Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZADLIQ ANLAYIŞI

[ Oxu! / 3189 dəfə baxılıb ]   
|
 
Fəlsəfə dərsi kitablarında Epikürün etik [əxlaq] fəlsəfəsi izah edilərkən Epikürün nəzəriyyəsinə yer verilir. Epikür belə deyir: “Ruh sükunətinə qovuşmaq üçün insanları, acı verən qorxulardan xilas etmək lazımdır. Bu qorxular:

1-Tanrı
2- Ölüm
3- Qədər qorxusudur.”


Epikür daha sonra bu qorxuların yersiz olduğunu belə izah edir: “Tanrılar insanların işlərinə qarışmadıqlarına, insanlarla maraqlanmadıqlarına görə, onlardan qorxmağın bir mənası yoxdur. Ölüm biz həyatda ikən, daha gəlmədiyinə, ölüm gəldiyində də biz həyatda olmayacağımıza görə ondan qorxmağın da bir mənası yoxdur. Meyilli enişləri ilə atomlar qədər şəbəkəsi yarada bilməzlər. Meylliliyi qəbul etmək kainatda və insanda hüriyyəti qəbul etməkdir. O halda qədərdən qorxmağa da ehtiyac qalmaz. Bu baxımdan “Ən uca yaxşı” adlı xoşbəxtçiliyə gedən yolda əngəllər aşılmış olur.” Epikürə görə “Ən uca yaxşı” və ya “xoşbəxtçilik”; “zövq”dür, “həzz”dir.

Gördüyümüz kimi, Epikür xoşbəxtliyi Allahı, ölümü və qədəri düşünməməkdə axtarır. Xoşbəxtliyin reseptini yüz il əvvəl belə təqdim etmişdir. Guya filosoflar insanların keyfiyyətli və kamil düşünən fərdləridir. Əgər Allahdan uzaq insanların keyfiyyətlisi və kamil düşünənləri belə olarsa, normal və səthi düşünənləri necə reseptlər təqdim edərlər? Bunu təxəyyülünüzə həvalə edirəm.

Fəqət acı bir həqiqətdir ki, yüz il əvvəl Epikürün meydana atdığı bu axmaqlığı ümumi olaraq bu gün insanlar yaşayırlar. Allah qorxusu yox, ölümü təfəkkür edərək yaşamaq yox, Allahın təyin və təqdir etdiyi qədər proqramına uyğun yaşamaq da yoxdur.

Sual verildiyində Allahdan çox qorxduğumuzu söyləyirik. Amma iş yaşamağa gəlincə komandirimizin qorxusu, işdən qovulub ac qalma qorxusu, təqib edilmə qorxusu Allah qorxusunu üstələyir. Yenə Allahın elə və ya belə deyəcəyini nəzərə almadan insanların nə deyəcəyi ilə qorxusu ilə hər gün işlədiyimiz günahlar... Yoldaş xətri, qonşu xətri, dost xətri uğuruna Allahın xətrini qıraraq etdiyimiz əməllər... Bütün bunlar heç də Allahdan qorxaraq yaşadığımızı göstərmir. Sonra, əvvəldə də qeyd etdiyim kimi: Öləcəyimizi söyləyirik, amma öləcəyikmiş kimi yaşamırıq. Bu da ölümdən qorxmadığımızı və ya qorxmamaq üçün ölümü heç düşünmədən yaşadığımızı göstərir.

Qədərə gəlincə... Ölçü, miqdar, plan, hədəf, hökm, qayə kimi mənalara gələn “Qədər”, məcazi mənada “Allahın əşya və hadisələr üçün təqdir etdiyi yer, zaman, məkan, məqam-mövqe, onlar üçün təyin etdiyi məqsəd və hədəf”dir. [İman, Mustafa İslamoğlu, s. 190] Qısacası bir şey nə məqsədlə yaradılmışsa, o məqsəd uğrunda hərəkət etməsi lazımdır. Məsələn; bir alma ağacının qədəri alma verməkdir. Buna görə “İnsanları və cinləri yalnız mənə qulluq etsinlər deyə yaratdım” [Zariyat; 56] ayəsinə görə də insanın qədəri Allaha qulluq və itaətdir. İnsan Allaha qulluqdan uzaq yaşayırsa, deməli qədərsiz [ölçüsüz, plansız, proqramsız] yaşayır.

Bu gün insanlar azad olmaq üçün Allahdan, ölümdən və qədərindən qaçaraq yaşamağa çalışırlar. Çünki, bunlar insanın əlini, ayağını, gözünü, qulağını bağlayır. Zövqlərin dadını qaçırırdı! Fəqət gəl bax ki, azad olmaq üçün Allahdan, ölümdən və qədərindən qaçan insan başda özü olmaqla hər şeyin köləsi oldu. Nəfs, mal, məqam, qadın, şöhrət... Bunlar uğuruna insanlar və insana aid olan iman, namus, şərəf... hər şey satılır. Bunlar dövrümüzün Məkkəsini Lat, Mənat və Uzzalarıdır; şəkil dəyişdirmiş bütləridir. Məkkəsini Lat, Mənat və Uzzalardan təmizləyən bu ümmət, təəssüf ki, başqa bütlərə yaxalandı. Həyat və içindəkilər o qədər dəyişkəndir ki, insan diqqət etmədiyində qısa zamanda hər şey bütləşə bilir.

“Canım nə istəyirsə, onu edərəm, nəyi istəməzsə, onu da etmərəm” demək dövrümüzün insanının ən bariz xarakteri oldu. Bu, özünə tapınan insanın [özünü ilahlaşdıran] səsidir. İnsan canı nə istəyirsə, onu edir, nəyi istəmirsə, ondan da vaz keçir, etmir. Deyə bilərsinizmi, insanın canı [nəfsi] nəyi istəmir? Yaxşı, bəs bu zaman Allahın bizdən istədiklərinin hesabı aparılırmı? Axı biz Allahı razı etmək üçün söz vermişdik, müsəlman [təslim] olmuşduq? Canımızın istəkləri Allahın istəklərindən üstün tutulduğu təqdirdə Allah necə razı ediləcək?
Həm insan canının bir az sonra nəyi istəyib istəməyəcəyini vallahi özü belə bilməz. Nə edəcəyi və sağı, solu bəlli olmayan [qədərsiz, plansız, proqramsız] insanların doldurduğu bir həyatda siz nəyin proqramını düzəldəcəksiniz? Elə hesab edirəm ki, burada bu ayəni xatırlamağın yeridir: “Ey Məhəmməd! Arzu və istəklərini özlərinə ilah edəni gördünmü? Ona sənmi vəkil olacaqsan? Yoxsa sənə elə gəlir ki, onlardan çoxu eşidir və düşünür? Xeyir onlar heyvanlar kimidir. Hətta onlar, heyvanlardan daha aşağıdırlar.” [Furqan; 43-44]

Suyun azadlığı öz məcrasında axıb dənizə tökülməsidir. Əgər su, “Xeyir mən azad olmalıyam, canımın istədiyi tərəfə axa bilərəm” deyə yatağından sağa, sola daşaraq axarsa, heyvanlara, insanlara, tarlalara zərər vermiş olar. Bunun adı da, azadlıq deyil “fəlakət”dir.
Bax, suyun azadlığı necə ki, öz məcrasında axıb dənizlərə tökülməkdirsə, Allahdan gələn insanın da azadlığı Allahın insana təqdir və tövsiyə etdiyi itaət və qulluq çərçivəsi içərisində yaşayıb Allaha dönməsidir. Bir şairimiz bunu gözəl ifadə edib: “Bağlan və azad ol.” Bağlanmaq və sonra da hürr olmaq. Əslində imkansız və bir-birlərinə zidd kimi görünür. Fəqət elə gözəl və gizli bir uyğunlaşma var ki, Allaha tam olaraq bağlanın baxın görün ki, Allahdan başqa hər şeydən iplərinizi qoparıb necə azad [hürr] olursunuz. Öləcəyinizə və hər şeyi tərk edib bir gün Allaha dönəcəyinizə özünüzü ciddi şəkildə inandırın və baxın görün ki, bir gün tərk edib gedəcəyiniz şeylərə artıq bağlanırsınızmı?

İmam Qazali deyir ki: “Məzardakıların peşman olduqları şeylər üzündən dünyadakılar bir-birlərini qırıb çatır.”

Ölümdən əvvəlki davaların ölümdən sonra peşmanlıq gətirəcəyini hiss edərək yaşayan insan heç peşman olacağı şeyin davasını edərmi? Həyatın və əşyaların, bu dünyada qalacaq şeylərin dalınca ehtirasla bir ömür boyu düşərmi? “Onlar arxalarında necə şeylər buraxdılar; bağçalar, bulaqlar, əkinlər, gözəl məqamlar və zövqü‐səfa sürəcəkləri necə nemətlər. Məhz belə oldu və biz onları başqa bir topluma miras verdik.” [Duhan; 25-28]

“Ey inananlar, sizə nə oldu ki: “Allah yolunda birlikdə savaşa çıxın” deyildiyi zaman yerinizdə qaxılıb qaldınız? Axirət yerinə dünya həyatına razı oldunuzmu? Amma dünya həyatının keçimi [zövqü], axirətin yanında çox azdır.” [Tövbə; 38]

Biz dövrümüzün insanının tamamilə əksinə olaraq azadlığı Allaha getməkdə və Allaha yaxın olmaqda axtarırıq. İnsan Allaha nə qədər yaxın olar, Ona nə qədər bağlanarsa, o qədər azad sayılar. Allahdan uzaq yaşayan insanlar azadlıq kəlməsini lüğətlərindən çıxartsınlar. İstəyirlərsə hər gün azadlıq qışqırsınlar, bununla sadəcə özlərini aldadırlar. Çünki, biz kimin azad insan olduğunu yuxarıda söylədik.

İnsandakı peşmanlıq duyğusunu heç düşündünüzmü? Bu duyğu istisnasız olaraq bütün insanlarda var. Bu duyğu, Allahın insanın daxili dünyasında yaratdığı ayələrindən biridir. Mübahisə olunmaz faktdır ki, peşmanlıq duyğusu insanın öz-özünə yetərli olmadığının dəlilidir. Çünki, burada öz başınıza, heç kimin təzyiqi və təsirində qalmadan bir qərar verirsiniz fəqət bir müddət sonra “kaş ki, etməsəydim” deyə peşman olduğunuzu ifadə edirsiniz. Niyə bunun səhv olduğunu görə bilmədiniz? Çünki, öz-özünüzə yetərli deyilsiniz, ağlınızın bir hüdudu var. Hər zaman nəyin haradan gələcəyini, işlərin hara varacağını bilə bilmirsiniz. Məhz bu hal açıq-aydın bir şəkildə insanın öz-özünə yetərli bir varlıq olmadığını və onu idarə edən bir rəhbərə ehtiyac duyduğunu isbat edər. O da Allahdır. Onun Peyğəmbəridir və Onun Kitabıdır. İndi sual verirəm: Beləcə özünə kifayət etməyən bir insan [xüsusi ilə dövrümüzün insanı] Allahı buraxaraq öz başına qalaraq hara gedir? O Allah ki, yetərsiz olan insan ağlını yaradandır. Onun ustasıdır. Evinizdə hər hansı bir əşyanız xarab olduğunda, yararsız hala gəldiyində kimə aparırsınız? Məsələn; televizorunuz xarab olduğunda, onu dülgərəmi aparırsınız? Əlbəttə, yox televizor ustasına aparırsınız. Çünki, o, televizor ustasıdır.
Lap yaxşı, belə hərəkət edən bizlər; ağlımızın hər sahədə öz-özünə kifayət etmədiyini bildiyimiz halda nədən onu ustasına [Allaha] aparıb, Allahın vəhyi istiqamətində istifadə etmirik? Peşmanlıq duyğusu ağlın hər zaman doğrunu tapa bilməyəcəyinin ən böyük dəlilidir. Başqa sözlə ağlını, vəhydən uzaq, tək başına istifadə edərək hərəkət edənlərə etibar edilməz. Ağıllarını Allaha verməyən insanlar, günümüzdə olduğu kimi ağıllarını mala, məqama, maddiyyata verirlər. Beyinlərini onlarla məşğul edirlər. Gəlin, ağlımızı onlarla deyil, Allahla məşğul edək! Ağlımızı onlara deyil, Allaha bağlayaq!

Azadlıq mövzusunun daha yaxşı anlaşılmasına yardımçı ola biləcək belə bir nümunə üzərində dayanaq. Sahibi əxlaqsızın biri olan fabrikdə işləyən iki işçi düşünün. Bu iki işçidən birincisi, ruzi verici [rəzzaq] olaraq Allaha iman edib. Allahdan qorxan dindar biridir. İkincisi isə bu mövzularda çox zəifdir; yəni Allahdan olduqca uzaq yaşayan, ruzini müdirinin verdiyini, müdir onu işdən qovarsa, ac qalacağını zənn edən biridir. Müdir əxlaqsız biri olduğu üçün onları kölə kimi görür, hər dəqiqə “baxın, üzümə ağ olsanız...”, “belə olmazsa işdən qovaram...” kimi şeylər söyləyir. Belə davranışlar qarşısında birinci işçi ruzinin müdir tərəfindən deyil, Allah tərəfindən verildiyinə iman etdiyi üçün heç də müdirinin qulu, köləsi mövqeyində “Aman müdirim, nə olursa olsun, əlini, ayağını öpüm etmə, məni işdən qovarsansa, nə edərəm, ac qalaram” deyərək müdirinin əfəndi, özünü kölə etməz. Lazım gəldiyində qürurlu bir halda işi tərk edər, ruzisini başqa yerlədə axtarar. Amma ikinci işçi ruzisinin müdiri tərəfindən verildiyini zənn etdiyi üçün orada işçi olaraq qalmaq bahasına hər cür zillətə və boyun əyməyə razı olar. Bu hal insanın azadlığını itirməsidir. Dövrümüzdə hər yerdə bunun nümunələrini görürük. Zəngin və vəzifə sahibi olanları razı etmək uğuruna haqlarından və azadlıqlarından vaz keçib kölələşən insanlar çoxdur.

Allahdan uzaq yaşayan insanlar kölədirlər. Məsələn; mebellərinin və maşınlarının cızılmasına heç dözə bilməzlər. Çünki, o cızılan şeylərin köləsi vəziyyətindədirlər. Əfəndilərinin, zərər görməsindən rahatsız olurlar. Amma hər gün dinləri, imanları, şərəfləri, namusları cızılır [əgər varsa], heç rahatsız olmurlar. Belə insanların azadlıqdan bəhs etdiklərini görsəniz heç dinləməyin. Kölələrin azadlıq dərsi verdiyi harada görülüb?
Allaha yaxın yaşayan insanlar azad insanlardır. Çünki, onlar Allahdan başqa hər şeyin keçici olduğuna iman ediblər. Ağıllarını keçici şeylərə deyil, qalıcı olan Allaha bağlayıblar. Əgər azad olmaq kimi bir niyyətin varsa, heç dayanma, həmən bağlan və azad ol...

Peyğəmbər əfəndimiz bir gün səhabələrdən birinə tövsiyə verərkən belə söyləmişdi: “Bu dünyada, sanki qürbətə getmiş, bir gün təkrar yuvasına dönəcək biri kimi ol və ya gəlib keçici bir yolçu kimi ol.” Həyatın keçiciliyini qəlbinə və ağlına oturtmuş bir müsəlman gəlib keçici şeylərə sevgi duymaz və özünü bağlamaz. Zatən bu bir həqiqətdir ki, Allahdan başqa şeylərə olan maraq ilə Allaha olan maraq arasında əks nisbət var. Bir şəxsin Allahdan başqa varlığa, əşyaya marağı nə qədər çoxdursa, Allaha olan sevgisi o qədər azdır. Belə bir vəziyyətdə maraq duyulan şeylər Allah ilə qul arasında əngəl yaradar. Buna görə İslam, insanın duyğularını axirətə yönəltmək üçün Quranda daha çox ölüm, axirət, qiyamət, həyatın keçiciliyi üzərində dayanır. Məkkə surələrinin demək olar ki, hamısında, digər surələrin də ümumisində bu mesajın verilməyə çalışıldığını görürük.

“Bilin ki, dünya həyatı bir oyun, əyləncə, bəzək, öz aranızda qürrələnmə, mal və övlad çoxaltma yarışıdır. [Bu] elə bir yağışa bənzəyir ki, bitirdiyi ot əkinçilərin xoşuna gələr, sonra quruyar, onu sapsarı görərsən, sonra çör-çöp olar. Axirətdə isə çətin bir əzab; Allahdan bağışlanma və riza var. Dünya həyatı aldadıcı bir zövqdən başqa bir şey deyil” [Hədid; 20]

Ölümü təfəkkür edərək yaşamağın nəticəsi həyatda “gedici” olaraq yaşamağa gətirib çıxarır. Belə yaşayan insan hesabını gedəcəyi yerə görə aparar. Bəzilərinin Həzrəti Ömərə aid etdiyi, bəzilərinin isə hədis dediyi “Hesaba çəkilmə günü gəlməmişdən öncə özünüzü hesaba çəkin” sözü yerinə yetirilmiş olar. Əks halda insan gedəcəyi ana qədər qalacaqmış kimi yaşayar və seçimini ona görə edər.
“Amma siz dünya həyatını seçirsiniz. Halbuki, axirət daha yaxşı və daha qalıcıdır” [Əla; 16-17]

Bəzən insanoğlunun davranışlarını anlamaq həqiqətən də çətindir. Məsələn, adətən insanlar bir əşya alarkən ona təklif olunan maldan «yaxşısı olsun, bahalı olsun» deyərək qalıcı olanı seçdiyi halda, Allahın ona təklif etdiyi iki həyatdan keçici olanını seçir və qalıcı olanını tərk edir. Yenə Rəbbimiz bunu belə izah edir:
“Xeyir, siz tez keçib gedən bu dünyanı çox sevirsiniz, axirəti tərk edirsiniz” [Qiyamət; 20-21] və ya digər mənası ilə:
“Xeyir, siz etdiyiniz işlərin əvəzinin tez, nağd verildiyi bu dünyanı çox sevdiyiniz üçün əvəzinin nisyə veriləcəyi axirət dünyasını tərk edirsiniz, sevmirsiniz...”

Xüsusi ilə bizneslə məşğul olan qardaşlarımız çox yaxşı bilirlər ki, nağd mal satmaq nisyə mal satmaqdan daha xeyirlidir. Eynilə bunun kimi dünya işlərinin əvəzini həmən burada nağd aldığımız üçün dünya işləri daha sevimli gəlir. Fəqət əvəzi axirətdə veriləcək olan işlər [namaz, oruc, ehtiyacı olanlara yardım və s.] nisyə olduğu üçün çox da sevilmir və arxa plana buraxılır. Bax, burada səbr anlayışı ilə qarşılaşırıq. Dünyanın acılarına və zövqlərinə səbr etmək məcburiyyətindəyik. Dünyada insanı özünə çəkən, cəzb edən çox şey var. Amma mömin belə anlarda bu ayəni xatırlayır: “Şübhəsiz biz, insanların hansının daha yaxşı iş gördüyünü aydınlaşdırmaq üçün yer üzündə olan şeyləri bəzəkli yaratdıq” [Qaf; 7]
Yenə bir mömin acılar və sıxıntılar qarşısında da bu ayəni xatırlayar: “Şübhəsiz sizi bir az qorxu, bir az aclıq və mallardan, canlardan, məhsullardan bir az əskiltməklə sınayarıq, səbir edənləri müjdələ.” [Bəqərə; 155]

“Yoxsa Allah içinizdən cihad edənləri və səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi düşünürsünüz?” [Ali İmran; 142]

“Əlif, lam, mim. And olsun biz sizdən əvvəlkiləri də sınamışkən, insanlar “inandıq” deyincə, sınanmadan buraxılacaqlarınımı sanırlar? Allah əlbəttə doğruları da, yalançıları aşkara çıxaracaqdır.” [Ənkəbut; 1-3]
Gördüyümüz kimi, dünyadakı acıların və zövqlərin altında imtahan çəkilmə eyhamı var. O halda belə vəziyyətlərdə alınacaq olan dərman səbirdir. Çünki bu zövqlər və acılar keçicidir. Keçici olması da səbri asanlaşdırır. Səbir etməsək nə olar? Keçici zövqlərə səbr etməyib aldanarıqsa, axirətdəki əbədi və həqiqi zövqlərdən məhrum qalarıq. Eyni zamanda bu həyatın keçici əzablarına səbr etməsək bu dəfə həm əbədi, həm də daha ağır axirət əzabına məruz qalarıq və axirətdə bizə belə deyilər:
“İnkar edənlər atəşə atıldıqları gün, onlara: “Dünyadakı həyatınızda sizin üçün gözəl olan hər şeyi xərclədiniz, onların zövqünü çəkdiniz, amma bu gün, yer üzündə haqsız yerə böyüklənməyinizin və yoldan çıxmanızın qarşılığında alçaldıcı bir əzab görəcəksiniz” deyiləcək.” [Əhqaf; 20]

Təbuk səfəri əsnasında savaşa qatılmamaq üçün gəlib: “Ya Rəsulullah, hava çox istidir buna görə bir savaşa qatıla bilmərik” deyərək bəhanələr uyduranlara Cənabı Allah Quranı Kərimdə Rəsulunun dili ilə çox gözəl bir cavab verir:
“Ey Məhəmməd [onlara] de ki: “Cəhənnəmin atəşi daha istidir. Kaş ki, anlasaydılar. Artıq qazandıqlarına qarşılıq çox ağlasınlar, az gülsünlər.” [Tövbə; 81-82]

Əcəba bu dünya həyatının, istisinə və sıxıntısına dözə bilməyənlər cəhənnəmin istisinə və sıxıntısına necə dözə biləcəklər? Buna görə buradakı sıxıntılara səbir etmək lazımdır.
“Ey Rəbbimiz, üzərimizə səbir yağdır, ayaqlarımızı [qəlbimizi, ağlımızı, dinin üzərində] sabit tut, kafirlərə qarşı bizə yardım et.” [Bəqərə; 250]
Peyğəmbərimiz [sas] də bu duanı çox edirdi: “Ey qəlbləri dəyişdirib, çevirən Allahım, qəlbimi dinin üzərində sabit tut.” Amin...

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka