Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏDİNƏ

[ Həcc / 6600 dəfə baxılıb ]   
|
 
"Çıxınca qarşıma cananımın yaşıl yurdu
Gözüm qaraldı, atıldım harim-i cazibənə."
Məmməd Akif

gözləməkdən yorulmuşam qapında durdur məni
ucu sənədək ulaşan bir zəncirə vur məni

məni çöllərdən sorma ki, sonra məcnun pərt olar
eşqsizlikdən daşa dönmüş şəhərlərə sor məni

qaranlıq tərəflərimi boşaltdım asfaltlara
indi yürəyim üşüyür geyindir ey nur məni

mən Leylama gedirəm çəkil önümdən leyla
daha cənnət olsan durmam bax çağırır məni

torpağımın gözlərindən çöllərin yanağına
süzülən bir damlayam yar qəbul buyur məni

hansı dənizə atdımsa tutuşdu saçlarından
bir kəs bax yoxsa bu ürək yarı yolda qoyar məni

Şəhərlərin anasından şəhərlərin sevgilisinə bir sevda okeanının ortasında yelkən açırsınız.
Mədinətu’n-Nəbi: Peyğəmbər şəhəri.
Mədəniyyətin beşiği.
İşığın şəhər halı.
Qüds, Şam, Bağdad, Qahirə, Kurtuba, İstanbul, İsfahan, Səmərqənd, Buxara Mədinə olmaq üçün doğulmuş bir mədinədir.
Yəməndə Üveys əl-Qarni, İstanbulda Əbu Eyyub əl-Ənsari, Kiprdə Hala Sultan, Qahirədə Rəsul-Hüseyn, Bağdadda İmam Əbu Hənifə və daha bir çox məkanda minlərlə ziyarət yeri, Həzrəti Peyğəmbərdən yayılan işığın fərqli rənglərini əks etdirən böyüklü-kiçikli bir ayna hökmündədir. Sanki Mədinə qəlbdir, bütün İslami ziyarət diyarları o qəlbin nasosla vurduğu mənəvi qanı bədənin ən gizli yerlərinə çatdıran damarlar.
Həzrət İbrahimin dəvətini qəbul edib, həcci əda edərək, Nəbiyə Allahla müqavilənizi yenilədiyinizi xəbər verməyə gəlirsiniz. Bu ziyarətinizin məqsədi Əfəndimizin ordusunda bir fərd olduğunuzu, ordunun baş komandirinə xəbər verməkdir.
Unutma, bu bir "ölü" ziyarəti deyil. Çəkin, bir türbə ziyarətinə gəldiyin kimi gəlmə. Əgər elə hesab edirsənsə, deməli sənin təsəvvürünü vəhy inşa etməyib. Vəhy sənin "ölü" dediyinə "diri" deyir, sənin "diri" dediyinə isə "ölü" deyir. Allahın gör dediyi yerdən baxsan, bunun belə olduğunu görəcəksən. Ölümsüz dəyər sahiblərinin ölməyəcəyini, saleh əməl işləyənlərin öldükdən sonra yaşamanın sirrinə çatacağını biləcəksən. Hələ bütün bir varlığını Ölümsüz Olana qurban edən aşiqlərin əsla ölməyəcəyini unutmayacaqsan.

Aşiq öldü deyə sala* verərlər
Ölən heyvan imiş aşiqlər ölməz

Aşiqlər ölərmi?
Hələ bütün aşiqlərin Sevgililər Sevgilisi bulağından eşq suyunu dolduranlar ölərmi?
Dünyanın bütün ölümsüz eşqlərinin, altına yalnız bir haşiyə kimi düşə bilən eşqin istinadı ölərmi?
Sevgini sevgiylə yaradan və Vədud olan ən böyük Sevgilinin, insanlığa təqdim etdiyi "nümunə" ölərmi?
Və hamısından başqa, Allahın "Biz səni başqa bir məqsədlə deyil, yalnız Aləmlərə rəhmət olaraq göndərdik" buyurduğu rəhmət qaynağı quruyarmı? Aləmlərə rəhmət ölsə, o "aləmlər" necə yaşayar? "Aləmlərə rəhmət" ölsə, onun rəhmət olduğu aləmlər də ölməzmi?
Quran deyir ki: "İman edən və saleh əməl işləyənlər üçün O Sonsuz Rəhmət Qaynağı bir sevgi yaradacaq." [19.96] İmanın da saleh əməlin də zirvəsi olan biri üçün yaradılan sevgi, sevginin zirvəsi olmalıdır. Sevginin zirvəsi ölərmi?
"Ölüm" dünya dəyişdirməklə əlaqədar bir hadisə deyil. Əsl "ölüm" düşünən ürəyin ölümüdür. Vəhyin inşa etdiyi bir ağıl bunu belə anlayır. Ölüm, düşüncəsizlikdir, şüursuzluqdur. İrtihalından** sonra belə yüz milyonlarla ölü ürəyə can qatan, yüz milyonlarla qadın və kişinin şüurunu inşa edən Peyğəmbər, necə "ölü" deyə ziyarət edilər? O ölüdürsə, diri kimdir?
O halda, indi onun hüzuruna, onun milyardlıq ordusuna mənsub bir nəfər olaraq gir və tamamla.
Bu ziyarət, " mən fərari deyiləm, siyahına məni də yaz" tələbidir. İndi İslam ordusunun mənəvi əmr qərargahına yaxınlaşırsınız. Rəsmi keçid üçün növbədəsiniz. Əlinizi, üzünüzü Peyğəmbərin qəbirinə ya da Məscidi Nəbəvinin hər hansı bir yerinə sürtmək kimi nəzakətsizliyə qəti olaraq yol verməməlisiniz. Bu cür nəzakətsizlik qarşısında, insanda Əfəndimizin qəbirindən doğrularaq "avara!" deyə qışqıracaqmış kimi bir hiss oyanır. İmam Əzəm Əbu Hənifə, qibləni buraxıb da Peyğəmbərin qəbrinə dönərək dua etməyi belə ciddi bir nəzakətsizlik hesab etmişdir. Yenə barmaq Ayı göstərərkən Aya deyil, barmağa baxarcasına dirəkləri saymaq, daşla, torpaqla, qübbəylə, mərmərlə maraqlanmaq da intizam cinayətidir. İntizamsız mömin olmamalısan.
Bu ziyarətin simvolik olduğunu yadından çıxarmamalısan. Cəsədə deyil, ruha yönəlməli, zərfə deyil zərfin içindəki məktuba baxmalısan. Rəsulullahın ruhunun səndən xəbərdar ediləcəyini bilməli və kamalı-ədəblə onu salamlamalısan:
"Əs - Səlamu əleykə Ya Rəsulullah..."
Gözünün qarşısında bir səhnə canlanmalıdır. Rəsulullah bir işıq qaynağı kimi o səhnəni doldurub. Səndən tamamlamağını, dəlilləri bildirməyini gözləyir. Salamın tamamlamağındır. Xatırla ki, Rəsulullah da qəbir üstünə getdiyində salam verərdi. Qarşısında dayandığın adi bir qəbir deyil. Milyonların sevgilisi, milyardlıq bir ordunun baş komandirinin qarşısında dayanırsan.
Gətirdiyin salamları yerinə çatdır. Onlar ona çatacaq. Hüznünü bəlli et. Peyğəmbər ordusunun fərarisi olduğun günləri xatırla və vicdanın sızlasın.
Üzr istə, bundan sonra fərarilik etməyəcəyinə söz ver.
Həzrəti Məhəmmədin bayrağından başqa bayraq tanımayacağına söz ver.
Ona qarşı Əbu Cahilin nəvələrinin yanında olmayacağına söz ver.
Onun xatirəsinə xəyanət etməyəcəyinə söz ver.
Öz Mədinəni qurmaq üçün daxili hicrətini reallaşdıracağına, imanının bədəlini ödəyəcəyinə söz ver.
"Evimlə minbərimin arası cənnət bağçalarından bir bağça [kimi]dir." demişdi. (Buxari, 1/399. 1137)
Bu məkanda simvolik bir duruş, cənnətə olan həsrətin ifadəsidir. Cənnətdə "ibadət" bitər amma "məhəbbət" davam edər. Sən də ağzını bu məhəbbətin lüləyinə söykə və doya-doya iç.
Peyğəmbər məscidi adi bir məkan deyil. Ora ümmətin ilk qərargahıdır. Ora Peyğəmbərin həm evi, həm məktəbi, həm qərargahı, həm təkkəsidir. Orada, başda ibadət olmaq üzrə, təfəkkür, söhbət, ülfət, zikr, şükr mübarək qılınmışdır. Bu bərəkət birə min verən bir tarlanın bərəkətidir. [Buxari] Çünki hər şey öz bazarında layiq olduğu dəyəri tapır. Unutma, o məkanlar savabın bazarıdır.
Peyğəmbərin məscidində İslamın bir tək fərddən camaata, Mədinədən Mədəniyyətə, camaatdan dövlətə doğru inkişaf edən axınını düşünməlisən. Bir damla olaraq başlayan uzun səfər necə oldu ki, okeana çevrildi, bunu araşdırmalısan. Və sən bu səfərin harasındasan? Öz mövqeyini təsbit etməli və Rəsulun istiqamətinə baxıb istiqamətini yenidən təyin etməlisən.
Kubaya getməlisən. Rəsulullahın 20 Sentyabr 622-ci ildə "Taleal bedru aleyna"larla qarşılandığı yerə. Ora Mədinənin bir bölgəsi idi. İlk məscid, ilk qərargah orada tikildi. Rəsulullahın da kərpicini daşıdığı bu məscidin yerində yellər əsdiyini görüb tarix qətliamına yanmalısan. Və bu ümmətin ən böyük talehsizliyinin tarixsizlik olduğunu fərq etməlisən.
Oradan Ranuna Vadisindəki Cümə Məscidinə getməli və Rəsulullahın ilk cüməsini qıldığı məkanın səsini dinləməlisən. Və cümənin Mədinə Dövlətinin xəbərçisi olduğu həqiqətini xatırlamalısan.
Həyatında heç Bədir zəfəri və Uhud imtahanı oldumu?
Unutma ki, Allah bir verərək sınayar, bir alaraq. Bir üstə çıxararaq sınayar bir alta endirərək. Bir qazancla sınayar bir itki ilə. Bu iki qütblə sınamanın tarixi nümunələrini görmək istəyirsənsə. Bədr və Uhud səni gözləyir. Get və gör Peyğəmbər və səhabələrinin ödədiyi ağır bədəli. Daşın, torpağın səsini dinlə. Bədrdə imanın gücünü gör, Uhudda imtahanın dəhşətini. Uhuda gələrkən səhabə olaraq evlərindən çıxan yüzlərlə adamın, Uhuddan evlərinə münafiq olaraq döndüyünü xatırla və öz-özünə soruş: Mənim buralara gəlişimlə dönüşüm arasında fərq varmı? Olacaqmı?
Həccin də eynilə Quran kimi möminin imanını, kafirin inkarını, münafiqin nifaqını artırdığı həqiqətini unutma. Sənin nəyini artırdı, ona bax. Ətrafında müqəddəs məkanlara əks olanları ibrətlə seyr et. Gəldiyi kimi dönənləri, hətta gəldiyindən daha bərbad dönənləri, dönərkən içi yanmaq belə bir yana qalsın, utanmasa zil çalıb oynayacaq olanları düşün və ibrət götür.
Uhudda cəsədi param parça edilib, qulağı, burnu kəsilib, ürəyi yerindən qoparılmış şəhid Həmzəni gör. Rəsulun bayraqdarı və həyatı bir iman dastanı olan gənc Musab b. Umeyri gör.
"Allahım, onları bağışla, onlara hidayət et, çünki onlar həqiqəti bilmirlər" - deyən Rəsulu xatırla. Xatırla ki, eyni Nəbi Bədrdə əllərini Rəbbinə qaldırıb "Allahım, əgər bu bir ovuc inanmış insanı yox etsən yer üzündə sənə ibadət edilməyəcək"- demişdi.
Uhuda bax, Peyğəmbərin, "Qırğıların müşriklərin ölü cəsədləri üzərində döndüyünü görsəniz belə yerinizi əsla tərk etməyin" deyərək yerləşdirdiyi oxçuları xatırla. Qənimət ehtirasının böyük bir savaşın qədərini necə mənfi istiqamətdə dəyişdirdiyini ağılına gətir və "dünyəviləşmənin" insanın başına açdığı və açacağı bəlaları düşün.
Sümeyra Xatunun Uhuddan Mədinəyə qədər əks-səda verən səsini duy. "Məhəmməd öldü" qışqırığı üzərinə çörək bişirdiyi xəmir təknəsini itələyərək saçlarını küləyə verə-verə Uhuda doğru qaçdığını xatırla. Uhudda şəhid olan əri, qardaşı və oğulu ona göstərildikcə "Mənə Rəsulullahdan xəbər verin!" deyişini, Rəsulullahı görüncə də: "Anam, atam sənə fəda olsun, Ya Rəsulullah! Sən yaşayırsansa, gerisi qəm deyil"- deyişini xatırla.
Sad b. Rəbinin hər tərəfindən qanlar axarkən "Mən cənnətin qoxusunu hiss edirəm. Rəsulullaha salamımı və vəziyyətimi çatdırın" - dedikdən sonra Allaha yürüyüşünü xatırla.
Həzrəti Peyğəmbərin Allaha verdikləri sözü pozmayan bu igidlərin cəsədləri yanında dayanıb "Mən sizin Allah qatında diri olduğunuza şahidəm"- dediyini və bunun üzərinə bu ayələrin endiyini xatırla:

"Allah yolunda öldürülənləri ölü sanmayın. Xeyr, onlar diridir! Ruziləri Rəbləri qatındadır; Allahın lütfüylə özlərinə bağışladığı [şəhadətdən] qürur duyarlar və arxada qalıb, hələ onlara qatılmamış olan [qardaş]larına, bir qorxu və kədər duymayacaqları müjdəsinini verməkdən həzz duyarlar." [Ali İmran, 169-170]

Yeddi Məscidlərdə, Məkkə şirk dövlətinin bir daha başını qaldıra bilməmək üzrə son məğlubiyyəti və Rəsulullahın əsgəri dahiliyi olan Xəndək müqavimətinə şahid olmalısan. Xəndək hazırlayarkən önlərinə çıxan bir qayanı parçalamaq üçün çəkicini endirən Rəsulun, çəkicin qığılcımlarında İran və Bizans imperatorluqlarının yıxılışını, Sana Sarayının İslama təslim oluşunu gördüyünü xatırlamalısan. Sən də yeni bir fəth hərəkəti üçün artıq öz Mədinəni meydana gətirmək və oradan Məkkəni fəth etmək üzrə qazandığını dükanda, bazarda xərcləmədən, Uzaq şərqin mallarının "Kəbəsi" halına gələn bazarları Kəbədən daha çox təvaf etmədən ayrılmalısan.
Və ayrılarkən ürəyini orada buraxmalısan.
Lakin ürəksiz nə edəcəksən?
Ən yaxşısı sən ürəyində Kəbəni və Nəbini getdiyin yerə apar. Görəcəksən, o zaman ikinizi kimsə ayıra bilməyəcək.
İndi Sevgiliyə salam ver və Allaha əmanət et. Unutma ki, o da sənə salam verir və səni Allaha əmanət verir; əmanətə xəyanəti düşünülə bilməyəcək tək varlıq olan Allaha...
Sən də sözünə xəyanət etmə. Allahı şahid etdiyin, elçisini şahid etdiyin sözünə.
Unutmamalısan ki, ziyarətin qısası məqbuldur. Kəbə sənə doymamalı; Məscidi Haram, Məscidi Nəbəvi doymamalı. Sən də onlara doymamalısan. Bir-birinizə doymadan, doya bilmədən, müqəddəs məkanlarla üz-göz olmadan, onlara qarşı biganələşmədən ayrılmalısan.***
Kəbə sənə: "Dayan hara gedirsən, sənə doya bilmədim"- deməlidir.
Sən də ona deməlisən: "Mən də... mən də sənə doya bilmədim!"
Sevgili, kim bilir, bəlkə bir gün...


* Sala - camaatı bayram və ya cümə namazına çağırmaq, bəzi yerlərdə də cənazə namazını xəbər vermək məqsədiylə minarələrdə oxunan salat.
** Bir yerdən başqa yerə köçmək, getmək - ölmək.
*** Bu tövsiyə Həzrəti Peygəmbərin də tövsiyəsidir. Müslimin b. Hadramidən rəvayət etdiyi bir hədisdə belə söylənilir: "Məkkəli olmayanlar həcc ibadətlərini bitirdikdən sonra üç gecə Məkkədə qala bilərlər."Yenə Buxari və Müslimin nəql etdikləri bir rəvayətdə Həzrəti Peyğəmbər belə buyurar: "Qonaq səfərə aid işini bitirən kimi tələsik ailəsinə dönsün."

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:15
GÜNƏŞ06:54
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:32
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka