Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANİ KƏRİMİN İSBAT VƏ İNKAR ETDİYİ ŞƏFAƏT

[ Müqəddəs quran / 1922 dəfə baxılıb ]     
|
 
Öz mübarək kitabında «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər», «De ki: bütün şəfaət yalnız Allaha məxsusdur» sözlərini buyuran Allaha həmd və səna olsun. Allahın qulu və elçisi – böyük şəfaət sahibi Peyğəmbərimiz Məhəmmədə salavat və salam olsun!

Əziz həmvətənlərimiz! Bu risalədə, Allahın izni ilə, cahiliyyə dövrünə məxsus mövhumat və xurafatdan başqa bir şey olmayan, İslama xas edilən mövzunu az da olsa açıqlayacağıq. Bu, bütün ibadət və itaətlərdə Allahın təkliyini iqrar edən şəhadət kəlməsi «Lə iləhə illəllah»la bağlı mövzudur. Cəmiyyətimizdə hələ də baş alıb gedən, hökm sürən dini savadsızlıq, insanların ibadətin müxtəlif növlərində Allahdan qeyrisinə tapınmasına səbəb olmuşdur ki, bu qeyrilər- şəfaətçilər, vasitəçilər və s adlanırlar. Bunu nəzərə alaraq islamda şəfaət mövzusunu açıqlayırıq.

Şəfaət iki cür olur. Onlardan biri məqbul sayılan şəfaətdir ki, Qurani-Kərimdə təsdiq edilmişdir. İkincisi – rədd edilən, qəbul olmayan şəfaətdir. Onu Quran qadağan edir. Şəfaətin əhəmiyyəti uluhiyyə tövhidindən məlumdur. Şəfaət istəyənlərdən çoxları Allaha deyil, digər vasitələrə əl atmaqda ifrata yol vermiş, hədlərini aşmış, öz vasitəçisinə ad vermişdir. Allaha deyil, başqalarına Allahın hüzurunda özləri üçün şəfaət etməsinə görə dua etmişlər və beləliklə, ən böyük şirkə yol vermişlər. Bu onları qəbul olunmuş şəfaətdən uzaqlaşdırmışdır. Adı «Şəfaət» olan bu kitab uluhiyyə tövhidini əhatə edir.

Rububiyyə tövhidini isə Allaha şərik qoşanlar da (müşriklər də) qəbul etmişlər.

Bu kitabın ikinci hissəsində suallara cavablar vasitəsilə şirkin qalan növlərindən bəhs olunacaqdır. Allahdan müsəlman alimlərin, hakimlərin və xalqlarının saleh işlər görməsini, onların haqq sözündə birləşməsini və düzgün yolda olmasını istəyirik. O öz mübarək Kitabında buyurmuşdur: «Doğrudan da Allaha şərik qoşmaq böyük zülmdür!» (Loğman, 31:13).

Allahın qulu və elçisi Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.


Quranın qadağan etdiyi – rədd edilən şəfaət

Sual: Allah sübhanəhu və təala hər şəfaət edəndən şəfaət qəbul edirmi, yoxsa bunun bir və ya bir neçə şərti vardır?
Cavab: Allah-təala hüzurunda şəfaət yalnız iki şərtlə qəbul edilir:

  1. Allah sübhanəhu xəlq etdiklərindən kimə istəsə, ona da şəfaət etmək üçün icazə verər.
  2. Allah sübhanəhu şəfaətə izn verdiyindən razı olması.
Bu şərtlərin biri olmazsa, şəfaətin heç bir faydası yoxdur.

Sual: Buna dəlil və sübut nədir?
Cavab: Hər bir iddia dəlilə əsaslanmalıdır. Allah-təala buyurur ki, «Onlara söylə: «Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin» (əl-Bəqərə, 2:111). Qurani-kərimin bir çox ayələrində ona dəlil gətirilmişdir.

Hörmətli oxucu! Biz onlardan bəzilərini sizin üçün misal gətirəcəyik: Allah-təala buyurur ki: «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?» (əl-Bəqərə, 2:255).
Buna cavab olaraq Allah-təala buyurur ki: «Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz» (Səba, 34:23).
Allah–təala buyurur ki: «Göylərdə neçə-neçə mələk vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud möminə) izn verdikdən sonra (onun şəfaəti fayda verər)» (ən-Nəcm, 53:26).
Allah-təala buyurmuşdur ki: «De ki, bütün şəfaət yalnız Allaha məxsusdur» (əz-Zumər, 39:44).
Sübhanəhu və təala buyurmuşdur ki: «O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz» (Taha, 20:109).
Təala buyurmuşdur ki: «Onun izni olmadan heç bir şəfaət edən ola bilməz» (Yunus, 10:3).
Təala buyurur ki: «Rəbbinin hüzuruna cəm edəcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərdən çəkinsinlər!» (əl-Ənam, 6:51)

O kəslər ki, şəfaət etmək üçün Allaha deyil, övliyalara müraciət edir, bu himayəçiliyin heç bir faydası olmur. Allah sübhanəhu öz mübarək Kitabında bir çox ayələr vasitəsilə bunu aydınlaşdırmış və öz qullarına bunu qadağan etmişdir. Buna dəlil Allah-təalanın nazil etdiyi: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər» (Yunus, 10:18).
Allah təala buyurur ki: «Allaha qoşduqları şəriklərdən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar bu şəriklərini inkar edəcəklər» (ər-Rum, 30:13), «(Onlara) Quranla xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Onun Allahdan başqa heç bir dostu və havadarı yoxdur! O hər hansı fidyəni versə belə, qəbul olunmaz...» (əl-Ənam, 6:70).
Allah-təala buyurmuşdur ki: «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz» (əl-Müdəssir, 74:48).

Hörmətli oxucu! Bu ayələrdən sən bildin ki, Allahın izni və razılığı olmadan hər bir şəfaət batildir və qəbul olması mümkün deyil. Şəfaət üçün Allaha deyil, başqalarına müraciət edilməsi, onlara dua edilməsi ən böyük şirkdir, onu edənlər əbədi olaraq cəhənnəmdə olacaqlar. Bu xislət sahibləri öləndən sonra onlar üçün edilən şəfaətin faydası olmaz, onlar üçün heç kəs şəfaət etməz, əgər edərsə də onun şəfaəti qəbul olunmaz. Buna dəlil olaraq Allah-təala buyurur ki: «(Ya Peyğəmbər!) onları (hövldən) ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri (və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!» (Ğafir, 40:18).

Şirk zülmlərin sonuncusu və ən böyüyüdür. Allah-təala bu xüsusda buyurmuşdur ki: «Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür (ağır günahdır)» (Loğman, 31:13).

Hörmətli oxucu! Aləmlərin Rəbbini Onun yaratdıqlarından birinə bərabər tutan müşriklər şəfaət üçün Ona deyil, başqa bir tanrıya ibadətin hər hansı növü ilə – istər sözdə dua ilə, istərsə də əməldə – qəbir əhlinə, cinlərə qurban kəsmək və s ilə ibadət etməklə böyük şirk və böyük günah işlətmiş olurlar, onlar cəhənnəmə gedəcəklər. Onlar üçün heç kəs şəfaət etməyəcək və şəfaət günü onlar öz səhvlərini etiraf edəcəklər. Bu xüsusda Allah-təala buyurur ki: «Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər: «Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışıq. Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də mehriban bir dostumuz var!» (əş-Şüəra, 26:96-101).
O vaxtlar onlar Allahın rəhminə və şəfaətinə ümidlərini kəsəcəklər, şəfaət üçün ibadət etdiklərini onları aldadaraq yanlış yola çəkdikləri, insanları haqqın adı ilə çağırıb, başqa haqq donu geyindirdikləri və özlərinə cəlb etdikləri «Bizim ardımızca gedin, biz sizin səhvlərinizi öz üzərimizə götürərik» deyə vəd etdiklərinə görə cinayətkarları qınayacaqlar. Allah-təala bu xüsusda belə buyurmuşdur: «Kafir olanlar iman gətirənlərə dedilər: «Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar həqiqətən yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahları, həm də öz günahları ilə yanaşı daha neçə-neçə günahla (yoldan çıxartdıqları kimsələrin günahları ilə) yüklənəcəklər. Onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!» (əl-Ənkəbut, 29:12-13).
Təala bu xüsusda «ən-Nəhl» surəsində belə buyurur: «Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları yük necə də pisdir!» (ən-Nəhl, 16:25)
Zəiflər qiyamət günü Allah-təalanın «əl-Əhzab» surəsində buyurduğu kimi deyərlər: «Pərvərdigara! Biz analarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Pərvərdigara! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə (əzaba) düçar elə!» (əl-Əhzab, 33:67-68).

Sual: Allahın izni və razılığı olmayan şəfaət qəbul olunarmı?
Cavab: Allahın ona izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən göndərilmiş peyğəmbərlərdən olsa belə, qəbul olunmaz. Qadir və böyük Allah Qurani-kərimdə Ona şəfaət edən üç peyğəmbəri xatırlatmışdır. Onlar Allah qarşısında şəfaət etməyə ürək edən ilk peyğəmbərlər olmuşlar. Allah onların şəfaətini qəbul etməmişdir, çünki buna Onun izni və razılığı olmamışdır. Haqqında danışılan üç peyğəmbər bunlardır:

Birincisi, Nuh əleyhissələm olmuşdur ki, oğlu üçün tufan yatandan sonra və gəmi dağa oturandan sonra şəfaət etmişdir. Allah-təala onun şəfaətini qəbul etməmişdir, şəfaəti qadağan edərək ona nəsihət vermişdir: «Nuh (Rəbbinə) (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən! Allah buyurdu: o sənin ailəndən deyildir. Çünki o, (küfr etməklə) pis bir iş görmüşdür (və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm (məsləhət görürəm)"» (Hud, 11:45-46).
İkincisi, İbrahim (Ona Allahın salamı olsun) olmuşdur ki, böyük və qadir Allah onun atası üçün Rəbbindən dua etməklə bağışlanmasını istəməsi barədə «əl- Mumtəhinə» surəsində belə buyurmuşdur. Ancaq İbrahimdən öz atasına: «Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (Mənim bacardığım yalnız budur) – deməsi istisnadır» (əl-Mumtəhinə, 60:4). O, (İbrahim) Allah-təaladan «Atamı bağışla, çünki o, yolunu azmışdır» deyərək xahiş etmişdi. İbrahimin atasına görə bağışlanma diləməsini Allah qəbul etməmişdir. Lakin İbrahim əleyhissəlləm günahkar deyildi. Atasının Allaha düşmən olması ona aydın olduqdan sonra o ondan (atasından) uzaqlaşmışdı. Buna dəlil olaraq Allah-təalanın nazil etdiyi «İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (Onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi» (ət-Tövbə, 9:114).
Üçüncü Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) idi ki, müşrik olaraq ölən əmisi Əbu Talibin bağışlanmasını Allah- təaladan diləmək üçün cürət etdi. Qadir və Böyük Allah öz Peyğəmbəri Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi üçün bağışlanma diləməsini ona qadağan etdi, çünki onun əmisi şirk işlədərək ölmüşdü. Buna dəlil Allah-təalanın nazil etdiyi: «Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz» (ət-Tövbə, 9:113). Müşriklər üçün bağışlanma dilənməsi peyğəmbərlərə və möminlərə qadağandır və Allah yanında qəbul olunmur. Küfrün ən şiddətli növlərindən biri olan böyük şirki etmiş kəslər Allah hüzurunda nə bağışlanma, nə də şəfaət əhlidir. Onlar üçün şəfaət və bağışlanma diləyən yaxın mələklər, yaxud Peyğəmbərlər olsalar belə, Allah sübhanəhu öz peyğəmbəri Məhəmmədə (s.ə.v.) onlar üçün (müşriklər üçün) bağışlanma diləməyi qadağan etmişdir. Buna dəlil Allah təalanın nazil etdiyi: «(Ya Peyğəmbər!) O münafiqlər üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq» (ət-Tövbə, 9:80). Allah-təala buyurur ki: «Sən onların bağışlanmasını diləsən də, diləməsən də fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır» (əl-Munafiqun, 63:6).
Hörmətli oxucu, sənə təqdim etdiyimiz bəzi misallardan bildin ki, Allah sübhanəhu və təala yaratdığı məxluqlardan şəfaəti yalnız yuxarıda göstərdiyimiz iki şərtlə qəbul edir. Birinci: Sübhanəhunun şəfaəti edənə şəfaət etmək üçün izni; ikinci: şəfaət olunandan Allahın razı olması. Bu iki şərtsiz şəfaət edən istər yaxın mələklər, yaxud göndərdiyi və hətta Ülul əzm peyğəmbərlər Məhəmməd, Nuh, İbrahim, Musa və İsa (Onlara Allahın salamı olsun) olsa belə, şəfaət qəbul olunmur.


İsbat edilən şəfaət
Sual: Quranda məqbul sayılan (qəbul olunan) şəfaət hansıdır?
Cavab: Şəksiz məqbul sayılan şəfaət Tövhid və İxlas əhlinə məxsusdur. O, kafirlərə və başqa müşriklərə aid ola bilməz. Bəndə Allahdan riza diləyir və sonra şəfaət üçün icazə istəyir. Başqası üçün şəfaət istəyən şəxs buna yalnız Allaha sübhanəhunun icazəsini diləyəndən sonra başlaya bilər. «Tövhid» kitabında deyilir: «Əbu Abbas demişdir: Peyğəmbər (S.ə.v.) deyir ki, o şəfaətdən öz Rəbbinə əvvəlcə səcdə və həmd edir. Ona deyilir ki, başını qaldır, o eşidir. Sözünü de, şəfaət et ki, şəfa tapasan. Əbu Hüreyrə demişdir: Sənin şəfaətinə layiq ən xoşbəxt adam kimdir,ey Allahın Rəsulu? O cavab verdi ki, «O kəs ki, sidq ürəkdən «la ilələ illəllah» deyir». Bu şəfaət Allahın izni ilə ixlas əhli üçün edilir. Allaha sübhanəhu ixlas əhlinə üstünlük verir və onları bağışlar. Ondan şəfaət etmək üçün izn verilən kəsin duası ilə kəramət göstərib layiq olduqları yeri onlara verər. Biz bunları müxtəsər şəkildə mərhum Əbu Abbasın sözlərindən sizə təqdim etdik. Müslimin Əbu Hüreyrə (Allah ondan razı olsun!) haqqında «Səhih» əsərində «Rəsulullahın (s.ə.v.): Hər bir peyğəmbərin qəbul edilən çağırışı (duası) vardır. Hər bir peyğəmbərin öz çağırışı vardır. Mən öz çağırışımı ümmətimə qiyamət günü şəfaət üçün saxladım. İnşallah ümmətimdən Allaha heç bir şərik qoşmayıb ölən üçün edilən şəfaət qəbuldur» dediyi rəvayət olunur. «Fəth əl-Məcid» əsərinin müəllifi İbn əl-Qeyyimə istinadən (Allah onların hər ikisindən də razı olsun) yazır ki, Peyğəmbərin (s.ə.v.) şəfaətinin altı növü vardır. Biz sənə həmin kitaba əsaslanaraq onlar barədə məlumat verəcəyik:

Birinci: Ulul əzm peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) Məhəmməd peyğəmbərə (s.ə.v.) keçən böyük şəfaət. Peyğəmbər (s.ə.v.) buyurmuşdur: «Mən onun üçünəm (onu yerinə yetirmək üçün)». İnsanlar peyğəmbərlərdən Rəbbləri qarşısında şəfaətçi olmalarını dilədikləri zaman bu böyük şəfaət baş verir. Bu şəfaət Peyğəmbərimizə xasdır və şirk etməyənlərə aiddir.
İkinci: Peyğəmbərin (s.ə.v.) cənnət əhli üçün, onların cənnətə düşməsi üçün edəcəyi şəfaətdir. Əbu Hüreyrə özünün hamılıqla məqbul olan uzun hədisində bunu xatırlatmışdır.
Üçüncü: Peyğəmbərin öz ümmətindən asi olanlara və öz günahlarına görə Cəhənnəmə getməsi vacib olanlar üçün edəcəyi şəfaətdir.
Dördüncü: Günahlarına görə cəhənnəmə gedəcək tövhid əhlindən olan günahkarlar üçün ediləcək şəfaəti. Bu barədə Peyğəmbər (s.ə.v.) haqda səhih hədislər vardır. Səhabələr və Sünnə əhli hamısı onunla tamamilə razılaşıb, onu inkar edənləri küfrdə ittiham etmiş və yalançı adlandırmışlar.
Beşinci: Peyğəmbərin (s.ə.v.) Cənnət əhlindən olanların savabının çoxluğuna və yüksək dərəcələrinə görə Allahın hüzurunda şəfaəti. Bu şəfaətə heç bir şəkk yoxdur. Onların hamısı ixlas əhlinə məxsusdurlər və özlərinə Allahdan başqa heç bir övliya və şəfaət edən seçməmişlər. Allah-təala bu xüsusda buyurur ki: «Rəbbinin hüzuruna cəm edəcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərindən çəkinsinlər» (əl-Ənam, 6:51).
Altıncı: Peyğəmbərin (s.ə.v.) bəzi kafirlərin və odda yananların əzablarını yüngülləşdirmək üçün edəcəyi şəfaəti və bu, xüsusilə, Əbu Talibə aiddir.

Müşrikin «La iləhə illəllah» deməsindən ona heç bir faydası yoxdur
Sual: Müşriklərin «La iləhə illəllah» deməsinin faydası varmı?
Cavab: Müşriklərin «Lə ilələ illəllah» deməsi onları İslama daxil etmir, çünki onlar Allahla yanaşı başqa tanrıya və ya Allahdan başqa tanrıya dua edirlər və əgər belə etməkdə onların məqsədi Allaha yaxın olmaqdırsa, bu heç nəyi dəyişdirmir. Bu, Allah-təalaya deyil, başqasına edilən ibadətdir.Bu barədə Allah-təala buyurur: «Onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik» (əz-Zumər, 39:3).
Müşriklər başqa tanrıları Allahla yanaşı və ya Allahı deyil, onları özlərinə ilahi etmiş, sonra hər bir məbuda ilahinin adını vermişlər. Alimlərdən bəziləri demişlər ki, Tanrı (ilah) varlıqlara hər bir məbudu nəzərdə tutan haqq və ya batil olaraq verilən addır. Sonradan bu ad haqq olaraq ibadət sahibinə, yəni məbuda verildi.
Kim ki, Allahla yanaşı başqasına və ya Allahdan qeyrisinə dua edir, tağuta (şeytana) inanır və Allaha küfr edir, və onun «Urvatul Vusqa» (islama möhkəm bağlılıq-tərc.) olan «La iləhə illəllah» deməsinin ona heç bir faydası yoxdur. «Urvatul Vusqa» həmçinin tağuta inanmamaq və Allaha iman deməkdir. Buna dəlil Allah-təalanın nazil etdiyi: «... hər kəs şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir» (əl-Bəqərə, 2:256). Müşriklər Allahın yaranma, ruzi ölüm və dirilmə kimi sifətləri Rübubiyyət tövhidini etiraf etməklə, bütünlüklə onun təkiliyini də qəbul etmiş olurlar. Allah Sübhanəhu Qurani Kərimin bir çox ayələrində buna dəlillər gətirmişdir və onları ilahiyə şirk etdiklərinə görə İslama daxil etməmişdir. Bu, Peyğəmbərlə ümmətləri arasında münaqişə mövzusudur. Allah Üluhiyyə tövhidi naminə peyğəmbərləri göndərmiş və Qurani Kərimi nazil etmiş və onun yolunda cihadı buyurmuşdur.

Sual: Allahın hüzurunda Allahdan qeyrisinə və ya Allah sübhanəhu ilə yanaşı başqa tanrıdan şəfaət diləmə, yaxud başqa ehtiyaclara görə dua etmənin və müşrikələrin dedikləri haram duanın xarakteri necədir?
Cavab: Allahdan başqa qeyrisinə dua etmək haramdır və ən böyük şirkdir. Bunu edən öldükdən sonra odda əbədi yanmalıdır. Buna dəlil aşağıda veriləcək misallarla aydınlaşacaqdır. Onlardan biri dua edənin dediyi: Ey Allahın rəsulu, mənim üçün Allahın hüzurunda şəfaət et!, yaxud o deyir: «Ya Əli, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Hüseyn, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Həsən, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əhməd əl-Bədəvi, mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əhməd ibn Əlvan mənə görə Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Əbdül qadir, mənə görə Allahın hüzurunda şəfaət et!» və ya: «Ya Zeynəb! Mənim üçün Allahın hüzurunda şəfaət et!» Yaxud: «Ya Fatimə, mənə görə Allahın hüzurunda şəfaət et!» - bu və digər misallar. Belə deyən, bu inamla ölərsə əbədi olaraq Cəhənnəmə gedəcəklər. Belə ki, o ən böyük şirk etmiş olur. Sənə məlum oldu ki, dua ibadətdir və müşriklər bunu qəbul edirlər. Allah təbarəkə və təala onlar haqda mübarək Quranın «əz-Zumər» surəsində belə buyurur: «Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik» (əz-Zumər, 39:3). Doğrudan da Allahdan başqa tanrıya dua etmək ən böyük şirkdir və Allah onu bağışlamaz. Təala «ən-Nisa» surəsində bu xüsusda belə buyurmuşdur: «Allah Ona şərik qoşmağı əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır» (ən-Nisa, 4:116). Allah-təala həmçinin buyurur ki: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur!» (ən-Nisa, 4:48). «Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun sığınacağı Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə, 5:72).

Sual: Allaha deyil, başqa tanrıya müraciət etməyin böyük şirk olduğuna nə dəlalət edir?
Cavab: Qurani Kərim buna dəlil və sübutdur. «Əl-Əhqaf» surəsində bu xüsusda Allah–təala buyurur ki: «Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?! Halbuki bu bütlər onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər. İnsanlar məhşərə toplanacaqları zaman bu bütlər onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər!» (əl-Əhqaf, 46:5-6).
«Əl-Həcc» surəsində Allah-təala buyurmuşdur: «O, Allahı buraxıb özünə nə xeyir, nə də zərər verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!» (əl-Həcc, 22:12). «Əl-Furqan» surəsində Allah Təala bu xüsusda buyuyrur ki: «(Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilən bütlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı Şeytana kömək edər» (əl-Furqan, 25:55).
Allah-təala öz peyğəmbəri Məhəmmədə (s.ə.v.) «Yunus» surəsində belə buyurur: «Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan» (Yunus, 10:106). «Fatir» surəsində Təala buyurur ki: «Allah gecəni gündüzə, gündüzü gecəyə qatar. O, günəşi və ayı da (öz əmrilə sizin mənafeyinizə) tabe etmişdir. Onların hər biri (Öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm onundur. Sizin ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (Çünki Allah onlara danışıq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz» (Fatir, 35:13-14).
Təala «əl-Əraf» surəsində buyurur ki: «Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılan bütlərimi Allaha şərik qoşarlar? Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə kömək edə bilər» (əl-Əraf, 7:191-192). «Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) haqlısınızsa, haydı, çağırın onları, sizə cavab versinlər» (əl-Əraf, 7:194). «Sizin Allahdan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!» (əl-Əraf, 7:197).
Möhtərəm oxucu! Göstərdiyimiz bu ayələrdən bildin ki, Allah sübhanəhu və təala öz bütün məxluqlarına, o cümlədən peyğəmbərlərə də Allahdan qeyrisinə, yaxud Allahla yanaşı başqasına müraciət etmək və şirkin bu kimi başqa növlərini qadağan etmişdir. O, həmçinin öz peyğəmbəri Məhəmmədə (s.ə.v.) də bunu qadağan etmişdir. Başqa ayələrdə əgər o, şirk edərsə, onu ciddi şəkildə xəbərdar edərək Cəhənnəmə atacağı ilə hədələmişdir. Bu, ümumiyyətlə, Allahın yanında yüksək mövqelərinə baxmayaraq, bütün peyğəmbərlərə aiddir. Təala «əl-Ənam» surəsində peyğəmbərlərdən bir neçəsini xatırladaraq buyurmuşdur ki: «Biz onların atalarından, nəsillərindən və qardaşlarından (bir qismini də) hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı» (əl-Ənam, 6:87-88). «Əz-Zumər» surəsində Təala belə buyurmuşdur: «(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: «Əgər (Allaha) şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!» (əz-Zumər, 39:65).

Hörmətli oxucu! Sənə aydın oldu ki, Allahdan qeyrisinə şəfaət, yaxud başqa ehtiyaca görə dua etmə ən böyük şirkdir. Belə işlər puça çıxacaq və bunu edənlər Cəhənnəmə gedəcəklər. Allah sübhanəhu və təala «Loğman» surəsində buna dəlil olaraq belə buyurur: «Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!» (Loğman, 31:13).


Allah sübhanəhu ilə yanaşı qeyrisinə muraciət
Sual: Allah sübhanəhu ilə yanaşı qeyrisinə hər hansı bir ehtiyaca görə dua etmənin hökmü nədir?
Cavab: Allahla yanaşı qeyrisinə dua etmə haramdır və bu ən böyük şirkdir. Belə edənlər öləndən sonra Cəhənnəmə gedəcəklər. Müşriklərin iddialarına dair bəzi misallardan bu fikir sübuta yetəcəkdir. Onlardan: Dua edənin «Ya Allah! Və Ya Əbdül Qadir əl-Ceyləni» və ya «Ya Allah və Əhməd əl-Bədəvi» və ya «Ya Allah və Ya Əhməd bin Əlvan!» və ya «Ya Allah və Ya Zeynəb» və ya «Ya Allah və ya Fatimə!» və ya «Ya Allah və Ya Uzza!» və ya «Ya Allah və Ya Mənat!» və ya «Ya Allah və Ya əl-Lat!» və ya «Ya Allah və Ya Şəms! (günəş)» və ya «Ya Allah və Ya Qəmər və Ya Allah və Ya Şəcər! (ağac) və ya «Ya Allah və ya Ya Hacər (daş)» və ya «Ya Allah və Kəbə» və s... Əgər insan bu sözlərdən hər hansı birini deyib ölərsə, o, Cəhənnəmə gedəcəkdir. Belə ki, bu ən böyük şirkdir. Allah-təala «ən-Nisa» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük bir günah etmiş olur» (ən-Nisa, 4:48). Həmin surədə «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yolda) çox azmışdır» (ən-Nisa, 4:116). «əl-Maidə» surəsində Allah-təala belə buyurmuşdur: «Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir! Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə, 5:72).

Sual: Allahla yanaşı qeyrisinə müracəitin böyük şirk olmasına dəlil nədir?
Cavab: Ona Qurani-kərimdə çoxlu ayələr dəlalət edir. Onlardan «əş-Şüəra» surəsində Allah-təala belə buyurur: «Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!» (əş-Şüəra, 26:213). Allah-təala «əl-Qəsəs» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Ondan başqa ibadətə layiq yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız!» (əl-Qəsəs, 28:88). «Furqan» surəsində Allah-təala buna dəlil olaraq buyurur ki: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz. Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər» (əl-Furqan, 25:68). «İsra» surəsində Allah-təala buyurur ki: «Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən» (əl-İsra, 17:22). Həmin surədə Allah-təala buyurur ki: «... Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!» (əl-İsra, 17:39).
Allah-təala peyğəmbərlər ağasına Allahla yanaşı başqa bir tanrıya və ya Allahdan başqa bir tanrıya müraciəti – şirki haram etmişdir. Şirk etmiş olanlardan isə şiddətli məzəmmət edərək Cəhənnəmə atacağı ilə hədələmişdir. Belə ki, şirk, bildirdiyimiz kimi, çox böyük günahdır və Allah-təalaya itaətsizlikdir. Hər kəs ki, Allaha şirk qoşar, Qurani-kərimin «əl-Ənam» surəsində Allah-təalanın buyurduğu kimi, bütün işləri puça çıxar. Allah-təala peyğəmbərlərin bir neçəsini xatırladaraq buyurur ki: «Biz onların atalarından, nəsillərindən və qardaşlarından (bir qismini də) hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı» (əl-Ənam, 6:88).
Allah təala öz peyğəmbərinə buyurmuşdur ki: «(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: «Əgər(Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!» (əz-Zumər, 39:65).
Allah sübhanəhu və təala «əl-Muminun» surəsində buyurur ki: «Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə- bunun üçün isə onun heç bir əsası yoxdur- (qiyamət günü) onun cəzasını Allah özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar» (əl-Muminun, 23:117).

Hörmətli oxucu! Sənə aydın oldu ki, Allahla yanaşı başqa bir tanrıya dua etmək ən böyık şirkdir. Bunu edənin əməlləri puça çıxacaq, əbədi Cəhənnəmə məhkum ediləcəkdir. Belə adam ən pis dinsizdir, zalımdır. Allah-təala mübarək kitabında buyurmuşdur: «Doğrudanda, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)» (Loğman, 31:13).


İstifasənin (kömək diləməyin) növləri
Sual: İstifasənin neçə növü vardır?
Cavab: İstifasənin 3 növu vardır.

Birinci: Vacib istifasə.
Ikincisi: Caiz (icazə verilən) istifasə.
Üçüncüsü: Qadağan olunmuş istifasə.

Onlardan hər biri üzərində ayrıca dayanaq.

Birinci növü: Vacib istifasədir ki, Allah sübhanəhu və təalaya edilir. O, tək, şəriki olmayan Allaha ibadətdir. «Fafir» (əl-Mumin) surəsində Təala bu xüsusda belə buyurur: «Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mən ibadət etməyi təkəbbürləriylə özlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Fafir, 35:60). Təala «əl-Ənfal» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. Allah: «Mən sizin imdadınıza bir-birinin ardınca gələn mələklə çataram!» - deyə duanızı qəbul buyurmuşdu» (əl-Ənfal, 8:9).
İkinci növu: Caiz istifasədir. O, insanın özü kimi başqa bir insandan kömək istəməsidir. O, iki şərtlə məqbul sayılır.
Onlardan biri: İstifasə edən həyatda yaşayan diri insan olmalıdır. O, kömək istəyən şəxsi görməli və eşitməlidir.
Digəri: Kömək məxluqun bacarığı daxilində olmalıdır. Bu xüsusda Allah-təala «əl-Qəsəs» surəsində Musa (ona Allahın salamı olsun) hekayətində belə buyurmuşdur: «... Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü» (əl-Qəsəs, 28:15). Bu kömək və buna bənzər köməklər tək bir kəsə aid deyil. Əksinə, ümumiyyətlə hər bir kəsə aid olub insanlardan onların imkanı daxilində kömək istənilir. Təala buna dəlil olaraq «əl-Ənfal» surəsində belə buyurmuşdur: «... lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir» (əl-Ənfal, 8:72). Bu və digər misallar deyilənlərə dəlil olaraq gətirilmişdir.
Üçüncü növ: Haram hesab edilən istifasə. Bu növ istifasə özü kimi məxluq, lakin hazırda ölmüş adamdan istənilən köməkdir. Ölüdən hər hansı bir ehtiyac üzündən kömək istəmək, yaxud həyatda yaşayan diri adama onun deyil, yalnız Allahın qüdrətində olan bir ehtiyacı ödəmək üçün müraciət etmək, yaxud bu növ köməyi ümumiyyətlə Allahdan deyil, - büt, günəş, ay və s... kimi məbudlardən istəmək haramdır və ən böyük şirkdir. Bu cür kömək diləyənin heç bir ehtiyacı eşidilməyəcəkdir.


Ölmüş insan özü kimi insana kömək etməz və onun duasını eşidə bilməz
Sual: Ölmüş adam, ona hər hansı ehtiyacı üçün müraciət edilərsə, o, cavab verə və ona kömək edə bilərmi?
Cavab: Xeyr, ölülər bunu bacarmazlar. Onlar belə bir şey edə bilməzlər. İstənilən milçək belə olarsa. Allah-təala bu xüsusda belə buyurmuşdur: «Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də)» (əl-Həcc, 22:73). Bu əzəmətli dəlil özündə üç şeyi əhatə edir.

Birinci: Allahdan başqa müraciət olunan hər hansı bir məxluqat buna görə bir yerə cəm olsalar da, bir milçək belə yarada bilməzlər.
İkinci: Allahdan başqa tanrıya dua edən məxluqların heç biri, əgər milçək onlardan nə isə götürüb aparsa belə, onu geri ala bilməzlər
Üçüncü: İstəyənin də, istənilənin də zəif olması. Quranda insanın zəifliyinə dəlalət edən bir çox ayələr vardır.

Onlardan «ən-Nisa» surəsindəki 28-ci ayədə Allah-təala belə buyurur: «...insan (şəhvəti cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır» (ən-Nisa, 4:28). Allaha deyil, başqalarına dua edilərsə, (həmin kəs) milçəyin apardığını belə geri almaqda aciz olar. O, özünə belə kömək etməkdə acizdirsə, nə başqasına kömək edə bilər, nə də onun duasını eşidə bilər. Eşitsə belə, ona cavab verə bilməz. Belə məbudun özü qiyamət günü ona dua edənə düşmən olacaq və ona etdiyi duanı inkar edəcəkdir.
Allah-təala buna Quranü-kərimin «əl-Əhqaf» surəsində dəlil və sübut gətirib buyurmuşdur: «Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha haqq yolundan azmış kim ola bilər? Halbuki bu bütlər onların ( bütpərəstlərin) ibadətindən xəbərsizdir. İnsanlar məhşərə toplanacaqları zaman bu bütlər onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər» (əl-Əhqaf, 46:5-6). Təala «Fatir» surəsində bu xüsusda belə buyurmuşdur: «Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəş və ayı da (öz əmrinə, sizin mənafeyinizə) tabe etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırssanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara danışıq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (onları Allaha) şərik qoşdüğünü (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər), heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz» (Fatir, 35:13-14). Həqiqətən ölülər Allah-təalanın buyurduğu kimi onların heç bir duasını eşitməzlər, eşitsələr belə ona cavab verməzlər. Onlar heç özlərinə belə kömək edə bilməzlər. Əgər onlar Allahın peyğəmbərləri olmuş olsalar belə, bunu bacarmazlar. Belə isə, onda başqa övliyalar və saleh adamlar nə edə bilər?!
«(Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!» (əz-Zumər, 39:65).
Allah sübhanəhu və təala «əl-Muminun» surəsində buyurur ki: «Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə- bunun üçün isə onun heç bir əsası yoxdur- (qiyamət günü) onun cəzasını Allah özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar» (əl-Muminun, 23:117).


Saleh adamları sevməkdə həddini aşmaq, ifrata yol vermək Allaha deyil, onlara dua və ibadət etməyin bir vasitəsidir.
Sual: Adəm övladının başına gələn ilk şirkin səbəbi nədir?
Cavab: Adəm övladının başına gələn ilk şirkin səbəbi, Allahın saleh bəndələrinin məziyyətlərinin həddən ziyadə artırılması olmuşdur. Bu xüsusda Sübhanəhu və təala Qurani-kərimdə «Nuh qövmü hekayətində belə buyurmuşdur: «Və (öz tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suva, Yəfusu, Yəuqu və Nəsri atmayın!» (Nuh, 71:23). İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, Vədd, Suva, Yəğus, Yəuq və Nəsr Nuh tayfasından olan saleh kişilərin adlarıdır. Onlar öləndə şeytan onların tayfasına gəlib dedi ki, onların (yuxarıda adı çəkilənlərin) məclisləri olan yerləri xüsusi olaraq ayırsınlar, orada bütlər qoysunlar və həmin bütlərə onların adlarını versinlər. Onlar belə də etdilər. Bu əməli saleh adamlar ölənə qədər onlara ibadət edilmədi. Lakin öləndən sonra elm unuduldu və onlara ibadət olundu. Tövhid kitabında İbn Qeyyim demişdir ki, sələflərdən çoxu demişdir ki, həmin adamlar öləndən sonra, onların qəbirləri üzərində şəkillərini çəkdilər və üstünə uzanıb sidq ürəkdən onlara ibadət etdilər. Allah sübhanəhu və təala Öz mübarək Kitabında iftiraçılığı qadağan etmişdir və «ən-Nisa» surəsində bu xüsusda belə buyurmuşdur: «Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) «üç» deməyin. (Belə sözlərə) son qoyun. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və Yerdə nə varsa, hamısı Onundur. Allahın (sizə) vəkil olması bəs edər!» (ən-Nisa,171). «Fəthül məcid» kitabında alim deyir: «əl-Fuluvv» təzimdə sözlə və etiqadla ifrata yol vermək deməkdir. Yuxarıdakı ayəyə görə isə onun mənası belədir. Bu müraciət Kitab əhlinə olmuşsa da, bütün insanlara xəbərdarlıqdır, çünki onlar öz peyğəmbərlərini (onlara Allahın salamı olsun), məsihilərin İsanı, yəhudilərin Üzeyiri kimi çox öyürlər. Peyğəmbərin (s.ə.v) buyurduğu buna sübutdur: «Məni xristianların Məryəmin oğlu İsanı öydükləri kimi öyməyin, mən ancaq bir qulam. Allahın qulu və elçisi». Peyğəmbərimiz həzrəti Məhəmməd (s.ə.v.) buyurmuşdur ki: «Özünüzü və sizdən əvvəl olub həlak olanları öyməyin!» Allah sübhanəhu tərifdə həddini aşmanı qadağan etmiş, onun günah olduğunu buyurmuşdur. Onu Allahın elçisi də (s.ə.v.) qadağan etmiş və haram olduğunu bildirmişdir. Belə ki, bu növ günahın ən azı və ən sadəsi belə, ən böyük şirkə aparır. Bundan da böyük küfr ola bilməz. Bu küfrün bütün növləri çox saylı kafirlər üçün xarakterikdir. Yəhudilərdə bu növ küfr dəstələrinin sayı yetmiş bir, xristianlarda yetmiş ikiyə çatmışdır. Hədisdə göründüyü kimi bu ümmətdə (müsəlmanlarda) 73 tayfa vardır. Bunların hamısı, biri istisna olmaqla öz sahibini Cəhənnəmə aparır. Bu azmış dəstələrin məcmusu iki yüz on beşdir. Onların hamısı öz küfr və zəlaləti ilə birgə Cəhənnəmə gedəcəkdir. «Allah sübhanəhunun oğlu», yaxud «Allah sübhanəhunun qızları var» deyənlər və onların hər ikisinin tərəfdarları öz dəhşətli cinayətlərinə görə kafirdirlər. Həqiqətən, müşriklər Allah dərgahında ən böyük günah sahibləridir və onları Allahın şiddətli qəzəbi gözləyir. Onlar Allahın mərhəmətindən uzaqdırlar. Allah sübhanəhu və təalaya itaətsizlik edən günahların hamısı, təalanın buyurduğu kimi, Onun hökmü altındadırlar. O Öz bəndələrindən kimi istəsə şirkdən başqa bütün günahlarını bağışlar. Müşrikləri bağışlamağı qadağan etmişdir. Allah sübhanəhu onlara dözə bilməyəcəkləri cəza verməklə hədələmişdir. Həmin cəza Cəhənnəmə əbədi atılma, bağışlanmazlıq və onlara Cənnətin haram olunmasıdır. Qurani-kərimin «ən-Nisa» surəsində Allah təala buyurmuşdur: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olar» (ən-Nisa, 4:48). Təala «əl-Maidə» surəsində bu xüsusda belə buyurur: «Allaha şərik qoşana Allah şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə, 5:72). Heç bir əməl təhlükəsinə görə şirklə müqayisə edilə bilməz, çünki onun ən kiçiyi (məsələn riya) hətta böyük günahlardan (zina, homoseksualizm, içki və s.) təhlükəlidir. Müşriklər İblisin aşmadığı həddi aşmışlar. İblis Allaha şərik qoşmamış, Onunla yanaşı qeyrisinə və Ondan başqasına dua etməmiş və Allahdan qeyrisinə and içməmişdir.O and içmək istədikdə Allaha and içmişdir. Allah-təala Qurani kərimin «Sad» surəsində buna dəlil olaraq buyurmuşdur: «(İblis) dedi: «Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqaa!» (Sad, 38:82-83). Həqiqətən İblis insanları şirkə çəğırır və onları vadar edir, lakin özü bunu etmir, O, Qiyamət günü müşriklərə, kafirlərə və kafirlərdən olmayanlara görə gübahkar olmayacaqdır. Allah-təala Qurani-kərimin «İbrahim» surəsində onun haqqındakı hekayətində belə buyurmuşdur: «İş bitdikdə (Cənnətliklər Cənnətə, Cəhənnəmliklər Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: «Allah (peyğəmbərlər vasitəsilə sizə (pis əmələlrinizə görə Cəhənnəməə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özünə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma.Mən öncə (dünyada) sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir» (İbrahim, 14:22).

Hörmətli oxucu! Sən Qurani-kərimdə şirkdən böyük günah tapmadın və tapmayacaqsan. Biz buna dəlillər də gətirdik. Allah sübhanəhu və təala müşriklərin ən iyrənc və məzəmmət doğuran xüsusiyyətlərini açıb göstərmişdir. Bunlar cinlərdə və insanlarda olan kafirləirn xüsusiyyətləridir. Allah bu xüsusiyyətləri yalnız Öz məxluqlarına aid etmişdir. Onun Peyğəmbəri (s.ə.v.) onlara görə günahkar deyil. Allah sübhanəhu və təala Qurani-kərimin «ət-Tövbə» surəsində buna dəlil olaraq buyurmuşdur: «(Bu), Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya ərəfə günü) insanlara bildirişdir. Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!» (ət-Tövbə, 9:3) Həmin surədə Sübhanəhu və təala buyurmuşdur: «Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər ehtiyacdan, yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir!» (ət-Tövbə, 9:28).

Hörmətli oxucu! Bütpərəstlərin (müşriklərin) küfrü, yəhudi və xaçpərəstlərin (kitab əhlinin) küfründən şüddətlidir. Buna görə də Allah təala müsəlmanlara kitab əhlindən olanlardan cizyəni alıb, onların qadınları ilə nigah bağlamağa və kəsdiyi heyvanların ətini yeməyi icazə verir. Allah sübhanəhu müsəlman kişilərlə müşrik qadınların və müşrik kişilərlə müsəlman qadınların evlənməsini haram buyurmuşdur. Müsəlmanlara müşriklərin kəsdiyi heyvan əti haram buyurulmuş və onlardan cizyə alınmır. Allah təala Qurani-kərimdə kitab əhlinə birbaşa müraciət edir. Müşriklərə olan şiddətli nifrətə görə isə, onlara qalan kafirlərlə birlikdə ümumi şəkildə müraciət edir.


İnsanlarda zəlalətin (yolazmanın) davam etməsinin səbəbləri
Sual: İnsanlarda din yolundan azmanın səbəbləri nədir?
Cavab: İnsanların öz atalarının dininə, onun həqiqiliyinə heç bir əsas olmadan aludəçiliyi din yolundan azmanın davam etməsinin səbəblərindəndir. Buna dəlil olaraq Qurani-kərimdə azmışların peyğəmbərlərə verdikləri cavabı gətirəcəyik: «(Ya Məhəmməd!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: «Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik!» - dedilər» (əz-Zuxruf, 43:23). Həmin surədə Allah təala həmçinin buyurur: «Xeyr, (belə bir şey yoxdur). Onlar: «Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca gedirdik!» - deyirlər» (əz-Zuxruf, 43:22). «əş-Şüəra» surəsində Təala İbrahim (ə) qövmünün ona cavabını belə bəyan etmişdir: «Onlar: «Xeyr, ancaq biz öz atalarımızıın belə (ibadət) etdiklərini gördük!» -deyə cavab vermişdilər» (əş-Şüəra, 26:74). «əl-Ənbiya» surəsində təala İbrahim (ona Allahın salamı olsun) qövmünün cavabı belə olmuşdur: «Onlar: « Biz atalarımızı onlara ibadət edən gördük!» - deyə cavab vermişdilər» (əl-Ənbiya, 21:53). «əl-Muminun» surəsində Allah təala Nuh (ona Allahın salamı olsun) qövmünün cavabını belə göstərmişdir. «Nuh qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: «Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil), mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik» (əl-Muminun, 23:24). Allah təala «İbrahim» surəsində peyğəmbərlərin ümmətinə və ümmətin peyğəmbərlərə cavabını belə göstərmişdir: «Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: «Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir». Onlar demişdilər: «Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!» (İbrahim, 14:10). Loğman surəsində Təala belə buyurmuşdur: «Onlara (Məkkə əhlinə): «Allahın nazil etdiyi Qurana tabe olun!» - deyildikdə, onlar: «Xeyr, biz atalarımızın getdiyi yola (ibadət etdiyi dinə) tabe olacağıq!» - deyə cavab verərlər. Bəs Şeytan onları Cəhənnəm odunun əzabına çağırırsa necə?» (Loğman, 31:21). Təala «Yunus» surəsində Musa (əleyhissəlam) qövmünə cavabını belə bəyan edərək buyurmuşdur: «Onlar Musaya və Haruna: «Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!» - dedilər» (Yunus, 10:78).

Hörmətli oxucu! Misal olaraq gətirdiyimiz mübarək ayələrdən sənə aydın oldu ki, Peyğəmbərlər (onlara Allahın salamı olsun) öz qövmlərini tək, şəriki olmayan Allaha ibadət etməyə dəvət etmişlər. Peyğəmbərlərdən hər birinin onlara dediyi ilk söz: «Qövmüm! Tək olan Allaha ibadət edin! Sizin ondan başqa ilahiniz yoxdur!» olmuşdur. Onların Perğəmbərə cavabı çox iyrənc olmuşdur.Bu cavab peyğəmbərlərə tabe olmamaq, öz atalarının dininə bağlılıq və yoldan azmaya dəlalətdir. Allah-təala «əs-Saffat» surəsində buna dəlil olaraq buyurmuşdur: «Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər» (əs-Saffat, 37:69-70). Onlar atalarının dinindən bərk yapışdılar və əgər onlardan bəzisi başa düşsəydi ki, atalarının dini səhv dindir, o vaxt peyğəmbər (s.ə.v.) etdiyi kimi edərdilər. Allah-təala Əbu Talib hekayətində Peyğəmbərin (s.ə.v.) əmisi Əbu Talibə dediyini göstəmişdir: «Əmi, «La ilaha illəllah» de!». Əbu Talib cavabında ona demişdir: «Əgər Qureyş məni məzəmmət etməsəydi, mən səni onunla («la ilaha illəllah» kəlməsilə) sevindirərdim». Əbu Talibin şerləri Allahın peyğəmbərinə (s.ə.v.) sədaqəti ifadə edir. Lakin o öz atalarının dininə bağlı qaldı və Qureyşin onu məzəmmət etməsindən qorxaraq onları təqlid edərək öldü.

Hörmətli oxucu! Hesab gününə inanan hər bir adam savaba ümid edir, cəzadan qorxur, işləri və sözləri ilə Allah rizasını qazanmaq istəyir. Bütün bunların onun Cənnətə getməsinə səbəb olmasını istəyir. Bəndənin bu iddiasının sübuta ehtiyacı var. Sübhanəhu və Təala Qurani-Kərimin «əl-Bəqərə» surəsində bu xüsusda belə buyurmuşdur: «(Yəhudilər və xaçpərəstlər) dedilər: «Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!» Bu ancaq onların xülyalarıdır (Ya Məhəmməd!) onlara söylə: «Əgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin!» (əl-Bərərə,111). Hər bir söz və əməl Qurani-kərimlə tutuşdurulmalı və Allahın peyğəmbərinin (s.ə.v.) sünnəsində təsdiq olunmalıdır. Çünki bu iki mənbə hər şeyə hökm verir. Allah–təala bu xüsusda Qurani-kərimdə belə buyurmuşdur: «Biz kitabda heç nəyi nəzərdən qaçırtmadıq». Təala «ən-Nəhl» surəsində buyurmuşdur ki: «Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) tutacağıq. (Ya Məhəmməd), səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik». «Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günah və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!» (ən-Nəhl, 16:89). «ən-Nəcm» surəsində Allah təala Öz peyğəmbərləri Məhəmməd (s.ə.v.) barədə belə buyurmuşdur: «O, kefi istəyəni (havadan) danışmır» (ən-Nəcm, 53:3).

Döğrudan da, Qurani-kərimdə və Allahın peyğəmbərinin (s.ə.v.) sünnəsində haqq və batil sübut olunmuşdur. Hər bir şeyə Quranda və sünnədə hökm vardır. Bu insanın tabe və əsaslanmalı olduğu həqiqətdir.Bu, Allahın məxluqlara əməl etməyi və tabe olmağı tapşırdığı haqqdır. Quranda və Sünnələrdə günah buyurulan nə varsa, rədd və imtina olunmalı batildir. Ağıllı insanı əksəriyyət heç vaxt yolundan azdıra bilməz. Doğrudan da, ölənlərin əksəriyyəti Allah təalanın buyurduğu kimi: «Əgər sən yerdəki əksəriyyətə itaət etsən, onlar səni Allahın yolundan azdırdılar» deyirdilər.

Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka