Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ

[ Azerislam.com / 3262 dəfə baxılıb ]   
|
 
Vahid, mütləq qalib, sonsuz qüdrət sahibi, çox bağışlayıcı olan, könül əhli və bəsirət sahiblərinə bir xatırlatma, ağıl və düşüncə əhlinə bir ibrət olsun deyə, gecəylə gündüzü bir-birinə sarıyan Allaha həmd olsun! Allah, yaratdığı qullarından bir qisimini seçib, bu dünyada zöhd əhlindən etdi. Onları əmr və qadağalarını güdmə, davamlı olaraq düşünmə, öyüd dinləyib sapıqlıqdan uzaq dayanma, unutduqdan sonra xatırlama və qəflətdən sonra oyanma üstünlükləriylə bəzədi. Onları, Allaha itaətdə və axirətə hazırlıqda, qəzəbini cəlb edəcək davranış və cəhənnəmə girmələrinə səbəb olacaq işlərdən çəkinmədə, zamanın və şərtlərin dəyişməsinə baxmayaraq gözəl hallarını qorumada müvəffəqiyyətli etdi.

Həmdin ən ucası, ən üstünü, ən alisi və ən mükəmməliylə Allaha həmd edirəm. Qullarına çox yaxşılıq edən və Kərim olan, onlara çox şəfqətli və mərhəmətli olan Allahdan başqa ilah olmadığına, Muhəmməd -səllallahu əleyhi və səlləmi- in Onun qulu və elçisi, sevimlisi və dostu olduğuna, dümdüz yola çatdırıb, ən kamil dinə dəvət etdiyinə yəqinliklə inanıram. Allahın salavat və salamı, onun, bütün peyğəmbərlərin, ailələrinin, əshabələrinin və digər saleh kəslərin üzərinə olsun.

Allah təala belə buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!" (əz-Zariyat, 51/56-57)
Bu ayə, onların ibadət üçün yaradıldıqlarını açıqca ifadə edir. O halda, onların yaradılış qayələrinə diqqət göstərmələri, zöhd yolunu tutaraq dünyanın keçici zövqlərindən üz çevirmələri lazımdır. Çünki bu dünya keçici bir yurd olub, əbədi qalınacaq bir yer deyildir. Dünya axirətin miniyi olub, daimi bir sevinc və nəşə yeri də deyildir. Ayrılıq yeridir, davamlı vətən deyildir. Bu səbəblə, dünya xalqının ən oyanıqları, Allaha ən yaxşı qulluq edənlərdir. İnsanların ən ağıllı olanları da zahidlər, dünyaya bağlanıb qalmayanlardır. Allah təala belə buyurur:
"Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! " (Yunus, 10/24).
Bu mənada olan ayələr çoxdur. Şair nə gözəl söyləmişdir:

Allahın son dərəcə anlayışlı, ağıllı və zəki qulları vardır
Onlar dünyanı tərk etdilər və fitnələrdən qorxdular
Dünyaya baxıb bu gerçəyi yaxşıca anladılar
Bura dirilər üçün qalıcı bir vətən deyildir
Nəticədə bu dünyanı bir dəniz sayıb
Saleh əməlləri özlərinə gəmilər etdilər.

Dünyanın vəziyyəti, bizim halımız və yaradılış qayəmiz izah etdiyim kimi olduğuna görə, məsuliyyət daşıyan hər kəsin, seçkin və xeyirli kəslərin izindən getməsi, yetkin ağıl və iti görüş sahiblərinin yoluna girməsi zərurət olar. Bundan əlavə, ifadə etdiyim xüsuslarda hazırlıq görməsi, xəbərdar etdiyim mövzulara diqqət göstərməsi lazımdır. Bunu əldə etmək üçün hər mükəlləfin daxil olması lazım olan ən doğru yol, əvvəl və sonra gələnlərin rəhbəri, gəlib keçmiş insanların ən seçkini olan Peyğəmbər -səllallahu əleyhi və səlləm- in səhih hədisləriylə ədəblənməkdir. Allahın salavat və salamı onun və digər peyğəmbərlərinin üzərinə olsun. Allah təala belə buyurar:
"Yaxşılıq və təqva üzərində köməkləşin" (Maidə, 5/2)
Rəsulullah -səllallahu əleyhi və səlləm- səhih hədislərində belə buyurmuşdur: "Qul, din qardaşının köməyində olduğu müddətcə, Allah da qulunun yardımcısıdır." (Müslim, Zikr 37-38; Əbu Davud, Ədəb 60; Tirmizi, Hüdud 3).
"Bir xeyirə öndərlik edən kimsəyə onu edən kimi savab vardır." (Müslim, İmarə 133; Əbu Davud, Ədəb 115; Tirmizi, Elm 14).
"Bir kimsə doğru yola dəvət edərsə, ona uyanların savabı qədər özü üçün də savab vardır. Bu ona uyanların savabından bir şey əksiltməz." (Müslim, Elm 16; Əbu Davud, Sünnə 6; Tirmizi, Elm 15).
Hz. Peyğəmbər Hz. Əliyə belə demişdir: "Allaha and içirəm ki, sənin vasitəçiliyinlə bir tək adamın hidayətə çatması, qızılı rəngli dəvəyə (dünya nemətlərinin ən qiymətlisinə) sahib olmağından daha xeyirlidir." (Buxari, Cihad 102, 143; Müslim, Fəzail əs-səhabə 34).

Bütün bu əmrlər səbəbiylə, sahibi üçün axirət yolunun azuqəsi olacaq, batini və zahiri ədəbləri qazandırıcı, yaxşı davranışlara təşviqi, çirkin olanlardan uzaq dayanmağı, Allah yolunda gedənlərin ədəblərindən olan zöhdü, nəfs tərbiyəsini, əxlaqı gözəlləşdirməyi, ürək təmizliyini və bunun çarələrini, üzvləri günahlardan qorumağı və sapmalarını önləməyi, bütün bunlarla birlikdə ariflərin məqsədlərini reallaşdırmalarını təmin edəcək, səhih hədislərdən mütəşəkkil müxtəsər bir kitab meydana gətirməyi uyğun hesab etdim.

Bu əsərə səhih hədisləri ehtiva edən məşhur kitablardan səhihliyi sabit olanlar xaricində bir hədis salmamağa diqqət göstərdim. Hər mövzuya Qurani-Kərimdən ayələrlə başlamağı, mənaları qapalı olub şərhə ehtiyac olan sözləri izah etməyi uyğun bildim. Bir hədisin sonunda "müttəfəqun əleyh" dediyimdə, bunun mənası "Bu hədisi Buxari və Müslim birgə rəvayət etmişlər" deməkdir.

Bu kitab tamamlanınca, buna etina göstərənləri xeyirlərə yönəldəcəyini, pisliklərin, dağıdıcı və həlak edici davranışların hər növünə maneə olacağını ümid edirəm. Bu kitabdan istifadə edəcək qardaşlarımın mənə, ana və atama, müəllimlərimə, digər dostlarıma və bütün müsəlmanlara duaçı olmalarını istəyirəm. Mənim güvəncim Kərim olan Allahadır. İşimi yalnız Ona həvalə edirəm, dayağım da yalnız Odur. Allah mənə kifayət edər. O nə gözəl vəkildir! Pisliklərdən qaçmağa qüvvət, yaxşılıqları etməyə qüdrət, ancaq Qüdrətli və Hikmət sahibi olan Allahın köməyilədir.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka