Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İÇİMDƏKİ MƏN

[ Müxtəlif / 6959 dəfə baxılıb ]   
|
 
Yazmaq üçün birinci ad seçmək lazımdır. Çünki ad mahiyyətdir. Mahiyyət isə ən vacib olanlardandır. Yazarkən adını nə qoyacağımı ÇOX fikirləşdim... bəlkə də HEÇ fikirləşmədim...
İçimin halı...
İlk əvvəl içimin halını özümlə paylaşmaq istədim. Sonra özümkimilərlə dərdləşmək keçdi içimdən. Və sual verdim özümə: Nə var qəlbimdə? Cavab aldım: «İMAN» Sevindim. Nə yaxşı ki, var imiş. Nə olardı o olmasaydı? Düşündüm. Ətrafımdakı insanlara baxdım. Bəlkə də hər şeyləri var idi, bəlkə də çox şeyləri var idi. Amma məndən fərqli bir şeyləri yox idi. «İMAN». Kimin nəyi var tərəziyə qoysun. Hansı gözün ağır gələcəyi məlum.
Çölümün halı...
İçimdə daşıdığım imana böyük sayğı duysam belə onun şəhadət halını yaşaya bilmirəm. İman var. Amma ONUN layiq olduğu əməl yoxdur. Bəlkə də çöldən var kimi görünür. Amma içimdəki MƏN, onun olmadığını qulağıma pıçıldayır. Bəlkə də daşıdığım atributların çoxu şəhadət verir. Amma mən şəhadət verə bilmirəm. İçim əməllərimin şəhadət vermədiyini üzümə çırpır. Mələklərin «götürün əməlini üzünə çırpın!» deyən səslərini eşidən kimiyəm.
Bir mən var məndən içəri...
İçimdəki mən mənəm, çölümdəki mən görüntüyəm. Mən görməsəm belə, hər an göründüyümün fərqindəyəm. Çölüm görünməsə belə, “İÇİM” görünür. Varlığının tək şahidi olan Allah görür. Şəhadət verən Mələkləri, şəhadəti yaşayan xəlifələri görür.
Qaçmaq istəyirəm...
İçimdəki məndən deyil. Yox, əsla. Çölümdəki məndən qaçmaq istəyirəm. Şəhadətə, Şahidə qaçmaq istəyirəm. Mən məni Yaradana qaçmaq və qışqırmaq, var səsimlə, mənliyimlə qışqırmaq istəyirəm. Bağışla Məni! Qul ola bilmədiyim, qulluq edə bilmədiyim üçün bağışla! Sən mənə hər şey verdin: İman, elm, Sənə aparan yol... Amma torpaq tərəfim ağır olub deyəsən. Məni elə yerə, aşağıya çəkib. Uçmaq istəyirdim, Sənə çatmaq, gül camalına doyasına tamaşa etmək keçirdi gönlümdən. Uça bilmədim, çata bilmədim...

Mənim halım....
Əslində bu yarım başlığın altındakı sətri boş qoymalıydım.
Amma: İçim+Çölüm=Mən düsturu əlində bir kisə qızılı olub, sonda acından ölən adamın halını xatırladır mənə.
Mən = O adam.
Mən = ölü.
Özü də qəza və qədərdən deyil, “ACINDAN” ölən biri. Yox idi yemədin öldün? Axı sənin varın idi. Yeyə bilmədin, yedirə bilmədin... Sonunda öldün...

Torpaq hissəni torpağa gömdülər. Ona layiqiylə xidmət etdiyin üçün torpaq sənə “MİNNƏTDAR” oldu. Və... səninlə başqa canlılarını qidalandırdı. Varını verən utanmaz. Sənə də vermişdi, səni də qidalandırmışdı... sonda səni də verdi, səninlə də qidalandırdı. Saxlayıb neyləyəcəkdi ki? Verdi ki, onlar da ona Layiqiylə xidmət etsinlər.
RUHUM “TORPAĞI” tərk etdi. Etdi, amma nə olsun. Hara gedəcəyini bilmədi ki... Bilsəydi gedərdi. Avara, dəyərini itirmiş, gedəcəyi yeri, gözləyəni olmayan birilərini xatırladır mənə bu ruh. Özünü sevdirə bilmədi ki, gözləsinlər onu, qayıtmağa yeri yox idi ki, geri dönsün.

Bəlkə hər şeyi kökündən dəyişsə, bəlkə özünü, çölünü, əməlini dəyişsə... Qayıda bilməzsən. Qurd yemiş, deşik – deşik olmuş, nimdaş əskidən betər hala düşmüş bədənini indi sən də bəyənməzsən.
İçində olduğun müddətdə sən onu necə qorumuşdun, bir Allah bilir. Üstünə nəinki bir qurd, bir milçək, heç bir toz da qondurmamışdın.
Sən nə qədir bilməzsən TORPAQ! Mənə verdiyini sənə necə qaytarmışdım. Sənsə onu bir günün içində didib – parçaladın. Amma səni qınamağa nə haqqım. Məni Mən edəni mən də unutmuşdum. Mənə dəyər verənin ruh olduğunu unutmuşdum. O ruha mən də elə nankorcasına yanaşmadımmı? Yamadılar - mən yırtdım, düzəltdilər - mən dağıtdım. Səndən təşəkkür gözləyirdim, sənin üçün çalışırdım – TORPAQ!
Sən mənə ruhum üçün bir geyim vermişdin. O isə ruhum üçün qida vermişdi. Mən düz seçim edə bilmədim. Var olmağı deyil, yaşamağı seçdim. Var olmaq, ölümsüz olmaqdır. Var olmaq varlığa qovuşmaqdır...

Təzad...
İçim və çölüm... birini mən görürəm, birini sizlər. Biri məni nurlandırır, biri özgələrini. Biri səmimidir, biri riyakar. Biri şəhadət vermək istəyir, biri şəhadət verir kimi görünür. Biri mənəm, biri mənim görüntüm. Birinə Allah qiymət verir, birinə bəndəsi. Biri yaradana qayıdacaq, biri yaradılana...
Ölmək istəyirəm. Amma utanıram. Yaşamaq istəyirəm, amma yenə də utanıram. Bu dünyada nə qədər çox qalsan o qədər çox borclu olacağının və bu borcu ödəyə bilməyəcəyinin fərqində olursan. Çox yaşamaq daha çox kredit almaq kimidir. Hər an faizi artır.

Allahım! Səndən utanıram.
Allahım! Mələklərinin «niyə yaratdın?» sualından utanıram. Allahım! Sənin dərgahında utanmaqdan utanıram.
Allahım! Mən içimdəki MƏNdən utanıram.
Allahım! Bir ömür daşıdığım təzaddan utanıram.
Allahım! Verdiyin hər nemətdən, bu nemətin haqqını verə bilməməkdən utanıram.
Allahım! Olanımı itirməkdən, itirməyin də itirmək qorxusundan utanıram.
Allahım, mən heç kəsdən deyil İÇİMDƏKİ MƏNdən utanıram. Daşıdığım İmana layiq olmayan əməldən utanıram.
İçim və çölüm dartışmasını bitirib ona ad vermək istədim. Düşüncələrimin adı olsun deyə...
Mənim içimdəki mən. Məndən üstün mən.


RÜZGAR KƏSKİN/ azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka