Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏRƏM

[ Həcc / 12145 dəfə baxılıb ]   
|
 
"Kəbəni insanlıq üçün daimi bir mərkəz və müqəddəs bir təhlükəsizlik bölgəsi qılmışdıq. O halda İbrahimin məqamını dua və ibadət yeri edin. Necə ki, biz İbrahim və İsmayıla, ‘Təvaf edənlər, daxili dünyalarını abadlıq üçün işə başlayanlar və uzun – uzadı rüku və səcdə ilə namaz qılanlar üçün məbədimi təmiz saxlayın' deyə əmr etmişdik. İbrahim də belə dua etmişdi:
‘Rəbbim! Buranı etibarlı bir bölgə et, onun sakinlərindən Allaha və axirət gününə inananları hər cür nemətlə ruziləndir!' Allah cavab verdi: "Onlardan həqiqəti inkar edənləri də, qısa sürən bir nəşə və həzdən sonra, yandırıcı bir əzaba məhkum edərəm ki, ora çox pis bir dayanacaqdır" [Bəqərə, 125-126].

Hərəm şimalda Tənim, cənubda ‘Udatu'l-İbn, şərqdə Ciranə, qərbdə Hudeybiyə ilə sərhəddə təxminən 25 km2 ərazini əhatə edən bir sahədir. Bölgənin kosmosdan fotoşəkili çəkilsə, Hərəm bölgəsinin, ucsuz-bucaqsız sapsarı bir səhranın ortasında qapqara bir vulkanik lava meşəsi olduğu görünəcək.
Bu bölgənin sərhədləri İbn Abbasdan gələn bir xəbərə görə, Həzrəti İbrahimə Cəbrayıl tərəfindən göstərilmiş, daha sonra bu sərhədlər Həzrəti Peyğəmbər tərəfindən təkrar müəyyənləşdirilmişdir.

Şifahi qaynaqlarımızdan bizə gəlib çatan başqa bir rəvayətə görə, günahına tövbə edən Adəm şeytanın onu yenidən azdırmasından qorxmuş, Allah da Hərəm sərhədlərində növbətçi qoyduğu qoruyucu gücləri ilə Adəm üçün əmin bir təhlükəsizlik bölgəsi yaratmışdır. (Əzraqi, 1/127)

Ərəbistan yarımadasının dənizə yaxın orta yerində yerləşən bu kiçik ərazi, Müsəlman təsəvvüründə, insanlıq dastanının yazılmağa başlandığı ilk səhifəsini təşkil edir.
Eyni təsəvvürə görə Kəbənin qurulduğu bu yer, bir atəş topu olan yer üzünün ilk meydana gəlməsi əsnasında həm ilk soyuyan yer, həm də tufandan sonra ilk quruyan yerdir. Miladdan əvvəl 8000 – ci illərdə sona çatan buzlaq çağında insanın məskunlaşmasına ən əlverişli, yamyaşıl bir bölgədir. Yəni ki, bura yer kürəsinin göbəyidir. Allahın insana mehmanxana olaraq hazırladığı, döşədiyi yer üzü, ilk olaraq insan qonağını burada müsafir etmişdir.

Məhz buna görə də insan soyunun bu məkana bir təşəkkür borcu var. Zatən həcci əmr edən Ali İmran surəsinin 97–ci ayəsində həcc, Allahın "insanlar/insanlıq üzərindəki haqqı" olaraq keçməkdədir. Kəlmədəki "insanlar/insanlıq" [ən-nas] sözü olduqca diqqət çəkir. Çünki ibadətə bağlı digər Quranı təlimatlarda "Ey iman edənlər", "möminlər üçün" (Oruc üçün baxın: 2/183, Namaz üçün baxın 4/103) və s. kimi ifadələrdən istifadə edilir. İş həccə gəlincə isə dəyişir və xitabın müxatibi "insanlar" olaraq vurğulanır. Halbuki ibadət iman zəmini üzərində boy atır. İbadətə bağlı bütün ilahi təlimatlar təbii və zəruri olaraq möminlərə xitab edir. Bu qanun həcc mövzusunda da keçərlidir.

Yaxşı, o halda ayədə "möminlər", "iman edənlər" yerinə "insanlar" sözünün istifadə edilməsinin hikməti nədir?
Bizim fikrimizcə, bu hikmət, eyni zamanda həcc ibadətini digərlərindən fərqli edən ölçüsünü deşifrə edən bir şeydir. O da, həcc ibadətinin möminin "insanlığına" yönəlik bir təlimat olmasıdır. Möminə vəfa borcu xatırladılmaqda, təşəkkür və şükr öyrədilməkdədir. Hər mömin mənsubu olduğu insanlıq ailəsinin məsuliyyət şüurunu idrak edən ən yüksək fərdi olmalı deyilmi? Hər möminin şahidlik məsuliyyəti vardır və yer üzü ilə, məkanla və zamanla əlaqəsini də bu "şahidlik" çərçivəsində təyin etməli və qəbul etməlidir.

İnsanlığın bildiyinə görə imana ən böyük hücum bu torpaqlarda başlamışdır. Adəm, Həvvasına və itirdiyi cənnətinə bu bölgədə qovuşmuşdur. Artıq tarixdən də isbat olunmuş bir həqiqətdir ki, üç səmavi şəriətin ortaq atası İbrahim, onun əziz xatirələri Həcər və İsmayıl rollarını bu bölgədə ifa etmişlər. Hamısından üstün Son Peyğəmbər insanlığın qaralan üfüqünü yenidən işıqlandıran əbədi mesajını bu bölgədə almağa və yaymağa başlamışdır.
Hərəm, ihramlı bir həcc yolçusunun bədəni qədər möhtərəm və toxunulmazlığa sahibdir. Hərəm hər cür pisliyə və haqqın pozulmasına qadağan olunmuş bölgədir. Atanızın qatili də olsa, orada yaşayan ya da qonaq olan bir insanın qılına belə toxuna bilməzsiniz. Ora ilahi əminlik bölgəsidir. Hərəmin təhlükəsizliyinin zamini Allahdır. Oraya sığınan hər insan Allahın qonağıdır. Qonağa təhqir, ev sahibinə təhqir sayılar. Qonağa qarşı edilən haqsızlıq da ev sahibinə qarşı edilmiş kimidir.
Hərəmdə gəzən hər ihramlı, özünü Hərəmlə bütünləşdirər. Tövhid dininin ona vermək istədiyi birlik şüurunu qavrayar və hər hörmətə layiq olanın ehtiramına hörmət edər.

Hərəmin daşı, torpağı, ona göstərilən ehtiramdan nəsibini alıb. Buna görə Hərəmin daşını, torpağını Hərəmdən kənara aparmaq, kənardan da Hərəmə daş, torpaq gətirmək qadağan edilmişdir. (Əzraqi, 2/150)

Hərəmin, yalnız insanları deyil, digər canlıları da ihramlıdan əmin olmalıdır. Hərəmin vəhşi heyvanları dünyanın ən çox qorunan heyvanlarıdır. Eyni zamanda qiyməti digərlərinə görə dünyada ən bahalı olan heyvanlardır. Bunlardan birinin, məsələn, bir Hərəm göyərçininin əmin bölgədə ovlanmasının əvəzi bir qoyun qurban etməkdir.

Hərəmin yalnız canlıları deyil cansızları da möhtərəmdir. Hərəmin yaşıl otlarını, təbii bitkisindən yaşıl bir budağı qoparmaq cinayət olaraq qəbul edilmişdir. Sanki Hərəm bu qadağalarla dünyanın ən yaxşı qorunmuş ‘təbii qoruq sahəsi' elan edilmişdir.

İhramına bürünüb məhşərini yaşamağa gələn hər hacı namizədinin əlindən insanlar, heyvanlar və bitkilər əmin olmalıdır.

Hərəmin otunu və sürünənlərini möhtərəm sayan bir möminin Hərəmin havasını kirlətməsi, yollarına tüpürməsi, içdiyi içkinin qutusunu, yediyi meyvənin artığını, istifadə etdiyi salfeti küçəyə atması qadağandır. Bu cür davranışlar Hərəmin harim-i ismətinə edilmiş bir təcavüzdür. Daha doğrusu, Hərəmə hörməti şüar olaraq müəyyənləşdirən Allaha qarşı edilmiş bir qüsurdur.
İnsan öz evinə qarşı göstərə bilməyəcəyi ədəbdən kənar rəftarı Allahın evinə qarşı, həm də Allahın qonağı ikən necə göstərə bilər?

Hər nə qədər ev sahibləri də, qonaqlar da əhəmiyyətsiz hesab etsələr də, Hərəmin havası, suyu və sükunəti də ən az Hərəmin vəhşi heyvanları və otları qədər möhtərəmdir. O havanı çirklədənlər, onun sükunətini kobudca pozaraq səs – küyə səbəb olanlar, onun yollarını, prospektlərini, dağını, daşını zibilliyə çevirənlər ən azı müsafirlik ədəbindən məhrum olanlardır. Bu tiplər, qəlblərindəki çirkliliyi məkana əks etdirənlərdir.
Hərəmə bağlı bütün bu qadağalar, yalnız ihramlı üçün deyil ihramsız üçün də keçərlidir.

Möminin məqsədi, bütün dünyanın hərəm olması üçün cəhd etmək olmalıdır. Həccə gedən hər mömin, bir döyüş meydanına dönən dünyada belə əmin, belə insan üzlü bir sülh adası olan hərəm bölgəni qəlbinin içində öz vətəninə daşımalıdır. Hər insan, olduğu yeri canın, malın, ismətin, nəslin və inancın qorunduğu, insana insan kimi davranıldığı, təbiətə təcavüzün olmadığı, əksinə quşların və insanların azad, daş və torpağın belə hörmət gördüyü bir hərəmə çevirə bilməyə cəhd etməlidir.

Osmanlı Üsküdarı hərəm elan etmişdi. Üsküdar, hərəm bölgə elanı ilə Kəbə torpağının bir davamı sayılmışdır. Bir yeri hərəm elan etmək, oranın Məkkənin qardaşı olduğunu elan etmək idi. Bir yeri Hərəm elan etmək, oraya hörmət, əminlik və azadlıq daşımaq demək idi. Hörmət, əminlik və azadlıq bir torpağın xüsusiyyəti halına gəlmişsə, ora artıq "bəldə-i tayyibə" [gözəl şəhər] sayıla bilərdi. Həzrəti Peyğəmbər də hicrətdən sonra Mədinəni hərəm elan etmiş, ictimai, siyasi və əxlaqi bir çözülmənin zirvədə olduğu miladi 7 – ci əsr dünyasına, yeni bir hüzur və sülh adası qazandırmışdı. Üstəlik bununla da, Mədinənin təbii bitki örtüyünü və vəhşi həyatını da mühafizə altına almışdı.
Ərəb yarımadasındakı bütpərəst müqavimətinin qırılıb, bütün bölgə xalqlarının İslama bağlılıqlarını elan etdikləri dövrdə bölgənin ən yaşıl və baxımlı mərkəzi vəziyyətində olan və Orta Ərəbistanın yaylağı sayılan Taif də İslama dəvət edilmişdi. Taiflilər, İslama təslim olmaq üçün 8 maddəlik bir şərtnaməylə Həzrəti Peyğəmbərin hüzuruna gəlmişdilər. Rəsulullah bunlardan üçünü qəbul etmişdi. Onun qəbul etdiyi maddələrdən biri, Taifin də eynilə Məkkə kimi hərəm elan edilməsi idi. (İbnul Əsir, Usudul Ğabə 1/116, Əbu Davud 19/26) Bu İslama zidd bir şey deyildi, əksinə əşyaya əmanət olaraq baxan dinin ruhuna uyğun idi. Beləliklə Taif, milli park halına gələcək, insanlar azadlıq və əminlik içində yaşayacaqdılar.

Həccdəki hərəm bölgə anlayışı, insanın sadəcə insana deyil, eyni zamanda həm də, torpağa, suya, quşa, ağaca qarşı baxışındakı münasibəti dəyişir. İnsan, sanki sarsılaraq ətrafında hörmətə layiq bir çox şey olduğunu dərk edir. Sanki bununla insanoğluna bu qoca dünyanı paylaşdığı bir çox varlığın, – hansı ki, o varlıqlar həyatı asanlaşdırmaqda və gözəlləşdirmək¬dədir, – haqqını pozduğu xatırladılır.

Daha doğrusu, həyatla qarşıdurmaya girmədən, harmoniya içində yaşamağı həccdə sınaqdan keçirir. Təbii ki, bunun özünə [insana] daha çox hüzur verdiyini və daha çox zənginləşdirdiyini də görür. Dağa daşa, torpağa suya, balığa quşa baxışı dəyişir, onların da bir əmanət olduğunu, başqa sözlə haqqı-hüququ olduğunu, hər birinin varlıq içərisində qaçınılmaz bir yeri oldğunu, onlardan birini yerindən etmənin, təbiət zəncirinin bir halqasını yox etmək olduğunu, bunun isə zənciri meydana gətirən, – insan da daxil, – bütün halqalara çox pis təzahür olunacağını xatırladır.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka