Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRİ (S.A.S) MÜDAFİƏ ETMƏK ÜÇÜN ONU (S.A.S) TANIMAQ VƏ SEVMƏK LAZIMDIR

[ Sünnə / 1378 dəfə baxılıb ]   
|
 


Bismilləhirrəhmanirrəhim


 


Əziz və möhtərəm müsəlmanlar! Mövzunun adından çoxlarınız düşünəcəksiniz ki, məgər biz müsəlmanlar Peyğəmbərimizi (s.a.s) tanımırıq, biz Onu (s.a.s) sevmirik?! Əlbəttə müsəlman olaraq hamımız hər şeydən çox Allahu Təalanı, sonra Peyğəmbərimizi (s.a.s) sevməliyik. Lakin bəzilərimiz Peyğəmbərimizin (s.a.s) həyatı haqqında, bəzilərimiz Onun (s.a.s) fəzilətləri və üstünlüyü haqqında ətraflı oxumayıb. Buna görə də, Peyğəmbərimizi (s.a.s) müdafiə etməliyik dedikdə bəzi müsəlmanlarda anlaşılmazlıq yaranır ki, biz Onu (s.a.s) necə müdafiə etməliyik, niyə müdafiə etməliyik, bunlara gərək varmı?


Sadəcə Peyğəmbərimizin (s.a.s) həyatından, keçdiyi yollardan və Onun (s.a.s) fəzilətlərinin bəzilərini sizlərə xatırladaraq, sizin ürəyinizdə Ona (s.a.s) olan sevgini oyatmaq istəyirik. Biz Onu (s.a.s) daha yaxşı tanıyaraq, Onu (s.a.s) müdafiə etmənin niyə zərurət olduğunu anlayacağıq.


 


Müsəlmanlarla ən lətafətli, ən mülayim və ən yumşaq davranan idi.


Ənəsdən (r.a) rəvayət olunduğuna görə deyir ki; "Allaha and olsun, Peyğəmbər (s.a.s) insanların ən mülayimi idi. İstər qul kişi, istər kölə qadın və ya istər uşaq olsun, gündüzün soyuq çağında onlardan imtina etməz, onlara su gətirib üzlərini və qollarını yuyardı. Hər kim Ondan (s.a.s) nə istəsə (nə soruşsa) həmin kəsə diqqətlə qulaq asardı, sonra həmin şəxs dönüb getməyincə O (s.a.s), ondan ayrılmazdı.Kim Onun (s.a.s) əlindən tutardısa, həmin şəxs əlini çəkməyincə O (s.a.s), əlini çəkməzdi."


Təbarani Əbi Ğalibdən rəvayət edir ki; "Əbi Ümaməyə (r.a) dedim ki, Peyğəmbərimizdən (s.a.s) eşitdiyin bir hədisi (söhbəti) bizə danış. Dedi: Rəsulullahın (s.a.s) söhbəti Quran idi, (Allahı) çoxlu zikr edərdi, xütbələrini qısa, namazlarını uzun edərdi, yazıq və zəif bir kimsəylə (yol) getməyə zorluq və təkəbbürlük etməzdi, hətta həmin şəxsin ehtiyacını ödəyərdi."


Ənəs bin Malik (r.a) Peyğəmbərimizin (s.a.s) xidmətində olmuş, evində, eşiyində və səfərlərində daim Ona (s.a.s) xidmət etmişdir. Ənəs (r.a) deyir ki; "Allaha and olsun Ona (s.a.s) 9 il (başqa bir rəvayətdə 10 il) xidmət etdim. Etdiyim bir şeyə heç bir zaman niyə belə-belə etdin demədi və yaxud tərk etdiyim bir şeyə niyə belə-belə etmədin demədi."


Yuxarıdakı rəvayətlər və burada sadalamadığımız bir çox rəvayətlərdən görmək olar ki, Peyğəmbərimiz (s.a.s) müsəlmanlara ən mülayim və ən yumşaq davranan olub. Heç kimlə kobud davranmaz, heç kimə ağır söz deməz, heç kimi təhqir etməz, heç kimin eybini açmaz, söyüş söyməz, zarafat və lağ-lağı etməzdi.


Allahu Təala Peyğəmbərimizə (s.a.s) belə buyurmuşdur: ((....möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et!))) (Əl-Hicr, 88)


Başqa bir ayədə də: ((Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)) (Əş-Şuara, 215)


 


Ən yüksək və ən ali əxlaqları özündə toplamışdı.


Allahu Təala Qurani Kərimin Əl-Qələm surəsinin 4-cü ayəsində Peyğəmbərimizə (s.a.s) buyurur ki; ((Şüphəsiz ki, sən böyük bir əxlaq üzərindəsən (sahibisən)!))


Yer üzü yaranandan, bütün insanlarda gördüyün ən ali və ən gözəl əxlaqı mütləq Peyğəmbərimizdə (s.a.s) görmək olardı. Peyğəmbərimizdə (s.a.s) görülən hər hansı bir əxlaqdan daha üstünü heç kimdə ola bilməz. Buna birinci, Uca Rəbbimizin Qurani Kərimdə dediyi, sonra isə Onun (s.a.s) həyat tarixi və səhabələrinin şahidliyi dəlalətdir.


Möminlərin anası Aişədən (r.a) Peyğəmbərimizin (s.a.s) əxlaqı haqqında soruşanda Aişə (r.a) belə cavab vermişdi: "Onun əxlaqı Quran idi."


Peyğəmbərimiz (s.a.s) isə özü haqqında demişdir ki; "Əxlaqların ən üstününü (ən gözəlini və ən salehini) tamamlamaq üçün göndərilmişəm."


Peyğəmbərimiz (s.a.s) lazım olan yerdə ən mərhəmətli, lazım olan yerdə isə sərt idi. O (s.a.s) bəlalara, aclığa, ağrı və acıya ən səbirli və qərar vermə zamanı ən zəkalı şəxs idi. Eyni zamanda O (s.a.s) öz səhabələrinə qarşı ən rəhmli və ən təvazökar idi. İnsanlar arasında ən aşağı sayılan bir kimsə belə olsa, onun qəbrini ziyarət edib ona namaz qılardı. Namaz qılarkən ağlayan uşağın səsini eşidib namazını qısaldar, qohum və ya səhabələrindən kimsə vəfat edərdisə, gözləri yaşarardı. Səhabələri Ondan (s.a.s) niyə ağladığını soruşduqda: "...bu, rəhmdir. Kim rəhm etməzsə, rəhm olunmaz" - deyə cavab verərdi.


Əhməd möminlərin anası Aişədən (r.a) rəvayət edir ki, belə demişdir: "Rəsulullah (s.a.s) nə Ona (s.a.s) xidmət edənlərdən, nə qadınlarından, nə də başqa bir kimsəni əli ilə vurmayıb, yalnız Allah yolunda savaşıb. İki şeydə xeyir varsa, ən sevdiyi (seçdiyi) ən asan olanı olardı, ta günah oluncaya qədər. Əgər günah olardısa, O (s.a.s), insanlar arasında günahdan ən uzaq olanı olacaqdı. Özü üçün heç bir şeyə görə intiqam almazdı, Allahın haram etdiklərinə toxunulana qədər. O zaman O (s.a.s), Allah üçün intiqam alardı."


Peyğəmbərimizi (s.a.s) zəhərləyib öldürmək istəyən qadını belə, Peyğəmbər (s.a.s) azad buraxmışdı. Allahu Təala (Əl-İmran surəsinin 159-cu ayəsində) Rəsulullah haqqında buyurub ki; ((Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər.))


 


Ən alicənab və ən ürəyi açıq idi


Peyğəmbər (s.a.s) əgər zəngin olmaq istəsəydi, savaşlardan qalan qənimətlərdən yığıb toplayardı. Kim ona etiraz edəcəkdi ki?! Lakin O (s.a.s), qənimətləri öz səhabələrinə paylayardı. Mal-dövlət həvəskarı olmayıb. Olsaydı, quru yerdə yatmaz, günlərlə ac qalmaz, evində bir şey olan kimi hamıya paylayardı. O (s.a.s), öləndə hətta Onun qılıncı belə, bir yəhudidə girov qalmışdı.


 


Ən gözəl idarəçi və ən saleh dövlət başçısı idi


Öz dəvətində və təbliğatında davam etməyi, dəvətini qəbul edənləri nizam intizamla idarə və tərbiyə etməyi, Özü ilə Ona (s.a.s) tabe olanlar arasında həqiqi güvən yaratmağı, öz tabeliyində olanların tam şəkildə imkanlarını bilərək, həmin imkanları düzgün və dürüst şəkildə paylaşdırmağı ideaı şəkildə bacarardı. Ən az cəhd göstərməklə hamının problemlərini həll etməyə, uzağı görməyə və real həyatı tam anlamağa, həmişə qələbə əldə etməyə və həmişə dəvətini düzgün şəkildə davam etdirməyə, həmişə inkişaf edib və irəliləyən, möhkəm bir dövlət qurmağa qadir olan bir başçı Rəsulullah (s.a.s) idi. İnsan kamilliyinin bu səviyyəyə çatmasını bütün bəşəriyyət, tarix boyu yalnız Muhəmməddə (s.a.s) müşahidə etmişdir. Bütün bunlar həqiqətən də Onun (s.a.s) Allahın elçisi olduğuna və Allahın əmriylə getdiyinə dəlalətdir.


 


Peyğəmbərimizin (s.a.s) fəzilətlərini bir-bir burada sayıb bitirmək mümkün deyil, çünki bu mövzuda neçə-neçə kitablar yazılıb. Peyğəmbərimizi (s.a.s) bütün bəşəriyyətdən fərqləndirən bu fəzilətlər Onu (s.a.s) ən ədalətli şəxsiyyət etmişdir. Onun (s.a.s) ədalətinin tarix boyu misli olmamışdır. O (s.a.s), insan dəyərlərini ən düzgün qiymətləndirən və öz səhabələrinə hər şeyi dərk edərək itaət etməyi öyrədən şəxsiyyət olmuşdur. O (s.a.s), xeyir-şəri, halal-haramı və haqqı aydın şəkildə bəyan edib, öz səhabələrinə ən fərqli tərbiyə verərək, ən xeyirli və üstün ümmətin əsasını qoydu. O (s.a.s), xalqlara və millətlərə hidayət yolu göstərən bir ümmət yetişdirmədi, başqa ölkələri azdıran və öz mənfəətinə istifadə edən bir dövlət qurmadı. Haqqı və həqiqəti xalqa çatdıranların qarşısını alanlarla, onların yolunu kəsənlərlə savaşır Rəsulullah (s.a.s), lakin heç kimə məcburi olaraq dini qəbul etdirmirdi.


Peyğəmbərimiz (s.a.s) haqqında bütün yazılanlar və bütün deyilənlər Onun (s.a.s) Allahın Rəsulu olduğunu göstərir. Hər şeyi Allahu Təalanın əmri ilə edir, dediyi və etdiyi hər şey Allahu Təaladan ona vəhy olunurdu.


Lakin bütün bunlara baxmayaraq, Rəsulullahı (s.a.s) ömrü boyu incitmişlər. Dəvətini qəbul edən 2-3 nəfərlə, yeni ümmətin əsasını qoymağa başladı. Onu (s.a.s) hədələdilər, incitdilər, daşqalaq etdilər, döydülər, qapıları üzünə vurdular, qovdular, əlaqələri kəsdilər, söydülər, istehza etdilər və hətta öldürmək istədilər. Ancaq bütün məşəqqətlərə qatlanaraq O (s.a.s) Allahu Təalanın dəstəyilə tutduğu haqq yoldan dönmədi. Həmçinin Rəsulullahın (s.a.s) səhabələri Onu heç bir zaman tərk etmədilər, Ona (s.a.s) dəstək oldular və daim Onu (s.a.s) müdafiə etdilər. Onun (s.a.s) yolunda canını fəda edə bilənlər bunu əsirgəmədilər, malını verə bilənlər imtina etmədilər, savaşda Onun (s.a.s) ətrafında duraraq Onu(s.a.s) müdafiə etdilər, kimisi Onun (s.a.s) yatağında yataraq Onu (s.a.s) öldürməsinlər deyə özünü fəda etmişdi, sözüylə və şerilə bacaran, Rəsulullaha atılan sözlərə və istehzalara cavab verirdi. Hamı bildiyi və bacardığı şəkildə haqqın Rəsulu Muhəmmədi (s.a.s) müdafiə edir və Allahın dininə dəstək olurdu. Çünki onlar dərk etmişdilər ki, haqq yolunu göstərən Muhəmmədə (s.a.s) onların və bütün bəşəriyyətin ehtiyacı var. Çünki onlar Rəsulullahın (s.a.s) əxlaqını, elmini, biliyini, anlayışını, iradəsini və həyat tərzini görərək Onun (s.a.s) Allah elçisi olduğuna inanmışdılar və Onu (s.a.s) sevmişdilər. Bu iman və bu sevgi onları Allahın yolundan azdırmamışdı. Allaha olan sevgilərini Allahın əmrlərinə riayət etməklə və bu əmrləri onlara çatdıran Rəsulullaha (s.a.s) dəstək olmaqla göstərirdilər. Onlardan, haqq yolunu  kəsdiyinə görə öz ata və qardaşını öldürənlər, Allahın əmriylə müşrik zövcələrini boşayanlar, evlərini atıb gedənlər, mallarını müsəlman qardaşları ilə yarı bölənlər, Rəsulullaha (s.a.s) görə öz zövcəsini boşayan və Rəsulullahın xoşuna gəlməyən hər bir şeyə görə qəzəblənənlər var idi.


Bəs görəsən, bir hökümət Rəsulullahla (s.a.s) istehza və Onu (s.a.s) təhqir edərdisə, Onun (s.a.s) səhabələri buna susardılarmı?! Səhabələrin əməllərini öz əməllərimizlə müqayisə edə bilmərik, amma ən azından düşünək, səhabələrin, Rəsulullahı (s.a.s) saymayan belə bir hökümətin mallarını və məhsullarını almağa əlləri gələrdimi?!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:20
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:58
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka