Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSAN VƏ KAİNAT

[ Oxu! / 3829 dəfə baxılıb ]   
|
 
Kainatdakı insanı tanımaq insandakı kainatı tanımaqla mümkündür.

Kainatla insan arasında qeyri-adi, kosmik əlaqələr var. Bu əlaqələrin sirri, əşyanın həqiqətində gizlənib. “Ya Rəbbi! Mənə əşyanın həqiqətini öyrət!” deyə dua edən Nəbi əleyhissalam bu kosmik əlaqəni dərk etməyə çalışırdı. Bu əlaqə dərk edilincə nə olacaqdı?! İnsan məxluqat içərisindəki mövqeyini daha yaxşı qavrayacaq, özünü tanıyacaq, həddini və Rəbbini biləcəkdir. Bu qavrama, tanıma, bilmə sayəsində kainatla “müxalifətə” [bağy, fahşa] girməyəcək, İlahi ssenaridə onun üçün ayrılan ən uyğun rolu seçib [iradə], “eşitdik və itaət etdik” deyən kainatla harmoniya içində yaşamağa [hikmət] əzm göstərəcəkdir. Bəzi filosoflar insanla kainat arasındakı bu qeyri-adi, kosmik əlaqələrə görə insana “mini kainat” deyirlər. Belə olduğu təqdirdə kainata da “makro insan” deməliyik.

Mövcudat “Allah” mehvərlidir; məxluqat isə “insan” mehvərli.
Məxluqatın insan mehvərli olmasının sirri insanın “əşrəfi məxluqat”lığlığında gizlənib. Allah hər şeyi insan üçün, insanı da Özü üçün yaradıb. Əlbəttə ki, yaratdıqlarının şərəfini təyin etmə haqqı da Yaradana məxsusdur. O, bunu təyin etmiş, sözügedən əşrəfiyyət zəncirinə müdaxilə etməyi isə bəyənməmişdir. Allah Özü üçün yaratdığı insanın başqa şeylərə həsr edilməsinə razı olmamışdı.

İnsanın insana, insanın əşyaya, insanın haqsız iddialara, beton binalara, vəqflərə, dərnəklərə, jurnallara, dərgahlara, bir sözlə əşrəfiyyət baxımından insanın tayı olmayan şeylərə fəda edilməsi, həsr edilməsi, insanın əşrəfiyyətinə düşən kölgədir. Şirk, küfr, ilhad, nifaq və riya sözügedən bu səfin pozulması deyilmi?

İnsan, əslində sahibi olaraq yaradıldığı şeyin köləsi edilmişsə, bu əvvəlcə onu o mövqeyə gətirənə, daha sonra öz-özlüyündə öz şərəfinə bir həqarətdir. Pulun, malın, yer üzünün, texnologiyanın sahibi insan olmalı ikən, bütün bunlar insanın sahibi olursa, demək ki, insan həddi aşır. Quran dili ilə bunun adına “bağy” [ifrat] deyilir.

Hər şeyi yerli yerində, belə ki, bir şeyin yeri Allahın ona biçdiyi mövqedir, - tutmağa hikmət, dünyadakı insanın savaşına mücadilə, insandakı dünyanın savaşına mücahidə, birincinin biliyinə elm, ikincisininkinə irfan, birinci ilə ikincini tarazlayaraq elm və əməl səviyyəsində yaşamağa da təqva deyirik.
Kainatdakı hər şey yaradıldığı hikmət çərçivəsində vəzifəsini qüsursuz icra etməkdədir. İnsana yaradılış hikmətinə zidd davrana bilmə gücü verilməsə də kosmik harmoniyanı [vəhdət] pozaraq bu ahəngə müxalif davrana bilmək qabiliyyəti verilmişdir. Yəqin ki, bu da ilahi “hikmət”in bir göstəricisidir. İnsana üsyan edə bilmə səlahiyyəti verildiyi üçün də insanın itaəti digər bütün yaradılanların əksi mümkün olmayan itaətindən fərqli dəyərləndirilir.

İllət fərqliliyinə rəğmən məramımızı bir bənzətmə ilə ifadə etsək, deyərdik ki, insanın Allaha itaəti, kölənin sahibinə itaəti kimi deyil. Üsyanın mümkün olmadığı bir yerdə itaətin dəyəri anlaşılmaz. Ona görə də, yalnız insanın itaətinin qarşılığı “cənnət”dir. İtaət yalnız insana xas deyil, ondan başqa bütün yaradılanlar da itaət edirlər. Lakin yaradılanlar içərisində “qul” olmaq imtiyazına yalnız insan sahibdir və insan Allahın köləsi deyil, quludur.

“Makro insan” olan kainatın bilinməyən ulduzları, qalaktikaları, qara dəlikləri varsa, “mikro kainat” olan insanın da içində kəşf edilməyi gözləyən dünyaları var. Kosmologiya, kainatın sirlərini kəşf edən elmin adıdır. İrfan isə insandakı kainatın kəşfinə verilən addır. Kosmologiya ilə irfan arasındakı fərq, birinin qabarıq, digərinin çökük olmasındadır.
Sadəcə o qədərmi?
Əlbəttə yox. Texnologiyanın köməyi ilə kainatın ən uzaq nöqtələrini kəşf edən insan, içindəki kainatdan xəbərsiz yaşayır. Lazer teleskopları ilə neçə milyard işıq ili uzaqlığındakı bir qalaktikanı kəşf edə bilən insan içinin qalaktikalarından, qara dəliklərindən, qitələrindən hələ də xəbərsizdir.
Yəqin ki, insanın içindəki dünyaları kəşfə çıxması fəzadakı dünyaları kəşfə çıxmasından daha çətindir və bu çətinliyinə nisbətən də daha çox təqdirə layiq bir hadisədir.
İrfan, daxili dünyanı kəşfə çıxmanın üsuludur.
Səbəbləri baxımından elm zahiri, irfansa batini bir quruluşa malikdir. Biz teoloji mənada “zahir-batin” fərqini nəzərdə tutmadığımızı, belə bir anlayışın isə “tövhid”ə istinad edən İslam ilahiyyatında yeri olmadığını vurğulamaq məcburiyyətindəyik. Belə ki, bu həqiqət əşyanın təbiətində olan çox ölçülü quruluşunu inkar etməyimizi labüd etməz. Bu çox ölçülü quruluşun elminə verilən adlar da bir-birindən fərqlənir. Əsas olan, fərqli duyğularla [qəlb və ağıl] əldə etdiyimiz təcrübələri [elm və irfan] ideal bir qabda əridib süzgəcdən [Quran və Sünnət] keçirərək əldə etdiyimiz nəticə ilə [hikmət] əşyanın həqiqətinə vara bilməkdir.

Əşyada şaquli, üfüqi və uzunluq olaraq təyin edilən üç ölçü insanda elm, irfan və hikmət şəklində özünü göstərir. İnsan eninə, boyuna və qavrama gücünə uyğun bir şəkildə bəslənib böyümək istəyirsə, bu üç ölçünün heç birini ihmal etməməlidir.
Fizioloji olaraq belə “uyğunsuz bəslənmə”nin insanın vücudunda anormal təsirləri inkar edilməz bir həqiqətdir. Hissi və fikri bir bəslənmə pozğunluğunun insanın mənəvi dünyasında açdığı yaraların ölçüləri çox təhlükəlidir. Birincisinin nəticəsi fiziki bir ölümdür. Amma ikincisi mənəvi bir ölümdür ki, bunun da inanan biri üçün nə ifadə etdiyini anlamaq o qədər də çətin olmamalıdır.
Zahiri dünyamızdakı bütün “gerçəkliklər”in [həyat, ölüm, düşmən, xəstəlik, dərman və s. kimi] müqabilini daxili dünyamızın inkar edilməz həqiqətləri olaraq yenidən kəşf etmək məcburiyyətindəyik. Deməli, daxili dünyamızda qarşılığını tapmadığımız müddətdə zahiri dünyamızdakı həqiqətlərin hikmətinə heç bir zaman çata bilmərik.


Lüğət

1. Bağy - İfrat
2. Fahşa - Şəhvət, zina, pozğunluq, həyasızlıq...
3. İlhad - Dinsizlik, haqdan dönmə, iman yanlışlığı.
4. Mücadilə - Cəhd
5. Mücahidə - Cihad
6. İllət - Səbəb, bais, nöqsan, qüsur, eyib, zədə, xəstəlik.
7. Teoloji - Dini nəzəriyyələr.
8. İhmal - Əhəmiyyət verməmək, lazım olan qayğını göstərməmək.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka