Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SAY

[ Həcc / 6270 dəfə baxılıb ]   
|
 
Həcərsiniz.
Adınız hicrət.
Soyadınız təslimiyyət.
Şəxsiyyətiniz insan.
Sifətiniz şəfqət, mərhəmət və məhəbbət.
Vəzifəniz saya əzm göstərmək.
İnsanın müəyyən bir hədəfə çatmaq üçün var gücü ilə əzm göstərməsinə say deyilir, yəni çalışıb çabalamaq. Quranın aşağıdakı ayəsində də bu mənasıyla istifadə edilir:

"İnsan üçün yalnız zəhmətinin qarşılığı var." [Nəcm, 39].

Ayənin mesajı aydındır: "Müsəlman üçün" deyil "insan üçün". Ayədə məqsədə çatmaqda təyinedici ölçü olaraq "çalışmaq" əsas alınmışdır, dini şəxsiyyət deyil.
Qayda sadə və açıqdır: Çalışan qazanacaq, yatan itirəcək.
Bu sadə qaydaya görə, ağıllı adamın baxacağı yer nəticə deyil, məqsədə çatmada ödədiyi bədəldir. Sən bədəli ödə və sonrasını Allaha burax, Allahdan ‘alacağın' olsun, zamanı gələndə sənə mütləq ödənəcək. Həcərin verdiyi mesaj da budur.
Hicrətin gəlini Həcər, əfəndisi İbrahim tərəfindən bir işarə ilə gətirilib, Məkkənin quş uçmaz, karvan keçməz, kimsəsiz və quraq vadisində onun kimi təkliyin simvolu olan sarha ağacının yanına buraxılır. Bir tuluq su, bir tikə çörək; hamısı bu. Və bir də hələ südəmər balası. Su içilir, çörək yeyilir. Həcər də hər ana kimi, can deyil canan dərdindədir. O bu halıyla mənəvi soyundan gələcək olan nəsillərə bir cəmiyyətə ana olmağın [imam] və insanlığın analıq vəzifəsini öhdəsinə götürən cəmiyyət olmağın [ümmət] vacibliyini öyrədir.
Məryəm üçün Zəkəriyyənin rolu [Baxın. 3.37] nədirsə, İsmayıl üçün də Həcərin rolu odur. Yəni bağban olmaq. Fidan əkmək, onu sulamaq və meyvələrini gələcək nəsillərin faydasına təqdim etmək. Zəkəriyyə bağbanı olduğu fidanın meyvəsi olan İsanı gördü. Bu bir bağban üçün az – az nəsib olan bir qismətdir. Amma Həcər suladığı fidanın meyvəsini görə bilmədi. O meyvə çox uzaq bir meyvə idi. Uzaq, lakin uzaqlığı nisbətində möhtəşəm bir meyvə. O meyvə Məhəmməd [a.] idi. Tövrat da onu İsmayılın bir meyvəsi olaraq əsrlər əvvəl müjdələməmişdimi? [Təvqin15.5, 16.10]
Bəli, bəzən Zəkəriyyə kimi suladığınız fidanın meyvəsini yeyə bilər, bəzən də Həcər kimi heç yeməyə bilərsiniz. Olsun. Siz sulamağa davam edin. Unutmayın ki, nə qədər çox əmək sərf etsəniz, ağac o qədər barlı – bərəkətli olacaq, ömrü o qədər uzun olacaq.
Həcər özü kimi əsmər, çılpaq qayalardan ibarət olan Səfa təpəciyi ilə vadinin qarşısında yer alan Mərvə təpəciyi arasında təkrar – təkrar gedib – gələrək su axtarırdı. Vadinin yandırıcı istisində iki canın həyatı ilk əvvəl bu suya bağlı idi.
Səhra və su. Səhra "həyatı" təmsil edər, su "imanı".
İmanı, yəni müqaviməti, ümidi və əzmi.
Həyat səhra qədər mərhəmətsiz, səhra qədər qatı qaydaları olan daxili bir həqiqətdir.
İman isə su qədər həyati, su qədər ümidverici, su qədər olmazsa olmaz bir həqiqətdir. Səhraya dönmüş bir ürəyi yaşıllaşdıracaq və yaşadacaq olan yeganə eliksir imandan başqa heç bir şey ola bilməz.
Səhra və su, ürək və iman. Həyat bunların bir – biriylə görüşməsinə bağlıdır. Birincilər fiziki və keçici həyatı, ikincilər mənəvi və qalıcı həyatı təmsil edir. Bu görüşmə üçün bir şərt var. O şərtin adını şəhidlərin əfəndisi Hüseyn belə dilə gətirmişdi:
"Həyat iman və cihaddır."
Bəli, cihad. Suyu tapmaq üçün lazımlı olanın adı. Zatən məqsədi, üsulu və niyyəti şəriətə uyğun olan hər say özü də bir "cihad" deyilmi?
Həcərin etdiyi də məhz budur.
Say, zənci bir cariyənin, insanlığa verdiyi nəcib bir dərsdir. Onun cihadını qəbul edən Allah, qiyamətə qədər gələcək olan mömin nəsillərə Həcəri nümunə göstərmiş və təqlid etdirmişdir.
Həcər kimdir?
Bir qadın. Bir zənci. Bir kölə.
Ey şəxsiyyəti ilə öyünən sən! Ey özünü azad hesab edən sən! Ey uğur və üstünlüyü əməldə deyil dəxlinin olmadığı, özünün seçmədiyi cinsiyyət, irq, rəng, soy, bədən, ərazi, xalq kimi şeylərdə axtaran sən! Səhv edirsən. Öz cahiliyyinə qurban olursan. Həqiqətin nə olduğunu Allahı beləcə razı edib ölümsüzlər siyahısına girən bu kölədən, bu zəncidən, bu qadından yəni Həcərdən öyrənə bilərsən.
Həcər misalına bax və zamana qarşı müqavimət göstərən həqiqi dəyərləri öyrən! Saxta dəyərlərin arxasına düşənlər zamanın dəyirmanında toz olurlar.
Həcərə bax. Yəni ki, Allahın baxdığı yerdən bax və Onun baxdığı yeri tanı. Allah maskana, sənin zəhmət çəkmədən əldə etdiyin, doğuşdan olan gözəlliyinə, aksesuarına baxmır.
Həcərə bax və hürriyəti öyrən. Həqiqi azadlıq, səhrada su olmayacağını bilə – bilə təbiətin bu maneəsini iman, eşq və cihadla aşmaqdır. Həqiqi hürriyətə çatmaq istəyən üçün "imkansız" bir şey yoxdur. Həqiqi hüriyyətə çatan, əşyaya düşkün olmaz. İbrahim kimi, Həcər kimi, əşyanı özünə düşkün edər. Çünki hürriyət “teshir” sirrini yaxalamaqdır; əşyanın insanın əmrinə verildiyi həqiqətini. Sən yaxşı komandir ol, məmurun öz vəzifəsini biləcək.
Hürriyəti Həcər kimi istifadə etmək, tarixin axışına təslim olmaq deyil. Əksinə, tarixin axışını dəyişdirməyə namizəd olmaq deməkdir. Həqiqi köləlik tarixin axışına təslim olmaq, həqiqi azadlıqsa tarixin axışını dəyişdirəcək bir iradə və bir əməl həyata keçirməkdir.
Aşiq üçün imkansız deyilən bir şey yoxdur. İman və eşq ən böyük imkandır. Heç bir imkan, imanı və eşqi yarada bilməz. Ancaq iman və eşq, hüdudsuz bir imkan yaradar.
Həcərsən, düzənlikləri bu duyğularla addımlayırsan. Ürəyin eynilə Həcərin ürəyi kimi, ana ürəyi kimidir. Bu addımlar İslamın susuz qalmış itkin uşaqlarına ürək dolusu imanı daşımaq üçün edəcəyin ömürlük yürüyüşün, uzun yürüyüşün məşqi olacaq.
Yürüyüşə Səfadan başladın. Ayaq yalın, başı açıq. İndi sən yolçusan, mühacirsən, qonaqsan. Gediş və gəliş sayı cəmi 7-dir. Yeddi, yəni davamlı və sonsuzca. Bu o deməkdir ki: Sən əbədi mühacirsən. Əvvəlcə naməlum bir aləmdən dünyaya hicrət etdin. Dünya sənin üçün bir fasilə yeri idi. Səfərinə davam edəcəksən. Bu bir uzun yürüyüşdür, suyu axtarışdır. Suyu, yəni ümidi. İmanı və eşqi ümidlə, ümidi iman və eşqlə axtarış.
Mərvəyə hər yetişmən sənə həyatın bitimsiz dövranını öyrədəcək.
Nə deməkdir həyatın bitimsiz dövranı?
Hər bitmənin bir başlanğıc olduğu həqiqətidir. Birinin bitdiyini gördüyündə, bir başqasının başladığından əmin ola bilərsən. Məsələn acıların; birinin sonuna gəldiyində, bir başqasının sırada gözlədiyini unutmamalısan. Səfərin və yolun da... Dostun və düşmənin də... Məğlubiyyətin və zəfərin də...
Sən "suyu axtaran adam", sayı tamamladığında zəmzəmin başına gəlib doya – doya içməlisən. Həcərin sevincini paylaşmalısan. Nə niyyətə içirsənsə iç, bil ki, zəmzəm odur. Zəmzəm alın təridir, ürək təridir, zehin təridir. Zəmzəm ab-ı həyatı təmsil edər.
Say bitiş, zəmzəm başlanğıcdır.
Say əmək, zəmzəm mükafatdır.
Say dünya, zəmzəm axirətdir.
Say saleh əməl, zəmzəm cənnətdir.
Nə üçün say etdiyini bilməyən yorular - "of" deyər.
Nə üçün say etdiyini bilən hər çətinliklə birlikdə bir asanlıq olduğunu bilər - "oh" deyər.
İhramlısansa, artıq qadağaların qalxdığını bilməlisən. Kəfənini çıxarıb insanların arasına qoşula bilərsən. Belə ki, dünya səni gözləyir. Nemrudu çox İbrahimi yox olan, Fironu çox Musası yox olan, Əbu Cahili çox Məhəmmədi yox olan dünya səni gözləyir.
İndi artıq dünyanın İbrahimi də olacaq, o da sənsən. Gəldiyin diyara içindəki və çölündəki bütün bütləri qırmaq üçün baltanı itiləmiş olaraq dönəcəksən. Sən güvənlik və azadlıq döyüşçüsüsən. Allahla olan müqaviləni yenilədin. O halda arxana baxma, get. Allah səninlədir, bundan əmin olmalısan. İbrahim tək olaraq yola çıxmışdı, milyonlar İbrahim oldu. Məhəmməd [a.] də tək olaraq çıxmışdı. Bax yüz milyonlar, ona aşiq ürəkləriylə "Ləbbeyk ya Rəsulullah!" deyərək onun buraxdığı izi təqib edir.
Get həyatın üstünə!
Qorxma!
Çünki sən həyatı can yerindən yaxaladın.
O artıq sənə məftundur.
Get ölümün üstünə!
Sən ölümdən qorxma, ölüm səndən qorxsun.
Çünki ölməzdən əvvəl ölərək yaşamağın sirrini kəşf etdin.
Get şeytanın və hizbinin üstünə!
Əvvəl bəsmələ çəkərdin.
İndisə iki ayaqlı bəsmələ oldun.
Get, həccin mübarək olsun. Həyatın və ölümün, acın və sancın, sevincin və nifrətin, eşqin və həsrətin, varlığın və məhrumiyyətin, buğzun və məhəbbətin mübarək olsun.

*teşhir - Ovsunlamaq, özünə bağlama, məftun etmə

Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka