Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜMÜ ANLAMAQ

[ Oxu! / 3406 dəfə baxılıb ]   
|
 
Həyat nə qədər həqiqətdirsə, ölüm də bir o qədər həqiqətdir. Fəqət insanların həyatlarına baxsanız dilləri ilə bunu söylədikləri halda, yaşantıları ilə “Həyat həqiqət, amma ölüm yalandır” mesajını verirlər. İşlərinə baxırsınız, heç də bir gün öləcək olan insanın işlərinə bənzəmir. Rəbbimiz bu həqiqəti necə də gözəl ifadə edir: “Elə binalar tikirsiniz ki, sanki içində əbədi qalacaqsınız!” [Şuara; 129]
Mənə elə gəlir ki, öləcəyimizi sadəcə bilirik. Halbuki, bir şeyi bilmək başqa şeydir, ona inanmaq isə başqa şey. Məsələn; eyni imtahana eyni gün müraciət edən iki fərqli tələbəni düşünün. Birinci tələbə imtahan vermək üçün müraciət etdiyi gündən etibarən həyatını dəyişdirir. Artıq ona küçədə o qədər də tez-tez rast gəlmirik. Qoltuğunda kitablar, daima oxuyur, imtahana düşə biləcək suallar və problemlərlə bağlı mütəxəssislərə müraciət edərək hazırlaşır. İkinci tələbə isə, imtahan üçün müraciət etdiyi gündən etibarən həyatına qaldığı yerdən əvvəlki kimi davam edir. Həyatında önəmli bir dəyişiklik olmur. Amma yeri gəldikdə hər iki tələbə də “Mənim filan tarixdə imtahanım var” deyir. Burada diqqət çəkmək istədiyimiz həqiqət budur ki, birinci tələbə imtahana girəcəyinə iman edib, ikinci tələbə isə imtahana girəcəyini sadəcə bilir. Bilmək ilə inanmaq arasındakı fərq budur. Yuxarıdakı misalda, imtahana girəcəyini bilən tələbə ilə imtahana iman edən tələbə arasındakı fərq nədirsə, öləcəyini bilən insan ilə öləcəyinə iman etmiş insan arasındakı fərq də odur.
Bildiyim qədəri ilə həyatda insana ən çox təsir edən şey ölümdür. Amma təəssüf ki, yenə bildiyim və gördüyüm qədəri ilə həyatdakı insanın ən az düşündüyü şey yenə ölümdür. Çünki, insanlar ölümü sadəcə sela* verilərkən, bir qəbrin yanından keçərkən, kiminsə yas məclisində və ya kiminsə ölüm xəbərini eşitdiklərində xatırlayırlarsa, buna “İnsanlar öləcəklərinə iman etməkdən daha çox öləcəklərini sadəcə bilirlər” deyilir. Ölümü həyat içində bu qədər xatırlamaq kifayət etmədiyi üçün Rəbbimiz bir çox ayədə, “Nə qədər də az düşünürsünüz.” [Əraf; 3] buyurur. Hətta daha artığını söyləyim; bu kimi hallarda sadəcə əvvəldən sona qədər ölümü təfəkkür etsək yenə yaxşıdır, bəzən çatdıra bilmədiyimiz dünyəvi işlərin bir qismini də, – axtardığımız adamı gördüyümüzdə, – ölüm atmosferindən sıyrılaraq yas məclisində həll etməyə çalışırıq. Yəqin ki, bu ölümə inandığını [!] söyləyən biz insanların həll etmədiyi ən böyük problemidir.
Keçmiş zamanda məzarlıqlar şəhərin içində olurdu. İnsanlar işə gedərkən, bazarda, dükanda alış-veriş edərkən qəbirləri görürdü. Hətta bəzi evlərin pəncərələri qəbiristana baxırdı. Bu, həyat ilə ölümün birlikdə yaşanması demək idi. Fəqət ölümsüz mədəniyyətin [!] uşaqları, eləcə də ölümə deyil yaşamağa iman edən biz insanlar, – qəbirləri görüb ölümü xatırlamaq, həyatımızın dadını qaçırdığı üçün, – zamanla qəbirləri şəhərin, başqa bir sözlə desək həyatın xaricinə çıxartdıq. Təbii ki, ölüm həyatın xaricinə çıxarılınca ortada sadəcə həyat qaldı. İnsanlar da artıq “bu həyat yaşanar” deyib zövq almağa başladılar. Yaşamağa iman məhz beləcə gerçəkləşdi. Həyata aludə olmaq bəzən elə böyük zirvələrə yüksəldi ki, mərhum M. Hamdi Yazarın fərqli bir tərcümə ilə çevirdiyi, “Onlar oyun və əyləncəni din etdilər. Buna görə də dünya həyatı onları aldatdı.” [Əraf; 51] ayəsinin müxatibləri halına gəldik. Və yenə bu baxımdan Rəsulullahın [sas] “Zövqlərin belini qıran ölümü, çox-çox xatırlayın” hədisi şərifi olduqca ibrətli bir mövqeyə yüksəldi.
Yaşadığımız cəmiyyətdəki insanların əksəriyyətinin adı müsəlmandır. “Mən müsəlmanam” deyərək yaşayırlar. Bu insanlara cənnət, cəhənnəm, ölüm… haqqında soruşduğunuzda:
– Cənnət var deyirlər.
– Cəhənnəm var deyirlər.
– Son mənzil qara torpaq, yəni öləcəyik deyirlər.
– Bütün bunlara inanırıq, inanmayan kafir olar, deyirlər.
Bura qədər problem yoxdur. Fəqət bu insanlara onlar danışarkən deyil, yaşayarkən baxırsınız: Cənnət var demişdilər, amma namizəd olan çox az. Cəhənnəm var demişdilər, amma qaçan çox az. Yenə, istiqbal [gələcək] deyirlər, amma danışıqlarına baxırsınız ölümə qədər olan müddəti anlayırlar. Çünki, uşaqları bir yerə işə düzəlincə valideynləri “uşaq istiqbalını qurtardı” deyir. Halbuki, o uşaq işə düzəlməklə ölənə qədər bir qazanc yolu tapdı. İstiqbalda ölümdən sonrakı həyat da var. İndi sual verirəm: O uşağın işə girməsinin gələcəkdəki axirət həyatını qurtarmaqla nə əlaqəsi var? Heç bir əlaqəsi yoxdur. Sadəcə buradakı həqiqət budur: insanlar istiqbal deyərkən ölümə qədər olan müddəti anlayırlar. Bu istiqbal anlayışının ölümdən sonrakını da ehtiva edəcək şəkildə dəyişməsi lazımdır.
İnsanlara baxırsınız, yaşıllıq bir yer görüncə həftə sonu orada bir neçə saat zövqlü anlar keçirmək üçün piknik proqramları düşünürlər. Amma eyni insanlar Allahın yaşıllıq məkanında [cənnətdə] əbədi piknik düzəltməyin proqramını tərtib etmirlər! Və ya yayın isti günlərində 40-50 dərəcəlik istidən qorunan insanlar, o dəhşətli günün və yerin [cəhənnəmin] bilmirəm neçə min dərəcəlik istisindən qorunmurlar. Bu həyatda evlər və villalar tikən insanlar, o biri tərəfdə bir gecəqondu belə tikməyə cəhd etmirlər. Sanki bir gün ora getməyəcəklər.
Yenə bu insanlar bu həyatda, boğazlarından kəsərək kooperativlərə yazılırlar. Yazıldıqları mənzili alaraq içində rahat bir şəkildə yaşamaq üçün canları çıxana kimi illərcə kredit ödəyirlər, – mən mənzil sahibi olmağı qınamıram. Səhv anlamayın. Təbii ki, ev birinci dərəcədə bir ehtiyacdır, – amma eyni insanlar cənnət kooperativlərindən bir villaya namizəd olub, “kreditlərini vaxtaşırı ödəyim, günü gəlincə açarları mənə təslim edilib: “Məhz, sizə vəd edilən budur daima [tövbə ilə] Allaha dönən, [onun buyruqlarını] qoruyan, görmədən Rəhmana ehtiram göstərən və Haqqa yönəlmiş bir ürək gətirən hər kəsin [mükafatı budur]!” [Kəf; 32-33] deyilməsini istəmirlər.
Yenə bu insanlar məhkəməyə düşdüklərində bəraət qazanmaq üçün əllərindən gələni edirlər. Ən yaxşı vəkil tutur, hakimə rüşvət vermək lazım olarsa, verirlər və s... Amma həmin o insanlar bir gün qurulacaq olan ilahi məhkəmədə bəraət qazanmaq üçün heç də əzm göstərmirlər.
Yenə bu insanlar onlara bir siqaret təklif olunduğunda “təşəkkür edirəm” deyərək alırlar, Allahın onları yaradıb verdiyi saya bilməyəcəyimiz [çünki riyaziyyatın rəqəmləri kifayət etməz] bu qədər nemətlərə təşəkkür etmədən necə yaşayırlar? Halbuki, bir dostu günlərin birində bir hədiyyə alıb gətirdiyində, o dəqiqə “eyib olar, mən də ona bir hədiyyə alıb verim” deyən insan necə olur da Allahın verdiyi bu qədər hədiyyələri əvəzsiz qoyaraq “Ya Rəbbi, Sən mənə dayanmadan verirsən, fəqət mən sənə heç nə verə bilmirəm, əvəzində heç nə edə bilmirəm” deyir. Lap yaxşı, bütün bunlar eyib olmurmu? Eyib də sözdür? Nankorluğun keyfiyyətlisidir!
Amma biz birinə yaxşılıq etsək, o da əvəzində təşəkkür etmədən çıxıb getsə, “Nə düşüncəsiz bir adamdır, o qədər yaxşılıq etdim, bir təşəkkür belə etmədi. Nankor, sən bundan sonra görərsən” deyərik. Amma eyni şeyi biz də Allaha qarşı etmirikmi?
Bəli bütün məsələlər sonda axirətə və dirilişə ciddi mənada iman nöqtəsində düyümlənir. Biz insanlar həmişə “Allahdan gəldik, Allaha dönəcəyik” deyirik, amma deyəsən dediyimizə inanmırıq! Bu qeyri müəyyənliyin və düyünün mütləq aradan qaldırılması, çözülməsi gərəkdir. Bunun üçün əvvəlcə ölümü anlamaq lazımdır.
Ölümü anlamadan həyatı anlaya bilmərik və ya yaşadığımız həyat yuxarıdakı misallarda söylədiyimiz kimi çox mənasız olar. Həyatı belə ziddiyyətlərlə dolu olanlar ölümü anlamayıblar. Cənabı Allah Quranı Kərimdə Mülk surəsinin 2-ci ayəsində belə buyurur: O hansınızın daha gözəl iş görəcəyini sınamaq üçün ölümü və həyatı yaratdı. O üstündür, bağışlayandı.”
Bu ayənin ifadəsi ilə həyata baxdığımızda sanki bir ziddiyyət [!] varmış kimi görünür. Çünki, biz insanlar əvvəlcə yaşayır, sonra ölürük, amma ayədə əvvəlcə ölüm, sonra həyat anladılır. Burada Allahın bizə söyləmək istədiyi: “Həyatı anlamaq və doğru yaşamaq istəyirsinizsə, əvvəlcə ölümü anlamalısınız” mesajıdır. İnsanın həyatı necə anladığı, hər şeydən əvvəlcə ölümü necə anladığına bağlıdır. Əgər siz ölümü bir “bitmə” və “yox olmaq” şəkilində anlayarsınızsa, həyatı da “necə olsa da ölüm var, o halda nə etsəm qazancdır” şəklində anlayacaqsınız. Və üzr istəyirəm qırmadığınız bağ qalmayacaq. Amma ölümü bir bitmə deyil, əksinə bir diriliş olaraq anlasanız o zaman həyatı “ən incə təfərrüatına qədər hesabının veriləcəyi bir hadisə” olaraq anlayarsınız. Bir iş görməmişdən əvvəl, hüzuruna gedəcəyiniz Allaha görə – onun hesabını çıxarar, hesablı və ölçülü yaşayarsınız.
Elə isə gəlin ölümü anlamağa çalışaq.

* Cənazə namazı qılmaq üçün minarələrdə oxunan dua

Həsən Əkər

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka