Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏHV EDİLMƏLİ OLAN İLK SİSTEM

[ Oxu! / 1049 dəfə baxılıb ]   
|
 
İslamın heyranı, İslamın mənsubu və hətta İslamın qurbanı olmaqla İslamın insanı olmaq fərqli-fərqli şeylərdir. Bu mənada bizlər İslamın insanı deyilik.

İslam, özünün yetişdirdiyi insana “mənim insanım” deyir. Başqa sistemlərin, başqa mədəniyyətlərin, fərqli toplum və çevrələrin yetişdirib tərbiyə etdiyi insanların özlərini İslama aid etməsi mənasız bir cəhddir. İnsan, subyektiv müstəvidə, yəni şəxsi davranış, tövr, əxlaq və reaksiya səviyyəsində özünü İslama aid edə bilməsi üçün öz “fərdi sistemini” yaratmalıdır.

“Sistem” deyincə həmən ağıla təşkilatı bir quruluş olan status-quo [1] gəlməsin. Ümid edirəm ki, əvvəlcə bir nəfərlik sistemlərdən; prinsiplərini, qaydalarını, qanunlarını bizim təyin etdiyimiz fərdi sistemlərdən söz etdiyimi anladınız. Qorxduğum budur ki, sistem dəyişdirməkdən, sistem yıxmaqdan söz edən bizlər ilk yıxılması vacib olan sistemin fərdi sistemlərimiz olduğundan xəbərsizik. Üstəlik sözügedən sistemlərin memarı da biz özümüzdük. Və biz, bizimlə İslam arasına qoyulmuş ilk və ən böyük əngəllərik.

Elə isə, hamını birlikdə sistemlərimizi yıxmağa çağırıram. Bu çağırış “Lə ilahə illallah”da ifadəsini tapan kəliməyi-tövhiddəki nefyin [lə ilahə: ilah yoxdur] bir parçasıdır. Bu, cahiliyyə Kəbəsindən betər hala gətirilən ürəklərimizdəkilər də daxil olmaqla bütün ilahlara “Yox!” deməyin, onları protest etməyin, onları rədd etməyin bir zəruriyyətidir.

Daha sonra sizi öz sistemlərinizi qurmağa çağırıram. Kəliməyi-tövhidin digər yarısı olan isbata [illallaha] çağırıram. Öz sistemimizi qurmaq dedikdə məqsədim əvvəlcə ürək dövlətinin qurulmasıdır.
Səhabə nəslinin kimin insanı olduğunu soruşacaqsınız. Onlar İslamdan öncə şirkin insanı idilər. Allah Rəsulu onları bir şeyə çağırdı:
“Kulu lə ilahə illallah, tuflihu!” [Lə ilahə deyin, xilas olun.] Onlar da, “Lə ilahə illallah” dedilər xilas oldular. Eyni şeyi biz də söyləyirik, bir deyil min dəfə söyləyirik, nədən bu söz bizi öz cahilliyimizdən çıxarmır? Bu sualı verəcəksiniz, verməlisiniz.
Bunun cavabına keçməzdən əvvəl tövhidin səhabələrdə yalnızca əzbərdən tilavət edilən bir şüar deyil-həyat biçimi, fəlsəfə deyil-yaşantı, metafizik bir gerçəklik deyil-əksinə fərdin hər şeyi ilə ona təslim olduğu bir həqiqət olduğunu qavramaq gərəkdir.
Tövhidin fərdi inikası olan baş, ürək və bilək birliyini təmin etmək lazım idi. Yəni “muvahhid” olmaq lazım idi. Mömin əvvəlcə təsərrufu özünə aid olan mənliyini bölünməkdən, parçalanmaqdan qurtarmalı idi. Belə ki, insanın şəxsi varlığında tətbiq etmədiyi tövhidi dili ilə söyləməsi heç bir şeyi dəyişdirməyəcəkdir. Çünki tövhidin ilk hədəfi fərdin şəxsən özü idi; onu tətbiq edəcəyi ilk ərazi də ictimai meydandan öncə fərdi ərazisidir.

Qırmızı bayraqlı çadırlar meydanda açıq-açığına fahişəxana vəzifəsini icra edirdilər. Vələd-i zinalara [2] püşk yolu ilə atalar seçilir, zaniyənin onunla zina edənlərin içərisindən birini qeyri qanuni uşağının atası olaraq göstərməsi nikah növlərindən biri olaraq qəbul edilirdi. Əlbəttə ki, qız uşaqlarını torpağa gömmə cinayətini keflərindən işləmirdilər. Cahiliyyənin namuslu insanları özlərinə xas olan bu anormal “namus” duyğusuna görə, qız uşaqlarını zinaya düşməsinlər deyə öldürürdülər. Cahiliyyə dənizinə düşmüşdülər, cinayət bataqlığında batırdılar. Bəzilərinə görə qız uşaqlarını belə bir əxlaqsızlığın içində görmək, övlad qatili olmaqdan daha betər bir şey idi.
Allah Rəsulu, əxlaqsızlığın bu şəkildə göyə yüksəldiyi bir məmləkətdə əxlaqa çağırmadı. Çağırsaydı bəlkə şirkə sarıldığı halda, əxlaqsızlıqdan qaçan “namuslu müşriklər” onun dəvətinə qaça-qaça gələcəkdilər. Çağırdığı tövhid idi:
“Lə ilahə illallah deyin, xilas olun!”

Kayser [3] və kisranın [4] işğalına açıq, siyasi birlikdən yoxsul, uzun müddət davam edən və bir çox can itkisinə səbəb olan daxili savaşlar, çəkişmələr və anlaşılmazlıqlarla dolu bir çevrədə Allah Rəsulunun siyasi birlik və sosial mövqe vəd edən bir çağırışı daha çox təsir edə bilərdi. Dövlət bütünün önündə, bu gün olduğu kimi o gün də əyiləcək dövlətpərəst “millətçilər” çıxacaqdı. Vətən, millət, bayraq, dövlət eşqinə çağırsaydı bəlkə dəvəti daha az zəhmət tələb edəcəkdi. Elə etmədi. Dəvət yenə eyni idi:
“Kulu lə ilahə illallah, tuflihu!”

Ya da Allah Rəsulu, zülmün hər çeşidinin yayıldığı, köləliyin bütün şiddəti ilə hökm sürdüyü, haqq, hüquq və azadlıqların qəsb edildiyi, bir ovuc zalımın zəifləri əzdiyi, istismar etdiyi bir toplumda “Zülmə, istismara və işgəncəyə tətil... Haqq, hüquq, azadlıq...” şüarları ilə çıxa bilərdi. Bu da olmadı. Tövhidə, yalnız tövhidə çağırdı.
Toplumu sosial statusa qovuşdurub siyasi birliyi təmin etmək gözəl bir şeydir. Əxlaqsızlığa dur deyib əxlaq qanunlarını yaymağa çağırmaq da. Hələ zülm və haqsızlığın göyə yüksəldiyi bir cəmiyyətdə ədalətə, haqqa, hüquqa riayətə, məzlumları qorumağa, istismarçılığı dayandırmağa çağırmaq həqiqətən də təqdirəlayiqdir.
Ancaq bunların hamısı da həqiqətin bir parçası idi. Tövhid, burada saya bilmədiklərimizlə birlikdə saydığımız bütün gözəllikləri qorumağın və bütün pisliklərin, çirkinliklərin qarşısını almağın, təsfiyə etməyin adıdır. Əslində “Lə ilahə illallah”a dəvət çirkinlikdən gözəlliyə, pislikdən yaxşılığa, əxlaqsızlıqdan əxlaqa, zülmdən ədalətə, anarxiyadan nizam və intizama dəvət mənasını daşıyırdı. Onlar da bunu qavradıqları üçün “Lə ilahə illallah” dedilər, bunu yaşadılar, tövhidi bir həyat düsturu etdilər və xilas oldular. Bu işi yalnız “şüar”a çevirmədilər. Üst-üstə cəmi bir cümlə idi; onu söyləmək həyatı dəyişdirmək olmasaydı, söyləyər və əvvəlki hallarına davam edərdilər. İşin elə də asan olmadığını Qurandan öyrənirik:
“İnsanlar, yalnız “inandıq” deməklə, heç sınanmadan buraxılacaqlarınımı sandılar?” [29/2]

Onlar tövhidi bir inanc olaraq qəlblərinə, bir düşüncə olaraq beyinlərinə, bir əməl olaraq bədənlərinə, bir həyat biçimi olaraq yaşayışlarına, bir dünyagörüşü olaraq toplumlarına hakim etdilər. Zatən belə olmadığı zaman “tövhid” funksiyalarını yerinə yetirə bilməzdi. Tövhidin tövhid ola bilməsi, yalnız xitab etdiyi fərddə bütün xüsusiyyətlərinin tətbiq edilməsi ilə mümkün ola bilərdi. Səadət çağının insanları cahiliyyə adı verilən əski həyatlarını bir neoplazma kimi kəsib atdılar; bunu etməyənlər tövhidin gözəlliyini Əbu Cəhl kimi ağlı ilə dərk etsə də, Abdullah b. Übeyy kimi dili ilə söyləsə də, Ümeyyə b. Əbi’s-Salt kimi ağlı ilə bilib, dili ilə söyləyib, qəlbi ilə inandığını duysa da, əgər özlərini o dəyərə təslim etməmiş, “muvahhid” olmamışlarsa, mömin də sayılmamış, uzaqlaşdırılmışlar.

Məhz beləcə bu nəsil “İslamın insanı” olmağa layiq olmuşdur. Tövhidi əvvəlcə mənliklərində gerçəkləşdirərək; söz, əməl, duyğu və düşüncələrinə hakim qılaraq...
Bizlər İslamın pərəstişkarlarıyıq, daha doğrusu qurbanıyıq, fəqət hələ İslamın insanı olmamışıq. Çünki Allahın, insanı üzərində yaratdığı o qızıl tarazlığı tapa [82/7] bilməmişik.


[1] Mövcud vəziyyət
[2]Qeyri-qanuni doğulan uşaq
[3]Roma və Bizans, sonradan Alman imperatoru, sezar
[4]Sasani hökmdarı

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka