Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NƏ ÜÇÜN NEMƏTLƏR AZDIR, VƏ YA AZALIR?

[ Aktual / 956 dəfə baxılıb ]   
|
 
بسم الله الرحمن الرحيم
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Möhtərəm müsəlman qardaşlar.
Ən birinci təqvalı olmağınızı tövsiyyə edirəm.
Biz daima möminlərin sifətlərindən danışırıq. Müsəlman çalışmalıdır ki, mömin olsun. Bu sifət nicat tapan sifətlərdəndir. Insan gərək nicat tapan sifətlərə girsin. Əl-Muminun surəsinin birinci ayəsində Allah subhanə va Təalə buyurur - “Qad əfləhəl muminun...” - Artıq möminlər nicat tapdılar. "Qad"- sözü ərəb dilində keçmiş zamanda işləndikdə 100 faiz deməkdir. Yəni ki, möminlər yüz faiz nicat tapıblar. Daha sonra ayənin ardınca o möminlərin kimlər olduğu haqda məlumat verilir. “...əlləzinə hum fi salətihim xaşiun” - o kəslər ki, namazlarını qorxa-qorxa qılarlar. Yəni Allahdan qorxaraq xuşu ilə namaz qılarlar. Sifətlərin biri budur. Daha sonra ayədə zəkat verənlər, xeyir əməllər edənlər və s. haqqında söhbət açılır. Nicat tapanlar məhz onlardır. Insan o saat mömin olmur. O, birinci müsəlman olur. Əgər müsəlman olandan sonra xeyir əməllərini çoxaldarsa, ibadətini gücləndirərsə, o vaxt möminlik dərəcəsinə çatar. Həmçinin möminlik sifətində olanlardan biri də şükr edənlərdir. Allaha şükr etmək: Bu sifət müsəlman üçün mühümdür. Yəni möminliyin sifətlərindəndir. Mömin kəs daima şükr edər. Heç zaman görməzsən ki, mömin naşükür olsun. Naşükürlük etmək möminliyin əlamətlərindən deyil. Əgər bir kəs naşükürlük edirsə, deməli o, mömin deyil. Sadəcə, o, müsəlmandır. Allah bizə Ona şükr etməyi əmr edib. Qurani Kərimin əl-Bəqərə surəsinin 172-ci ayəsində deyilir: “Vaşkuru nematallahi in kuntum iyyəhu taabudun”. Ayənin əvvəlində əmr formasında gəlir ki, - “Allahın nemətlərinə şükr edin, naşükr olmayın! Əgər siz ona ibadət edirsinizsə”. Həmçinin digər bir ayədə Allah əmr edir ki, “Mənə şükr edin, küfr etməyin”. Eyni zamanda, Muslimin rəvayət etdiyi səhih hədisdə Rəsulullah (s.ə.s.) buyurur. -“Möminin həyatı qəribədir. Əgər ona yaxşı bir şey olsa, o, şükr edər və bu onun üçün xeyirli olar. Əgər ona çətinlik olsa, o, buna səbr edər. Bu da onun üçün xeyirli olar”. Bax, bu, möminin sifətlərindəndir. Şükr və səbr möminlərə aiddir. Şükr sözü ərəb sözüdür. Şükr sözü istilahi mənada Allaha səna etmək, Allaha təşəkkür etmək, Ona həmd etmək deməkdir. Amma onu da unutmaq lazım deyil ki, qul şükr edənlərdən olmaq istəyirsə, gərək üç rükuna əməl etsin. Əgər deyiləcək bu üç şey insanda olmasa, o, şükr edən qullardan olmaz. 1. Şükr edən adam etiraf etməlidir ki, ona gələn bütün nemətlər Allah-Təala tərəfindəndir, qeyrisinin deyil. O, bilməlidir ki, ona nə verilibsə, Allah tərəfindən verilib. O, birisilər hamısı səbəbdir. 2. Verilən nemətdən danışmaq. Etiraf etmək ki, onu Allah verib. Ona görə də Allaha həmd, şükr etmək lazımdır. Nemətləri Allahdan qeyrisinə mənsub etməmək. Bu da şükrün əlamətlərindəndir. Ola bilsin ki, insan nemətdən danışsın, lakin həmd etməsin. Gərək hər zaman həmd edəsən. Yəni -“Əlhəmdulillah” deyəsən. 3. Əgər müsəlman istəyirsə ki, şükr edən qullardan olsun, gərək bu nemətləri halal olan şeylərə işlədə. Əgər verilən neməti haram olan şeylərə işlətsən, insan şükr edən qullardan sayılmaz. Mal-dövlət də Allah tərəfindən insana verilən nemətdir. Əgər insan o neməti haram yolda işlətsə, o şükr edənlərdən sayılmayacaq. Möhtərəm müsəlmanlar, həmçinin şükr etmək peyğəmbərlərin sifətidir ki, bu da bu sifətin mühümlüyünü göstərir. Şəkk yox ki, peyğəmbərlər ən təmiz, ən gözəl sifətlərdə olublar. Allah sübhanə va Təala Ibrahim (ə.s.) haqqında deyib ki, “O, şükr edən qullardan, Allaha şərik qoşanlardan deyildir və Allahın nemətlərinə şükr edənlərdən idi”. Həmçinin Allah Nuh (ə.s.) haqqında deyib ki, “O, şükr edən qullardan idi. O, daim Allahdan razı idi. Allahın nemətinə, bəlasına, çətinliklərə daima şükr edərdi”. Baxmayaraq ki, o, elə bir qövmə gəlmişdi ki, qövmü şirk edirdi və ona çətin idi. O vaxt yaxşı, saleh insanlar öləndən sonra insanlar əsrlər keçdikcə ibadətdə onları şişirdirdilər. Artıq bu o dərəcəyə çatırdı ki, Allaha şərik qoşurdular. Belə vaxtda peyğəmbərə ehtiyac oldu. Allah Nuhu (ə.s.) göndərdi. Nuh (ə.s.) nə qədər qövmünü haqqa dəvət etsə də xeyri olmadı. Hələ üstəlik qövmü peyğəmbəri ələ də saldı. Baxmayaraq ki, Nuh (ə.s.) deyirdi ki, “Ey insanlar, onlara ibadət etməyin. Bunlar sizə şəfa verməz, sizə kömək etməz, onlar artıq ölüb. Yalnız Allaha ibadət edin”. Lakin qövmü Nuha (ə.s.) istehza etdi. Belə vaxtda Allah qövmün iman gətirmədiyini görüb, Nuha əmr etdi ki, gəmi tiksin. Peyğəmbər gəmi tikməyə başlayanda isə ona qarşı olan istehzalar daha da çoxaldı. Axı o, səhrada gəmi tikirdi. Bu da peyğəmbəri ələ salanların əlinə göydən düşmə bir fürsət verdi. Onlar Nuha (ə.s.) lağ etdilər ki, o yalançıdır, fırıldaqçıdır və ağlı çatmır ki, səhrada gəmi tikir. Nuhun (ə.s.) qövmü şükr etmədi, Allaha şərik qoşdu, nəticədə Allah onlara bəla verdi. Yəni onları su məhv etdi. Qurani Kərimdə başqa peyğəmbərlərin şükrlü olması haqqında da söhbət açılır. Həmçinin Rəsulullah (s.ə.s.) haqqında. O vaxt ki, o, gecə qalxıb ibadət edərdi, bir gün qiyamda çox durduğuna görə onun ayaqları şişdi. Möminlərin anası Aişə (r.a.) ona dedi ki, “Ya Rəsulallah! Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. Nəyə görə bu qədər ibadət edirsən?” Rəsulullah (s.ə.s.) dedi ki, “Ya Aişə, sən istəməzsən ki, mən şükr edən qullardan olum?”. Ibadət şükrün əlamətlərindən biridir. Sual oluna bilər: Nəyə görə namaz qılmaq lazımdır? Ona görə ki, namaz qılmaq Allaha şükr etməyin əlamətidir. Allah Təala müqəddəs kitabında buyurur: - “Kim şükr edirsə, o, özü üçün şükr edir”. Müsəlman bacı və qardaşlar! Həmçinin, Allah şükr edənlərə xeyirli mükafatlar vəd edir. Qurani Kərimdə deyilir: “Allah şükr edənlərə xeyirli mükafatlar verəcək”. Həmçinin şükr etmək nemətin çoxluğuna səbəbdir. Allah subhanə və Təala buyurur ki, “Əgər siz şükr etsəniz, mən sizə nemətimi çoxaldaram”. Gəlin, bir anlıq düşünək. Nə üçün nemətlər azdır və ya azalır? Çünki asiyik. Asilik baş alıb gedir. Belə yerdə nemət olmaz. Deməli, nemətin olmamasının əlamətlərindən biri asilik, olmasının isə şükrdür. Eyni zamanda, Qurani-Kərimdə o da qeyd olunur ki, insanlar arasında şükr edən daima az olar. Qurani Kərimdə “Mən sizə nemətlər verdim” ayələrinə çox rast gəlirik. Ayələrin sonu isə belə qurtarır: “...bəlkə şükr edən qullardan sayılasınız”. Deməli, Allahın bizə verdiyi bütün nemətlər şükr sifətini qazanmağımız üçündür. Qarnımızı doldurmaq və ya kef çəkmək üçün deyil. Həmçinin şükr etmək Allahın razılığını qazanmaqdır. Mömin naşükr təsəvvür olunmaz. O, daim şükr edən olmalıdır. Müsəlman, mömin nəyə şükr etməlidir? Əvvəla, öz həyatına, verilən nemətlərə. Bu həyat bir nemətdir ki, bizlərə Allah tərəfindən verilib. O nemətlərdən biri də bədəndir. Sağlamlıq bir nemətdir. Göz bir nemətdir. Ağız, burun, qulaq da həmçinin. Allah buyurur ki, “Sizə qəlb verdik, göz verdik, qulaq verdik ki, bəlkə şükr edəsiniz”. Verilən bü əzalara görə insan şükrünü bildirməlidir. Allahın insanlara verdiyi nemət o qədərdir ki, onu saymaqla qurtarmaq olmaz. Ona görə də insan daima şükr edən olmalıdır. Demək olmaz ki, bir neçə şeyə şükr edim, kifayətdir, qalanı lazım deyil. Xeyr, belə yaramaz. Verilən hər bir nemətə görə şükr etmək lazımdır. Həmçinin sağlamlıq da bir nemətdir ki, ona da şükr etmək lazımdır. Əgər kim bu nemətin qədrini bilmirsə, getsin xəstələrə baxsın. Insan nə qədər çətinlikdə olsa da, bilsin ki, ondan da çətin vəziyyətdə olanlar var. Ona görə də naşükür olmasın. Bu halları çox insanlar başa düşmürlər. Əksər vaxt gənclərdə naşükürlük çox olur. Insanlar var ki, nə zaman dindirsən sifətlərindən narazılıq yağır. Yox, əziz müsəlmanlar, bu cür davam etməklə mömin olmaq olmaz. Gərək daima şükr edəsən. Həmçinin müsəlman “əhli sunnə val camaə” olmağına görə şükr etməlidir. Unutmaq lazım deyil ki, Allah öz kitabında “Şükr edənlər azdır” deyir. Daima bu kəlməni təkrarlayın. Verilən nemətlərə şükr edin ki, bəlkə siz də Allahın razı olduğu qulların sıralarında olanlardan olasınız. Allah subhanə va Təalə bizi - inşəallah - şükr edən qullarından etsin. Amin! Allah bizi naşükür etməsin. Amin!
Allah millətimizə hidayət və elm versin. Amin! Allah dünyanın hər yerində əziyyət çəkən müsəlmanlara kömək olsun. Amin!

Əssalamu Aleykum Va Rahmətullahi Va Bərakətuhu.

Q. Süleyman
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka