Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HANSI DAHA TƏHLÜKƏLIDIR, MÜVƏQQƏTI DÜŞMƏN YOXSA HƏMIŞƏLIK DÜŞMƏN?

[ Aktual / 14 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim

Şeytanlar insanın ən qəddar, ən təhlükəli və ən qorxulu düşmənləridir. Onlar elə gizli düşmənlərdir ki, insan həmişə onların hiyləsinə düşür.
Şeytan əvvəl gündən insan oğluna düşmən kəsilib və düşmənçiliyində daim fəal olub. O, insanın əqidəsini, inancını və əxlaqını məhv etmək, başqaları ilə düşmənçiliyə düşməsi üçün hər cür hiyləyə əl atır. Çox təəssüf ki, onun hiylələri və əməlləri bitmək bilmir.

Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə açıq-aydın bildirib ki, şeytan insanın ən böyük düşmənidir. Qurani Kərimlə birlikdə Peyğəmbərimizin (s.a.s) hədislərini də diqqətlə oxusaq görərik ki, şeytanın düşmənçiliyi və pis əməlləri aydın şəkildə şərh edilib.

Allahu Təalanın bizə buyurduğu ayələrə nəzər salaq:
"Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır." (Fatir, 6)
Ayədə Allahu Təalanın aydın şəkildə "düşmən tutun!" əmrini görürük. Allahu Təala hər şeyi dəqiq biləndir. Bizə buyurduğu əmrə şübhə gətirə bilmərik.
Allahu Təala şeytanın hansı əməllər gördüyünü də bizə bildirib. "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər." (əN-Nur, 21)

Şeytan çox hiyləgərdir və o, insanları zəif nöqtələrindən yapışaraq yoldan çıxarır. O, xüsusilə də müsəlmanlarla çox ehtiyatlı davranır və tədricən onu çaşdırmağa başlayır. Şeytan heç bir zaman müsəlmanı gəlib küfrə sarı çağırmaz. O bilir ki, İslamdan küfrə getmək heç də asan deyil. Şeytan imanı güclü olan şəxsi belə günah işlər görməyə sövq etmir. O, imanlı şəxslə çox incə və ehtiyatlı hərəkət edir. O, mömin şəxsi halal, günah olmayan və eyni zamanda savabı da olmayan işlərə cəlb edir. Bu cür o, mömini yavaş-yavaş ibadət və itaətlərə qarşı soyudur. Mömin şəxs mübah (savabı olmayan halal) şeylərdən çox istifadə etdikcə, artıq sünnətə az riayət etməyə başlayır. Təbii haldır ki, sünnətə az riayət etdikdə, bəzi fərzlərdə də zəifləyir.

Şeytan, mömində dininə güclü bağlılıq gördükdə, ona ən sevdiyi yandan yanaşır. Bu zaman o, möminə həmin sevdiyi məsələni şişirdir və onda fanatlıq yaradır. Bu formada mömin həmin yöndə artıq şeylər uydurur və beləcə bidətlər ortaya gətirməyə başlayır, hansı ki, onun uydurduğu şeylər dində olmur.

Şeytan üçün ən asan loxma və ən asan iş, fərzlərdə tənbəllik edən möminləri azdırmaqdır. Fərzlərə və vacib ibadətlərə çox da əhəmiyyət verməyən mömin, şeytanın əlində tez azır. Şeytan onda, bütün fərzlərə qarşı tənbəllik oyadır, bundan sonra artıq haram işlərə onu cəlb edir. Haram işlər görməyə başladısa artıq əxlaq normalarını aşır və ədəbsizlik simasına girir.

Şeytan bununla da əl çəkmir. O, insanı azdırıb bir günah iş gördükdən sonra çəkilib getmir. İnsanın etdiyi günahı onun gözündə gözəlləşdirir və onu sevindirir. Həmin insanı bircə dəqiqə də vicdanı ilə buraxmır ki, birdən peşman olar, vicdan əzabı çəkər. İnsan beləcə etdiyi günahlarla sakit gəzə bilir, daxilində rahatlıq hiss edir. Allahu Təala şeytanın günah etmiş şəxslərlə necə davrandığını da Qurani Kərimdə bizə göstərib. "Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi." (əl-Ənam, 43). "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi..." (əl-Ənfal, 48)

Şeytanın bu cür hiylələrinə hər birimiz rast gəlirik. Məsələn: Pozğunluq və zina edən şəxslər düşünürlər ki, bu azadlıqdır, demokratiyadır, hamı öz istədiyini etməlidir. Yaxud pozğunluq edən qadın çörək pulu qazanır deyə özünə bəraət qazandırır. Eləcə də oğurluq edənlər bunu çörək pulu qazanmaq üçün çıxılmaz vəziyyət kimi qəbul edir. Diktatorluq və xalqa zülm etməklə məşğul olan hakim, xalqı birləşdirmə naminə edir deyə özünə bəraət qazandırır. Şeytan hamının günahlarına bəraət qazandıra bilir və günah edənləri rahat edir.

Şeytan bu işləri məharətlə bacarır. O, insanlara vəsvəsə edə bilir, onların nəfslərini danışdırır, sanki sinələrində və daxillərində yerləşir. Allahu Təala buyurur k: "De: "Pənah aparıram insanların Rəbbinə. İnsanların ixtiyar sahibinə. İnsanların tanrısına. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən. O Şeytan ki, insanların sinələrinə (ürəklərinə) vəsvəsə salır." (ən-Nas). Şeytanın vəsvəsəsi insanların şəhvət və istəklərilə uyğun gəlir deyə, insanlar bu vəsvəsəyə tez uyurlar. Şeytan insanları dünyəvi maddiyyətlərlə aldadır və onları asanlıqla azdırır. "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər." (əl-Bəqərə, 268)

Həmçinin şeytan insanlar arasında düşmənçilik, dava-dalaş və problemlər yaradır. Buna isə bəzi işlərlə yol tapır. "Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər." (əl-Maidə, 91) İçki və qumardan başqa, cəmiyyətdə yayılmış bir çox günahlarla şeytan insanlar arasında ədavət sala bilir. Bütün bu günahlar və pozğunluqlar şeytanın işləridir, bizləri bu işlərə sövq edir. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə, 90).

İnsan daim xeyir və şərr arasında qızğın mübarizədədir. Haqq və batili ayırarkən şeytan buna müdaxilə edir və müsəlmanları daim məğlub etmək istəyir. Müsəlmanların məğlubiyyətinə nail olmaq üçün isə şeytanın bir neçə hiylələri var. Məsələn, müsəlmanları kafirlərdən qorxudur. Allahu Təala buyurur: "Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö'minsinizsə, Məndən qorxun!" (əl-İmran, 175).

Şeytan həmçinin müsəlmanlar arasında şaiyələr və yalan xəbərlər yayılmasında böyük rol oynayır. "Onlara (münafiqlərə bə'zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö'minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını tə'yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız." (ən-Nisə, 83).

Şeytan müsəlmanlara və ümumən insanlara həmişə yalan vədlər verir, onları yuxular və xəyallar içində yaşadır. "(Şeytan) onlara və'dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan və'dlər verir." (ən-Nisə, 120) . "Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər)." (əl-Furqan, 29).

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka