Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GƏLƏCƏYİ PLANLAŞDIRMAQ YOXSA QEYBƏ İMAN EDİB ALLAHA TƏVƏKKÜL ETMƏK?

[ Aktual / 2962 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


İslam dini müsəlmana gələcək işlərinə və gələcək həyatına dair plan qurmağı qadağan etməyib. İnsan gələcəkdəki işlərinin qaydasız getməyəcəyini qabaqcadan planlaşdırarsa, və bunu əsaslar və düzgün veriləcək qərarlar üzərində qurarsa, bu, heç də qeybə iman etməklə zidd deyil. Əlbəttə ki, insan dəqiqliyi ilə gələcəkdə nə olacağını deyə bilməz və qabaqcadan hər şeyi formalaşdırıb hazır qoya bilməz, lakin nisbi olaraq baş verənlərə və mövcud olan əsaslara dayanaraq, gələcəkdəki işləri bir növ təxmin etmək mümkündür. İslam dini özü, gələcəyi planlaşdırma və qaydalı şəkildə iş qurma prinsipləri üzərində durur və İslam heç də qaydasız işə çağırmır. Peyğəmbərimiz (s.a.s) özü hicrətdən əvvəl bu mövzu üzərində neçə-neçə planlar qurub və hicrət etməyin daha münasib vaxtı gələndə hicrət edib. O zamanlar rumlar və farslar arasında baş verən hadisələri izləmək və həmçinin həmin padşahlara məktublar göndərmək özü, Peyğəmbərimizin (s.a.s) gələcək işləri qabaqcadan planlaşdırıb hazırlamasına dəlalətdir. Müntəzəm şəkildə planlaşdırma və eyni zamanda Allahu Təalaya həqiqi təvəkkül olmalıdır.

Hazırda gələcəklə bağlı bir çox elmi araşdırmalar və tədqiqatlar gedir. Bütün bunlardan müsəlmanlar geri qalmamalıdırlar. Onlar da elmi formada lazım olan bütün programlardan istifadə etməlidirlər. Xüsusilə də bu cür programlar və elmi tədqiqatlar hər gün inkişaf etməkdədir, İslam ümməti bu elmi inkişafdan necə geri qala bilər?! Bu o demək deyil ki, yeni-yeni elmi kəşflərin vasitəsilə gələcəyin planlarını indidən qurmaq, yalnız Allahu Təalanın bildiyi qeybi bizim də bilməyimizdir. Dəqiq və mütləq olacaq qeybi yalnız Allah bilir, ancaq müxtəlif vasitələrdən istifadə edərək nisbi şəkildə gələcəyin hadisələrini təxmin etməyi Allahu Təala bəşəriyyətə qadağan etməyib.


Statistikaya əsaslanaraq bir çox işlərlə bağlı planlar qurulur, gəlirlər hesablanır, xərclər qabaqcadan təxmin edilir və gələcək işlərin düzgün qaydada getməsi qabaqcadan planlaşdırılır. Statistika elmi kimi bir çox başqa elmi programlar da var ki, gələcək iş prosesinin lazımi səkildə davam etməsinə kömək edir. Buna misal olaraq hava proqnozlarını da nümunə gətirmək olar.


Bir çox köhnə fikirli insanlar, İslam dininin bu cür elmə zidd olmasını düşünür və bu elmlərdən istifadə etmənin qadağan olmasını söyləyirlər. Heç düşünmürlər ki, İslam dininin elə öz cövhərində gələcəyə qabaqcadan hazırlaşma var. Müsəlman bu gün sabahkı əməllərini düşünür və planlaşdırır, bu dünyadakı həyatında artıq axirətini qurur. Bütün bunların son qayəsi Allahu Təalanın rizasını qazanmaqdır.


Qur'ani Kərimdə Yusufun (ə.s) hekayəsini oxuyanlara ibrət dərsi vardır. Allahu Təalanın ona verdiyi elm nəticəsində və yuxusunda bildirdiyinə görə Yusuf (ə.s) gələcəkdə baş verəcəkləri bildi. Lakin bunun qarşılığında O, (ə.s) sakit durmadı, gələcəkdəki hadisələrdən zərərsiz ötüşmək üçün O (ə.s) plan qurdu. ((Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)) (Yusuf surəsi 47-49)


                                Plan qurmaq və Allaha təvəkkül etmək
Bəziləri düşünürlər ki, sabaha plan qurmaq Allaha təvəkkül etməklə və yaxud Onun qədərinə inanmaqla uyğunlaşmır. Həqiqətdə isə, Allahu Təalanın kitabını (Qur'ani Kərimi) və Peyğəmbərimizin (s.a.s) sünnətini dəqiq araşdıran görər ki, dinimizdə hər şey nizam-intizamla və düzgün planla olmalıdır. Peyğəmbərimiz (s.a.s) bizlərə təvəkkül etməyi öyrətdikdə, səbəblərə və kainatda baş verən hadisələrə dayanaraq təvəkkül etməyi öyrədib.
Bir dəfə bir ərabi (bədəvi ərəblərdən) Peyğəmbərimizin (s.a.s) yanına gəlir və dəvəsini bağlamadan məscidin önündə buraxır, sonra Peyğəmbərə (s.a.s) deyir: Dəvəmi bağlayım Allaha təvəkkül edim, yoxsa açıq buraxım təvəkkül edim? O (s.a.s), deyir: "Bağla və (Allaha) təvəkkül et." (Tirmizi, İbn Həbban, İbn Xuzeymə rəvayət etmişlər.)


                                                              Peyğəmbərimizin (s.a.s) həyatından
Rəsulullahın (s.a.s) həyatını ətraflı oxuyan görər ki, O (s.a.s), bütün işlərində ehtiyatlı olmuş, qabaqca hər şeyi ölçüb-biçmiş, hər işin səbəblərini və nəticələrini dəqiqləşdirmiş, bütün ehtimalları nəzərə almış və imkan dairəsində hərəkət etmişdir. Halbuki Allahu Təalaya ən düzgün və ən güclü təvəkkül edən O (s.a.s) olmuşdur.
Qureyşin Onun (s.a.s) səhabələrini incitdiyini gördükdə, onlara Həbəşistana hicrət etməyə izn vermişdir. Peyğəmbərimiz (s.a.s) bunu, dənizə bir daş atmaq kimi etməmişdir. Ölkənin coğrafi mövqeyi, dini və siyasi durumu dəqiqləşdirildikdən sonra hicrət etməyə izn verilmişdir. Bu həm də, Peyğəmbərimizin (s.a.s) və Onun səhabələrinin ətraf ölkələr haqqında məlumatları olduğunu göstərir. Halbuki, o zamanlar telekommunikasiya və nəqliyyat vasitələri indiki ilə müqayisə oluna bilməz.
İslam dövləti və xilafəti qurulmazdan əvvəl, iki böyük imperiya arasında dururdu. Şərqdən Fars imperiyası, qərbdən Rum imperiyası. Bu iki imperiya arasındakı mübarizələrin zamanında yaşayan, yenicə əsası qoyulmuş İslam ümməti bütün hadisələri izləyirdi. İki əzəmətli dövlətin mübarizəsi İslam xilafətinin yaranmasına mane ola bilmədi. Onlar öz talelərini düşünərkən, gələcək kimin - Rumların, yoxsa Farsların olacağını xəyal edərkən, İslam ümməti öz gələcək planlarını qururdu.


                                                                       Mədinəyə hicrət
Mədinəyə hicrət hadisəsinə də diqqətlə nəzər yetirsək, Peyğəmbərimizin (s.a.s) ağıl və imanla plan qurduğunu görərik. Allahın qədərinə iman edib və yalnız Ona təvəkkül edərək gələcək hicrətə hazırlaşırdı və O (s.a.s) bütün lazım olan hazırlıqları görərək ehtiyatı əldən verməmişdi.
Əvvəlcə O (s.a.s), Övs və Xəzrəc tayfalarının bey'əsini (seçimini və razılığını) gözlədi, sonra Onunla (s.a.s) hicrətə gedərkən yol yoldaşını seçdi, hansı ki, Əbu Bəkr idi, sonra Onun (s.a.s) yerinə fədakarlıq edib Onun (s.a.s) yatağında yatmağa razı olan Əli bin Əbu Talibi (r.a) seçdi, sonra onlara yol göstərəcək və güvənilən bir müşriki Abdullah bin Əriqəti seçdi, sonra yol yoldaşı Əbu Bəkrlə (r.a) görüşəcəkləri və gizlənəcəkləri yeri seçdi, sonra onlara azuqə və xəbərlər gətirən şəxsləri seçdi və bütün bunlardan sonra yola çıxmağa qərar verdi. Bütün bu proses dəqiq və qərəzsiz olmalı idi və Peyğəmbərimiz (s.a.s) bütün ehtiyatları görərək, qabaqda baş verə biləcək hadisələri təxmin edərək hikmətli bir hicrət planı qurmuşdu. Bu qədər intizamlı plandan sonra az qala müşriklər onları tutacaqdılar, lakin onlar Hira mağarasında gizlənərkən Peyğəmbərimiz (s.a.s) Allaha həqiqi təvəkkül etmişdi və O (s.a.s) öz yol yoldaşına demişdi ki: "Hüzn (təlaş) etmə, Allah bizimlədir." Bu həqiqi təvəkkül idi və Allahu Təala onları müşriklərin əlindən qurtardı. Lakin diqqət edin ki, bu təvəkküldən öncə Peyğəmbərimiz (s.a.s) hər şeyə hazırlaşmışdı.


 


Allah bizə həqiqi təvəkkül etməyi nəsib etsin!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka