Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

[Əl-Bəqərə, 184]


Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.

(İbni Macə, Təbarani)


Oruc tutmaq, özünü tutmaqdır.
 
Abunə olmaq
İmtina etmək

NIYƏ HİCRƏT ETDİLƏR?

[ Islam tarixi / 2352 dəfə baxılıb ]   
|
 
Peyğəmbərimizin (s.a.s) həyatı, ömrü və bütün yaşadıqları, bəşəriyyət üçün ən gözəl ibrətdir. Hər bir məqam, hər bir hadisə, hər bir olay, özlüyündə neçə-neçə hikmət və həyati dərslər daşıyır.
Hicrət mövzusu Peyğəmbərimizin (s.a.s) və Onun səhabələrinin həyat kitabında ən önəmli səhifələrdən, hətta deyərdim ki, ən mühüm bölmələrdən biri kimi yer tutur. Hər bir səhabənin Mədinəyə hicrət etməsi özlüyündə ayrıca bir mövzudur. Səhabələrin və Peyğəmbərimizin (s.a.s) hicrəti mövzusu hamısı bir yerdə yeni bir həyat, yeni başlanğıc, yeni tarix və yeni bir ümmət deməkdir.

Hicrət mövzusunu daha dəqiq anlamaq və hikmətini dərk etmək üçün həm Qurani-Kərim, həm də Peyğəmbərimizin (s.a.s) hədislərini təfərrüatla, diqqətlə araşdırmalıyıq.
Qurani-Kərimə və tarixi hadisələrə nəzər yetirək; Bədr savaşından sonra Ənfal surəsi nazil olmuşdur. Əhzab surəsi Xəndək savaşından, Ali-İmran surəsinin 2-ci yarısı da Uhud savaşından sonra nazil olunmuşdur. Hicrət səfəri və hadisəsi tam uğurla sona çatdıqdan sonra hər hansı surə nazil olmuşdurmu?! Olmamışdır! Hicrət, daha böyük, daha önəmli və daha geniş mövzudur, hansını ki, Allah-Təala sadəcə bir surəylə qeyd edərək kifayətlənməyib. Hicrət, bir neçə günlük savaş qədər deyil, illərlə və ömür boyu davam etmişdir. Hicrət Qurani-Kərimdə bir çox surələrdə qeyd olunmuşdur, Bəqərə (218), Ali-İmran (195), Nisa (97-99), Ənfal (26-30), Tövbə (38-40), Nəhl (41-42), Həcc (39-40), Mumtəhinə (10), Təğabun (14), Həşr (8-10).

Hicrət hekayəsini həyatın müxtəlif anlarında oxuyaraq oradan uyğunluqlar tapmaq və həyatda tətbiq etmək lazımdır. İman hicrətin əsas ünsürlərindəndir. Hicrət nə bir işçinin bir ölkədən başqa ölkəyə səfər etməsi, nə daha yaxşı qazanmaq üçün başqa respublikaya getməsi, nə də başqa bir ölkəyə səyahətdir. O şəxsin ki, yaşayışında və imkanlarında problem yoxdur. Amma ruhu və mənəviyyatı əzildiyindən hər şeyindən vaz keçir, bütün mal-dövlətini fəda edir, ailəsini də götürüb nə əvvəli, nə də sonunda nə baş verəcəyi dəqiq bilinməyən bir səfərə çıxır. Lakin sonunun mütləq xeyir olacağına inanır. O şəxs hicrət edir. Narahatlıq, həyəcan və hüzn içində ailəsilə baş götürüb getsə də, içində yeni həyatın sevinc və fərəh hissləri coşur. Bu sevincin bu razılığın yeganə səbəbi imandır. Çünki bütün məşəqqət və əziyyətlərə qatlanaraq və hətta evindən eşiyindən çıxıb getməsinə baxmayaraq, yenə də daxilində bir razılıq və əminlik duyğuları var. Bu hisslərə onlar, Rəsulullah təlimi, Vəhy tərbiyəsi və İslam hidayəti ilə nail olmuşlar.
Onlar gələcəyə güvənərək, qeybə inanaraq və ən əsası da Allaha təvəkkül edərək yola çıxmışdılar. Qeybə inanmaq və tərəddüd etməmək, imanın gücündən irəli gəlir. Kimsə savaşa qatılarkən mütləq qələbə və zəfərə inanaraq savaşır, amma sonunun necə olacağından əmin deyil. Mömin bilinməyən və ya məqsədi bəlli olmayan qeybə deyil, Allahın əlində olan və yalnız Onun hökmüylə baş verən qeybə iman gətirir. Mömin unutmur ki, Allah-Təala möminlərə və Onun təkliyinə iman gətirənlərə mütləq yardımçı olacaq və Yer üzündə zəfər mütləq iman əhlinin olacaqdır.

Mühacirlər məhz bu imanla vətənlərini tərk etmiş, haqq yoldan dönməmiş və bütün maneələrə tab gətirmişlər. Allah-Təala onlara vəd etmişdir ki, onların dini davam edəcək, adları yüksələcək, küfr isə mütləq batmalı və məğlub olmalıdır. Amma bunlar uzaq gələcəyə və axirətə bağlıdır. Uca Rəbbimiz buyurub; “Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq. Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar. Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (41-44)
Bu kəlamdan sonra insan heç darıxıb bezərmi, heç məyus olarmı?! Şərt deyil ki, insan imanının və əməlinin qarşılığını mütləq bu dünyada görsün, şərt deyil ki, sağkən zəfər və qələbə sevincini hiss etsin. Məhz bunu vurğulayaraq Allah-Təala Peyğəmbərinə (s.a.s) yuxarıdakı ayədə belə buyurub; “Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq.”
Hicrət yolunda addımlayan möminin qəlbi də daim hərəkətdə idi. Niyyəti Allah üçün olmayanlar o yolu gedib Mədinəyə çatsalar da hicrət etməmiş qalırlar.

Hicrət əsla bir səyahət deyildir. Hicrət qaçmaq da deyildir. Hicrət, fitnələrdən, məşəqqətlərdən, əziyyətlərdən uzaqlaşmaq da deyildir. Yoxsa daha niyə 13 il oturub o əziyyətlərə qatlanırdılar ki?! İslam ümmətinin əsasının qoyulması, islam cəmiyyətinin bünövrəsinin təməli üçün hazırlıq mərhələsindən keçməli idilər. Rəsulullahın (s.a.s) təlim-tərbiyəsi və rəhbərliyi altında bütün sınaqların və hazırlıqlardan keçdikdən sonra, Allahın əmriylə hicrət səfərinə başlamışdılar. Bunun üçün isə əmin-aman və doğru bir məkan seçilməli idi. Musab bin Umeyr bu səbəbdən Mədinə şəhərinə göndərilir ki, həm ordakıları İslama dəvət etsin və həm də oranın vəziyyətini öyrənsin.

“Yeni dinlə, küfr, cəhalət və təkəbbür içində yaşayan insanlar arasında, səhranın ortasında islam ümməti üçün bir vətən qurmaq!” - fikrini dərk edə bilirsinizmi?
Muhəmməd Peyğəmbər (s.a.s) bütün işlərini tam, dəqiq və əskiksiz olaraq planlaşdırır, hazırlayır və görərdi. Heç bir işində və əməlində zərrə qədər da olsa qüsur buraxmazdı, bütün səbəb və imkanlardan istifadə edərdi. Hicrət layihəsi və planını bu cür təkmilləşdirilmiş addımlarla başlamış və heç vaxt deməmişdir ki, Bizi incidir və diyarımızdan qovurlar, biz məzlumuq, Allahın yardımı və köməyi mütləq bizimlə olacaq, nə etsək də, qüsurumuz və əskikliyimiz olsa da, heç nə olmaz, Allah güzəştə gedər və ört-basdır edər.
Xeyr, Rəsulullah (s.a.s) bu cür deməmiş və düşünməmişdir, bütün vasitələrdən istifadə edərək, dəqiq və dolğun bir strategiya hazırlamışdır. Rəsulullah bunun üçün, 2 ən qüvvətli və ən davamiyyətli minik seçmiş, bələdçilərini doğru müəyyənləşdirmiş, Şimal bölgəsinə getməsinə baxmayaraq Cənuba tərəf yönəlmiş, mağarada gizlənmiş, arxasında qoyun sürüsü ilə izini itirmiş, onlara azuqə gətirəcək şəxsi təyin etmiş və öncədən də Əli bin Əbu Talibi (r.a) yerində qoymuşdur. Hər bir işi ehtiyatla görmüşdür. Halbuki, Allahın himayə və rəhmətinə ən layiq olan kəslərin başında gələn elə Muhamməddir (s.a.s).
Allah-Təalanın Yer üzündə qoyduğu qayda-qanun belədir. Səbəblər və vasitələr hər bir işdə rol oynayır. İşləri düzgün görmədən nəticə verməz, bu məsələdə mömin və ya kafir, fərq etməz.
Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.islam-online.net
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:43
GÜNƏŞ07:15
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:14
MƏĞRİB [ 3 rükət ]20:00
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka