Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÜNÜMÜZÜN BƏLASI - FALÇILIQ

[ Aktual / 197 dəfə baxılıb ]   
|
 
Günümüzün ən aktual problemlərindən olan sehr, fal, cadu və s. bu kimi insanları günaha sürükləyən haram əməllər haqqında Azerislam teoloqlarına onlarca suallar gəlmişdir. Həqiqətən də bu mövzunun üstündən ürəkağrısı duymadan keçmək olmur. Çünki cəmiyyətimizdə dinimizə zidd olan bu əməllərin qarşısını almaq bir yana, təəssüflər olsun ki, onların reklamına da geniş yer ayrılır. Televiziya kanallarımızdan qəzet səhifələrimizədək bütün mətbuatımızda bunun şahidi oluruq. Müsəlman xalqımız isə dini tədris və təbliğin kasadlığı üzündən özləri də bilmədən bu günahlara şərik olur. Biz Azerislam ailəsi olaraq bu dəfə sizə millətimizin bir nümayəndəsi olan müsəlman qardaşımızın falçılıq haqqında sualını və teoloqumuz tərəfindən ona verilən ətraflı cavabı təqdim edirik.

Çox yerlərde fala baxılır, insanların gələcəyindən xəbər verilir. Sizcə İslam dininə gorə bu nə dərəcədə düzgündür? Bir də cadu ilə baqlı dini mənbələrdə olan məlumatları öyrənmək istəyərdik. Allah sizdən razı olsun!

Fala baxmaq küfrdür. Onunla məşğul olan şəxs isə kafir sayılır. Fala baxan şəxslər müxtəlif vasitələrlə insanların falına baxırlar. Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir. Lakin qeybi Allahdan başqa heç kəs bilməz. Kim də qeybi bildiyini iddia edərsə Allahın Qurani Kərimdə nazil etdiyi bu ayəni inkar etmiş olar.

Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə).

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).

Elə ona görə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.” (Bu hədisi Əbu Davud, Tirmizi, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər). Çünki fala baxanın yanına gedən şəxs, sanki iddia edir ki, qeybi Allahdan başqa fala baxan da bilir. Bu da Allahın ayəsini inkar etmək deməkdir.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) başqa bir hədisdə də belə demişdir: “Kim kahinin (falçının) yanına gedib ondan ixtiyari bir şey barəsində şoruşarsa, onun 40 gün namazı qəbul olunmaz.” (Bu hədisi də Muslim və başqaları rəvayət etmişdir).

Həmçinin fala baxan, sehr və cadu ilə məşğul olan şəxslər bu əməlləri cinlər və şeytanlar vasitəsi ilə edirlər. Həmin cinlər və şeytanlar da bu cür insanlara onlar Allaha şərik qoşduqdan sonra kömək edirlər. Uca Allah sehr və cadu ilə məşğul olanları kafir adlandırmışdır. Uca Allah buyurur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə surəsi 102-ci ayə).

Yuxarıda da qeyd etdik ki, fala baxanlar və sehr, cadu ilə məşğul olanlar bunu cinlər vasitəsi ilə həyata keçirirlər. Bu isə küfrdür. Aşağıda qeyd edəcəyimiz ayələri oxusanız bu sizə daha aydın olar. Uca Allah cinlər barəsində “əl-Cinn” surəsində belə buyurur:

“Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
2. O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
3. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
4. Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
5. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
6. Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
7. Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
10. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
11. Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
12. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
13. Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.
14. Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
15. (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)"


Bütün bu dəlillər onu göstərir ki, bu əmək şirk, küfrdür. Uca Allah da ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka