Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"NAMAZI ATMIŞAM. ƏSLINDƏ NAMAZ MƏNI ATIB"

[ Namaz / 12212 dəfə baxılıb ]   
|
 

Oxucularımızdan biri bizə belə bir sualla müraciət etdi. Gəlin baxaq teoloqumuz Mübariz Qarayev saulı necə cavablandırdı.
- Salam. Mən də vaxtı ilə namaz qılır ULU TANRI-mıza sitayiş edirdim. Təəssüf ki, hamının dilində desək namazı atmişam ,amma əslində namaz məni atıb desək daha düzgün olar. Bunun da səbəbi ondan ibarətdir ki, kimisi mənə sünni, kimisi isə şiə namazı qılırsan deyirdi. Eləcə də sən möhürlə və ya möhürsüz qılmalısan sözlərini də eşitmişdim. Bundan əlavə sən namazı səhv qılırsan, əslində sən 5 və ya 3 dəfə qılmalısan da deyirdilər . Bu nə qədər düzgündür.Və əslində mən dəqiq bilmək istərdim, yəni namaz belə qılınır və bunu deyişmək olmaz... Sual. Axı necə düzgündür?
Əvvəlcədən təşəkkürmü bildirirəm. Allah sizdən razı olsun.

 Və aleykumus-sələm.
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.

Uca Allah buyurur: "Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)." (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: "Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!" (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.

Bu barədə uca Allah buyurur: "Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab surəsi 21-ci ayə).
Odur ki, hər bir müsəlman da yalnız Allahın və Onun rəsulunun buyurduğu kimi etməlidir. Uca Allah da hər bir müsəlmana gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu barədə Qurani Kərimdə açıq-aydın ayələr olmasa da belə bəzi ayələr vardır ki, beş vaxt namazlara işarədir. Uca Allah buyurur: "(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)." (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.

Başqa bir ayədə isə uca Allah belə buyurur: "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)." (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur: "Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur." (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, "Gün batmağa meyl edəndən" namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.

Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, həmin hədislərdə namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər." (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.

Həmçinin biz ərəb dilində namazların adlarına nəzər salsaq görərik ki, hər namazın öz vaxtı vardır. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vermişdir. Bu adlar onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:

1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.

Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər.
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və bütün səhabələr namazı əlləri bağlı (yəni, sağ əl sol əlin üzərində olmaqla sinə üzərində) qılmışlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…" (Bu hədisi imam Əhməd "Müsnəd" əsərində 4/317-318 rəvayət etmişdir).

Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, "Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq." (Bu hədisi də Buxari "Səhih" əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).
Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud "Sünən" əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə "Sünən" əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi "Sünən" əsəri "Namaz" fəsli "Namazda sağ əlin sol əl üzərində qoyulması" qismi, hədisin rəqəmi 252;
- Muslim "Səhih" əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr "İstizkar" əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər həddən artıq çoxdur.

Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: "...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..."
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: "Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir." (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Namaz qılmağı (onun sözlərini) öyrənmək üçün saytımızın "NAMAZ" bölmünə baxa bilərsiniz. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah sizdən də razı olsun!

Mübariz Qarayev

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka