Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAMAZAN AYINDA TUTLAN ORUCUN FƏZİLƏTİ VƏ ƏRKANLARI

[ Oruc / 57 dəfə baxılıb ]   
|
 
Həmd olsun aləmlərin Rəbbi olan Uca Allaha, şükürlər olsun Ona bizə Ramazan kimi mübarək və bərəkətli ay nəsib edib. Salat və salam olsun Onun Rəsulu Muhəmmədə, həmçinin Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.

Hörmətli müsəlmanlar, bildiyimiz kimi Allahu Təala bizə Ramazan ayında oruc tutmağı əmr edib, bu ilahi əmri yerinə yetirmək üçün isə, oruc haqqında lazım olan əsas məlumatları bilməliyik. Oruc tutan adam orucun hökmünü, orucun necə tutulmasını, orucun vaxtını, orucu pozan şeyləri və sair kimi zəruri olan şərtləri bilməlidir ki, oruc tutarkən səhvə yol verməsin və Allahu Təala da ondan orucunu qəbul etsin. Bu məqsədlə sizə, orucla bağlı bəzi əsas şərtləri çatdırmaq istəyirik.


Orucun hökmü

Əvvəla oruc nə deməkdir? Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allahu Təalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.» (əl-Bəqərə, 2:183)

Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman kişi və qadın Ramazan ayının orucunu tutmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda oruc tutmaq vacib sayılmır. Məsələn, xəstə və müsafir (qonaq) olanlar, başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur:
«Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (əl-Bəqərə, 2:185)


Oruc tutmağa necə niyyət edək

Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.


Oruc tutmaq üçün sübh tezdən yemək. (Səhur)

Səhur, yə'ni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimiz (s.a.s)-in sünnətinə uyğundur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).


İftar

Oruc açmaq yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
«Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Orucun ərkanları

  • Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək;
  • Oruc tutmaq üçün niyyət, fəcrin əzanından əvvəl olmalıdır.

Orucun fəziləti

Peyğəmbər (s.a.s) demişdir: «Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər ...» (əl-Buxarı, 1896).
«Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır» (əl-Buxarı, 1901).


Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir

Peyğəmbər (s.a.s) demişdir: «Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam" desin» (əl-Buxarı, 1894).
Peyğəmbər (s.a.s) deyib: «Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur». (əl-Buxari, 1903).


Orucu pozan şeylər

Heyz və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa); Gündüz vaxtı cinsi əlaqəyə girmək; Qəsdən qusmaq; Gün batmamış oruc tutmaq niyyətindən dönmək; İslamdan çıxmaq; Yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq yeyər və yaxud içərsə, onun orucu pozulmur); Siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq; Bilərəkdən məni (sperma) ixrac etmək.


Orucu pozmayan şeylər

Ətir vurmaq; çimmək; iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa); göz damcılarından istifadə etmək; suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq; dili ilə yeməyin dadını öyrənmək; sürmə vurmaq; tüpürcəyi udmaq (bəlğəmdən başqa); həyat yoldaşını öpmək (cinsi əlaqəyə girməmək şərti ilə).
Ramazan ayında gecə vaxtı yemək-içmək, həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar.


Qədr gecəsi

Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.
(əl-Qədr surəsi)
Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!


Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir

Fitrə-zəkatın miqdarı təxminən 2,5 kq yeyinti məhsulu olur. (Məsələn: xurma, düyü, un, pendir, kişmiş, arpa, buğda və s.).


Bayram namazı

Orucluğun qurtarmasından sonra, səhəri gün bayram namazı qılınır.
Oruc tutanın, iftarını açarkən etdiyi dualardan:
«Zəhəbə-z-zəmə'u vabtəlləti-l-uruq va səbətə-l-əcr inşə allah» (Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).
«Allahümmə inni əs'əlukə birəhmətikə-l-ləti vasiat küllə şeyin ən təğfira li» (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:53
ƏSR [ 4 rükət ]15:27
MƏĞRİB [ 3 rükət ]17:47
İŞA [ 4 rükət ]19:17
GECƏYARI00:05
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka