Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İBADƏT VƏ QULLUQ

[ Oxu! / 9612 dəfə baxılıb ]   
|
 
İnsanın yaradılış məqsədi, Allahın əmr və qadağanlarına qeydsiz-şərtsiz itaət olan ibadətdir. "Mən cinləri və insanları yalnız Mənə qulluq etsinlər deyə yaratdım." [Zariyat Surəsi; 56] Rəhmana qulluq üçün yaradılan sadəcə insanlar deyil. Yer və göydəkilərin hamısı Ona ibadət üçün yaradılmışlar. "Göylərdə və yerdə heç bir şey yoxdur ki, Rəhmana qul olaraq gəlməsin." [Məryəm Surəsi; 93]

O halda, varlıq səbəbimiz olan qulluq nədir və qulluq vəzifəmiz içərisində namazın yeri haradır? İndi bunu araşdıraq.
Lüğət mənasıyla ibadət; “a-bə” də felindən törəyən bir kəlmədir. Ərəbcədə itaət etmək, boyun əymək, bir kimsəyə bağlılıq göstərmək, bir şeyə yapışmaq, birinin, ya da güc və qüvvət sahiblərinin əmr və nəhylərini [qadağalarını] yerinə yetirmək deməkdir.

İbadətin mütləq mənası isə, qeydsiz-şərtsiz Allahın əmrlərini yerinə yetirmək, qadağalarından da çəkinməkdir. Bu mənada ibadəti üç şəkildə təsnif edə bilərik.

1- Həqiqi mənada Allaha qul olmadıqlarından, qullara qul olanlar, əsirlər və kölələr. Bunlar Allaha qulluğu seçib, həqiqi azadlıqlarını qazana bilmədikləri üçün qullara, nəfslərinə, şeytanlara, ya da onun dostlarına qul olublar. Halbuki yalnız Allaha qul olmaqla əmr olunmuşdular. Allaha mütləq mənasıyla qul olmayanlar, bu dünya həyatında rəzil, rüsvay olmağa məhkumdurlar. Dünya həyatının davamı olan əbədi həyatda isə, ən şiddətli əzab onlar üçündür. Şeytanlara, tağutlara, Allahın hakimiyyətini tanımayanlara, Allahın dəyər vermədiyi ölçülərə, hər hansı bir canlıya, ya da əşyaya qul olmaq; həm insanın fitrətinə həm də əşyanın təbiətinə zidddir.

2- İradə sahibi insanlardan başqa, canlı və cansız bütün məxluqat, Rəhman olan Allaha qarşı qulluq edirlər. Yer və göy, yerdəkilər və göydəkilər, heyvanlar, ən kiçik mikroblar və ən böyük cisimlər Rəhmana quldurlar. Bunların hamısı Allahın onlar üçün təyin etdiyi qaydalara görə vəzifələrini icra edirlər. Heç biri vəzifəsini icra etməkdə bir qüsur işlətmirlər. Belə ki, onların bütün vəzifəsi insanlara xidmət etməkdir. Rəhmana olan vəzifələrini yerinə yetirərkən insanlara xidmət edirlər. Amma onlar şüursuz varlıqlar olduqlarından etdikləri ibadətlər, həqiqi dəyərə sahib deyil. Arının bal düzəltməsi, atəşin yandırması, torpağın bitki yetişdirməsi, yağışın yağması, inəyin süd verməsi və s. bu ibadət növünə aiddir.

3- Ağıl sahibi, iradə sahibi, ‘əşrəfi məxluqat' olan insanın öz azad iradəsiylə Allaha qul olmasıdır. Məhz əsl ibadət də budur. Bu ibadət prosesinə daxil olan insan, Allah ilə bir müqavilə imzalamışdır. Onun əmr və qadağalarına təslim olmuşdur. Zatən müsəlman, Allaha təslim olan şəxs deməkdir.
Bildiyimiz kimi bir fabrikdə işləyən işçi, bir dövlət idarəsində çalışan məmur, vəzifəsiylə əlaqədar olaraq müəyyən qaydalara tabe olmaq məcburiyyətindədir. İşinə vaxtında gəlməli və vəzifəsini doğru şıkildə icra etməli, tabe olduğu müdrinin əmrlərinə qarşı çıxmamalıdır. İşini doğru şəkildə icra etməzsə ya işdən çıxarılar, ya da müəyyən cəzalarla cəzalandırılar. Eyni zamanda bir məktəbə oxuyan şagird də o məktəbə oxumaq istədiyi üçün müəyyən müqavilələri imzalamışdır. Məktəbin nizam, intizam qaydalarına tabe olmalıdır. Əks halda xəbərdarlıq cəzasından başlayaraq cəza alar, səhvlərin düzəltməzsə hətta məktəbdən qovula bilər. Məhz "Allaha qulum" deyən insanlar da Allah ilə bir müqavilə bağlamışdılar. Bu razılaşmanın prinsiplərinə, - qulluq prinsiplərinə, - tabe olmaq məcburiyyətindədirlər. Əks halda belə bir şəxsin "mən müsəlmanım, mən Allahın quluyam" deməsi yalandan başqa bir şey deyil. Belələrinə "sən yalan danışırsan" deməliyik. Bütün iddialar isbat tələb edər, elə deyilmi?

Bu qısa təsnifdən sonra, ibadətin [qulluğun] nə olduğunu bir də Allahın elçisindən öyrənək. Quran ayələri nazil olmağa davam edirdi. Rəsulullaha Tövbə Surəsinin 31-ci ayəsi nazil oldu. "Allahı buraxıb da alimlərini, rahiblərini rəblər [ilahlar] etdilər. Və Məryəm oğulu Məsihi də. Halbuki onlar, bir olan Allaha ibadət etməklə əmr olunmuşdular. Ondan başqa ilah yoxdur. O, onların şərik qoşduqlarından uzaqdır."

Bu ayəni hələ müsəlman olmayan Adiyy b. Xatəm eşidincə Rəsulullahın hüzuruna gəldi. Rəsulullaha etiraz etdi, "Biz xristianlar alimlərimizi və rahiblərimizi Rəbb etmirik. Amma duyduq ki, onları Rəbb etdiyimizi bildirən bir ayə nazil olub!"
Rəsulullah [sas.] belə cavab verdi:
"- Onlar sizə bir şey əmr etdiyi zaman nə edirsiniz? Adiyy:
- Əmr etdiklərini dərhal yerinə yetiririk.
- Onlar bir şeyi qadağan etdikləri zaman nə edirsiniz?
- Qadağan etdiklərindən də uzaqlaşarıq.
Peygaber Əfəndimiz bunun üzərinə:
- Hazihi ibadətun! [Bax ibadət -qulluq- budur]" buyurdu.

O halda halal və haram qılma səlahiyyətini Allaha vermək, Allahın əmr etdiklərini etmək, qadağanlarından çəkinmək tövhid və Allaha ibadət olarkən; halal və haram qılma səlahiyyətini Allahdan başqasına vermək və Allahdan başqasının əmr və qadağanlarına tabe olmaq şirk, Allahdan başqasına ibadət etmək və qulluq etməkdir.

İbadət, həyatın tamamilə qulluqla keçməsi deməkdir. Həyatımızın hər anı Rəbbimizə qulluq şüuru içində keçməlidir. Rəbbimizin; "Sənə ölüm əmri gələnə qədər Rəbbinə ibadət et [qulluq et]." [Hicr Surəsi; 99] xitabını unutmamalıyıq. Qulluq şüurunu itirməyən insan Rəbbinin hüzurunda olduğunu heç bir zaman ağılından çıxarmaz. Eynilə atasının yanında olduğunu bilən bir kimsə günah etməkdən necə utanırsa, Allahın ona atasından daha yaxın olduğunu anlayan Ondan qafil ola bilməz. Günaha yönələ bilməz. "Həqiqətən insanı biz yaratdıq. Onun nəfsinə nə pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq." [Qaf; 16] İnsanın Rəbbiylə davamlı əlaqəsini təmin edən ən əhəmiyyətli ibadət isə namazdır.

Hikmətin zirvəsi Allah qorxusudursa, ibadətlərin zirvəsi də namazdır. Çünki "dində namaz, bədəndə baş kimidir." Başsız bədənin ayaq üstə gəzməsi nə qədər mənasızdırsa, namazsız dinin ayaqda durması da o qədər əbəs olar. Əlbəttə dini ayaqda tutan namaz Rəsulullahın namazı kimi, iqamə edilən namazdır.
Həyatın ibadət ola bilməsi üçün etdiyimiz hər işin, atdığımız hər addımın Allahın razılığına uyğun olması şərtdir. Belə olduğu təqdirdə yatmağımız ibadət olar, gəzməyimiz ibadət olar, yeməmiz-içməyimiz, qazanmağımız-xərcləməyimiz, oxumağımız-öyrənməyimiz, nəhayət hər hərəkətimiz ibadət olar. İbadətin müəyyən bir vaxtı yoxdur. Allahın namaz kimi müəyyən ibadətləri bizə fərz etməsi isə, digər ibadətlərə hazırlıq və onlara nəzarət üçündür.

İbadətlər bir növ təlimdir. Hər dövlətin, hər cəmiyyətin ayaqda qalması üçün təlim görmüş əsgərə, polisə ehtiyacı vardır. Onların hər biri lazımi təlimi aldıqdan sonra vəzifəlyə təyin edilərlər.

Məhz Allahın dininin ayaqda qalması üçün müsəlmanların da belə bir təlimə ehtiyacları var. Bu təlim, ibadətlər sayəsində olur. Öz nəfsindəki və cəmiyyətdəki pislikləri aradan qaldırmaqla mükəlləf olan müsəlmanın təmiz olmağa, təhsilli olmağa ehtiyacı var. Başqasının səhvini düzəltməyə çalışan, əvvəl öz səhvini düzəltməlidir. Həyatını iman və ibadət şüuru içərisində nizamlayan hər mömin partlamağa hazır bir hidrogen bombasından daha təsirlidir. Çünki ibadətlər həyatı nizamlayar. Müvəffəqiyyətin sirri isə, intizamlı olmasından asılıdır. Deməli bir mömin üçün lazımlı olan enerjinin təmini, özündəki ibadət ruhunun canlı olmasına bağlıdır. Bu şüuru həyatında canlı tutan və bizə rəhbər olan Peyğəmbərimizin gündəlik həyatına bir nəzər salaq.

Həzrəti Peyğəmbər [sas.] Allaha qulluq etmədkdə insanların ən üstünü idi. Onun bütün həyatı zikrdən, duadan ibarət idi. Zatən onun həyatında zikrlə qulluq eyni mənanı daşıyırdı. Ümmətinə olan hər əmri və qadağası onun Allahı təsbih etməsi idi. Rəbbinin adlarını, sifətlərini, hərəkətlərini xəbər verməsi, onun Rəbbini zikr etməsi idi. Müxtəlif ifadələrlə həmd və təsbihi, Allaha olan ibadəti idi. Sualı, duası, qorxusu, şövqü Onu zikr idi. Sükutu və səssizliyi, qəlbi ilə Onu zikr etməsi idi. O, hər vaxt və hər yerdə Allahı zikr edər, Ona gözəl bir qul olmağa səy göstərərdi. Alıb-verdiyi hər nəfəsdə, oturarkən, yatarkən, gedərkən, minərkən, döyüşərkən verdiyi hər nəfəsdə Allah vardı.

Yuxudan oyanınca, "Həmd olsun Allaha ki, öldükdən sonra bizi diriltdi. Dönüş Onadır" deyərdi. Gecə qalxdığında on dəfə təsbih gətirər və sonra, "Allahım! Dünyanın çətinliyindən Sənə sığınaram" deyərdi. Evindən çıxdığı zaman, "Allahım! Sənin adınla çıxıram, Sənə təvəkkül etdim, azmaqdan və azdırılmaqdan Sənə sığınaram" deyərdi. Səhər namazına qalxdığında, "Allahım! Qəlbimə, dilimə, qulağıma aydınlıq ver; gözümü, üzümü və yolumu işıqlandır" deyə dua edərdi.

Yenə Həzrəti Peyğəmbər səhər namazını qıldığında, namaz qıldığı yerdə oturar, günəş doğulana qədər Rəbbini zikr edərdi. Günəş doğunca, "Allahım! Sənin üçün sabahladıq, Sənin üçün axşamladıq. Sənin üçün yaşayır, Sənin üçün ölürük, diriliş də və dönüş də Sənədir" deyərdi. Evinə döndüyü zaman yenə Rəbbini həmd ilə təsbih edər, Allaha olan təşəkkür borcunu dilə gətirərdi. Bir paltar geydiyi zaman, "Rəbbim! Məni Sən geydirdin, Səndən xeyr üçün olmasını və xeyr üçün edilməsini istəyirəm" deyə dua edərdi.

Tualetə girəcəyi zaman, "Allahım! Görünən və görünməyən pisliklərdən Sənə sığınaram"; tualetdən çıxdığı zaman da: "Mənə əziyyət və çətinlik verən şeyləri məndən aradan qaldıran və faydalı şeyləri məndə tutan Allaha həmd olsun" deyərdi. Əlini yeməyə uzatdığı zaman: "Bismilləh" deyər və yeyənlərə bəsmələ çəkmələrini əmr edərdi. Gündə ən az yüz dəfə tövbə edər; diliylə, qəlbilyə Allahı zikr edərdi. Onun bütün həyatı məhz belə idi.

Rəsulullah, Rəbbinə olan ibadət və qulluq anlayışını bizlərə belə öyrədirdi. Rəsulullah: "O halda unutduğun zaman Rəbbini gündəmdə tut [zikr et]", "Uca olan Rəbbinin adını təsbih et", "Rəbbini təkbir et [ucalt]" kimi ayələri həyatıyla bu şəkildə təfsir edirdi.
Həyatı ibadətlə keçirmək ya da etdiyimiz hər hərəkətin ibadət ola bilməsi üçün imanın tam mənasıyla ürəyimizə yerləşməsi şərtdir. Əgər imanı nöqtələrdə əskiklik ya da səhv anlamaqdan söhbət gedirsə, ömür boyu alınımızı səcdədən qaldırmasaq belə Allah qatında bir dəyəri yoxdur. İbadətlərin səmərəli olması üçün, Allaha iman və tağuta qulluğun inkarı yaxşıca dərk edilməlidir. İlahlıq və Rəbblik etəmək istəyənlərin xüsusiyyətlərini və şəxsiyyətlərini yaxşıca tanımalıyıq. Əks halda Allaha qul olduğumuzu zənn edərək böyük bir səhv edə bilərik. Şeytan pis əməlimizi bizə gözəl göstərə bilər. İbadətlərimizdəki şüursuzluq ya da təsirindəki nöqsanlıq imanımızın nöqsanlığından qaynaqlanmaqdadır. Həyatımızı və qulluğumuzu qorumaq istəyiriksə əvvəl imanımızı təqliddən təhqiqə [həqiqi imana] keçirməliyik. O zaman Səid Nursinin, "Həqiqi imanı əldə edən adam, dünyaya meydan oxuya bilər" sözünün sirrinə varmış olarıq.

Həsən Hafizoğlu

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka