Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏLİ BİN ƏBU TALİBİN (r.a) 10 FƏZİLƏTİ

[ Səhabələr / 3717 dəfə baxılıb ]   
|
 
1. Ənəs bin Malik (Allah ondan razı olsun! - r.a) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı, salamı olsun! - s.a.s) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (r.a) çərşənbə axşamı günü namaz qıldı" (ət-Tirmizi; Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (r.a) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli (r.a) gəldi və dedi: -Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (s.a.s) dedi: -Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (ət-Tirmizi; Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) demişdir: "Mən kimin dostuyamsa, Əli də onun dostudur" (ət-Tirmizi; Mənaqib, 3714).

4. Sad bin Əbu Vaqqas (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) Tabuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (r.a) soruşdu: -Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan? Rəsulullah (s.a.s) cavab verdi: -Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur". (Buxari; Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54, Müslim; Fədail-əshab, 31 (2404), ət-Tirmizi; Mənaqib, 3731).

5. Müslim və Tirmizinin rəvayətlərində deyilir: "Rəsulullah (s.a.s) Xeybər günü dedi: -Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha (s.a.s) görünsünlər. Amma o dedi: -Əlini yanıma gətirin. Əlini gətirdilər, amma gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi.

Rəvayəti edən daha sonra deyir ki: Ali-Imran, 61 ayəsi nazil olduğu zaman "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!" Rəsulullah (s.a.s) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım bunlar mənim ailəmdir!" buyurdu" (Buxari; Kitabul- məğazi, 4/231, Müslim; Fədail- əshab 32, (2404), ət-Tirmizi; Mənaqib, 3726).

Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli (r.a) Allah və Rəsulunu (s.a.s) sevir. Allah və Rəsulu (s.a.s) da onu sevir. Bu böyük müjdədir. Rəsulullahın (s.a.s) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi bütün nemətlərdən ən xeyirlisidir. Xeybərin fəthi Əlinin (r.a) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində mühüm hadisədir. Çünki bu, Allah və Rəsulunun (s.a.s) o kimsəni sevdiyinə sübutdur və əvvəlcədən xəbər verilir. Minlərlə dünya səadətində xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (s.a.s) görünmək istəmişlər. Hətta Ömər ibn Xəttab (r.a) belə deyir: -"Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı bayrağı mənə verərdi" ümidi ilə Rəsulullaha (s.a.s) görünmək üçün başımı irəli uaztdım".

Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi, Peyğəmbərin (s.a.s) ailəsidir.

6. Zirr bin Hübeyşi Əlidən (r.a) belə eşitdiyini rəvayət edir: "Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi peyğəmbərim (s.a.s) mənə möminin məni sevəcəyini, münafiqin məndən üz çevirəcəyini əhd etdi" (Müslim; Iman 131, (78); ət-Tirmizi; Mənaqib, 3737; Nəsai; Iman, 20, (8, 117).

"Toxumu çatladan" toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə təbii bir normal hal kimi görünür. Əslində bu bir möcüzədir. Bəsit bir dənə torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar "dənənin açılması"nın nəticəsidir. Buna görə Əli (r.a) hadisənin sahibi Allaha andla sözə başlayır. Çünki Allah əl-Ənam surəsinin 95-ci ayəsində "Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan " kimi tanıdılır.
"Ummi" - anaya mənsubluğu bildirir. Bununla yazma və oxuma bacarmamaq bildirilir. Çünki insan anadan olanda oxuma-yazma və başqa şey bacarmır. Bu Quranda belə deyilir ki: "Analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı" (ən-Nəhl, 78).
Rəsulullahın (s.a.s) "ümmi" olmasına baxmayaraq Quran kimi kitab, keçmiş və gələcəkdən, kainatın mahiyyətində doğru, dəyişdirilməz, yalan olması isbat edilməz xəbərlər verməsi, onun ən böyük möcüzələridir. Hədis belə də rəvayət olunur: "Mömin məni sevər, münafiq məni sevməz".

7. Cabir bin Abdullah (r.a) rəvayət edir: "Taif günü Rəsulullah (s.a.s) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (s.a.s) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan peyğəmbər (s.a.s) buyurdu: -Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (ət-Tirmizi; Mənaqib, 3728).

Taif səfəri zamanı peyğəmbərin (s.a.s) Əli (r.a) ilə görüşü o qədər uzandı ki, adamların bəziləri "Əmisi oğlu ilə söhbəti uzatdı" demişdilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya "düşüncələrini çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi" niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq Peyğəmbər (s.a.s) məsələni aydınlaşdırmışdır. Bu zaman əl-Ənfal surəsinin 17-ci: -"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Düşmənlərin gözünə bir ovuc (torpaq) atdığın zaman sən atmadın, Allah atdı" ayəsinə uyğun üslubdan istifadə etmişdir.

8. Ənəs (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) Bəraət (ət-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkirə (r.a) göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (r.a) çağıraraq surəni ona verdi" (ət-Tirmizi; Təfsir, ət-Tövbə, 3089).

Alimlərin fikrinə görə Əbu Bəkrdən (r.a) sonra Əlinin (r.a) göndərilməsindəki hikmət, ərəb adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan bir kimsə poza bilər. Buna görə Peyğəmbər (s.a.s) o cür etmişdir. Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq belə izahı vermək olar. Doğrusunu Allah bilir.

9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir: "Bir nəfər Səhl bin Sadın (r.a) yanına gəlir və: "Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır"-deyir. Səhl: -Bu əmir Əli haqqında nə deyir?-soruşur. Əbu Həzim: -Əmir Əliyə Əbu Turab deyir-dedikdə, Səhl ibn Səd güldü və: -Allaha and olsun Əliyə bu ləqəbi Peyğəmbər (s.a.s) (s.a.s) vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi-dedi.
Əbu Həzim dedi: "Mən bu ləqəbi Peyğəmbər (s.a.s) Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Səddən soruşdum: -Ey Əbu Abbas, bu necə olub?
O dedi: -Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər (s.a.s) gəlib: "Əmi oğlum hardadır?"-soruşdu. Fatimə: "Məsciddədir"-dedi. Peyğəmbər (s.a.s) məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər (s.a.s) Əlinin kürəyindən torpaqları təmizləyərək: "Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!" dedi. (Buxari; Kitabul- fadail əshab 9/51).

10. Sad bin Übeydə demişdir: "Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. Ibn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama: -Bəlkə Osman haqqında xatırlatdığım şeylər sənə pis gəlir"-dedim. Dedi: "Bəli". Ibn Ömər: "Allah sənin burnunu yerə sürtsün"-dedi. Sonra o adam ibn Ömərdən Əli haqqında soruşdu. Ibn Ömər Əlinin gözəl əməllərindən xatırlatdı və: "Əli budur. Evi də Peyğəmbərin (s.a.s) evlərinin ən gözəlidir, ortasındadır."-dedi. Sonra yenə: "Bəlkə Əli haqqında danışdıqlarım sənə pis gəlir"-dedim. O adam: "Bəli" (pis gəlir)-dedi. Ibn Ömər ona: "Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsan et"-dedi" (Buxari; Kitabul- fadail əshab 9/52).
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka