Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏCC 1

[ Həcc / 931 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


- Həccin Hökmü
Qur'ani Kərim, Peyğəmbərimizin (s.a.s) sünnəti və bütün İslam alimlərinin rəyi ilə, Həcc fərz əməldir və həmçinin İslam dininin 5 şərtindən biridir. Allahu Təala Əl-İmran surəsinin 97-ci ayəsində belə buyurub: ((Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir! )) Peyğəmbərimiz də (s.a.s) belə buyurub: "Allahu Təala sizə həcc etməyi fərz buyurub, həcc edin!".
Həcc ibadətini inkar edən şəxs şübhəsiz İslamdan çıxmış kafir sayılır. Yalnız həccin fərz ibadət olduğunu bilməyənlər istisnadır. Məsələn; İslamı yenicə qəbul edənlər, yaxud insanlardan uzaqda cəmiyyət xaricində yaşayanlar, hansılar ki, İslam dininin şəriətlərini yaxşi bilmirlər. Bu kimi insanları üzrlü saymaq olar və onlara hökmləri bəyan etmək lazımdır. Əgər hökmü bəyan etdikdən sonra da inkar etsələr İslamdan dönmüş (mürtəd) hesab olunurlar.
Həccin fərz ibadət olduğunu təsdiq edib, ancaq onu etmək istəməyənlər kafir sayılmırlar, lakin bunun böyük günah olduğunu İslam alimləri izah etmişlər.


- Həcci nə vaxt etmək olar
Həcc etməyi bacaran və imkanı olan müsəlman mütləq həcc etməlidir və onu gecikdirməməlidir. Beləcə bunun kimi başqa vacib əməllər də gecikdirilməməlidir.


- Həccin şərtləri
Həcc etmək üçün əsas şərtlər vardır ki, həcc ibadəti sayılsın.
1. Müsəlman olmaq. Allahu Təala Ət-Tövbə surəsinin 28-ci ayəsində buyurub ki; ((Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, e'tiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne'mətindən (verib) sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! )) Bu ibadət onlardan qəbul olunmur və qəbul olunmadığı üçün də onlara vacib deyildir.
2. Ağıl və dərrakə. Ağlı olmayana və dəlilərə bu ibadət fərz deyil, necə ki, başqa ibadətlər. Peyğəmbərimiz (s.a.s) belə buyurub: "3 şəxsdən qələm götürülmüşdür (əməlləri yazılmır). Dəli, ayılıncaya (ağlı gəlincəyə) qədər. Yatan adam, oyanıncaya qədər. Oğlan uşağı həddi büluğa çatıncaya qədər."
3. Həddi büluğ. Həddi büluğa çatmamış uşağa həccə getmək vacib deyil. Həcc etsə həcci sayılacaq, lakin vacib olan həcc kimi hesab olunmayacaq. Həddi büluğa çatdıqdan sonra yenidən həcc etməlidir. Yuxarıda keçən hədisə görə və bir başqa hədisdə də Peyğəmbərimizin (s.a.s) belə buyurduğu rəvayət olunur: "Hər hansı uşaq həcc etdikdən, sonra həddi büluğa çatsa, o, yenidən həcc etməlidir. Həmçinin hər hansı qul həcc etdikdən, sonra azad olsa, o, yenidən həcc etməlidir.
4. Azad olmaq. Kiminsə mülkü sayılan, yaxud qulu olan şəxsə həcc etmək vacib deyil. Həcc etsə ondan qəbul olunur, lakin vacib bir həcc kimi hesab olunmur.
5. İmkan. Həccə getmək yalnız onu etməyə qadir olan və imkanı olan şəxslərə vacibdir, bacarmayana məcburi deyildir. Bunun dəlili Qur'ani Kərimdən olan ayə, Peyğəmbərimizin (s.a.s) hədislər və həmçinin İslam alimlərinin rəyidir. Lakin imkanı olmayaraq həcc edərsə, artıq vacib ibadəti yerinə yetirmiş sayılır.


Qadına xas olan şərt. Qadınla bərabər məhrəm (yaxını) getməlidir. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki: "Heç bir kişi məhrəmi olmayan qadınla xəlvətdə (təklikdə) olmasın və heç bir qadın məhrəmi olmadan səfərə çıxmasın. Bir kişi qalxıb dedi: Ya Rəsulallah, mənim xanımım həcc etmək üçün çıxıb....(Peyğəmbər) dedi ki; Get və xanımınla həcc et!"
Bütün şərtləri yerində olan şəxs tələsmədən həcci yerinə yetirməlidir. Çünki Peyğəmbərimiz (s.a.s) deyib ki: "Həccə tələsin (fərz həccinə). Heç kim başına nə gələcəyini bilmir."
Həcc etməyə qadir olmayanlar isə iki cür olur:
1. Xəstə olan şəxs xəstəliyindən sağalacağını və yaxşılaşacağını gözləyərsə və həcc edə bilmədən vəfat edərsə, günah qazanmır və onun yerinə başqası həcc etməlidir.
2. Xəstəliyindən və ya acizliyindən ömrü boyu şəfa tapmayacağını (ixtiyar qoca, ağır xəstə, əlil, miniyə otura bilməyən) bilən şəxs özünün yerinə başqasını göndərməlidir.


- Həccin əsasları
Həccin əsas hissələri vardır ki, həccə gedən şəxs bunları etməsə həcci sayılmır. Bunlar:
1. Həccə niyyət edərək ehram geyinmək.
2. Ərəfatda durmaq.
3. Beytullahı (Kəbəni) təvaf etmək.
4. Səfa və Mərva arasında sə'y (gəzmək).
5. Müzdəlifədə qalmaq (gecələmək, yatmaq).
Beləki bunlar həcc edənə vacibdir. Həcc edən şəxs mütləq lazım olan yerdən, Məkkəyə girməmişdən təyin olunan ərazidən niyyət edərək ehramını geyinməlidir. Həcc edən şəxs ərəfə günü Ərəfatda gün batana kimi (Məğrib vaxtı) dayanmalı, Müzdəlifə deyilən məntəqədə gecələməli və sabah namazını orda qılmalı, bayramdan sonra 2 gecə Mina məntəqəsində qalmalı, iblisə (şeytana) daş atılan məntəqədə (camaraat) tə'yin olunan formada daş atmalı və sonunda vida olaraq Kəbəni təvaf etməlidir. Kişilər saçlarını qırxmalı və ya qısaltmalıdırlar.


 


- Həccin xüsusi ədəb ərkanları
Həccə gedərkən xüsusi ədəb ərkanlara riayət etmək isə sünnətdir. Burada qeyd edilənləri etmək fərz yaxud vacib deyildir. Lakin Həcci gözəl və qüsursuz əda etmək üçün Həccin ədəb ərkanlarına riayət etmək tərcih edilir.
Beləki, həccə gedən şəxs Məscidül-Hərama çatar çatmaz təvaf etməlidi, sonra Məqamu İbrahim olan yerdə namaz qılmalıdır. Mina məntəqəsində qalarkən, 5 vaxt namazı orada qılmalıdır. Qurban kəsilən günün gecəsi Müzdəlifə deyilən məntəqədə gecələməli, sabah namazını orada qılıb və günəş çıxmadan Mina məntəqəsinə getməlidir. Müzdəlifə məntəqəsində gecələmək Hənəfilərə görə vacib olsa da, başqa məzhəblərə görə sünnət sayılır. Ancaq həccin ədəblərini gözəl şəkildə əda etmək istəyən şəxsin bunu etməsi yaxşı olardı. Beləki Peyğəmbərimiz (s.a.s) Müzdəlifədə gecələmiş və sabah namazını qılandan sonra oranı tərk etmişdir. Müşriklərə müxalif olmaq üçün, günəş çıxana kimi gözləməmişdir, beləki müşriklər öz həccləri zamanı günəş çıxana kimi həmin məntəqədə qalırdılar.
Həcc zamanı Allahu Təalanı çoxlu zikr etmək və dua etmək, Zəm-zəm suyundan içmək və onun yanında dua etmək.
Həcc zamanı əda olunacaq əməllərin tərtibatını gözləmək.
Həcc zamanı başqa yerləri vacib olaraq ziyarət etməmək. Bəziləri həcc edərkən Hira və yaxud Sovr mağarasını ziyarət edirlər, Peyğəmbərimiz (s.a.s) doğulduğu məntəqəni ziyarət edirlər və bunun vacib olduğunu düşünürlər. Bəziləri də bu məntəqələrdə duanın qəbul olduğuna inanırlar. Bunlara aid heç bir dəlil və sübut yoxdur.


- Həccin qısa forması
Həccə gedən şəxs mütləq niyyət etməlidir və Məkkəyə daxil olmamışdan ehramını geyinməlidir. Ehramını geyməzdən əvvəl, cənabətdən qüsl aldığı kimi qüsl almalıdır. Kişilər gözəlcə başlarını və saqqallarını ətirləməli sonra ehramı geyinməlidirlər. Ehram geyindikdən sonra "Ləbbeyk Allahummə Umra. Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulk, lə şərikə lək" zikri oxunur və Məkkəyə gedincəyə qədər bu zikr edilir.


Təvafa başlayarkən artıq "Ləbbeyk" zikri dayandırılır və Həcər-Ələsvəd (qara daşdan) əl qaldırılaraq salam verilir "Bismilləh vallahu əkbər, Allahummə imənən bikə, və təsdiqan bikitəbikə, və vafəən bi ahdikə, və ittibəən lisunnəti nəbiyyikə Muhəmmədin sallallahu aleyhi və səlləm" deyilir və təvafa başlanır. Əgər mümkün olarsa o daşı öpüb təvafa başlamaq olar. Sonra Kəbə sol tərəfində olmaq şərtiylə 7 dəfə ətrafında təvaf edilir. Hər təfav Həcər-Ələsvəddən başlayır və Həcər-Ələsvəddə bitir. Bu təvafda sünnətə görə yaxşı olardı ki, kişilər ilk 3 dövrəni yeyin-yeyin və qısa addımlarla getsinlər. Ehram bədəni elə örtməlidir ki, sağ çiyin açıq qalsın. Təvaf boyu istənilən zikr və duanı etmək olar, bundan başqa bə'zi qeyd edilmiş dualar da vardır. Rükn Əl-Yəməəni tərəfdən Həcər Ələsvədə tərəf gedərkən "Rabbənə əətinə fid-dünyə həsənətən va fil-axirəti həsənətən, va qinə əzəəbən-nar" deyilir. Lakin hər dövrənin və ya hər təvafın öz xüsusi duası yoxdur, bunlara aid Peyğəmbərimizdən (s.a.s) bir şey gəlməyib. Ona görə də həccdə və təvafda olarkən əllərində xüsusi kitablar olanlara diqqət edin, siz də onlar kimi hər dövrədə mütləq müəyyən olunmuş şeyləri oxumayın.
Təvafa başlayarkən diqqətli olmaq lazımdır ki, Həcər-Əsvəddən başlansın və mütləq Həcər-Ələsvəddə. Təvafdan sonra Məqamu İbrahimdə 2 rükət namaz qılınır. Bundan sonra Səfa və Mərvaya gedilir, başlamazdan əvvəl "İnnas-safəə val məvətə min şəairilləh" (Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir) deyilir və bu yalnız bircə dəfə başlanğıcda deyilir. Səfaya qalxıb, qibləyə tərəf üz tutaraq əlləri qaldırıb Allahu Əkbər və Əlhəmdulilləh deyilir. Sonra "Lə iləhə illəl-lah vəhdəhu lə şərikə ləh, ləhul mulk və ləhul həmd, və huvə alə kulli şey'in qadiir. Lə iləhə illəl-lahə vahdəhu, əncəzə va'dəhu, və nasara abdəhu, və həzəməl əhzəəbə vahdəhu." deyilir, dua edilir, sonra 2-ci dəfə bu oxunur, dua edilir və 3-cü dəfə oxunur və sonra davam edilir. Mərvaya tərəf yürüyərək yaşıl sütuna qədər gedilir, yaşıl sütundan ondan sonrakı sütuna kimi qaçaraq gedilir, sütuna çatdıqdan sonra Mərvaya qədər adi yürüyərək davam edilir. Mərvaya qalxarkən üzü qibləyə tutub, Səfada olarkən dediklərini təkrarlayır və Səfaya tərəf üz tutub yürüməyə davam edir. Səfaya çatarkən, ən başda etdiyi kimi edib yenə Mərvaya üz tutur. Səfadan Mərvaya getmək bir dəfə və Mərvadan Səfaya qayıtmaq da bir dəfə sayılır. Beləcə 7 dəfə etdikdən sonra Səfa və Mərva arasındakı gəzinti bitir. Bunu bitirən kimi saç qısaldılmalıdır. Kişilər saçlarını qısaldarkən başın hər tərəfindən saç alınmalıdır və aydın şəkildə saçın azaldığı görünməlidir. Qadınlar isə başlarının iki tərəfindən saçlarının ucundan qısaca kəsirlər. Bunlar edildikdən sonra kişi ehramını soyuna bilər və paltarını dəyişə bilər və artıq hər şey (qadın, ətir, paltarlar və sairə) ona halal olur.
Zilhiccə ayının 8-ində olarkən artıq yenidən qüsl alınır, həcc niyyəti ilə ehram geyilir və ətir sürtülür. Sonra Minaya gedilir, orda Zöhr, Əsr, Məğrib, İşa və Fəcr namazları qılınır. Namazlar qısaldılır, yə'ni 4 rükətli namazlar 2 rükət olaraq qılınır, lakin cəm olunmur, bütün namazlar vaxtında qılınır.
Fəcr namazı qılındıqdan sonra, artıq Ərəfə gününün günəşi çıxır, bu zaman Ərəfəyə üz tutulur. Yolda Nimrə deyilən məntəqədə durmaq da olar əgər mümkünsə, mümkün deyilsə Ərəfəyə qədər davam edilir. Ərəfəyə çatarkən Zöhr namazının vaxtında, Zöhr namazı ilə Əsr namazı bir yerdə qısalaşdırılıb qılınır. Bundan sonra zikr, dua, ibadət, Qur'an oxumaq və sair kimi xeyir əməllərlə məşğul olmaq lazımdır. Bu günün sonunda yə'ni gün batana yaxın çalışmaq lazımdır ki, çoxlu dua edilsin, çünki duaların qəbul olunacağı xüsusi bir vaxtdır.
Gün batandan sonra Müzdəlifəyə qayıdılır, Məğrib və İşa namazları qısaldılıb bir yerdə orada qılınır. Sonra səhərə kimi orada qalıb, Fəcr namazı qılınır və gün tam çıxana kimi dua edilib sonra Minaya gedilir. Lakin camaatın çoxluğundan qorxan və əziyyət çəkən şəxs gün çıxmamışdan da gedə bilər Minaya. Buna Peyğəmbərimiz (s.a.s) icazə vermişdir.
Minaya çatar çatmaz Aqbatul-Ula (birinci) daş atmağa gedir, yeddi daş atır və hər daşı atanda Allahu Əkbər deyilir. Bundan sonra qurban kəsir və saçını qırxır. Saçını sadəcə qısalda da bilər, ancaq qırxmaq daha əfzəldir. Qadınlar da müxtəlif tərəflərdən balaca qısaldırlar.
Bu zaman artıq ehramın birinci mərhələsi bitir və qadına yaxın durmaqdan başqa bütün qadağalar ona halal olur. Paltarını dəyişib Məkkəyə gedilir, Kəbənin ətrafında 7 dəfə İfadə təvafi edilir. Sonra Səfa və Mərva arasında da 7 dəfə gəzilir, necə ki, ilk gələn gün edilmişdi. Bu dəfəki isə Həcc təvafı və sə'yi adlanır, birinci dəfə olunan isə Ömrə üçün edilmişdi. Beləcə tam ehramdan azad olur və qadına da yaxınlıq etmək halal olur.
Bayram günü daş atma mərasimi olur, sonra qurban kəsilir, sonra saç qırxılır, sonra Məscidül-Hərama gedib təvaf və sə'y edilir. Bunlar ardıcıl da ola bilər, ancaq, bunların sırasını dəyişmək günah deyil. Çünki Peyğəmbərimizdən (s.a.s) bayram günü edilən bu son əməllərin sırası soruşulurdu, Peyğəmbərimiz (s.a.s) isə yerlərinin dəyişməsinin caiz olduğunu bildirmişdi. Yə'ni ki, Müzdəlifədən birbaşa Məkkəyə gəlib, təvaf və sə'y edib, sonra dönüb daş atılarsa, yaxud daş atarsa və qurban kəsməzdən əvvəl saçını qırxarsa, yaxud daş atıb, qurban kəsib, saçını qırxıb Məkkəyə gedib təvafdan əvvəl sə'y edərsə və beləcə hansının yerini dəyişərsə, caizdir. Bunlar da Allahu Təalanın qulların verdiyi rüxsətdir.
Bundan sonra Minaya geri qayıdılır, Zilhiccənin 11-ci, 12-ci və 13-cü gecələri orada keçirilir.
Zilhiccənin 11-i, günün ikinci yarısında Zöhr namazından sonra yenə daş atmağa gedilir. Burada 3 yerdə daş atılır, birinci balaca ilə başlanır, hansı ki, onların şərqində yerləşir. Balacaya dalbadal 7 daş atılır və hər daşı atanda Allahu Əkbər deyilir. Sonra izdihamdan bir az qabağa çıxıb, üzü qibləyə tutaraq, əlləri qaldırıb uzun olaraq Allaha dua edilir.
Bundan sonra ortancıla daş atılır, eynilə birinci dəfəki kimi 7 daş atılır və hər daşı atanda Allahu Əkbər deyilir, sonra izdihamdan bir az qabağa çıxıb, üzü qibləyə tutub, əlləri qaldırıb, uzun olaraq Allaha dua edilir.
Sonra sonuncuya daş atılır, hansı ki,  "Camrətil Aqabə" adlanır. Orada da 7 daş atılır və hər daşı atanda Allahu Əkbər deyilir. Ancaq burada artıq dayanıb dua edilmir. Peyğəmbərimizin (s.a.s) etdiyinə muvafiq olaraq.
Beləcə Zilhiccənin 12-ci və 13-cü günü Minada qalıbsa, 11-ci günü etdiklərini eynilə təkrarlayır.
Bu son 3 gündə, günortadan əvvəl daş atmaq olmaz. Çünki Peyğəmbərimiz (s.a.s) günortadan əvvəl daş atmağa getməyib, eləcə də Onun (s.a.s) səhabələri günortadan əvvəl daş atmayıblar. Əgər günorta olmadan daş atmaq caiz olsaydı, Peyğəmbərimiz (s.a.s) bunu ya bəyan edərdi, ya da əməli ilə göstərərdi. Biz də Peyğəmbərimiz (s.a.s) etdiyi kimi etməliyik, çünki O (s.a.s) belə demişdir: "Əda edəcəyiniz ibadətlərin qaydasını məndən götürün".
Daş atmağa yalnız insan özü getməlidir və öz yerinə heç kimi göndərə bilməz. Çünki çoxları bunu vacib saymır və özü bacarsa da, yerinə başqasını göndərir. Allahu Təala buyurub ki: ((Allah üçün həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin)) (Əl-Bəqərə 196).
Daş atma (Camaraat) həcc mərasimlərindən sayılır və çox əhəmiyyətlidir, ona görə də yalnız həcc edən şəxs özü etməlidir. Çünki Peyğəmbərimiz (s.a.s) heç öz ailəsindəkilərə də bunu etməyə izn verməmişdi. Ancaq onlara Muzdəlifədən günün sonunda gedib daş atmağa izn vermişdi, beləki o vaxt izdiham az olur. Hətta başqa yerlərdən həccə gələnlərə də icazə verməmişdi ki, kimisə öz yerlərinə vəkil tutub, özləri səfərə çıxsınlar. Lakin əgər həcc edən şəxs ağır xəstə olarsa,  yaxud ixtiyar olduğundan aciz olarsa, yaxud da hamilə qadın olarsa, yerinə başqasını göndərə bilər. Bunlar hamısı yalnız zərurət halında ola bilər.
Səhabələr öz uşaqlarının əvəzinə daş atırdılar. Bundan da belə nəticəyə gəlirik ki, insan aciz olsa da daş atmaq boynundan düşmür və mütləq yerinə də olsa kimisə göndərməlidir.
Bütün bunları bitirdikdən sonra və həccini sona yetirdikdən sonra, Vida Təvafı etməmiş Məkkədən çıxmaq olmaz. Çünki İbn Abbasdan (r.a) rəvayət olunur ki, insanlar hərəsi bir tərəfə qaçırdılar, Peyğəmbərimiz (s.a.s) isə belə dedi: "Son əhdi (əməli) evlə (Kə'bə) olmadan, heç kim qaçmasın!" Yalnız heyz və nüfasa halında olan qadınlar istisna ola bilər. İbn Abbasın (r.a) rəvayət etdiyi hədisdə həmçinin deyilir ki: "(Peyğəmbər) insanlara əmr etdiki ən sonda Kə'bəni təvaf etsinlər, heyzi olanlara (qadınlara) etməməyi icazə vermişdi"
Peyğəmbərimizə (s.a.s) deyilmişdi ki: "Safiyya İfada təvafını edib. Peyğəmbər dedi; onda getsin" O zaman Safiyya heyz halında idi.
Bəziləi həccin son günləri gəlib qabaqcadan Vida təvafı edirlər, sonra Zilhiccənin 11, 12 və 13-cü günləri daş atma (Camaraat) mərasimini bitirib elə ordan evlərinə yola düşürlər. Bu isə səhv sayılır, çünki Peyğəmbərimiz (s.a.s) dediyinə uyğun deyil, hansi ki, son əhd və ən son olunan əməl Beytullahil-Həramı (Kə'bəni) təvaf etməkdir.


 


Mənbə; al-islam (Səudiyyə Ərəbistanı Diyanət işləri nazirliyi) saytından tərcümə edilmişdir.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka