəhy kimi, Allahın insana olan sonsuz şəfqət və mərhəmətinin təzahürüdür. Peyğəmbərlərə iman, onların nümunə olmasının insanlıq üçün vacibliyinə imandır. Çünki peyğəmbərlik qrumu bir örnəklilik müəssisəsidir.
Aləmlərə rəhmət Həzrəti Məhəmməd də "örnəklilik" missiyasıyla [usvətun hasənətun] göndərilmişdir. Bu missiyanı ona Allah vermişdi. Onun aləmlərə rəhmət olması, qeyri iradi və ‘vəhbi' [Allahın ehsanı] bir təsadüf deyil, iradi və kəsbi [sonradan qazanılan] bir hadisədir. Fani bədəniylə deyil, əbədi missiyasıyla əlaqəlidir. Bu missiyaya sahib çıxıb onu həyatlarına daşıyanlar, bunu edə bildikləri nisbətdə Allah Rəsulunun rəhmət olduğu "aləmlərə" daxil olarlar. Əks halda onun aləmlərə rəhmət olması, buradakılar üçün bir “kredit kartı” deyil. Əksinə, peyğəmbərin missiyasına xəyanət edənlər etdiklərinin dünyada və axirətdəki qarşılığını ödəyərlər. Unutmayaq ki, bir peyğəmbər həqiqi mənada ruhunu Allaha təslim etdiyi üçün deyil, missiyasını davam etdirənlər olmadığı üçün ölər.

İndi hər mömin, Quranın "həyata çevrilmiş forması" olan Allah Rəsulu ilə bağlı təsəvvürünü yoxlasın. Biz Peyğəmbərin davamçısıyıq, ya yox? Cəsarət edərək belə bir sual vermək istəyirəm: Peyğəmbər balına qonmuş ağcaqanadıq, yoxsa o pətəkdə olan arımı?
Quran Həzrəti Peyğəmbərin ilahi xitabla müxatiblər arasındakı missiyasını ifadə edərkən ona bəyan və təbliğ vəzifəsini yükləyər [Nəhl 44]. Bəyan lüğətdə gizli bir şeyi ortaya çıxarmaq, bağlı bir şeyi açmaq mənasına gəlir. Termin kimi isə sözdəki dərin məna və məqsədi anladıqdan sonra onu açıqlamaqdır. Sünnət kəlməsi, Həzrəti Peyğəmbərin peyğəmbərlik missiyasıyla əlaqədar bütün fəaliyyətlərinə verilən ortaq addır. Böyük alim Şatıbi, sünnətin tərifini verərkən "Quranın bəyanıdır" deyir. Bu tərif, Həzrəti Peyğəmbərə Quranın yüklədiyi yuxarıda söylədiyimiz bəyan və təbliğ vəzifəsi ilə də üst-üstə düşür. Bu vəzifənin təməlində, "nümunə olmaq missiyası" var.

Nümunə olmaq
Nümunə olmaq vəzifəsini Həzrəti Peyğəmbərə Quran verib: "Doğrusu Allahın elçisində sizin üçün gözəl bir nümunə vardır." Bir yerdə "nümunə olmaqdan" danışılırsa, deməli orada tətbiq olunmağı gözləyən bir şeyin varlığından söz edilir. Tətbiq olunmağı gözləyən isə vəhydir. Onu həyata tətbiq etmək vəzifəsi, yenə vəhy tərəfindən şəxsiyyəti inşa edilən Peyğəmbərdir.
Peyğəmbərlik, nümunəlik missiyası ilə yanaşı bir metod olaraq gündəmə gəlir. Həzrəti Peyğəmbərin insanlarla qurduğu əlaqə forması, insanlar arası əlaqələrdə təqib olunması vacib olan gözəl bir nümunədir. Məsələn, o ilk dəvətini, qohumlarına verdiyi bir ziyafətin ardından etmişdir. Yəni əvvəl süfrəsinə çağırmış, sonra hidayətə. Yenə o əvvəl sözün dəyərini yüksəltmiş, sonra sözünü söyləmişdir. Belə ki, o sözü olan hər kəsi sonuna qədər dinlədiyi üçün düşmənləri ona "qulaq" ləqəbini vermişlər. Yenə o, Həzrəti Əbu Bəkrin evindən dünyanın qədərini dəyişdirəcək hicrətə ilk addımını atdığı ən kritik günündə, Həzrəti Əbu Bəkrin minməsi üçün hazır tutduğu dəvəyə, pulunu alacağı təqdirdə minəcəyini söyləmişdir.

Həzrəti Peyğəmbərin əşya ilə qurduğu əlaqə, insan-əşya münasibətində təqib olunması şərt olan bir modeldir. Uhud dağına sanki bir dostunu ziyarətə gedər kimi getməsi və bu vəziyyəti anlamaqda çətinlik çəkənlərə "Uhud bizi sevər, biz də Uhudu" söyləməsi kimi. Yağışlı bir gündə paltarının ətəyini yağışa tutmasının səbəbini soruşan dostlarına, yağışın Allahla müqaviləsinin yeni olduğunu söyləyərək bundan faydalanmaq istədiyini dilə gətirməsi kimi.
Həzrəti Peyğəmbərin Allahla qurduğu əlaqə də insan-Allah əlaqələrində təqib ediləcək ideal bir nümunədir. Dizləri şişənə qədər nafilə ibadət edən Həzrəti Peyğəmbərə Allahın onu onsuz da bağışladığını xatırladan Həzrəti Aişəyə: "Mən çox şükr edən bir qul olmayımmı?" deyə cavabını verir. Bununla yanaşı bütün ili oruclu keçirəcəyini söyləyən birinə də "Sən usanmadıqca Allah usanmaz" deyərək xəbərdarlıq edir.
Həzrəti Peyğəmbərin siyasətinə baxaraq onun siyasət üsulunu öyrənə bilərik. O siyasətdə "ya hər şey, ya heç nə" məntiqi ilə deyil, "hamısının əldə edilməsi mümkün olmayanın bir şeyin hamısı tərk edilməz" məntiqiylə hərəkət etmişdir. Hicrətdən dərhal sonra Mədinə Yəhudiləriylə imzaladığı razılaşma maddələri də, Yəhudi Kureyzaoğulları ilə bağladığı ittifaq müqaviləsi də bunun ən gözəçarpan göstəriciləridir.
Yenə hicrətin 8-ci ilində Fəthdən sonra Taifin təslim şərtlərindən əqidə ilə bağlı maddələri heç düşünmədən rədd etdiyi halda başqa maddələri qəbul etmişdir. Qəbul etdiklərindən biri də, Taifin də Məkkə və Mədinə kimi "hərəm bölgə" elan edilməsini tələb edən maddə idi. Hicrətin 9-cu ilində ona avtonomluq vergisi ödəməyi qəbul edən Necran Xristianları ilə onların məqbul tələblərini qəbul edən bir müqavilə imzalamışdır.

Həzrəti Peyğəmbərin ticarətlə bağlı idarəçiliyinə baxaraq onun iqtisadiyyat siyasətini təsbit edə bilərik. O, Mədinəyə gələn kimi əvvəlcə bir məscid yeri ayırmış, daha sonra isə mövcud olan bazar qanunlarını dəyişərək Müsəlmanların təşkil etdikləri bir Bazar tikdirmişdi. Bazarın şərtləri aşağıdakılardan ibarət idi:

1. "Ruzunu Allah verər" deyərək sərbəst Bazar iqtisadiyyatını tətbiq etmişdir.
2. Hər kəsin bəlli bir yerdə daimi alver etməsini qadağan edərək haqsız rəqabətin qarşısını almışdır.
3. İstehsalçının malının bazara girmədən alınmasını [təlakkir-rukban] qadağan edərək zəhmətsiz gəlirin qarşısını almışdır.
4. Nağd vergi almayaraq ticarətə şövq etmişdir.

Həzrəti Peyğəmbər, həyatın hər sahəsində olduğu kimi vəhyin inşa etdiyi model bir cəmiyyət meydana gətirmək baxımından da müvəffəqiyyətli bir üsul meydana qoymuşdur. Bu üsul, eyni zamanda Həzrəti Peyğəmbərin təhsil sistemində də tətbiq olunurdu. Müxalifətdəykən qurduğu Darul-Ərkam modeli ilə iqtidardaykən qurduğu Suffa modeli, onun təhsil sistemini təsbit edə biləcəyimiz iki nümunələrdir. Bilindiyi kimi Ərkamın evi [darul-Ərkam], Həzrəti Peyğəmbərin Məkkədə insanların sistematik təhsil alması məqsədi ilə istifadə etdiyi ilk ictimai məkandır.

İman əsaslarını qısaca olaraq açıqladıqdan sonra indi iman ağacının ünsürlərini bir-bir təhlil edə bilərik.


Ardı var...

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka