Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ

[ Oxu! / 2547 dəfə baxılıb ]   
|
 
Bildiyimiz kimi İslam şəriətinin iki əsas qaynağı mövcuddur. Bunlardan birincisi və ən əsası uca Allahın Kitabı Qurani Kərimdir. İkincisi də Rəsulu Muhammədin (s) Sünnətidir.

Kim bu iki əsas qaynağa istinad edərsə mütləq hidayətə çatar, doğru yolu tapar. Kim də bu iki qaynağa arxa çevirərsə azar və yolunu itirər. Bir müsəlman mütləq bu iki əsas qaynağa tabe olmalı, bu iki qaynağın hökmlərini tərəddüdsüz qəbul etməlidir.

Sünnət: Quranı açıqlayır. Çünki Allah Rəsulu (s) risaləti, mesajı təbliğ etmiş, çatdırılması lazım olan yerlərə çatdırmışdır. Eyni zamanda üzərindəki əmanəti yerinə yetirmiş, ona nazil olan bu zikri, Qurani Kərimi də insanlara açıqlamışdır. Belə ki, uca Allah belə buyurmuşdur:
“İnsanlara onlara endiriləni açıqlaman üçün və düşünüb anlamaları üçün sənə də Quranı endirdik.” (Nəhl, 44)

Sünnət, Quranda mücməl [1] olaraq açıqlanan hökmləri ən xırda incəliyinə qədər izah edir. Bu baxımdan hər bir müsəlmanın Qurani Kərimi anlaması və məqsədinin nə olduğunu bilməsi üçün sünnət vacibdir. Sünnət olmadan heç bir müsəlman yolunu lazım olduğu qədər işıqlandıra bilməz.

Sünnətin dindəki yeri olduqca önəmlidir. Sünnətin məsləhət bildiyi qanunlara tabe olmaq şəriətin əmrlərinə tabe olmaq deməkdir. Belə ki, uca Allah belə buyurmuşdur:
“Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar” (Nisa, 80)

Məhs buna görə də bir şəxsin mömin ola bilməsi üçün mütləq Allah Rəsulunu və onun Sünnətini hakim qəbul etməlidir. Çünki Allah belə söyləyir:
“Xeyir, Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə qəlblərində bir sıxıntı duymadan ona tam təslim olmayınca iman gətirmiş olmazlar.” (Nisa, 65)

Saleh Sələf də Allah Rəsulundan eşitdiklərini, onun aşağıdakı əmrinə tabe olaraq bizə açıqlamışdılar. Çünki Peyğəmbər (s) bir hədisində belə buyurmuşdur:

“Burada olanlarınız burada olmayanlara bu söylədiklərimi çatdırsınlar, çünki elələri var ki, onlar burada olub məndən dinləmiş olanlardan daha anlayışlı olaraq hökmlər çıxartmağa daha qabiliyyətli ola bilərlər.”
[2]

Mövzunun əhəmiyyəti:
Bu gün İslamın bu ikinci əsas qaynağı olan Sünnətinə İslam düşmənləri tərəfindən hücumlar edilir və bu hücumlar bəzən həddən artıq çox olur. Çünki bu qaynağın çoxunu “uydurma”dır bəhanəsi ilə qəbul etməyənlər və hədislər haqqında şübhə oyandıranlar get-gedə çoxalırlar. Bu davranışlarla guya dinə xidmət adı altında, - əgər səmimi və aldadılmış deyillərsə, - onu həyatımızdan tamamilə uzaqlaşdırmağı hədəf alıblar.

Bunun səbəbi dinə qarşı bir çox materialistlərin və dağıdıcı nəzəriyələrin gəncliyin, xüsusi ilə də müsəlman gəncliyin beyinlərini bulandırmalarıdır. Çünki bu gün elm məclisləri, toplantılar azalmış, cami və məscidlərdə bu barədə əvvəllər olan işlər; toplantılar və dərs haqlaları yığışdırılmış, elm adamlarımız isə get-gedə azalır. Bununla yanaşı bir çox dərnəklər, quruluşlar, səlahiyətsiz şəxslərin tabeliyində fəaliyyət göstərir. Belə ki, bəzi savadsız insanlar məscidin minbər və mehrablarında hədis deyə duyduqları, oxuduqları hər şeyi səhih olub-olmadığını araşdırmadan insanlara nəql edirlər. Bu azmış kimi bir də qəzet və jurnallarda, qısacası vizual və virtual mediada, mətbəədə bir çox səlahiyyətsiz insanlar bu mövzular haqqında öz şəxsi arzu və istəklərinə uyğun fikir bildirməkdədirlər.

Xüsusi ilə İslami mediya adı altında “sirlər dünyası, altıncı hiss, qəlb gözü” kimi ağla, xəyala gəlməyən ssenarilərlə İslamı və onun hökmlərini qeyri-ciddi şəkildə təbliğ etmək də faciənin başqa bir növüdür.
Əlinizdəki bu kitabda hədis deyə uydurulan və Allah Rəsuluna istinad edilən bəzi fikirləri təqdim edəcəyik və Rəbbim izin verərsə bu silsilədən daha geniş məlumatları oxucularımızla paylaşmaq niyyətindəyik.

İslam alimləri məvzu, yəni hədis deyə uydurulan sözlərin uydurma olduqlarını bildirmədən doğru kimi təqdim etməyə, onun uydurma olduğunu bildikləri təqdirdə zikr edilməsini isə qəti olaraq və ittifaqla haram hesab etmişdilər. Tirmizi və Əhməd b. Hanbəlin Səmurədən (r) rəvayət etdikləri bu hədisi də dəlil olaraq göstərmişdilər:
Səmurənin anlatdığına görə Allah Rəsulu (s) belə buyurmuşdur:
“Kim mənim adıma, rəvayət etdiyi hədisin yalan olduğunu bilərək bir hədis rəvayət edərsə, o da yalançılardan biridir” [3]

Rəvayət olunan hədis mövzu baxımından istər əhkam ilə əlaqəli olsun, istər vazz, Tərğib, dinə təşviq məqsədi ilə olsun, istər tərhib, qorxutmaq və xəbərdarlıq məqsədi daşısın heç bir fərqi yoxdur. Belə ki, bu mövzuyla da bağlı başqa bir hədis də belədir:

“Kim bilə - bilə, qəsdən mənim adıma hədis uydurarsa, o şəxs indidən cəhənnəmdəki yerinə hazırlansın.” [4]



[1] Özəl olaraq anladılmış, qısa
[2] İbn Macə, Müqəddimə, 18/233; Buxari, Fitən, 8/7078, Elm, 9/67; Müslim, Zikr və Dua, 2699
[3] Tirmizi, Elm, 9/2799 (Ahvəzi, 7/422); İbn Macə, Müqəddimə, 1/14; Əhməd, Müsnəd, 5/14,20
[4] Buxari və Müslim bu hədisi ittifaqla rəvayət etmişlər. Bundan başqa da bu barədə başqa hədislər də mövcuddur. Xüsusi ilə mövzumuzla bağlı olan bu hədis mütəvatir (səhih ehtimalı çox olan, hər kəs tərəfindən bilinən və qəbul olunan) olan bir hədisdir. Müslim, Müqəddimə, 2/3; Buxari, Elm, 38/106-110; Tirmizi, Elm, 8/2659

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka