Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏCC ZİYARƏTİ

[ Zül-hiccə ayi / 19590 dəfə baxılıb ]   
|
 
Artıq Həcc ziyarətinə çox az bir vaxt qaldı.
Azərbaycandan da bir çox zəvvzrların bu ziyarətə yola düşmələrini nəzərə alaraq oxucularımızın nəzərinə Həcc ziyarətinin ərkanlarından təqdim edirik.
Allahdan istəyimiz budur ki, Həccə gedən müsəlman qardaş və bacılarımızı sağ-salamat bu ziyarəti ixlasla başa vurub geri qayıtmalarında onlara kömək olsun. Amin!

Həccə gedərkən bu əməllər yerinə yetirilir:
Hər kəs gedəcəyi yoldan asılı olaraq o yolun üzərindəki miyqatdan [niyyət edilən yerdən] edəcəyi həcc növünə uyğun niyyət edir. Çünki, həccin üç növü vardır:

  • Təməttu;
  • Qiyran;
  • İfrad;

Hazırda sizə həccin yalnız “Təməttu” növünün əməllərini qeyd edəcəm. Təməttu həccinin əməlləri bunlardır:

  1. Qüsl alırsan və bütün paltarlarını çıxarıb yalnız ehram geyinirsən. Qadınlar isə istədiyi paltarı geyinə bilər. Əsas odur ki, üz və əldən başqa hər yerini örtsyn. Ehramda olduğum müddətdə bəzi şeylər haramdır ki, onu da sonda qeyd edəcəyik.

  2. Miyqatda Ümrə üçün niyyət edib “Ləbbeykə Allahummə umrətən” deyirsən. Sonra Miyqatdan Məkkəyə yola düşürsən. Yol boyu “Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək” deyirsən. Kəbəni gördükdə isə bu duanı dayandırırsan.

  3. Kəbəyə çatdıqda onu 7 dəfə təvaf edirsən. Təvafa (Kəbənin ətrafınıa dolanmağa) qara daş olan küncdən başla və yenə qara daş olan küncdə bitir. Hər təvafa başladıqda qara daşı (mümkün olarsa) öp, və ya (izdiham varsa) sağ əlinlə uzaqdan ona tərəf işarə et və “Allahu əkbər” de. İlk üç təvafı normal qaçışla bitir. Təvaf əsnasında sağ çiynini aç. Hər dəfə, qara daş olan künclə ondan əvvəlki (künc) ruknu-l-yəmən arasında bu duanı deyirsən:
    “Rabbənə ətinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qınə azəbən-nər!” Təvaf əsnasında istədiyin duanı edə bilərsən.

  4. Təvafı bitirdikdən sonra “Məqamu İbrahim”-in arxasında iki rükət təvaf Nmazi qılırsan. Əgər izdiham varsa Kəbənin hər hansı bir yerində qıla bilərsən. Namazı qıldıqdan sonra isə zəmzəm quyusuna gedib zəmzəm suyu da içə bilərsən.

  5. Sonra isə Səfa dağına tərəf yönəlirsən. Səfa dağına çıxdıqda bu ayəni oxuyursan:
    “İnnəssafa vəl-mərvata min şəairilləh. Fəmən həccəl-beytə əu itəməra fələ cunəhə aleyhi ən yəttavvafa bihimə. Və mən tətavvaa xayran fəinnəllahə şəkirun aliym.” Əl-Bəqərə surəsi 158-ci ayə.

    Səfa dağına çıxdıqdan sonra üzünü Kəbəyə tərəf çevirib, əllərini qaldıraraq Allaha həmdi-səna et və təkbir gətir, sonra da üç dəfə bu duanı oxu:
    “Lə iləhə illə Allahu vəhdəhu lə şəriykə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadiyr. Lə iləhə illə Allahu vəhdəhu, əncəzə vadəhu və nasara abdahu və həzəməl-əhzabə vəhdəhu.”

    Duanı oxuduqdan sonra dağdan enib 7 dəfə Səfa dağı ilə Mərva dağı arasında o baş, bu başa gedirsən. [Səfadan Mərvaya getmək bir sayılır. Eləcədə Mərvadan Səfaya qayıtmaq bir sayılır.] Sonuncunu, yeddincini Mərva dağında bitirirsən. Hər dəfə Səfa və Mərva dağlarına çıxdıqda öncə qeyd etdiyimiz duanı yenə də üç dəfə təkrar et. Hər dəfə Səva və Mərva dağları arasında olan iki yaşıl işıq arasında bir az bərk qaçırsan.

  6. Səfa və Mərva arasında 7 dəfə o baş, bu başa getdikdən sonra saçını ya təmiz qırxdırırsan, ya da qısaldırsan. (Qadınlar isə saçlarının uclarından bir az qısaldırlar.) Saçını qırxdırdıqdan sonra ehram paltarından çıxırsan. Bununla da ümrəni yerinə yetirmiş olursan. Ehramdan çıxdıqdan sonra, ehramda ikən haram olan şeylər artıq halal olur.

  7. Zil-Hiccə ayının səkkizinci günü zöhr namazından öncə yenidən (Məkkədə qaldığın yerdə) qüsl alıb ehram paltarını geyinirsən.

  8. Sonra Təməttu həcci üçün niyyət edib və bu duanı deyirsən:
    “Ləbbeykə Allahummə həccən; Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək.”

  9. Niyyət etdikdən sonra Məkkədən Mina dağına yola düşürsən. Minada zöhr, əsr, məğrib, işa və sübh namazlarını öz vaxtlarında qılırsan. Lakin dörd rükətli (zöhr, əsr və işa) namazlarını qısaldıb iki rükət qılırsan. (Allahı zikr etməyi unutma!) Gecəni Mina dağında gecələyirsən.

  10. Səhər açıldıqda (yəni, Zil-Hiccə ayının doqquzuncu günü) yuxarıda qeyd etdiyimiz kimi, sübh namazını qılırsan və günəş çıxdıqdan sonra Arafat dağına yola düşürsən. Yol boyu yuxarıda qeyd etdiyimiz duanı edirsən.

  11. Arafatda zöhr və əsr namazlarını qısaldaraq zöhr namazının vaxtında qılırsan. Bu zaman bir azan və iki iqamə verilir. (Arafat dağının ərazisində olub-olmamağına diqqət yetir.) Arafatda olduğun müddətdə qiblə tərəfə yönəl və əllərini göyə qaldıraraq Allaha çoxlu dua və zikirlər et. Öncə qeyd etdiyimiz Təlbiyəni (Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək)i də unutma. Günəş batana qədər Arafat dağında qalırsan.

  12. Günəş batdıqdan sonra Təlbiyə (Ləbbeykə Allahummə ləbbeykə. Ləbbeykə lə şəriykə ləkə ləbbeykə. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mulk. Lə şəriykə lək) edə-edə Müzdəlifə dağına yönəlirsən. Müzdəlifədə bir azan və iki iqamə ilə məğrib və işa namazlarını işa namazının vaxtında qılırsan. (İşa namazını qısaldıb qılırsan.) Sonra gecəni orada gecələyirsən. Səhər açıldıqda (yəni, Zil-Hiccə ayının onu) sübh namazını qılıb Allaha çoxlu dua və zikirlər edirsən. Bu zaman qibləyə tərəf yönələrək əllərini göyə qaldırırsan.

  13. Sonra noxud boyda 7 daş yığıb, günəş çıxmamış Təlbiyə edə-edə Mina dağına yola düşürsən. (Qadınlar və zəiflər kimi, üzürlü səbəbləri olanlar gecənin yarısından sonra çıxıb Minaya gedə bilərlər.)

  14. Minaya çatdıqda bu əməlləri edirsən:
    a) Məkkə tərəfdən birinci olan böyük cəməraya (şeytana daş atılan üç yerdən böyüyü) Müzdəlifədən yığdığın 7 daşı dalbadal atırsan. Hər daşı atdıqda “Allahu əkbər” deyirsən.
    b) Qurbanını kəsirsən. (Əgər qurban kəsməyə imkanın yoxdursa, onun əvəzinə 10 gün oruc tutrsan. Orucun 3 gününü həcdə olduqun müddətdə, 7 gününü isə həcdən qayıtdıqdan sonra öz ölkəndə tutursan).
    v) Saçını ya tam qırxdırırsan ya da qısaldırsan. Tam qırxdırmaq daha əfzəldir. (Qadın isə saçının hər tərəfindən bir az qısaldır.)
    Bu əməlləri bu cür tərtiblə etmək daha əfzəldir. Lakin, belə də etmək olar: Birinci (a), sonra (v), sonra isə (b).

  15. Daş atıb saçını qırxdırdıqdan sonra ehramını çıxardıb, öz paltarını geyinirsən. Ehramdan çıxdıqdan sonra qadınlardan başqa ehramda olarkən haram olan şeylərin hamısı halaldır.

  16. Sonra isə Kəbəyə gedib “İfadə” tavafını yerinə yetirirsən. Təvafdan sonra isə Səfa ilə Mərva arasında 7 dəfə o baş, bu başa gedirsən. Bu əməlləri eyniylə 3-cü, 4-cü və 5-ci bəndlərdə qeyd edildiyi kimi yerinə yetirirsən. Bu əməlləri yerinə yetirdikdən sonra, artıq qadınlar da halal olur.

  17. Sonra yenidən Minaya qayıt və gecəni orada keçir. (Minada gecələmək vacibdir.) Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 11-i) zöhr namazından sonra (şeytana daş atılan) hər üç cəməraya daş atırsan. Öncə kiçik, sonra orta, sonra isə böyük cəməra olmaq şərtilə hər cəməraya 7 ədəd noxud boyda daş atırsan. Hər daşı atdıqda “Allahu əkbər” deyirsən. Kiçik cəməraya daş atdıqdan sonra onun sağ tərəfinə keçib üzünü qibləyə tutaraq əllərini göyə qaldır və Allaha istədiyin duanı et. Orta cəmərada da eyniylə belə et. Böyük cəməraya daş atdıqdan sonra isə dua etmədən ayrıl.

  18. Sonra yenidən Minaya qayıt və cecəni orada keçir. (Bu gecəni də Minada gecələmək vacibdir.) Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 12-si) zöhr namazından sonra dünən etdiyin əməlləri eyniylə yenidən təkrar edirsən. (Yəni, hər üç cəməraya daş atırsan.) Kim (öz ölkəsinə qayıtmağa) tələsirsə Minada 2 gün gecələyə bilər, kim də tələsmirsə 3 gün gecələyir. Əgər Minada 2 gecə qalmaq istəyirsənsə onda, daş atdıqdan sonra məğrib namazına qədər mütləq Mina dağının ərazisindən çıxmalısan. Əgər çıxa bilmədinsə onda Minada daha bir gecə də qalmalısan. Yox, əgər Minada 3 gecə qalmaq istəyirsənsə, onda yenidən Minaya qayıt və bu gecəni də orada keçir. (Bu gecəni də Minada keçirmək vacibdir.)

  19. Sonra ertəsi gün (yəni, Zil-Hiccə ayının 13-ü) zöhr namazından sonra yenə eyniylə öncə etdiyin kimi bütün cəməralara daş atırsan. Daşları atdıqdan sonra Minadan çıxıb Məkkəyə öz qaldığın yerə qayıdırsan. Minada qaldığın günlərdə dörd rükətli namazları iki rükə etməklə hər namazı öz vaxtında qılırsan.

  20. Sonra Məkkədən öz ölkənə qayıtmaq istədiyin gün vida təvafı edirsən. Vida təvafını da o biri təvaflar kimi yerinə yetirirsən. (Vida təvafını etmək vacibdir.) Aybaşı və nifas kimi üzrü olan qadınlara vida təvafı vacib deyildir. Bununla da sən öz həccini yerinə yetirmiş olursan. Sənə müvəffəqiyyətlər arzulayıram.

Ehramda olarkən haram olan şeylər bunlardır:

  1. Saçı və dırnağı qısaltmaq olmaz!
  2. Ətirlənmək olmaz!
  3. Ov ovlamaq və ya ov ovlayana kömək etmək olmaz!
  4. Məkkənin haram ərazisində ağacları sındırmaq olmaz!
  5. Nə özünə, nə də başqasına kəbin kəsdirmək və ya nişan etmək olmaz! Həyat yoldaşı ilə cinsi əlaqədə olmaq və ya onunla şəhvətlə oynamaq olmaz!
  6. Kişilərə başını örtmək olmaz.
  7. Kişilərə əzaları bir-birindən ayıran köynək, şalvar, ayaqqabı kimi geyimlər geyinmək olmaz!
  8. Qadınlara əlcək və üzü örtən niqab geyinmək olmaz! Lakin, yanlarında əcnəbi kişilər olarsa geyinə bilər.

    Mübariz Qarayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka