Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRƏ (S.A.S) HƏQİQİ MƏHƏBBƏT - ÖZÜNÜ YOXLA!

[ Sünnə / 261 dəfə baxılıb ]   
|
 

Bismilləhirrəhmanirrəhim


İslam dininin əsas 5 təməlindən ən başlıca və ən birinci təməli "Lə iləhə illallah, Muhəmmədən Rəsulullah" (Allahdan başqa ilah yoxdur, Muhəmməd Onun Rəsuludur) kəlməsidir. Yəniki hər şeyi yaradan Allahdan başqa ibadətə layiq olan ilahinin olmamasına və göndərdiyi son peyğəmbər Muhəmmədin (s.a.s) Onun elçisi olduğuna şəhadət etmək. Bu təməl iki hissədən ibarətdir, birincisi Allahu Təalaya inanmaq və yalnız Onu tanrı kimi qəbul etmək, ikincisi isə Muhəmmədin (s.a.s) Onun elçisi və bizə göndərilən son peyğəmbər olduğuna iman etmək. Bu şəhadətin ikinci hissəsinin tam və həqiqi forması belə olmalıdır;
1. Peyğəmbərimizin (s.a.s) dediyi, buyurduğu və etdiyi hər şeyi qəbul etmək və Ona inanmaq. Peyğəmbər (s.a.s) Allahu Təalanın vəhyini və qatında olan yeganə dini olan İslam dinini Qurani Kərim və Öz (s.a.s) sünnəti vasitəsilə çatdırmaq üçün bütün insanlara və cinlərə göndərildi.
2. Ona (s.a.s) tam şəkildə itaət etmək, sünnətinə tam şəkildə tabe olmaq, hökmü ilə daim razı olmaq və yalnız Onu (s.a.s) əsl öndər və ideal kimi tanımaq.
3. Onu (s.a.s) öz nəfsindən, valideynlərindən və övladlarından da çox sevmək. Beləcə Onu (s.a.s) yüksək tutmaq, müdafiə etmək və Ona (s.a.s) dəstək olmaq.
Hər bir müsəlman şəhadətin ikinci hissəsi sayılan Muhəmmədə (s.a.s) belə inanmalıdır ki, imanı kamil olsun. Yoxsa munafiqlər də Muhəmmədin (s.a.s) Peyğəmbər olduğuna şahidlik etmişdilər: ((Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir. )) (Əl-Munafiqun, 1)
Yalnız şəhadət getirmək kifayət deyil, şəhadəti həqiqi mənasında yerinə yetirmək lazımdır.
Peyğəmbərimizə (s.a.s) malımızla, canımızla, ailəmizlə və hər şeyimizlə fəda olmalılıyıq. Onu (s.a.s) sevən şəxs aşağıda qeyd olunanları həyata keçirməlidir və ən azından bunları etməyə can atmalıdır:


1. Muhəmmədin (s.a.s), Aləmlərin Rəbbi olan Uca Allahın göndərdiyi son Peyğəmbər olduğunu qəbul edərək, bu haqda dərindən düşünmək, Qurani Kərimdə buna dəlalət edən ayələri araşdıraraq bu haqda dolğun şəkildə fikirləşmək.
2. Peyğəmbərə (s.a.s) itaət etmənin, Onun (s.a.s) bütün əmrlərinə tabe olmanın və yalnız Onun (s.a.s) yolu ilə getmənin vacib olduğuna dair Qurani Kərimdən, Peyğəmbərimizin (s.a.s) öz sünnətindən və İslam alimlərinin topladıqları bütün sübütları öyrənmək və onlara əməl etmək.
3. Allahu Təalanın Peyğəmbərimizin (s.a.s) sünnətini qoruyacağını yəqinliklə bilmək və təsdiq etmək. Beləki, əsrlər boyu böyük İslam alimləri Peyğəmbərimizin (s.a.s) sünnətini dərindən mənimsəmişlər, səhvləri və artıqları silərək Peyğəmbərimizin (s.a.s) adına ləkə gətirəcək hər şeyi təmizləmişlər. Bizdən əvvəlki ümmətlər kimi yolumuzu azmayaq deyə, hər şeyi dəqiq şəkildə araşdırmış və bizlərə çatdırmışlar.
4. Peyğəmbərimizin (s.a.s) gözəl əxlaqları, kəraməti, şərəfi və bəşəriyyətin yetişə bilmədiyi insani kamilliyi haqqında ətraflı oxuyaq, öyrənək və bilək ki, bununla Ona (s.a.s) olan məhəbbətimiz artsın və bu məhəbbəti ürəklərimizdə hiss edək.
5. Onun (s.a.s) hamımızın üzərində olan fəzilətini və üstünlüyünü hiss etmək, beləki, O (s.a.s) Allahu Təalanın dinini və haqq yolu ən gözəl və ən kamil şəkildə bizlərə çatdırdı. Üzərində olan əmanəti haqqıyla yerinə yetirdi, öz ümmətini buyurulduğu şəkildə zəlalətdən çıxardı və bu ümmətə həqiqi Rəsulullah olduğunu sübut etdi.
6. Bilməliyik ki, Peyğəmbərimiz (s.a.s) ümmətinə ən mərhəmətli, ən təvazökar, ən nəzakətli və ən diqqətli bir şəxs olub. ((Peyğəmbər mö'minlərə onların özlərindən daha yaxındır. (Mö'minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər)) (Əl-Əhzab, 6)
7. Qurani Kərim və hədislərin vasitəsilə dərk etməliyiki ki, Peyğəmbərimizin (s.a.s) Allahu Təalanın qatında olan yeri xüsusi və çox yüksəkdir. Uca Yaradan Ona (s.a.s) xüsusi məhəbbət və xüsusi ehtiram göstərmişdir.
8. Allahu Təalanın və Peyğəmbərimizin (s.a.s) əmrinə tabe olaraq, Peyğəmbərimizi (s.a.s) özümüzdən də çox sevməliyik. Beləki, Peyğəmbərimiz (s.a.s) hədislərin birində buyurmuşdur ki; "Mən sizə sizin özünüzdən, uşağınızdan, atanızdan (valideyn) və bütün insanlardan sevimli olmayınca, siz iman gətirmiş olmayacaqsınız" Yəni Peyğəmbərimizə (s.a.s) yalnız bu cür məhəbbət göstərməklə bizim imanımız həqiqi olacaqdır.
9. Allahu Təalanın əmriylə Peyğəmbərimizi (s.a.s) daim müdafiə və himayə etmək. Qurani Kərimdə buyurulub ki: (((Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız...)) (Əl-Fəth, 9)
10. Peyğəmbəri (s.a.s) müdafiə etmək üçün daim düzgün niyyətli olmaq və daim niyyəti yeniləyib, doğrultmaq.
11. Bilmək gərəkdir ki, Peyğəmbərimizə (s.a.s) həqiqi və əsl məhəbbət göstərən şəxsin mükafatı əvəz olunmazdır. Ürəkdə Ona (s.a.s) yaşayan həqiqi sevginin mükafatı, Axirətdə elə Onun (s.a.s) yanında olmaqdır. Çünki Peyğəmbərimiz (s.a.s) özü demişdir ki; "Sən öz sevdiyinlə olacaqsan". Ey Peyğəmbəri (s.a.s) layiqincə sevən müsəlman, sən Axirətdə Ona (s.a.s) yaxın olacaqsan.
12. Peyğəmbərimizin (s.a.s) üzərimizdə olan haqqı böyükdür. Buna görə biz daim Ona (s.a.s) salavat etməliyik. Onun (s.a.s) adını eşitdiyimizdə, əzandan sonra, cümə günləri və daim Onu (s.a.s) xatırlayaraq Ona (s.a.s) salavat gətirməliyik.
13. Peyğəmbərimizin (s.a.s) həyat tarixini (sirətini) ətraflı oxumalıyıq. Onun (s.a.s) yaşadıqlarını bir-bir anlamaq, başına gələn hadisələrdən ibrət dərsi götürmək və hazırki həyatımızla müqayisə etməliyik.
14. Peyğəmbərimizin (s.a.s) sünnətini dərindən mənimsəmək, Onun (s.a.s) gözəl əxlaqlarından, təlim və tərbiyəsindən, ibadətindən dərs almalıyıq.  Bunu, rəvayət olunmuş səhih hədislərdən öyrənməliyik.
15. Peyğəmbərin (s.a.s) sünnətinə kamil şəkildə riayət etməliyik, bəzilərini edib və bəzilərini tərk etməməliyik. Əhəmiyyətcə daha önəmli olanı birinci etməli və sonra başqalarını da həyata keçirməliyik.
16. Peyğəmbərin (s.a.s) sünnəti ilə və ya sünnətində olan hər hansı bir şeylə qətiyyən istehza etməməliyik.
17. İnsanlar arasında Peyğəmbərin (s.a.s) sünnəti həyata keçirildiyini gördükdə sevinməliyik.
18. Peyğəmbərin (s.a.s) bəzi sünnətlərinin insanlar arasında yox olduğunu gördükdə təəssüflənməli, həzin olmalı və inciməliyik.
19. Peyğəmbərin (s.a.s) sünnəti ilə iztehza edənə və ya onu tənqid edənə qarşı qəzəblənməliyik.
20. Peyğəmbərimizin (s.a.s) ailəsinə, övladlarına, zövcələrinə və qohumlarına (əhli-beytinə) məhəbbət bəsləmək və bu məhəbbətlə Allahu Təalaya daha yaxın və əziz olmalıyıq.
21. Peyğəmbərimizin (s.a.s) vəsiyyətinə əməl edərək Onun (s.a.s) əhli-beytini daim sevmək və onları daim qorumaq. Çünki Peyğəmbərimiz (s.a.s) bunu bir çox hədislərində vurğulamışdır.
22. Peyğəmbərin (s.a.s) səhabələrini və dostlarını da sevməliyik. Çünki onlar (r.a) sonradan gələnlərdən daha yüksək səviyyədədirlər və daha üstün savaba nail olmuşlar. Onların elmi, əməli və Allahu Təala qatında olan yeri sonrakılardan daha çox qiymətləndirilir.
23. Alimləri sevmək və onlara böyük hörmət göstərməliyik. Çünki onlar bu dini öz elmləri ilə saxlayırlar və Peyğəmbərimizin (s.a.s) özünün dediyinə görə, alimlər peyğəmbərlərin varisləridirlər.
24. Övladlarımıza elə tərbiyə verməliyik ki, Peyğəmbərə (s.a.s) sevgi və məhəbbət bəsləsinlər.
25. Övladlarımızı elə öyrətməliyik ki, onlar yalnız Peyğəmbəri (s.a.s) həyatlarında nümunə və ideal kimi seçsinlər. Onlar daima Peyğəmbərin (s.a.s) etdiklərini təkrar etsinlər.
26. Peyğəmbərimiz (s.a.s) haqqında və Onun (s.a.s) həyatı və tarixi ilə bağlı evimizdə kitablar, kasetlər və cizgi filmləri olmalıdır. Əlbəttə bunların məzmunu düzgün, səhvsiz və tərbiyəyə kömək olacaq şəkildə yığılmalıdır.
27. Evdə və ailədə Peyğəmbərin (s.a.s) həyatı ilə bağlı söhbətlər və dərslər aparmaq lazımdır.
28. Evin böyüyü ata, Peyğəmbərimizi (s.a.s) təqlid edərək özünü Onun (s.a.s) kimi aparmalıdır və ailəsilə Onun (s.a.s) kimi gözəl davranmalıdır.
29. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunmuş dua və zikrləri uşaqlarımıza əzbərlətməliyik.
30. Uşaqlarımıza verilən puldan kənara qoymağı, yığıb sonra xeyir əməllərdə istifadə etməyi öyrətməliyik. Yetimlərə qayğı, möhtaclara kömək və yoxsullara yardım göstərməyin əhəmiyyətli olduğunu onlara anlatmalıyıq. Çünki bu, Peyğəmbərimizin (s.a.s) bizə tövsiyə etdiyi əməllərdəndir.
31. Peyğəmbərimizin (s.a.s) hədislərindən rəvayət olunan hikmətli sözləri uşaqlarımıza  əzbərlədib, həmişə bu sözləri işlətmələrini öyrətməliyik.
32. Uşaq bağçasında və ya məktəblərdə işləyənlər, himayələrində olan uşaqlara Peyğəmbər (s.a.s) haqqında danışmalı və onların qəlblərində Peyğəmbərə (s.a.s) məhəbbət oyatmalıdırlar.
33. Təhsil sistemində dəyişiklik etməyə imkanı olan kimsələr, tədris fənlərinə Peyğəmbərin (s.a.s) həyatı haqqında bir kitab əlavə etməyi nəzərdə tutmalıdırlar.
34. Peyğəmbər (s.a.s), Onun həyatı və tarixi haqqında söhbətlər və faydalı müzakirələr aparmaq üçün mütəmadi olaraq yığıncaqlar, konfranslar və tədbirlər həyata keçirməliyik.
35. Gənclər arasında Peyğəmbərimiz (s.a.s) haqqında məqalələr və ya kurs işləri yazmaları üçün müsabiqələr və viktorinalar təşkil etməliyik.
36. Kitabxanalarda Peyğəmbərimizə (s.a.s) aid olan bütün kitabları bir güşədə toplamalıyıq və bu güşədəki kitabların oxunması üçün gənclərimizi həvəsləndirməliyik.
37. Hərbi hissələrdə xidmət göstərən və ya orada məsul olan şəxslər Peyğəmbərin (s.a.s) savaşlarından örnəkləri himayəsində olanlara anlatmalıdır.
38. Kitab müəllifləri, qəzet redaktorları və ya elmi nəşrlərlə məşğul olan şəxslər Peyğəmbər (s.a.s) haqqında bir şey yazdıqda, onlar Peyğəmbərin (s.a.s) dəvətinin və təbliğinin xüsusiyyətlərinə aydınlıq gətirməlidirlər. Bilməyən insanlara, Peyğəmbərin (s.a.s) bütün aləmə mərhəmət və hidayət üçün göndərildiyini anlatmalıdırlar.
39. Hər bir müsəlman şəxs bacardığı qədər tanıdıqlarını haqq yola çəkməlidir və İslamın əsaslarını hamıya çatdırmalıdır.
40. Peyğəmbərin (s.a.s) gözəl sifətlərini və Ona (s.a.s) xas olan xüsusiyyətləri bacardığımız qədər hamıya danışmalıyıq.
41. Peyğəmbərin (s.a.s) fəzilətləri, Onu (s.a.s) hamıdan fərqləndirən xüsusiyyətləri və Onun (s.a.s) ümmətinin fəzilətləri haqqında söhbətlər etməliyik, bunu bilməyənlərə çatdırmalıyıq.
42. Bütün tanıdıqlarımıza Peyğəmbərimizin (s.a.s) öz ailəsilə, qonşularıyla, qohumlarıyla və dost-tanışlarıyla necə gözəl rəftar etməsi haqqında danışmalıyıq.
43. Peyğəmbərimizin (s.a.s) öz düşmənləri, kafir və müşriklərlə də necə davrandığını tanıdığımız insanlara deməliyik.
44. İnsanlara Peyğəmbərimizin (s.a.s) gündəlik rejimi və əməlləri barədə danışıb, onlara yol göstərməliyik.
45. Qurani Kərimdən əzbərləməyimizlə bərabər, bacardığımız qədər Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədislərdən də əzbərləməli və himayəmizdə olanlara əzbərlətməliyik.
46. İnsanlarda Peyğəmbərin (s.a.s) sünnəti haqqında yaranan səhv fikirləri dəyişdirməyə çalışmalıyıq, onlara sünnətin əsas mahiyyətini, məqsədini və faydasını anlatmalıyıq. Həmçinin sünnətə necə riayət etməyi onlara düzgün və asan şəkildə başa salmalıyıq.
47. İnsanları dinlərinə döndərmək və dində baş verən uydurmaları aradan qaldırmağa çalışmaq. İmkan dairəsində bunu mətbuatda və mediada açıqlamaq ki, insanlar Peyğəmbərin (s.a.s) dəvətiin düzgün anlasınlar.
48. Peyğəmbərimizin (s.a.s) həyatı və tarixi dəqiq qeyd edilmiş kitabları mənimsəyərək bunu bilməyən insanlara çatdırmaq.
49. Peyğəmbərimiz (s.a.s) haqqında olan şübhələr və başqa böhtanlar varsa, daima bunu düzəltmək üçün boyun qaçırmamalıyıq.
50. Hər yerdə, hər yığıncaqda və hər bir məclisdə Peyğəmbərimizin (s.a.s) dəvəti və Onun (s.a.s) yolu haqqında söhbətlər açmaq.
51. Peyğəmbərimiz (s.a.s) haqqında yazılan, deyilən və ya göstərilən hər hansı təhqiramiz şeyləri insanlar arasında yaymamaq və bunları yenidən nəşr etdirməmək.
52. Peyğəmbərimiz (s.a.s) haqqında doğru fikir yürüdən qeyri müsəlman yazıçıların yazılarını bilməyənlərə göstərmək.
53. Qəzet və jurnallarda dini güşələr və ya bir səhifə yaratmaq və Peyğəmbərimiz (s.a.s) haqqında burada yazmaq. Eləcə də TV kanallarında buna aid xüsusi proqramlar hazırlamaq. Buna imkanı olanlar özləri etsinlər, edə bilməyənlər isə təkliflər etsinlər.
54. Bundan başqa uşaqlar üçün də xüsusi olaraq belə qəzet və jurnallar, TV kanallarında proqramlar və cizgi filmləri hazırlamaq lazımdır.
55. İmkanı olan Peyğəmbərimiz (s.a.s) haqqında audio və video kasetlər yazdırıb nəşr etsin.


Bundan başqa bir çox vasitələrlə Peyğəmbərimizin (s.a.s) başladığı dəvət yolunu biz davam etdirə bilərik. 

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka