(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.
(İbni Macə, Təbarani)
Oruc tutmaq, özünü tutmaqdır.
ETNIK MÜSƏLMANLAR
[ Islam tarixi / 9028 dəfə baxılıb ]
|
“Etnik müsəlmanlar”, “ənənəvi müsəlmanlar”, “dildə müsəlmanlar”, “adı müsəlman olanlar”... İbadət əhli artdıqca bu cür terminlərə tez-tez rast gəlmək olur. Bu sözlər əsasən özlərini müsəlman sayan İslam qaydalarına riayət etməyənlər haqqında söylənir. Müsəlman toplumlar, xalqlar haqqında bəzi mülahizələrlə bölüşmək istərdim.
Bununla əlaqədar əvvəla Allahın bəzi qanunlarını (sünnətullah) xatırlatmaq istərdim. Bu da Allahın yaratdıqları arasından bəzilərini seçməkdir. Məsələn Allah zamanlar arasından Ramazan ayını, Haram ayları, Qədir gecəsini, Ərəfə, Cümə günlərini və s zamanları seçmiş. (Bax: Quran, 2/185; 9/ 36; 97/1-5; 62/9) Məkanlar arsından Məkkəni, Qüdsi, Şam-Fələstini, Tuva vadisini və sair seçmişdir. (Bax: Quran, 29/67; 17/1; 5/21; 20/12) İnsanlar arasından peyğəmbərləri seçmişdir. (Bax: Quran, 22/75; 19/58). Uca Allah seçkin peyğəmbərindən başqa bir də insanların bəzilərinə hidayət verməklə onları seçmiş olur. Bunlar fərdi halda olduğu kimi, ailələr, nəsillər, tayfalar, millətlər halında da ola bilir. (Bax: Quran, 3/33;)
İbrahim (ə) belə dua etmişdir: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” (Bax: Quran. İbrahim, 37)
İbni Abbas və Mücahid deyir ki: Əgər İbrahim (ə) “insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin” deyərkən “bütün insanların” desəydi şübhəsiz ki, Rumlar, Hindlilər, Yəhudilər, Xristianlar, Məcusilər buraları doldurardı. Lakin o “insanların bir qisminin” dedi. Bunlar da müsəlmanlardır. (Bax: Qurtubi. Əl-Cəmiu li-əhkəmil-Quran. İbrahim surəsi 37-nin təfsiri)
Hz. Məhəmməd (s) ümməti şərəfinə layiq görülən bu müsəlman millətlər arasında bizim Azərbaycan milləti də öz yerini tutmaqdadır. Bu millət özü İlamdan imtina edib dinini dəyişmədikcə (Allah qorusun) onu Məhəmməd ümməti olmaqdan heç kəs məhrum edə bilməz. Peyğəmbər (s) çox saylı hədislərində “ümmətimdən bəziləri”, “ümmətimin bir qismi”, “ümmətim” deyə bəhs edərkən, bunların özlərini “müsəlman” adlandıranların, insanlar tərəfindən də “müsəlman” kimi tanınanların olduğunu bildirməkdədir. Bunlar asi olsalar da, itaətdən çıxsalar da, yolunu azsalar da, hətta küfür işlətsələr belə ümmət kimi tanıtılmışdır. Bəziləri deyir ki, bu gün müsəlman olan millətlərin mövcudluğu vaxtı ilə dədə-babalarının siyasi baxımdan İslamı qəbul etməsinin nəticəsidir. Məsələn Yuqoslaviyadakı (Bosniya və Herseqovina) slavyanların bir qismi xristianlığın “boqomil” təriqətinə mənsub idilər. Buna görə onlar davamlı olaraq bir tərəfdən katolik bir tərəfdən də pravoslav kilsısinin təzyiq və təqiblərinə məruz qalırdılar. Osmanlı xilafəti Balkanları fəth etdikdə buralara yeni din İslamı gətirdilər. Bu da oradakı kiçik toplumlar üçün bir fürsət oldu. Çünki bu dinin arxasında Osmanlı xilafətindən ibarət olan nəhəng güc dururdu. Onlar da qonşu xristianların təqiblərindən yaxa qurtarmaq üçün İslamı qəbul etdilər.
Həmçinin Xulafeyi raşidin və Əməvilər devrindəki fətihlər nəticəsində Orta Asiya, İran, Anadolu ərazisində yaşayan əhali cizyə (İslam devlətinin yönətimi altında olan qeyri müsəlmanların devlətə ödədiyi vergi) verməli oldu. Cizyədən yaxa qurtarmaq üçün bu ərazidə yaşayan türklər və farslar İslamı qəbul etdilər. Hətta Peyğəmbər (s)-in vaxtında bəzi bədəvi ərəb qəbilələri canını, malını əminamanlıq altına almaq, qənimət və zəkatdan pay əldə etmək üçün yeni dini qəbul etdilər.
Bir sözlə toplum halında İslamı qəbul edənlər bunu siyasi baxımdan etdilər. Yoxsakı bunun inanc əqidə ilə bir əlaqəsi yoxdur. Quran ayələri də buna dəlalət edir. Başqa deyimlə desək zahirən təslim oldular. (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik! “ƏMƏNNƏ” (ءامنا) – dedilər. (Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik (təslim olduq)!” – “ƏSLƏMNƏ” (اسلمنا) deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...” (əl-Hucurat, 14) Bu ayədə bədəvi qəbilələrin “Müsəlman olmaları” “təslim, tabe olmaq” anlamındakı lüğəti mənada işlənmişdir. Ayədəki “iman etmələri”, “mömin olmaları” istilayi (şəriət) mənasında işlənmişdir. Yəni onlar iman etmədən sadəcə “təslim” olmuşlar. Yoxsaki onlar İslam əqidəsinə lazımı şəkildə iman etməmişlər. Bütün bunlar doğru ola bilir. Burada bu barədə uzun-uzadı diskussiyaya vermədən fərz edək ki, bu belədir. Amma yuxarıda qeyd etdiyimiz Allahın seçmə sünnətindən qaynaqlanan, faktlara dayanan başqa bir həqiqət var. Beləki nədənsə milyonlarla əqidəvi inanclı müsəlmanlar əsasən elə etnik müsəlman millətlərindən çıxır.
Öz yaxın tariximizdən bir misala nəzər salaq. Sosializm devrində üç qonşu millət olan Azərbaycanlı, gürcü və ermənilər dindən, imandan, ibadətdən qafil bir halda bənzəri həyat yaşayırdılar. Fərq yalnız bəzi adət-ənənələrdə idi. Bu adətlərin bir qismi dini əsilli idi. Oğlan uşaqlarının sünnət edilməsi, ölülərin İslam adətinə görə dəfn edilməsi, tualetlərdə sudan istifadə edilməsi, heyvanların “bismillah” ilə kəsilməsi və sair Azərbaycanlıların adətlərini buna misal vermək olar. Hər üç millət də bir yaradanın olduğunu qəbul edirdi. Amma Azərbaycanlıları öz qonşularından fərqləndirən cəhətlər var idi. Ən başlıcası Azərbaycanlılar hər üç qonşularından fərqli olaraq o uca varlığın Allah olduğuna etiqad edirdilər. Eyni zamanda Allahın tək olduğunu da qəti olaraq qəbul edirdilər. Həmçinin onlar peyğəmbərinin hz. Məhəmməd, kitabının Quran, dininin İslam olduğuna inanır, özlərinin də müsəlman olduğunu deyir, bununla fəxr edirdilər. Bu səbəbdən o devirdə dünyasını dəyişən Azərbaycanlıların hesab günü xilas olacağına dair böyük ümüdlər olduğu halda, gürcü və ermənilərin heç bir şansının olmadığı da açıqdır. (Gürcü və ermənilərdən bəzi fərdlərin öz millətinin tutduğu yoldan fərqli olaraq İslamın buyurduğuna uyğun etiqad edənlər müstəsna). Sovet imperiyası dağıldıqdan sonra bir zaman keçdikdə belə bir səhnəyə şahid olduq. Azərbaycanda on minlərlə namaz qılan, yüz minlərlə oruc tutan, məscidlər, əzanlar, Quran oxuyan uşaqlar və böyüklər, saqqallar, hicablar, kütləvi camaat namazları, İslama dəvət və sair. Gürcüstan və Ermənistanda isə bunların heç biri görünməməkdədir. Aşağı-yuxarı eyni səviyyədə olan üç qonşu millətdən Azərbaycanlılar yüksəldi, tərəqqi etdi, qonşuları isə qəflətində davam etdi və ya daha da çökdü.
Bu gün bəziləri Azərbaycan xalqının kafir olduğunu iddia edir. Bu o anlama gəlir ki, Azərbaycanlılarla gürcü və ermənilər arasında dində, etiqadda heç bir fərq yoxdur, hər ikisi kafirdir. Yuxarıda qeyd etdiyimiz kimi iki qonşu millətin aralarında ciddi bir fərq yox idi (heç biri namaz qılmır, İslam dinin qaydalarına uyğun həyat yaşamır, içki içir və sair...). Amma sonralar İslam dininə uyğun etiqad edib yaşamaq nədənsə gürcülərlə ermənilər arasında deyil, məhz Azərbaycanlılar arasında yayıldı. Göz qabağında olan Azərbaycanlıların əldə etdiyi bu göstərici naliyyətlərin hamısı inkar edilməsi mümkün olmayan faktlardır. Görəsən bunun səbəbi nədir? Bunun səbəbi birdir: Azərbaycanlılar sağlam təmələ sahib müsəlman idi, qonşuları isə yox. Kimsə bəlkə bunun tüsadüf olduğunu deyə bilər. Məsələ ondadır ki, bunu bütün dünyada müşahidə etmək mümkündür. Dünyanın harasında olursa olsun, etnik müsəlmanlarla onların qeyri müsəlman olan qonşuları arasındakı fərq bəhs etdiyimiz Azərbaycanlılarla qonşuları arasındakı fərqin eynisidir. Bu inkaredilməz faktdır. Bunu Yuqoslaviyanın, Hindistanlıların, Osetinlərin, İndoneziyalıların və sair millətlərin örnəyində görmək mümkündür.
Allahın seçmə qanunu. İbrahim (ə)-ın duası. Yer üzünün aşağı cənub hissəsi (Asiya və Afrika) imana hidayətə gəlir, yuxarı şimal hissəsi xristian qalır. Tarix boyu müsəlman toplumlardan hidayət əhli kafir toplumundan küfür əhli törəmiş bu gün də eyni şey davam etməkdədir. Digər tərəfdən haqqı qəbulda fərd olaraq hər bir insan eyni hüquqdadır. Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”; Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.” (əl-Əraf, 172-173) Həqiqətən Allahın dərin hikmətləri idrak edilməzdir.
Bu gün öz millətini bəyənməyən, onu kafirlikdə ittiham edənlər hal hazırda din-iman əhli olmasına görə öz millətinə borcludurlar. Hidayət Allahdandır, kimə istəyir ona da verir. Bizim hidayətə gəlməyimizdə səbəbkar və vəsilənin başlıcasından biri də dədə-babalarımızın vaxtı ilə İslamı qəbul etməsi, bizim bu gün müsəlman millətində, ailəsində dünyaya göz açmağımız olmuşdur. İki dənə hədis eşidib, broşur oxuyub ortaya çıxmaqla bu gerçəkləri anlamaq mümkün olmaz. Bundan ötəri bir qədər geniş düşünmək, təəssübu bir kənara qoymaq, özünü alim, bilən, ağıllı sanmaq kimi təkəbbürlük əlamətlərindən təmizləmək və lazımdır. Hər şeyin doğrusunu Allah bilir.