Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAM, YOXSA XURAFAT?

[ əqidə / 245 dəfə baxılıb ]   
|
 
Doğma yurdumuzda, hətta bütün İslam aləmində müsəlmanların ən mühüm məsələlərindən biri, bəlkə də ən vacibi İslamı düzgün təmsil edə bilmə məsələsidir. Bunu bacara bilməməksə cahanşümul din olan İslamın geniş xalq kütlələrinə çatdırılmasına və yayılmasına mane olur. Buna görədir ki, müsəlman olduğunu iddia edənlər elmləriylə, mədəniyyətləriylə, həyat tərzləriylə, hərəkətləriylə Islamı düzgün təmsil edə bilməyəndə özləri də bilmədən bu möhtəşəm dinə çox böyük zərbə vurmuş olurlar. Çünki, geniş xalq kütlələri dinimiz haqqındakı məlumatları oxuyaraq, öyrənərək, tədqiq edərək əldə etməzlər. Müsəlman olduğunu söyləyənlərin, namaz qılıb-oruc tutanların əməllərinə baxaraq hökm verərlər. Bu insanlara görə Islam dini müsəlmanların həyatlarında təzahür edən, yaşayışlarında özünü göstərən həqiqətlərdir.

Bu mövzuya “vaxtı deyil” deyə toxunmaq istəmirdim. Lakin getdiyim rayonların bir neçəsində şahidi olduğum hadisələr məni bu yazını yazmağa vadar etdi. Əsasən də bu hadisə zamanı 12-13 yaşında bir oğlan uşağı namaz qılmağı öyrənirdi: “Ana! Namaz qılarkən əlimi bağlı tutmalıyam, yoxsa açıq?” sualına, anası “bilmirəm, balam, nənəndən soruş”, deyəndə, nənəsi “bu hardan ağlına gəldi, ay mənim dəcəl balam?” - dedi. Adı Taleh olan bu uşaq “Nənə, mənə Molla əmi dedi ki, sən namazı düz qılmırsan. Mən sizin ailənizi yaxşı tanıyıram, siz sünnüsünüz, şiə yox. Gərək əlini bağlayıb qılasan.” Nənəsi də “Hə, hə. Molla düz deyir, elə biz ondanıq”, - dedi. Bunları gülərək seyr edən ata, “Taleh, böyüyüb ölüyuyan olacaq” deyib qəhqəhə ilə gülməyə başladı. Babası da, “nə işiniz var, gedib öyrənsin də. Bundan yaxşı sənət var?!” - dedi. Çayımı içə-içə bu söhbətlərə qulaq asırdım. Məsələyə qarışmağın yersiz olduğunu düşünürdüm ki, Talehin atası Əli kişi gülə-gülə mənim fikrimi soruşdu. Mən də bir cümlə ilə “Uşağa heç nə öyrətmirsiniz-öyrətmirsiniz, heç olmasa öyrənməyə mane olmayın” - deyib icazə istədim. Bu hadisədən sonra yas yerlərindəki, bəzi məscidlərdəki vəziyyəti görüb bu mövzuya qısa da olsa, açıqlıq gətirmək fikrinə gəldim. Valideynlərin dini bilməməsi, orta məktəblərdə dərs deyən qocaman müəllim və müəllimələrimizin “ateizm”dən dərs almaları, “molla” deyilən özəl qruplaşmaların (əslində, bir-birlərini görməyə gözləri yoxdur) dinlə yaxından-uzaqdan əlaqələrinin olmaması, dindən yoxsul olub nağıllarla insanları aldatmaları, universitetlərimizdə ateizmdən dərs deyən alimlərimizin (!) indi islam alimi kimi dərs demələri minlərlə, hətta milyonlarla Taleh kimilərini xürafələrlə aldadaraq dindən soyudur və dinin həqiqətlərindən uzaqlaşdırır.

Ilk olaraq sünni-şiə məsələsi: Əziz qardaş və bacıla-rım! Nə müqəddəs kitabımız Qurani-Kərimdə, nə bütün insanlara göndərilən Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s.) dövründə şiə-sünnü məsələsi olmayıb.

Namazda əlin açıq və ya bağlı olmasının heç bir fərqi yoxdur. Namazın ümumi fərzləri var ki, bunu həm şiə, həm də əhli-sünnə yerinə yetirir.

Sünnünün də, şiənin da Allahı bir, dini bir, Quranı bir, peyğəmbəri birdir. Bu “bir”lər dura-dura harada xırdalıqlar var, onu qurdalamağın heç bir mənası yoxdur. NASA kimi kosmik təşkilatlar planetlərdə tədqiqat apararkən biz də bu xırdalıqlarla vaxtımızı itiririk.

İkinci məsələ, mollalıq: Xristianlıqda vaxtlarını ancaq kilsədə keçirən, ərə getməyən və evlənməyən rahibə və rahib qrupları adlı “ruhbanlıq” sinfi mövcuddur. Bunlar dünyəvi heç bir işə qarışmazlar. Dinimizdə isə hazırda olduğu kimi nə mollalar sinfi, nə də dünyadan əl çəkmək məsləsi var. Peyğəmbərimizin də bildirdiyi kimi, dünya axirətin tarlasıdır.

Mövzumuzdan kənarlaşmayaq. Mollalar haqqında bir dəfə mübahisə edərkən qarşımdakı şəxs dedi ki, onlar olmasaydı, din qalmazdı. Mən də qalmasa, bundan yaxşı idi dedim. Çünki Islamdan xəbəri olmayanlar Islamı öyrənəndə onu daha tez qəbul edirlər. Lakin mollaları görəndə, pulla Qur’an oxuduqlarının şahidi olanda dinin bu cür “təmsilçiləri”ndən sonra dinə qarşı ikrah hiss edirlər. Bu adamlara İslamın onların hərəkətlərilə heç bir əlaqəsinin olmadığını başa salmaq üçünsə çox vaxt sərf etmək lazımdır. Mollalarla əlaqədar bir hadisəni də diqqətinizə çatdırım. Rayonun baş mollasından “evinin damını niyə düzəltdirmirsən?” - deyə soruşurlar. Bəli, bəli, sizin fikirləşdiyiniz kimi cavab verir:

“ölən var ki?”

Dini maarifçilik cəhətdən geri qalan xalqımızı aldadan mollalar dinimizdə heç bir yeri olmayan üç, yeddi, cümə axşamı, qırx, əlli iki, il vermə kimi üzdəniraq yas mərasimləriylə özlərinə qazanc yolu tutublar.

Öz mənfəətlərinə uyğun olaraq ölənlərə bir tay una 40 Yasin oxuyur, bir neçə on minliyə Quran xətm edir, verilən “nəzirə” uyğun qısa və ya uzun surə bağışlayırlar. Səhərdən axşama qədər məscidin həyətində oturub başlarına papaq qoyub, əllərinə uzun təsbeh alıb nə oxuduqları bəlli olmayan üzdəniraq bu din xadimləri (!) “kliyent” gözləyirlər. Bəzi din xadimləri isə dinimizlə yaxından-uzaqdan əlaqəsi olmayan “Tövbə” cəmiyyəti qurub günahkarların günahlarını bağışlayırlar (əstəğfirullah).

Lakin bu adamlar bilmir ki, dinimizdə tövbə etmək istəyən insan məkanından asılı olmayaraq günahlarından peşman olaraq tövbə edib yenidən doğru yola qayıda bilər. Nə isə... Getdiyim rayonlarda şahidi olduğum başqa bir məsələ də hər şəhərin, hətta hər kəndin xüsusi mollasının və mollaya uyğun da adətlərinin olmasıydı. Bunları qeyd etmək üçün gərək şəhər və kəndlərin sayı qədər kitab yazasan.

Yenə hər birimizin şahidi olduğu kimi, mənim də diqqətimdən yayınmayan başqa bir məsələ yas mərasimlərində mollaların oxuduqları və anlatdıqlarıdır. Valeh adlı müsəlman qardaşımın yasına “getməsəm yaxşı olmaz” - deyib getmişdim. Mən də hamı kimi bir kənardan oturdum. Molla oturan yerə nəzər salanda isə keçmiş padşahların oturduğu yerə oxşar, ətrafı isə döşəkçə və yastıqlarla əhatəli, qarşısında isə ona xas masanın olduğunu gördüm. Masanın üstündəysə nağıllarda deyildiyi kimi quş südündən başqa hər şey var idi. Biz mağara girəndə molla nə isə özü eşidəcək şəkildə zümzümə edib yüksək səslə “Fateihə” dedi. Sonra fikir verdim ki, hər gələnə belə davranırmış. Çay içilib qurtardı. Molla “bismillah” - deyib Yasin oxumağa başladı. Sizi inandıırım ki, iki il mədrəsə, 4 il ilahiyyət kolleci, 5 il də ilahiyyət fakültəsində təhsil almağıma baxmayaraq, mollanın oxuduğundan heç nə anlamadım. Bircə Yasin deməsindən başa düşdüm ki, Yasin surəsini oxuyurmuş. Heç kimin bilmədiyindən istifadə edən “bu Islam bilgini” surəni yarımçıq oxuyub bitirdi. Səssizlikdən istifadə edərək söhbət etməyə başladı. Zənn edirdim ki, Islam haqqında məlumat verəcək. Heç uşaq vaxtı oxuduğum nağıllarda da rast gəlmədiyim əfsanələrdən danışmağa başladı. “Elmi söhbət”ini qurtarandan sonra xidmət edən oğlanları çağırıb - “a bala, denən yeməkləri gətirsinlər” dedi.

Yemək də nə yemək. Plov, dovğa, bozbaş... Məəttəl qaldım. Dostumun halına yazığım gəldi. Həm qardaşının ölümünə üzüləsən, həm də vaxt tapıb, pul tapıb mərasim yola verəsən. Yanımdakılardan üzrxahlıq edib çölə çıxdım. Dostumu tapıb “Sən də bilmirsən dinimizdə belə şeylər yoxdur” - deyib sitəm etdim. Dostum da “qonum-qonşu adamı qınayır” - dedi və borca girdiyini söylədi. Artıq əlimdən heç nə gəlmirdi. Mollanın yenə səsini eşitdim. Yəqin etdim ki, süfrə duası oxuyur. Yenidən mağara daxil oldum. Sonra molla əmi yenə danışmağa başladı. Hər şeydən xəbəri varmış kimi bir az fizikadan, bir az kimyadan, bir az da fəlsəfədən danışıb söhbətini bitirdi. Vəssəlam. Oxuduğunun mənasını, izahını bilməyən və soruşmayan kimilərinə nə deməli? Camaatın qınamasından qorxub mollaların sayının artmasına yardımçı olan, yası düşənlərə, onlara pul verənlərə borca girib mağar qurub pulla xətm, Quran oxudanlara qəbristanlıqda mərmərdən başdaşı, sinə daşı düzəltdirib şəklini döydürtdürənlərə nə deməli? Bir az imkanı olanların “az-maz mollalıq təhsili” alanları yaslarına çağıranlara nə deməli? Bəs bu mollalara isə heç nə deməyək? Unutmayaq ki, Islam dinində nə molla sinfi, nə də mollalıq sənəti yoxdur.

Son olaraq isə seyidlər barədə: “Seyyid” ərəb dilində böyük, əfəndi, şərəfli deməkdir. Islam ədəbiyyatından isə əsasən Peyğəmbərimizin qızı Hz.Fatimə (r.anhə) ilə Hz. Əlinin (r.a.) övladlarından Həsən, Hüseyn və onların övladlarına verilən addır. Peyğəmbər dövründə və sonralar sədəqə, zəkat, Peyğəmbərin ailəsinə və qohumlarına haram olub. Günümüzə qədər gələn seyid ailələri də az deyil. Bu insanlara da sədəqə və zəkat haramdır. Ancaq dilənənlərin, qapı-qapı gəzib fala baxanların (unutmayaq ki, fala baxmaq da, baxdırmaq da haramdır) özlərini seyid kimi təqdim etmələri gülünc yox, dəhşətdir.

Seyid olduğunu iddia edənlər özlərinin Hz.Peyğəmbərə (s.a.s.) qədər davam edən şəcərə silsiləsini göstərən sənədləri olmalıdır. Belə sənədə sahib olmayanların özlərini seyid kimi qələmə vermələri boş və əbəsdir. Hazırda Səudiyyə Ərəbistanın Mədinə şəhərində Hz.Peyğəmbərin (s.a.s.) nəsli yayıldıqları və yaşadıqları yerlərlə bağlı bir neçə arxiv fəaliyyət göstərməkdədir. Osmanlı dövləti dövründə bu sənədə sahib olanlara xüsusi maaş verilərdi. Və onlar da başlarına yaşıl sarıq qoyardılar. Hər kəs də onlara hörmət edərdi. Indinin özündə bəzi yerlərdə seyidlərin yanına getmək dəb halına gəlib. Xatırladaq ki, orada aparıb onların adına qurban kəsmək, ağaca cındır bağlamaq, həyətdən daş götürüb evə gətirmək, evin qapısından asmaq və s. Islamın qadağan etdiyi ən böyük günahlardandır. Əzizlərim! Camaatın qınamasından qorxmayın. Allahın qınamasından qorxun.

Özümüz bir şeyi edə-edə adət halına gətirmişik. Indi də bunun çətinliklərinə sinə gərərək bu adətləri “din” bilib yaşadırıq. Əzizlərim, bunlar din yox, əsl xürafələrdir. Bunlardan indi yaxa qurtarmayıb, nə zaman qurtaracağıq? Gəlin, əl-ələ verib bu xürafələrdən, bu bidətlərdən (sonradan dinə əlavə olan şeylərdən) yavaş-yavaş azad olaq. Bu yerlərə və saxtakarlara xərclənənlərin əvəzinə imkanı olmayanların, yoxsulların əlindən tutaq, evlənməyə gücü çatmayan gənclərimizi evləndirək! Islamı sənət kimi yox, həyatımızda tətbiq edək. Islamı mollalardan, seyidlərdən yox, həqiqi dini bilgiyə sahib olan insanlardan öyrənək. Öyrənənlərə də “ölüyuyan” kimi yox, mənəviyyatı təmiz, pak insan kimi baxaq və hər birimiz də öyrənməyə çalışaq. Həm də bildiklərimizi bilməyənlərə öyrədək.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Elsad Miri
“NUR” qəzeti, 14 Mart 2001
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka