Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏHABƏLƏRİN FƏZİLƏTİ

[ Səhabələr / 71 dəfə baxılıb ]   
|
 
ƏLİ İBN ƏBU TALİBİN (r.a) FƏZİLƏTİ

1. Ənəs bin Malik (Allah ondan razı olsun! - r.a) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı, salamı olsun! - s.a.s) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (r.a) çərşənbə axşamı günü namaz qıldı" (ət-Tirmizi; Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (r.a) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli (r.a) gəldi və dedi: -Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (s.a.s) dedi: -Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (ət-Tirmizi; Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) demişdir: "Mən kimin dostuyamsa, Əli də onun dostudur" (ət-Tirmizi; Mənaqib, 3714).

4. Sad bin Əbu Vaqqas (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) Tabuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (r.a) soruşdu: -Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan? Rəsulullah (s.a.s) cavab verdi: -Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur". (Buxari; Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54, Müslim; Fədail-əshab, 31 (2404), ət-Tirmizi; Mənaqib, 3731).

5. Müslim və Tirmizinin rəvayətlərində deyilir: "Rəsulullah (s.a.s) Xeybər günü dedi: -Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha (s.a.s) görünsünlər. Amma o dedi: -Əlini yanıma gətirin. Əlini gətirdilər, amma gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi.

Rəvayəti edən daha sonra deyir ki: Ali-Imran, 61 ayəsi nazil olduğu zaman "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!" Rəsulullah (s.a.s) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım bunlar mənim ailəmdir!" buyurdu" (Buxari; Kitabul- məğazi, 4/231, Müslim; Fədail- əshab 32, (2404), ət-Tirmizi; Mənaqib, 3726).

Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli (r.a) Allah və Rəsulunu (s.a.s) sevir. Allah və Rəsulu (s.a.s) da onu sevir. Bu böyük müjdədir. Rəsulullahın (s.a.s) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi bütün nemətlərdən ən xeyirlisidir. Xeybərin fəthi Əlinin (r.a) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində mühüm hadisədir. Çünki bu, Allah və Rəsulunun (s.a.s) o kimsəni sevdiyinə sübutdur və əvvəlcədən xəbər verilir. Minlərlə dünya səadətində xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (s.a.s) görünmək istəmişlər. Hətta Ömər ibn Xəttab (r.a) belə deyir: -"Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı bayrağı mənə verərdi" ümidi ilə Rəsulullaha (s.a.s) görünmək üçün başımı irəli uaztdım".

Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi, Peyğəmbərin (s.a.s) ailəsidir.

6. Zirr bin Hübeyşi Əlidən (r.a) belə eşitdiyini rəvayət edir: "Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi peyğəmbərim (s.a.s) mənə möminin məni sevəcəyini, münafiqin məndən üz çevirəcəyini əhd etdi" (Müslim; Iman 131, (78); ət-Tirmizi; Mənaqib, 3737; Nəsai; Iman, 20, (8, 117).

"Toxumu çatladan" toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə təbii bir normal hal kimi görünür. Əslində bu bir möcüzədir. Bəsit bir dənə torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar "dənənin açılması"nın nəticəsidir. Buna görə Əli (r.a) hadisənin sahibi Allaha andla sözə başlayır. Çünki Allah əl-Ənam surəsinin 95-ci ayəsində "Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan " kimi tanıdılır.
"Ummi" - anaya mənsubluğu bildirir. Bununla yazma və oxuma bacarmamaq bildirilir. Çünki insan anadan olanda oxuma-yazma və başqa şey bacarmır. Bu Quranda belə deyilir ki: "Analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı" (ən-Nəhl, 78).
Rəsulullahın (s.a.s) "ümmi" olmasına baxmayaraq Quran kimi kitab, keçmiş və gələcəkdən, kainatın mahiyyətində doğru, dəyişdirilməz, yalan olması isbat edilməz xəbərlər verməsi, onun ən böyük möcüzələridir. Hədis belə də rəvayət olunur: "Mömin məni sevər, münafiq məni sevməz".

7. Cabir bin Abdullah (r.a) rəvayət edir: "Taif günü Rəsulullah (s.a.s) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (s.a.s) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan peyğəmbər (s.a.s) buyurdu: -Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (ət-Tirmizi; Mənaqib, 3728).

Taif səfəri zamanı peyğəmbərin (s.a.s) Əli (r.a) ilə görüşü o qədər uzandı ki, adamların bəziləri "Əmisi oğlu ilə söhbəti uzatdı" demişdilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya "düşüncələrini çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi" niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq Peyğəmbər (s.a.s) məsələni aydınlaşdırmışdır. Bu zaman əl-Ənfal surəsinin 17-ci: -"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Düşmənlərin gözünə bir ovuc (torpaq) atdığın zaman sən atmadın, Allah atdı" ayəsinə uyğun üslubdan istifadə etmişdir.

8. Ənəs (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) Bəraət (ət-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkirə (r.a) göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (r.a) çağıraraq surəni ona verdi" (ət-Tirmizi; Təfsir, ət-Tövbə, 3089).

Alimlərin fikrinə görə Əbu Bəkrdən (r.a) sonra Əlinin (r.a) göndərilməsindəki hikmət, ərəb adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan bir kimsə poza bilər. Buna görə Peyğəmbər (s.a.s) o cür etmişdir. Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq belə izahı vermək olar. Doğrusunu Allah bilir.

9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir: "Bir nəfər Səhl bin Sadın (r.a) yanına gəlir və: "Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır"-deyir. Səhl: -Bu əmir Əli haqqında nə deyir?-soruşur. Əbu Həzim: -Əmir Əliyə Əbu Turab deyir-dedikdə, Səhl ibn Səd güldü və: -Allaha and olsun Əliyə bu ləqəbi Peyğəmbər (s.a.s) (s.a.s) vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi-dedi.
Əbu Həzim dedi: "Mən bu ləqəbi Peyğəmbər (s.a.s) Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Səddən soruşdum: -Ey Əbu Abbas, bu necə olub?
O dedi: -Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər (s.a.s) gəlib: "Əmi oğlum hardadır?"-soruşdu. Fatimə: "Məsciddədir"-dedi. Peyğəmbər (s.a.s) məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər (s.a.s) Əlinin kürəyindən torpaqları təmizləyərək: "Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!" dedi. (Buxari; Kitabul- fadail əshab 9/51).

10. Sad bin Übeydə demişdir: "Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. Ibn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama: -Bəlkə Osman haqqında xatırlatdığım şeylər sənə pis gəlir"-dedim. Dedi: "Bəli". Ibn Ömər: "Allah sənin burnunu yerə sürtsün"-dedi. Sonra o adam ibn Ömərdən Əli haqqında soruşdu. Ibn Ömər Əlinin gözəl əməllərindən xatırlatdı və: "Əli budur. Evi də Peyğəmbərin (s.a.s) evlərinin ən gözəlidir, ortasındadır."-dedi. Sonra yenə: "Bəlkə Əli haqqında danışdıqlarım sənə pis gəlir"-dedim. O adam: "Bəli" (pis gəlir)-dedi. Ibn Ömər ona: "Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsan et"-dedi" (Buxari; Kitabul- fadail əshab 9/52).

ABBAS İBN ABDUL-MUTTALİBİN (r.a) FƏZİLƏTİ

1. Əli (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) buyurdu ki: -Kim əmimə əziyyət verirsə mənə əziyyət vermiş olur, çünki adamın əmisi ona atası yerindədir". (ət-Tirmizi; Mənaqib, 3764)

2. Abdullah bin Abbas (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) Abbasa demişdir: " -Ey əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və oğluna xeyir versin. Abbasla Rəsulullahın (s.a.s) yanına getdik. O, bizi örtüyə bürüdü və dua etdi:
-Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir günahı qalmasın! Allahım, onu oğlu səbəbiylə hifz et" (ət-Tirmizi; Mənaqib, 3766).
Bu hədislər Abbasın (r.a) fəzilətinə dəlildir. Abbas (r.a) Peyğəmbər in (s.a.s) əmisi olub, ondan 2 və ya 3 yaş böyük idi. Ləqəbi Əbu Fadldır. İslamı qəbul etməsi məşhur bir rəvayətə görə Məkkənin fəthindən sonradır. Bəziləri hicrətdən əvvəl müsəlman olduğunu, ancaq bunu gizlətdiyini, Məkkədə qalıb müşriklərlə bağlı xəbərləri Rəsulullaha (s.a.s) yazdığını deyirlər. Arada hicrət etmək üçün icazə istəmiş və Peyğəmbər (s.a.s) : "Sənin Məkkədə qalmağın daha xeyirlidir" deyərək icazə verməmiş və hətta Bədir döyüşündə "Abbasla rastlaşsanız onu öldürməkdən çəkinin" əmrini vermişdir.
Peyğəmbər (s.a.s) Abbasa (r.a): "Mən Peyğəmbərlərin (s.a.s) sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan" demişdir. Rəsulullah (s.a.s) vəfat edəndə, təziyəni Abbasa (r.a) vermişdilər. Abbas (r.a) Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir. Qızlarından əlavə 10 oğlu olub. Hicrətin 32-ci ilində Mədinədə Osmanın (r.a) şəhid edildiyindən iki il əvvəl 88 yaşında vəfat edib. Namazını Osman (r.a) qıldırıb.

3. Ənəs bin Malikdən (r.a) rəvayət edilən bir hədisdə deyilir: "Aclıq illərində Ömər ibni əl-Xəttab Abbas ibni Abdullmuttaliblə təvəssül edərək Allaha yağış yağdırmaq üçün belə dua edərdi: "Ey Allah, biz Peyğəmbərin (s.a.s) sağlığında onunla təvəssül edərək dua edirdik, indi isə Peyğəmbərimizin (s.a.s) əmisi ilə təvəssül edirik ki, bizə yağış yağdırasan!" Ənəs (r.a) deyir ki, Allah da insanlara yağmur verirdi. (Buxari; Kitabul- fadail əshab, 11/58).

ABDULLAH İBN ABBAS (r.a) FƏZİLƏTİ

1. İbn Abbas (r.a) rəvayət edir ki: "Rəsulullah (s.a.s) məni qucaqladı və: "Allahım bunu dində fəqih (alim et)" deyə dua etdi". Bir rəvayətdə: "Allahım ona kitabı öyrət", başqa rəvayətdə: "Allahım ona hikməti öyrət" demişdir. (Buxari; Kitabul-fadail əshab, 26/96, 97, Kitabul-Elm 18/17, Müslim; Fadail- səhabə 138, (2477); ət-Tirmizi; Mənaqib, 3823, 3824).

Abdullah bin Abbas (r.a) Peyğəmbər (s.a.s)in əmisi oğludur. Hicrətdən 3 il əvvəl Məkkədə anadan olub. Hicrətin 68-cı ilində Taifdə vəfat etmiş, cənazə namazını Əlinin (r.a) oğlu Məhəmməd bin Hənəfiyyə qaldırmış və: "Bu gün islam ümmətinin böyük tərbiyəçisi ölmüşdür" demişdir. Peyğəmbərin (s.a.s) etdiyi dua nəticəsində Abdullah bin Abbas (r.a) islami elmlərin hamısında (təfsir, fiqh) ən yüksək zirvəyə qalxmış, "Rəisul Mufəssirin" (Təfsirçilərin rəisi), "Tərcumanul Quran", "Habrul-Ummə" kimi ləqəblərlə tanınmışdır.

CƏFƏR İBN ƏBU TALİB (r.a) FƏZİLƏTİ

1. Əbu Hureyrə (Allah ondan razı olsun! –r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) demişdir: "Cəfəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm" (ət-Tirmizi; Mənaqib, 3767).

2. Əş-Şabi (r.a) rəvayət edir: "İbn Ömər (r.a) Cəfərin oğlu Abdullaha salam verərkən: -Əs-Səlamu aleykə! (Sənə salam olsun!), Ey iki qanadlı adamın oğlu!, deyərdi. (Buxari; Kitabul- fadail əshab, 10-cu bab, hədis 57).

3. Əbu Hureyrə (r.a) rəvayət edir: "İnsanlar: "Əbu Hureyrə çox hədis rəvayət edir" deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (s.a.s) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə-o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər ibni Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq" (Buxari; kitabu Fadail Əshab, 10-cu bab, hədis 56; Tirmizi; Mənağib, 3770).

4. Əl-Bəra (r.a) belə demişdir: "Rəsulullah (s.a.s) Cəfər bin Əbu Talibə (Allah ondan razı olsun – r.a) demişdir: "Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan" (Buxari; Kitabu sülh, 6-cı bab, hədis 9, Kitabul-Məğazi 45/263, Müslim; Cihad 90 (178); ət-Tirmizi; Mənaqib, 37-69).

Bu hədislər Cəfər bin Əbu Talibin (r.a) fəzilətinə nümunələrdir. Ilk müsəlmanlardan sayılan Cəfər bin Əbu Talib (r.a) Əlidən (r.a) 10 yaş böyük olub, doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, Peyğəmbər (s.a.s) onunla kral Nəcasiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi təyin etmişdi. Iki dəfə hicrət edir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlir. Peyğəmbər (s.a.s) onu qucaqlayır, alnından öpür və: "Bilmirəm Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm" deyir. Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cəfər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd ibni Harisdən sonra sərkərdə oldu və bayrağı ona verdilər. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş

Cəfər (r.a) haqqında Rəsulullah (s.a.s) : "Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur" müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara sayırlar. Əbu Hureyrə (r.a) Cəfərin (r.a) kasıblara qarşı münasibətinə, comərdliyinə görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini verir. Rəsulullah (s.a.s) demişdir: "Məndən əvvəl hər Peyğəmbərə 7 seçilmiş vəzir verilmişdir. Mənə 14 vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal".

Rəsulullah (s.a.s) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (r.a) deyir: "Cəfərin ölüm xəbəri gəlincə Rəsulullahın (s.a.s) üzündən hüznü gördük".

HƏSƏN VƏ HÜSEYNİN (r.a) FƏZİLƏTLƏRİ

1. Əl-Bəranın (r.a) rəvayətində deyilir: "Mən gördüm ki, Peyğəmbər (s.a.s) Əlinin oğlu Həsəni çiyninə almış və: "Allahım, mən bunu sevirəm, bunu sən də sev!" buyurdu" (Buxari; Kitabu fədail əshab 24/89, Müslim; fədailus- səhabə, 58,59 (2422); ət-Tirmizi; Mənaqib, 3784).

2. Üsamə ibni Zeyddən (r.a) rəvayət olunur ki: "Peyğəmbər (s.a.s) Üsaməni Həsənlə bərabər qucağına alardı və: "Allahım, mən bunları sevirəm, sən də bunları sev", yaxud buna oxşar bir söz söyləyərdi" (Buxari; Kitabul- fədail əshab, 24/87).

3. Tirmizinin bir rəvayətində: "Rəsulullah (s.a.s) Həsən və Hüseynə baxıb: "Allahım mən bunları sevirəm, sən də sev!" deyərdi" buyurulur. (ət-Tirmizi; Mənaqib 3784).

4. Uqbə bin əl-Haris (r.a) belə demişdir: "Əbu Bəkr (r.a) ikindi (əsr) namazını qıldı, sonra Əli (r.a) ilə getdilər. Yolda Həsəni uşaqlarla oynayan gördü. Çiyninə alıb: -Peyğəmbərə (s.a.s) oxşayan, Əliyə oxşamayan atam sənə fəda olsun, dedi. Əli də gülürdü" (Buxari; Kitabul- fədail əshab, 24/90).

5. Ənəs (r.a) rəvayət edir: "Rəsulullahdan (s.a.s) Əhli-beytindən kimi daha çox sevirsən soruşanda dedi ki: "Həsən və Hüseyni". Fatiməyə (r.a) "Mənim oğullarımı çağır" deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı" (ət-Tirmizi; Mənaqib, 3774).

6. Yala bin Murrəh (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) buyurdu: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn "Əsbat"dan biridir" (ət-Tirmizi; Mənaqib, 3774; Ibni Macə; Muqəddimə, 144).
Hədisdəki "əsbat" sözü 3 məna verir: nəvə, qəbilə, ümmət.

7. Əbu Səid (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) buyurmuşdur: "Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir" (ət-Tirmizi; Mənaqib, 3778).

8. Abdullah bin Şəddad (r.a) atasından rəvayət edir: Rəsulullah (s.a.s) iki axşam (məğrib vəya işa) namazından birində yanımıza gəldi. Həsən və Hüseyn belində idi. Peyğəmbər (s.a.s) qabağa keçib uşaqları yerə qoydu, təkbir alıb (Allahu əkbər) namaza başladı. Namaz vaxtı səcdəsi çox uzun oldu". Atam deyir ki: "Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan Peyğəmbərin (s.a.s) belində uşaq oturub. Və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda Rəsulullahdan (s.a.s) soruşdular: "Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyni zənn etdik!" Cavab verdi ki: -Xeyir, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər düşürməyi uyğun bilmədim" (ən-Nəsai; Iftitah, 83 (2, 229, 320).

9.Ənsardan Səlma adlı bir qadın rəvayət edir: "Ummu Sələmənin (r.a) yanına girdim, gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: "İndicə Rəsulullahı (s.a.s) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. Səndə nə var, ya Rəsulullah (s.a.s)?"-deyə soruşdum. O, dedi: -Bir az əvvəl Hüseynin öldürüldüyünə şahid oldum" (ət-Tirmizi; Mənaqib, 3774).

10. Ənəs bin Malik (r.a) rəvayət edir: "Übeydullah bin Ziyada Hüseynin (r.a) başı gətirildiyi zaman, əlindəki süngü ilə kəllənin burnuna, gözlərinə vuraraq: "Bu qədər gözəlini görmədim" dedi. Mən də: "O, əhli-beytdə Rəsulullaha (s.a.s) ən çox oxşayanı idi" dedim. (Buxari; Kitabul-fədail əshab, 24/88,ət-Tirmizi; Mənaqib, 3780).
Übeydullah bin Ziyad bin Əbu Sufyan, Muaviyənin oğlu Yezidin xəlifəliyi dövründə Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi.

11. Ammar bin Uməyr (r.a) rəvayət edir: "Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də yaxınlaşdım. "Gəldi! Gəldi" deyirdilər. Gələn nə idi?-marağı ilə bir az da yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar çıxırdı. Übeydullah ibni Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra çıxıb getdi və qeyb oldu. Bir az sonra "Yenə gəldi! Yenə gəldi!" deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı". (ət-Tirmizi; Mənaqib, 3782).

12. Əbu Musa (r.a) Həsən əl-Bəsridən (r.a) rəvayət edir ki: "O Əbu Bəkrdən (r.a) eşitmişdir: "Mən Peyğəmbərin (s.a.s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə (r.a) baxaraq belə dediyini eşitdim: -Mənim bu oğlum seyyiddir. Allah onun əliylə iki müsəlman kütlənin arasını islah (sülh) edəcək" (Buxari; Kitabu-fadail əshab, 24/86).

13. Ənəs bin Malik (r.a) demişdir: "Heç bir kimsə Həsən bin Əli (Allah onların hər ikisindən razı olsun!) qədər Peyğəmbərə (s.a.s) çox oxşamırdı" (Buxari; Kitabul-fadail əshab, 24/92).

14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir: "Mən bin Əbu Numdan eşitdim ki, ona Abdullah bin Ömər deyib: "İraq əhlindən bir adam öldürülmüş milçəyin hökmü haqqında soruşanda cavab verib: -Iraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar Peyğəmbərin (s.a.s) qızının oğlunu (Hüseyni) ödürmüşdülər. Peyğəmbər (s.a.s) isə, o iki nəvəsi haqqında: "Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır demişdir." (Buxari; Kitabul- fadail əshab, 24/93).
Bu hədislər Həsən və Hüseynin (Allah onlardan razı olsun!) fəzilətinə nümunədir. Həsən və Hüseyn (Allah onlardan razı olsun!) Peyğəmbərin (s.a.s) Əli və Fatimədən (Allah onlardan razı olsun!) olan nəvələridir.

Həsən (r.a) hicrətin 3-cü ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (s.a.s) çox oxşayan həlim xasiyyətli və yüksək dərəcəli təqva sahibi olan Həsən (r.a) hərtərəfli müsbət xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə Müaviyyənin (r.a) ordusu ilə ona bağlı olan əsgərlərdən mütəşəkkil iki ordu qarşılaşıb, qan töküləcəyi anda Müaviyə (r.a) ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmməd ümmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə iki qardaş qanının tökülməsinin qarşısını almışdır. 49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.

Hüseyn (r.a) hicrətin 4-cü ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbala adlanan yerdə Məhərrəm ayının 10-da (ona görə Aşura günü adlanır) şəhid olmuşdur. Ümumiyyətlə istər Həsənin, istərsə də Hüseynin xəlifəliyi dövründə və daha sonralar xilafətdə fitnələr gündən-günə çoxalırdı. İslam tarixində hadisələr dəqiq bir mənalı göstərilməyib. Müxtəlif müəlliflər müxtəlif rəvayətlər edirlər. Daha ətraflı məlumat almaq üçün "Tarix-Təbəri" kitabına müraciət etmək olar.

Hüseynin (r.a) şəhid edilməsinin tarixi haqqında mövcud rəvayətlərdən biri belədir: Müaviyə (r.a) oğlu Yezidi xəlifə təyin edərək öləndən sonra, Kufə əhalisi Hüseynə (r.a) məktub yazaraq onu xəlifə görmək istədiklərini və ona itaət edəcəklərini bildirdilər. Hüseyn (r.a) Müaviyə oğlu Yezidə biət etmir və Məkkəyə gəlir. Kufəlilərin məktubunu Məkkədə alır və Kufəyə yollanmaq üçün hazırlaşır. Dövrün böyük səhabələrindən olan Ömərin oğlu Abdullah, Abbasın oğlu Abdullah və qardaşı Məhəmməd bin Hanəfiyyə (Əlinin (r.a) digər arvadından olan oğlu) kimi bir çox hörmətli adamlar ona Kufəyə getməməsini tövsiyyə edirlər. Lakin Hüseyn (r.a) yolundan qalmır. Yezid Kufəyə Ubeydulla bin Ziyadı vali təyin edir və Hüseyni (r.a) qarşılamaq üçün qoşun hazırlayır. Qoşuna Ömər ibni Səd ibni Əbu Vaqqas başçılıq edir. Məqsəd heç də Hüseyni (r.a) və onunla olanları öldürmək olmasa da bu qarşıdurma 72 nəfərin, o cümlədən Hüseyn (r.a) və 19 nəfər əhli-beyt adamlarının şəhid olması ilə qurtarır. Hüseynin (r.a) kəsilmiş başını təhqir edən Ubeydullah bin Ziyadı, Allah Ibrahim bin əl-Əştər adlı şəxsin əli ilə öldürür. Ibrahimi Muxtar bin Əbu Ubeydə əs-Saqafi göndərir. Ubeydullahın və yoldaşlarının kəsilmiş kəllələrini gətirərkən nazik bir ilanın kəllələrin burun və ağız deşiklərindən girib-çıxması rəvayət olunur. Doğrusunu Allah bilir.

FATİMƏNİN (r.a) FƏZİLƏTİ

1.Cəmi bin ət-Teymiyyi rəvayət edir: "Xalamla birlikdə Aişənin (r.a) yanına getmişdim. Soruşdum ki: "Hansı qadını daha çox sevirdi?" Fatiməni-deyə cavab verdi. Bəs kişilərdən kimi?-deyə soruşanda: "Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır" dedi. (ət-Tirmizi; Mənaqib, 3873).

2. Ummu Sələmə (r.a) rəvayət edir: "Fəth ilində Rəsulullah (s.a.s) Fatiməni (r.a) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (r.a) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (r.a) güldü. Rəsulullah (s.a.s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda dedi: "Əvvəlcə Rəsulullah (s.a.s) mənə öləcəyini xəbər verdi, ağladım. Sonrakı söhbətində mənim Məryəm bint İmrandan başqa Cənnət qadınlarının seyyidi (xanımı) olacağımı müjdələdi. Buna görə güldüm". (ət-Tirmizi; Mənaqib, 3872).

3. Misvər, ibn Məxrəmədən (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) demişdir: "Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olur" (Buxari; Kitabul-fadail əshab, 12/61, 31/107).

4. Aişədən (r.a) rəvayət olunur: "Peyğəmbər (s.a.s) vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (r.a) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: -Peyğəmbər (s.a.s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun əhli-Beytindən ona ilk çatan kimsə olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm-dedi". (Buxari; Kitabul-fadail əshab, 12/62).
Rəsulullah (s.a.s) qızlarından Fatiməni (r.a) daha çox sevirdi. Hətta Əliyə (r.a) Fatimə (r.a) ilə yaşadığı dovrdə digər bir qadınla evlənməyə icazə verməmişdir.

5. Mistər əl-Məxrəmə rəvayət edir ki: "Haşim bin Muğirə oğulları, qızlarını Əli bin Əbu Talibə vermək üçün peyğəmbərdən (s.a.s) izin istədilər. Rəsulullah (s.a.s) -İzin vermirəm! İzin vermirəm! İzin vermirəm dedi.
Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu ikrah edən şey məni ikrah edir, ona əziyyət verən şey mənə də əziyyət verir" (Buxari; Kitabul-nigah, 110/159).


XƏDİCƏ BİNT XUVEYLİD (r.a) FƏZİLƏTİ

1. Əbu Hureyrə (r.a) rəvayət edir: "Cəbrayıl (Allahın ona salamı olsun!) Rəsulullahın (s.a.s) yanına gələrək: -Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ". (Buxari; Kitabul- mənaqibul-ənsar 19, Kitabul tovhid 33/110, Müslim; fadailus-səhabə 71/2432).
Bu hədisə görə bəzi alimlər Xədicənin (r.a) Aişədən fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (r.a) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (r.a) Rəbbinin adından salamlamışdır.

2. Aişə (r.a) rəvayət edir: "Mən Peyğəmbəri (s.a.s) (Ona və ailəsinə Allaphın salavatı və salamı olsun!) arvadlarından heç birinə Xədicə (r.a) qədər çox qısqanmadım. Halbuki mən Xədicəni (r.a) dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (s.a.s) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin (r.a) dostlarına göndərirdi. Bəzən mən: Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur"-deyərdim. Rəsulullah da (s.a.s): -Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu" buyurdu. (Buxari; Kitabul-mənaqibul ənsar 19/43, Müslim; fadailus-səhabə 73, 74, 77, 78 (2434: 2435, 2436, 2437), ət-Tirmizi; Mənaqib, (3885, 3886)).
Əhməd bin Hənbəlin bir rəvayətində deyilir:
"Peyğəmbər (s.a.s) demişdir: "İnsanlar məni inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, digər arvadlarımdan uşağım olmadı".

3. Əli (r.a) rəvayət edir: "Peyğəmbər (s.a.s) demişdir: "Dövrünün ən xeyirli qadını İmranın qızı Məryəmdir, bu ümmətin ən xeyrili qadını Huveylidin qızı Xədicədir" (Buxari; Kitabus-səhabə 69/2430; ət-Tirmizi; Mənaqib, 3887).

4. Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: "Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə İmranın qızı Məryəm, Fironun arvadı Asiya, Huveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, tirid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-ənbiya, 48/105, Müslim; fadailus-səhabə, 70 (2431), ət-Tirmizi; Ətimə 31/1835).
Xədicə (r.a) Huveylid bin Əsədin qızı olub, Peyğəmbərlə (s.a.s) bir neçə nəsəb əvvəl eyni nəsildəndirlər. Arvadları içərisində nəsəbi ən yaxın olan Xədicədir. İbrahimdən başqa digər övladlarının (Qasım, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.

AİŞƏNİN (r.a) FƏZİLƏTİ

1. Aişə (r.a) rəvayət edir: "Peyğəmbər (s.a.s) mənə: "Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!"-dedi. Mən də: "Və əleyhissəlamu və rəhmatullahi və bərəkətuhu (ona Allahın salamı, rəhməti və bərəkəti olsun!) dedim". Rəsulullah (s.a.s) mənim görmədiyimi görürdü". (Buxari; Kitabul-fadail əshab 32/109, Müslim; fadailus-səhabə 91/2447; Əbu Davud, Ədəb 166/5232. Ət-Tirmizi, Mənaqib 3876, ən-Nəsai; Işretun Nisa 3/7, 69).

2. Əbu Musa (r.a) rəvayət edir: "Biz, Peyğəmbərin (s.a.s) səhabələri hədislərdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək" (ət-Tirmizi; Mənaqib, 3877).

3. Əbu Vail rəvayət edir: "Əli (r.a) əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni Kufəyə göndərəndə Ammar xütbə edib dedi: "Qəti surətdə bilirəm ki, o, dünyada və axirətdə Peyğəmbərin (s.a.s) arvadıdır. Lakin Allah sizi, Öz hökmünə (İmama itaət edəcəyinizi) yaxud Aişəyə tabe olacağınızı imtahan edir" (Buxari; Kitabul-fadail əshab, 32/112).
Bu rəvayət Cəməl (Dəvə) döyüşü ərəfəsində Əli (r.a) və Aişə (r.a) qarşıdurması ilə əlaqədar söylənilmişdir. Əslində bu qarşıdurma düşmənçilikdən deyil, Aişədən başqa sağlığında Cənnətlə müjdələnmiş Təlha və Zubeyr kimi böyük səhabələrin, Osmanın (r.a) qatillərinin tapılması və qisasının alınması tələbindən yaranmışdı. Həm Əli (r.a), həm də Aişə (r.a) İslam dünyası üçün xeyir istəyirdilər.

4. Abdullah bin Abdurrəhman, Ənəs bin Malikdən (r.a) belə eşitdiyini rəvayət edir: "Mən Rəsulullahdan (s.a.s) eşitdim ki: "Aişənin digər qadınlardan üstünlüyü tirit aşının digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-fadail əshab, 32/110).

5. İbn Avn, əl-Qasim bin Məhəmməddən rəvayət edir: "Aişə (Alalh ondan razı olsun!) xəstələnmişdi. Abdullah bin Abbas (r.a) onu ziyarət etməyə gəldi və: -Ey möminlərin anası, sən Rəsulullah (s.a.s) və Əbu Bəkrin (r.a) səndən əvvəl Cənnətə girib hazırladıqarı gözəl bir məqama gedəcəksən"-dedi. (Buxari; Kitabul-fadail, 32/111).
Abdullah bin Abbas (r.a) dövrünün ən elmli şəxsiyyəti idi. Onun Aişəyə (r.a) dediyi sözlər şübhəsiz ki, Peyğəmbər (s.a.s)dən bildiyidir.

6. Aişədən (r.a) rəvayət edilir: "Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunmağı səfər zamanı itdi. Rəsulullah (s.a.s) səhabələrindən bəzilərini hansı ki, Useyd ibn Hüdeyr da onların arasında idi -boyunbağını axtarmağa göndərdi. Onlar namaz vaxtı olduğundan və su tapmadıqları üçün dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s.a.s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: -Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın-dedi" (Buxari; Kitabul-fadail əshab 32/113).
Rəvayətin başqa variantları Buxarinin "Təyəmmüm kitabı"nda 1-ci və 3-cü hədislərdə verilmişdir. Həqiqətən Aişənin boyunbağının itməsi müsəlmanlar üçün bir rəhmət olan təyəmmüm ayəsinin nazil olmasına vəsilə olmuşdur. Təyəmmüm ayələri əl-Maidə surəsinin 6-cı və ən-Nisa surəsinin 43-cü ayləridir.

7. Urva bin əz-Zubeyr belə demişdir: "İnsanlar Peyğəmbərə (s.a.s) hədiyyələri Aişənin növbəsi olanda verməyə çalışırdılar. Aişə dedi: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: "Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə (s.a.s) Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha (s.a.s) de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyini tapşırsın"-dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s.a.s) xatırlatdı. Ummu Sələmə dedi: -Mən bunu Peyğəmbər (s.a.s)ə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə xatırlatdım, bu dəfə mənə: "Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, vallahi Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy enmədi"-buyurdu" (Buxari; Kitabul-fadail əshab, 32/115, Kitabul-Hibə, 6/15,16).
Bu hədislər Aişənin (r.a) fəziləti üçün kifayət qədər dəlildir. Qeyd etmək lazımdır ki, ən-Nur surəsinin 11- 20-ci ayələri, Aişəyə (r.a) səfər zamanı itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır:

"Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın böyüyünü öz üstünə götürəni (Abdullah bin Ubeyyi) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"-deməli deyildirmi?

(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək doğru şahid gətirmədilər! Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və aixirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyniz sözü ağzınıza alır və onu yüngül, asan (insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu (Peyğəmbərin (s.a.s) əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah Bu, çox böyük bir böhtandır!"-deməli deyildinizmi?
Allah sizə öyüd nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (halınız necə olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi"
(Qurani-Kərim: ən-Nur surəsi, 11-20).
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka