Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSANLAR VƏ QURBANLAR

[ Oxu! / 2898 dəfə baxılıb ]   
|
 
Cəmiyyətimiz başsız qəlblər və qəlbsiz başlarla doludur. Duyğu, düşüncə və hərəkət tarazlığını qura bilməmişik. Bu tarazlığı qura bilməyənlərimiz, həqiqətin sahib olduqları parçasında ifrata varıblar. Sözügedən vəziyyət isə natarazlığın təbii və labüd nəticəsidir.

Tövhidi bölmək suyu elementlərinə ayırmaq kimi bir işdir. Bu vəziyyətdə ortaya hidrogen və oksigen kimi biri yanıcı, digəri yandırıcı iki qaz çıxır. Yəni sudan əsər qalmır. Hətta suyun funksiyası tərsinə dönür. Söndürmək əvəzinə, bu dəfə yanan və yandıran bir maddəyə çevrilir.
Məhz tövhidi həqiqətin bölünməsi bəzən bundan da təhlükəli nəticələr verdi. Biləyi, ürəyi və başı birlikdə işlədə bilməyib insanı parçalayan anlayış, bunları bir-biri ilə vuruşduran mövqeyə gətirildi. Parçalanma fərdin özündə başlamışdı. Belə fərdlərin yaratdığı cəmiyyətlərdə “vəhdət”dən danışmaq “eyib” olardı. Çünki vəhdətin təməl daşı insandır və fərdi vəhdət anlamı daşıyan “tövhid”i şəxsiyyətlərinə hopdura bilməyən insanların; hətta mənliyindəki orqanlar arasında “vəhdət”ə nail ola bilməyən insanların, bir-birləri arasındakı vəhdətdən danışmaları yersizdir. Daha doğrusu ayrılığı bir bədən qurdu kimi vücudunda daşıyan, beyni və qəlbi hər an saysız davalara, didişmə və çəkişmələrə səhnə olan, duyğusunu düşüncəsi ilə barışdıra bilməyən, hər ikisini əməli ilə uzlaşdıra bilməyən fərdlərin olduğu bir yerdə edilməli olan ilk iş, uzaq düşmənlərə mesajlar göndərmək deyil, tövhidi mənliyimizə hakim etməkdir.

“İfrat edənlər həlak oldu.” Allah Rəsulunun dilindən Müslimin nəql etdiyi bu xəbər ümumi bir qaydanın müxtəsər ifadəsidir. İslamı hərəkatın mənsubları bir qurban olurlar. Yetişmə tərzinin anormal təbiətinin nəticəsi olaraq hər kəs həqiqəti parça-parça kəşf edir. Və üstəlik kəşf etdiyi parçanı həqiqətin özü, bütünü olaraq görür və göstərir. Əlbəttə, bunu pis bir niyyətlə etmir. Amma nəticəsi qorxulu olur.
Həqiqəti kəşf etməklə həqiqətdən bir parçanı kəşf etmək bir-birindən fərqlənir. İşin daha qorxulu tərəfi özümüzün kəşf etdiyi parçanı göylərə qaldırarkən, eyni həqiqətin digər parçasına sırf onu başqaları kəşf etdiyi üçün etinasız qalır, hətta ləkələyə bilirik. Ortaya bu vəziyyətin nəticəsi olaraq üç tip qurban çıxır:
1. Kitab qurbanları.
2. Təsbih qurbanları.
3. Silah qurbanları.

Kitab qurbanları
Kitab, mücərrəd mənada Qurana dəlalət edir. Hidayət və rəhmət qaynağı olmasına rəğmən o, hər kəs üçün hidayət və rəhmət deyil [2/2]. Onu yalnız oxumaq, əlində, evində, hafizəsində, kitabxanasında saxlamaq hidayətə və rəhmətə nail olmağın təminatçısı ola bilməz.
O, “Hudən li’l-muttakin”dir. Yəni Allahdan lazımınca qorxanlar, uluhiyyət, rububiyyət və ubudiyyət şüuruna nail olanlar [muttəqin] üçün bir hidayətdir. Möminlər üçün şəfa olan Quran, zalımların yalnız hüsranını artırır. [17/82]

Quran kimi ilahi bir mesajın belə, – tərif yerindədirsə, – “təhlükəli bir tərəfi” varsa, heç bir baxımdan Qurana tay olmayan digər kitabların mövqeyi ciddi şəkildə müzakirə edilməlidir.
Mövzumuz olmasa da xatırladılmasının faydalı olacağına ümid etdiyim bir şey var, Quranın, həyatımızda layiq olduğu mövqeni tuta bilməsi üçün zəruri olan bir şey: Qurana başqa mədəniyyətlərin işğalına məruz qalmış bir ağılla və qəlblə yaxınlaşmaq əvəzinə “ümmi” bir ağılla, məşhur ifadə ilə desək: “səlim ağıl və qəlblə” yanaşmaq. Qab bulaşıq və pisdirsə, içinə qoyulan yemək nə qədər gözəl olursa-olsun ikrah doğuracaq.
Kitablı bir dinin, kitablı bir mədəniyyətin övladlarıyıq. Texnologiyanın məhsullarını totemə, musiqini və idmanı yarı çılpaq rahiblərin idarə etdiyi bir ayinə çevirən modern zehniyyətin məhsulu olan “kitabsız” nəsillər yetişdirilir.

Kitab, biliyin tək daşıyıcısı olmasa da ən qədim daşıyıcısı olmaq xüsusiyyətini hələ də qoruyur. Təmir gücünə malik olduğu kimi dağıtma gücünə də malikdir. Əlbəttə, hər kitab hər zaman “bilik” daşımır. Cəhalət də bəzən kitablarla yayılır. Çağdaş cahiliyyə ilə qədim cahiliyyə arasındakı fərq bəlkə də budur. Biri kitabsız cahiliyyə, digəri isə kitablı cahiliyyə. Bəzən isə yaşadığımız dövrdə kitablı cahiliyyənin kitabsız cahiliyyədən daha ürküdücü olduğunun ən bariz nümunələrini görürük.
Biz, Qərbin oxumuşu və oxumamışını, kitablısı və kitabsızı ilə hamısını bir tərəfə buraxaraq kitablı bir dinin yolçuları olan müsəlmanlardan bəzilərinin kitab barədə düşdükləri natarazlığa bir nəzər yetirək.

Mədəniyyətin daşıyıcısı olan kitab, oxumaq feli ilə birlikdə anılır. Oxumaq və yaşamaq, bilmək və əməl etmək arasındakı bütün körpülər qırılıbsa bunun günahkarı kitablar ola bilməz. Kitabı yaramazlığına bir suç aləti edənlərə hirslənib kitabları günahlandırmağı, ayələri cadusunda vəsait olaraq istifadə edən falçıya hirslənərək bütün Quranları qadağan etməyə bənzədirəm. Ya da həb içərək intihar edən birinə hirslənib bütün dərmanları qadağan etməyə...
Bu həb bənzətməsi, “kitab qurbanları” üçün yerində işlədilən bir misaldır. Onlar kitabı, işinin ustası olan bir həkim nəzarətində müalicə alan bir xəstənin şüurlu olaraq istifadə etdiyi bir həb kimi deyil, dərman adına nə tapırsa mədəsinə atan bir hapkolik [dərmanpərəst] kimi istifadə edirlər.
Kitab, bu tiplər üçün oxunub səmərə verəcək bir qaynaq deyil, oxunub bitiriləcək bir əşyadır. Bu anlayışda, insan nə qədər kitab oxumuşsa, o qədər insandır. Ən sonunda nə düşündüyünü bilmək istəyirsinizsə sonuncu oxuduğu kitabın adını soruşun, bu kifayətdir.

Qurban, oxuduqlarını həzm edə bilməməyin fikir qəbizliyini yaşamaqdadır. Əmələ döndərə bilmədiyi bilik, ya da daha doğru bir ifadə ilə desək “məlumat” yığınının altında qalıb. İnsanlarla olan ünsiyyəti aşağı səviyyədədir. Ümumiyyətlə, həyata qarşı laqeyddir. Həyatın elmini həyatın özündən öyrənmək əvəzinə kitablardan qiraət edər. Buna görə də çox vaxt ünsiyyətində uğursuzluğa düçar olar.
Həyat biliyi zəifdir. Bu natarazlığın, tamamilə əksi başqa bir natarazlığa çevrildiyinə də çox rast gəlirik: Kitabı həyatda və insanların arasında yaşamaq yerinə həyatı kitablarda və kitabların arasında yaşayar. Özünə süni bir dünya qurar.
Belə məntiqə sahib biri Kitabdakı ayələri oxusa da, – şəxsən özü də Allahın ən böyük ayələrindən bir ayədir, – özündəki ayələri, kainatdakı ayələri, əşya və hadisələrdəki ayələri oxuyub Kitabla əlaqələndirə bilmədiyindən [hikmət] həyat qarşısındakı mövqeyi “off-side”dır.
Danışmağı dilinə peşə edib. Ayələrə yanaşması həkimin cəsəd üzərində ekspertizasına bənzəyir. Onları bir tapmaca kimi çözməkdən gizli bir zövq duyar, düşünməni bir imtiyaz sayar. Bütün enerjisini başına [başqa sözlə dilinə] sərf etdiyindən bu orqanları çox inkişaf edib. Sanki Mallarme psixozluğuna tutulub. Bir Fransız mütəfəkkiri belə deyirdi: “Biz yalnız düşünürük. Yaşamaqmı? Kölələrimiz nə üçündür?”
Gözünə baxarsınız, gözü heç bir məna ifadə etməz. Gözlərinin dərinliklərində boş yerə bir qığılcım axtararsınız. Elmi irfana dönmədiyinə görə sizi irəliyə apara bilməz. Üzünə baxarsınız üzü heç bir məna ifadə etməz. Ürəyinizin radarlarını çevirərək hansı tezlikdən yayımlandığını tapmağa çalışarsınız, daxili dünyası bir şey söyləməz. Daha doğrusu içində nüvə kimi bir güc mərkəzi daşıdığından xəbərsizdir. Onunla ünsiyyətə girdiyinizdə diplomatiya qaydalarının tamamilə etibarlı olduğunu görərsiniz.
Kitabların arasında bir kəklik kimi səkdiyini gördüyünüz bu rəftarın sahibi, həyatın reallıqları qarşısında ya hissiz və laqeyd, ya da çaşqın və biliksizdir.

Təsbih qurbanları.

Təsbeh, qrammatikada isim-i alət olmamağına rəğmən istifadədə “onunla təsbih edilən vasitə” mənasında şöhrət tapmışdır. Yəni sayıla bilən təsbeh daşları simvolik bir vasitədir. Kimlərin simvolu olduğu məlum: müsəlmanlar içərisində özlərini zikr əhli sayıb qəlb təsfiyəsi, nəfs təzkiyəsi etdiklərini iddia edən bəzi qrupların.

Bu qruplardan bir çoxunun əsas sərmayə hesab etdikləri “zikr”in Quranı anlamını bilmədiklərini, araşdırmadıqlarını, bu sahədə Quranın deyil başqalarının üsul və üslubunu təqib etdiklərini görürük. Quranın ən çox üzərində durduğu zikr kimi bir mövzuda Qurana istinad etmədən zikr etdiyini sanmaq böyük qəflətdir. Bir də ki, bu mövzuda da üslub və zövqlərə deyil, məhz Allahın qoyduğu qaydalara riayət olunması Quranın əmridir: “...fəzkurullahə kəma alləməkum. [Allahın sizə öyrətdiyi kimi Allahı zikr edin]” [2/239].

Quranda “cihad” kimi çoxmənalı bir anlayış olan zikr, bəzi qruplar tərəfindən çox yanlış və təhlükəli bir şəkildə, digər mənalarından təcrid edilərək yalnız dil ilə anmağa aid edilmişdir. Allahı anmaq [2/198], təbliğ [87/9], nəsihət və xəbərdarlıq [88/21], şükür [7/69] kimi bir çox mənaları olan zikr, “ala” hərf birləşməsi ilə işlədildiyində “dillə anmaq” mənasını verir [6/121].
Əslində zikrin yalnızca «təsbih» mənasına gəlmədiyini, bundan daha əhatəli olduğunu Qurandan öyrənirik:
“Ey iman edənlər! Allahı çox-çox zikr edin və Onu səhər-axşam təsbih edin”[33/41-42].

İnananlara həm zikr, həm də təsbih əmr edilmişdir. Bir ayədə həm “zikr”in, həm də “təsbih”in xatırladılması bu ikisinin də eyni şey olmadığının ən bariz nümunəsidir. Buna görə, dil ilə zikr olan “təsbih”i dəyərləndirməmək, yox saymaq, ya da tərk etmək möminə yaraşan bir iş deyil. Cihad anlayışının içində “cəng”in yeri nədirsə “zikr” anlayışının içərisində də “təsbih”in yeri odur. Hər etdiyi işə “cihad” adını verənlər “cəng”in [savaşın] ayrıca fərz qılındığını [2/216] nəzərə almadıqları kimi, zikrin yalnızca təsbih olmadığını söyləyənlərin bir çoxu da dil ilə anmaq, təkrar etmək mənasına gələn “təsbih”in ayrıca tövsiyə və əmr olduğunu nəzərə almırlar.

Özlərini zikr əhli hesab edənlərə gəlincə... Bu qrupdan olan bəziləri Allahla bağladıqları müqaviləyə sadiq qalmadılar. “Şəriətdən bir daş düşərsə müridlərimin bütün virdləri düşər” deyən həqiqi və kamil mürşidin əksinə müsəlmanların bütün dəyərləri ayaqlar altına atılarkən; bir daş deyil, şəriətin bütün təməlləri kobudcasına sökülərkən bu məntiqdəkilərin oturduqları vəzifələri başında qılları qıpırdamamışdı. Ümmətin talan edilən dəyərləri qarşısında hissiz və qayğısız duran bu məntiq, gördüyü işin adını da “böyük cihad” qoyub. “Böyük cihad nədir?” deyə Qurana sorduğumuzda isə Quran bizə “böyük cihad”ın nə olduğunu açıqca söyləyir:
“Kafirlərə uyma və onlara qarşı böyük cihad [cihadən kəbira] et” [25/52].
Həqiqətən böyük cihad edənlər həm daxili düşmənlərinə, həm ətrafındakı düşmənlərə qarşı ikitərəfli bir cəbhə açıb öncə ürək dövlətini quranlardır.
Ağlını qəlbinə qurban edən, dini dirildici bir eliksir kimi deyil, bir narkotik kimi idrak edən anlayış, hər şeyini bir nəfərə ismarlayaraq düşünmə zəhmətindən xilas olmuşdu. Onun yerinə başqaları düşünür, başqaları qərar verir. Nifrəti və sevgisi «alacağı təlimat»lardan asılı olur.
“Mürdəşir əlində meyit” olmağı kafir əlində şəhid olmaqdan üstün tutmuşdur. Ölməmişdən əvvəl ölməyə çalışar, öldükdən sonra yaşamağı sınamaz.
“Ölümü təfəkkür” etdiyinin mində biri qədər “şəhadəti” təfəkkür etməmişdir. Ürəyin iki ən böyük pəncərəsi olan ağıl və duyğularını itirdiyindən ürəyi bir zindana dönüb.
Bu “təsbih qurbanı”nın itaət anlayışı dərk edərək deyil, kor-koranə bir itaət anlayışıdır. Qurban, əmr edilənlərdən başqa heç kəsi dinləməyib, heç bir kitab oxumamaqla yanaşı həm də Qurana, onun ayələrinə qarşı da kor və kar olar.

Silah qurbanları
Qurban, bol dumanlı çay söhbətlərində qurulan “dövlət”in dağıntıları altında qaldığı üçün heç cür fəaliyyətə keçə bilmir. Röyalarını avtomat silah sədaları süsləyir. Hisslərini elm və irfanla yoğurub, ixlasla bişirib, səbirlə yeməyi öyrənmədiyi üçün acı çəkir. Bu ülvi acı, səmərəli olmamaqla yanaşı hətta onun özünü belə müflis edir.
Əməllərin əhəmiyyət sırası həyəcan vermə miqdarına görə düzülür. “Qalx, çevriliş oldu!” zarafatı, “Qalx, azan oxundu!” həqiqətindən daha çox xəbərdar edici bir təsirə malikdir. Gözəl xülyaları acı həqiqətlərdən üstün tutar. Əsas sərmayəsi xəyaldır. O, xəyalların gerçəkləşməsi üçün gərəkli qəlbi, fikri və əməli hazırlıqları həyata keçirmənin cəhd və əzmindən yoxsuldur.
Qurban, həqiqi inqilabın mahiyyətini qavraya bilməyib. Götürə biləcəyi kiçik yüklərə qane olmaz, sarıldığı böyük yükləri də qaldırmağa gücü yetməz. Bunu da əliboş gedişinə bir bəhanə olaraq göstərər.

Ən böyük sərmayəsi cəsarətdir. O, ruh halı ilə, ideallarına bir az da olsa müxalif olan hər kəsi günahlandırmağa və hətta həyatından çıxartmağa hazırdır. Daima qoltuğunda gəzdirdiyi başını yerinə, iki çiyin arasına qoymasını istədiyinizdə, günahlandırılma ehtimalınız çox yüksəkdir.

İnsanlar arası ünsiyyətlərdəki ifrat “saf”lığı yerli-yersiz aldanmasına səbəb olur. Bu halın təbii nəticəsi olaraq da, ya xroniki bir küskünlüklə içinə qapanar, ya da «dava»nı dünya ilə mübadilə edərək dünən xəyanətdə günahlandıqlarının vəziyyətinə düşdüyü üçün, vicdanındakı məhkəmədə özünü məhkum edər.
Qurban, çox zaman da həyəcanlı dövrü bitib yurd-yuva, iş-güc, oğul-uşaq sahibi olunca böyük bir həqiqəti ifadə edirmiş kimi, bir zamanlar başından keçən o ülvi hissləri “özünü” təhqir edərək, eyni halət-i ruhiyeyi yaşamaqda olan gənclərə dünya görmüş bir adam kimi: “Buraxın, buraxın bu işləri. Biz, sizin keçdiyiniz yollardan çoxdan keçmişik, bunları çox yaxşı bilirik” deyə, “gözəl nəsihət”lər verməyə başlayar. Bu, məsələni həll etməyin və sonrakı peşmançılığın vicdan acısını dəf etməyin ən ucuz həllidir. Silah qurbanı bu mərhələdə öz xətasının hesabını da inancına yükləyər.

Yolçu ikən aldığı yanlış mövqenin hesabını “yol”a çıxartmışdı. Biliyə deyil fantaziyaya, sabitliyə deyil nəfsə, saleh əmələ deyil “hərəkətə”, mühakiməyə deyil həyəcana istinadın nəticəsi belə olmuşdur. Sürücülük vəsiqən varmı-yoxmu demədən dayanacağa yaxınlaşan ən sürətli marşruta atılmanın nəticəsi minib-düşməklə keçən illər, qurbanı coşqunluğunu sakitləşdirəcək yeni yollar axtarmağa sövq etmişdir.

Bəli, bu üç halın üçü də, həqiqətin bir parçasını vücudunda daşıya bilər. Bunun belə olması təbiidir. Hətta, bunun belə olması bu rəftarların haqlı və faydalı olduğunu sübut etməz. Çünki bu halların ən bariz xüsusiyyəti natarazlıqdır.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka