Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÇIXIŞ

[ Həcc / 12735 dəfə baxılıb ]   
|
 
Adəmsiniz.
İtmiş cənnətinizi axtarışa çıxacaqsınız. İtmiş cənnətinizi, yəni itirdiyiniz özünüzü, uzaqlaşdığınızı, fitrətinizi, günah və üsyanla kirlətdiyiniz vicdanınızı, xarabaya dönən ürəyinizi, antik və modern xurafatların zibilliyinə dönən ağlınızı, bir sözlə özünüzü axtarışa çıxacaqsınız.
Uşaqlığınızdakı saflığınızı axtaracaq, maskalardan görünməz və seçilməz hala gələn həqiqi üzünüzü kəşfə çıxacaqsınız. Həyat səfərində ilahi bir imtahandan keçəcəksiniz.
Sən uzun yola çıxmağına qərar verilmiş əbədi mühacir, Adəmin rolunu, İbrahimin rolunu, Həcərin rolunu oynamaq, hicrəti üç ölçülü yaşamaq üçün əvvəlcə tərk etməyi öyrənəcəksən. Çünki tərk etmədən tapa bilməyəcəyini ağlından çıxarmayacaqsan.
Torpağını, yurdunu, şəhərini, yuvanı tərk edəcəksən. Bu sayədə Hicaz torpağın, Hərəm yurdun, Məkkə şəhərin, Kəbə yuvan olacaq. Sevdiklərini, yaxınlarını, dostlarını tərk edəcəksən. Adəm, Həvva, İbrahim, İsmayıl, Həcər kimi yeni dostlarla tanış olacaqsan. Ətrafındakıları tərk edəcəksən. Hamısı da sənin kimi yolçu olan yeni dostlar əldə edəcəksən. Ünvanını, adını, şanını, nişanını, statusunu, məqamını, mövqeyini tərk edəcəksən. Əyninə geydiyin ihram, səni "insanlığa mənsub" edəcək, sadəcə "insanlığa". Qulluğu ən uca məqam, Allahı ən gözəl dost, nəfsini ən böyük düşmən, imanı ən böyük imkan, səfəri ən əhəmiyyətli iş, ürəyini ən dəyərli nişan, təslimiyyəti ən yüksək mövqe, "Müsəlman"ı ən uca ünvan, "hacı" olmağı ən həqiqi ad – san hesab edəcəksən.
Tərk edərək tərk etməyi elə öyrənəcəksən ki, nəhayət tərki tərk edəcəksən. Unutma ki, tərki tərk etməyi öyrənənlər, sahib olduqlarını əsla tərk etməzlər. Və həm də tərk edilməyəcək həqiqi dəyərlərə sahib olarlar.
Qürbətin olmadığı yerdə vüsaldan söz edilə bilməyəcəyini biləcəksən. Namaza durarkən təkbir üçün qaldırdığın əllərinlə bütün dünyanı, sahibi olduğun hər şeyi qaldırıb arxana atdığın kimi müqəddəs səfərə çıxarkən də eyni şeyi edəcəksən. Ancaq, əvvəl niyyət etməlisən.
Niyyət, yəni "məqsəd, qərar, nəyi nə üçün edəcəyini bilmək".
Nəyi nə üçün edəcəyini bilməyənlərin necə etdiyinin heç bir əhəmiyyəti yoxdur. İnsan nəyi nə üçün edəcəyini bilmirsə, necə edirsə etsin, artıq heç bir dəyəri yoxdur. Bir hərəkətə məna qatan şüurdur. "İnsan hərəkətini" sıravi bir canlının "hərəkət"indən ayıran şey şüurdur. Ancaq şüur sayəsində bir "hərəkət" "insani bir əməl"ə çevrilər. Hərəkəti insan etdiyi üçün "əməl" olmaz, şüur sayəsində insaniləşdiyi üçün "əməl" olar. O əməlin saleh olması, fasiq (Allahın əmrinə asi olan, günahkar) olması, fasid (Təhrif olunmuş) olması bundan sonra gəlir. Şüurdan kənar hərəkətlər instinktiv, sövq-təbii və qeyri-ixtiyaridir. Belə bir hərəkətin şəkli ibadətə bənzəsə də, özü ibadət olmaz. Çünki ibadəti ibadət edən, niyyətdir.
Dil ilə söyləmənin bir əhəmiyyəti yoxdur. Dil ilə söyləmək sadəcə dilin niyyətidir. Alın niyyəti şüur, qəlbin niyyəti mərifət, bədənin niyyəti əməldir. Qəlbi işə qatmadan, ağılı işə qatmadan ediləcək bir niyyət niyyət olmayacaq, tutuquşunun etdiyi təkrar olacaq.
Niyyət, bir idrak halıdır.
Niyyət, ibadəti adətdən ayıran şeydir.
Məqsədinizi bilirsinizsə, yola çıxa bilərsiniz. "Niyə və nə üçün?" suallarına cavabınızı məşru (Şəriətə uyğun, İslami dəyərlərə zidd olmayan) bir şəkildə verdinizsə, problem yoxdur.
Hicrət yolçususunuz.
Öz Məkkənizi fəth üçün mədəniyyətinizin qibləsinə gedirsiniz. Öz fərdi mənqibənizi (Din böyüklərinin və ya tarixə adı düşmüş məşhur şəxslərin həyatları və fövqəladə davranışları ilə əlaqədar hekayə, dastan) yaşamaq üçün yola çıxacaqsınız. Mənqibənizi, Həzrəti İbrahimin ölümsüz mənqibəsi ilə tövhid etmək üçün yola çıxacaqsınız. Adəm olaraq adam olmağa gedirsiniz. Hər gün yönəldiyiniz qiblənizlə müqavilə yeniləməyə, qiyabi tanışlığı əyani tanışlığa çevirməyə gedirsiniz. Bir fikirləşin ki, Həcər də sizin kimi mühacir idi. Onun üçün bu adı almamışdımı? O da qədərinə, sevdalandığı və sevinclərə dəyişmədiyi kədərinə getməmişdimi?
Qürbət nədir, vüsal nə?
Vətən nədir, paytaxt nə?
Məkkə nədir, Mədinə nə?
Mərkəz haradır, ətraf hara?
Dost kimdir, düşmən kim?

Yenidən düşünərək yürüyəcəksən. Ürəyindəki yanlış vətən anlayışını doğrusu ilə dəyişdirmək üçün yürüyəcəksən. Ərazi şüuruna çatmaq üçün yürüyəcəksən. Ürəyindəki tüldən olan sərhədləri, süni şəxsiyyətləri, zəif bölgələri, minaları və məftil hörgüləri yox etmək, bütün könül xəritəni silib yenidən çəkmək üçün yürüyəcəksən.
Getməklə çatılmadığını, lakin çatmaq üçün mütləq getmək lazım olduğunu ağlından çıxarmadan gedəcəksən.
"Bu dünyada bir qərib yolçu kimi ol!" deyən Sevgililər Sevgilisinə qulaq asacaq, məhşəri dünyada yaşamaq üçün yürüyəcəksən. Yükün Həcərin yükündən artıq olmayacaq. Bütün dünyalığını kürəyində daşıyacaqsan. Azuqə gətirməyəcəksən. Qorxma. Quşlar qədər mütəvəkkil (Hər işi Allaha həvalə edən, təvəkkül) olsan, onlar kimi ruzinin ağzına qoyulacağını biləcəksən.
Və unutma ki, aslan hara gedərsə ovu da oraya gələr.
Ürəyinin bütün ağırlıqlarını boşaldacaqsan. Çünki bir dəvəti qəbul etmək üçün yola çıxdın. Səni dəvət edən, səndən səlim bir qəlb istəyir. Səni dəvət edəni qonaq edəcəyin tək yerin qəlbindir, oranı qonağına hazırlamalısan. Eynilə Yunusun dediyi kimi:
Təmiz et könül evini
Yar gələcək qalmağa.

Eynilə Şeyx Qalibin dediyi kimi:
Sür çıxar əğyarı dildən ta təcəlli edə Haqq
Padişah qalmaz, sarayda hanə xoş olmadan.

Ürəyini xarabalıqdan təmizləyəcəksən. İzdihamları, köpük və cürufu (madən tullantısı), çürük sevdaları, xədim ehtirasları, qara sevdaları, boş xülyaları, dəyərsiz həvəs və arzuları gəldiyin yerdə qoyacaqsan.
Sinənə Allahın taxdığı ən təsirli həmayıl olan qəlbin, sənin Kəbəndir. Kəbəni bütlərdən təmizləyərək İbrahimin rolunu oynayacaqsan. Unutma ki, dünya və dünyalıqlar bir okean, ürəksə bir gəmidir. Əgər su gəminin içərisinə girsə gəmi batacaq. Batmamaq üçün ürəyini gücləndirməli, su keçirməz hala gətirməlisən. Unutma ki, dənizdə "yol almaq", su keçirməməklə mümkündür. Su keçirən gəmilər, yol gedə bilməzlər.
Əmanətlərini əmanət etməyi öyrənəcəksən. Allahın sənə əmanət etdiklərini, sənin Allaha əmanət etməkdən çəkinməyin böyük bədbəxtlikdir. Uşağını, işini, həyat yoldaşını, dostunu, davanı Allaha əmanət edəcəksən. Unutma, O əmanətə xəyanət etməz. Sən xəyanət etsən də O etməz.
Çıxacağın məhşər məşqində Ondan başqa əmanətçi axtarmayacaqsan. Çünki sən onsuz da Ona aidsən, Ondan gəldin və yenə Ona dönəcəksən. Unutma ki, həcc, məhz bu gəliş və dönüşü dünyada yaşamaqdır.
Eynilə qəlbin kimi zehninin yükünü də boşaltmalısan. Bu eşq səfərində yük daşımamalısan. Gərəksiz yük, yolçunun yürüyüşünü ağırlaşdırır. Yolçunu yolundan saxlayan yük, sahibinə hörmətsizlikdir.
Təsəvvürünü silib başdan inşa etməli, anlayışlarının içini boşaldıb həccdə yenidən doldurmalısan. Zehinindəki "bilirəm, anlayıram" dediklərinə tək-tək nəzarət etməlisən. Bildiklərini nə qədər bilirsən? Zehin daşı daşıyırsanmı? Ağılın həqiqətlə sənin aranda bir bağ vəzifəsini icra edir, yoxsa ağılını həqiqətin yerinə qoyaraq ağılına da, həqiqətə də zülm edirsən? Ya da bir başqa ifadəylə: Ağılını at yerinəmi, avtomobil yerinəmi qoşdun? Yoxsa, faytonçu mövqeyinə qoydun?
Yol boyunca hər addımda xıltlarını ataraq irəliləməlisən. Eynilə tərləyərək toksinlərini atan bir bədən kimi. Ürək təri, alın təri, zehin təri tökməlisən. Ürəyin yanmalı, alnın tumurcuqlanmalı, gözün ağlamalı. Ağlaya bilməzsənsə şübhəsiz ki, anlaya bilməzsən. Cənnətdən qovulan bir Adəm təvazökarlığı içərisində, "dəvətə qəbul edilirəmmi, yoxsa qapıdanmı qovuluram?" qorxusu içində yola çıxmalısan. Ürəyinin ən dərinliklərində bir eşqə hamilə qalmalısan.
Çiysən, yanmalısan. Bişməlisən. Yetişməlisən. Yetişmək sirrinə vaqif olmaq mərifətin zirvəsidir.
Zirvələrə göz qoyanların qədəri, "yoxuşlarda susamaq"dır.
Eşqini, həsrətin yad döşlərindən əmizdirməlisən. Həsrətin ürəyini səhraya, gözlərini gölə çevirməlidir. Oraya, sən getmədən ürəyini göndərməlisən. Səni aparan ayaqların deyil, ürəyin olmalıdır. Ürəyin varkən ayaqlarına yük olmamalısan.
Ürəyin quş kimi uçurduğunu, ayaqlar daş kimi daşıyar.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka