Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN VƏ İSLAH

[ əqidə / 9277 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


Bütün dünya ölkələri cəmiyyəti qorumaq üçün və ictimaiyyəti nəzarətdən buraxmamaq üçün qanunlar qoyur. Dövlətin qoyduğu qanun və qaydalar insanları islah etmək, onları cəmiyyətin mənafeyinə yönəltmək və insanların törədə biləcək ziyanları azaltmaq üçündür. Bu məqsədlə elmi axtarışlar, yığıncaqlar, konfranslar və tədqiqatlar aparılır, sonra tətbiq üçün yeni üsüllar və qaydalar qoyulur. Belə tədbirlərdə təyin olunan üsülların rolu, əsasən insan psixologiyasına toxunmaqdır. Yəni insanın psixologiyası yeni qoyulmuş qanun çərçivəsinə uyğunlaşa bilsin. Lakin buna baxmayaraq illər keçsə də, yenə bu qanunların yerinə yenisi gəlir. İnsan əli ilə qoyulmuş qanunlar insan psixologiyasını formalaşdıra bilmir. Bundan aciz qalan insan artıq yeni qanunlarla özünü yormur və cəmiyyəti islah etmək üçün zorakılıqdan və təzyiqdən istifadə etməyə başlayır. Belə hallarda isə cəmiyyət öz istəklərini həyata keçirmək üçün "demokratiya" kimi yeni adlar icad edir, üsyanlar qaldırır, mitinqlər və etiraz aksiyaları keçirir və dövləti devirərək öz istədiyi qanunları yazır. Əlbəttə bu da son deyil, "demokratiya" və sairə kimi yeni icad olunmuş ideologiyalar kimlərisə qane etməyəndə, yeni ideologiyalar və hərəkatlar yaranır. Beləliklə insan, onu və hər şeyi Yaradanın qanununu qəbul etmək istəmir, cəmiyyəti islah edəcəyini düşünərək yeni qanunlar qoyur və bu kimi qanunlar bir müddətdən bir insanın rəğbət və şəhvətlərinə görə dəyişir.


Qurani Kərimdə bir çox ayələrdə iman və islah bir yerdə qeyd olunub və eyni ayədə müqayisə olunub. Ancaq bunu dərk etməyən və yaxud buna göz yuman bəzi insanlar imanı sadəcə "ibadət və itaət" ideologiyası kimi qəbul edir. Bu kimi insanlar belə düşünürlər ki, insanları yaradıb yer üzündə onlara nemətlər verən və bütün bəşəriyyətin Yer üzündə saleh (doğru-dürüst) yaşaması üçün qanunlar qoyan Allahu Təala, sanki bütün bəşəriyyəti dini adət-ənənələr üçün yaradıb.


Həqiqətdə iman və islah qəpik pulun iki üzü kimidir: iman bir üzü, islah o biri üzüdür. Əsl mömin və müsəlman kəs bu qəpiyin iki tərəfini də özündə cəm etməyi bacarandır. Bəziləri bu qəpiyin yalnız bir üzünü, iman tərəfini görə bilir və o biri üzündən qafil (xəbərsiz) olurlar. Elə bilirlər ki, iman elə ancaq İslamın 5 şərtidir və bunları həyata keçirməklə onlar imanlarını kamilləşdirmiş olurlar. Bəziləri də elə düşünürlər ki, dünya həyatı daxilində yaradıb, qurmaq və düzəltmək imanla bağlı deyil. Onlar İslamın və imanın dünya həyatı ilə heç bir əlaqəsi olmadığını iddia edir və deyirlər ki, islahatlar aparmaq möminlərin deyil siyasətçilərin, qərbçilərin və şərqçilərin işidir. Onlar unudurlar ki, islahat deyilən bir prossesin ən əsas mərhələsi insan və ailə islahı mərhələsidir. Çünki düzgün və sağlam qurulmuş ailə cəmiyyət adlanan binanın fundamentidir. Bəs onda islahatlar haradan və kimdən gəlir?!


Allahu Təala Qurani Kərimin Yunus surəsində belə buyurur: ((De: "Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?" (Sənə cavab verə bilməyən müşriklərə) de: "Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?"))


Cəmiyyətin doğru şəkildə, şamil formada və həqiqi surətdə islahı və mənfəəti, yalnız cəmiyyəti yaradan Allahu Təalanın qoyduğu qanunlar çərçivəsində ola bilər. Qurani Kərimi diqqətlə oxuyan, imanın islahatlarla bir tutulduğunu görə bilər.


Peyğəmbərimiz (s.a.s) buyurub ki; "Qiyamət günü qalxarsa (başlayarsa) və sizlərdən birinizin əlində bir budaq qalıbsa, onu əkə bilərsə durmadan əksin".


Əslində qiyamət gününə inanan və onu gözləyən yalnız müsəlmanlardır. Lakin Peyğəmbərimizin (s.a.s) göstərişindən belə anlayırıq ki, qiyamət qalxan anda belə dünyadakı işimizi yarımçıq qoymamalıyıq. Hansı ki, bu işin nəticəsini artıq gözləməyə dəyməz. Ancaq anlamalıyıq ki, Allahu Təala bizə axirətə inanmağı əmr etdiyi kimi bu dünyada yaşayıb çalışmağı və Yer üzündə islahatlar aparmağı da əmr edib.


Hər şeyi yaradan və bilən Allahu Təalanın və göndərdiyi Peyğəmbərin (s.a.s) qanunlarını qəbul etmək istəmiriksə, onda biz bu dünyada hansı islahatlardan danışa bilərik?


 


Qurani Kərimdən


İslahatları həyata keçirmək, həm də haqqı dəstəkləməklə olur. Yasin surəsinin 20-ci ayəsində belə buyurulub: ((Şəhərin ən ucqar tərəfindən  bir kişi (nəccar) çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!))


Həmin zamanda Allahu Təala 3 peyğəmbər göndərmişdi. Nəccar olan şəxs isə şəhərdəkilərə "Mən nəccaram, mən belə şeylərdən anlamaram" deməmişdir. Haqq yolu gördüyü və anladığı kimi, başqalarına da göstərmişdir. Haqqa dəstək olmaq və onun yayılmasında köməkçi olmaq özü də islah etməkdir.


Hud surəsinin 85 və 86-cı ayələrində Allahu Təala buyurub: ((Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər mö'minsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!"))


Bu ayədə görürük ki, Allahın elçisi Şueyb (ə.s) insanlara düzgün seçməyi buyurur. Ayədən belə anlayırıq ki, doğru-dürüst seçim insanın öz ixtiyarındadır və özü etməlidir. Başqaları, yaxud dövlət, yaxud da insanın qoyduğu qanunlar insana hakim olmaqla ona hər şeyi seçdirə bilməz.


Nuh da (ə.s) öz qövmündə islahatlar aparmaq istəmişdir və Allahu Təalanın əmriylə onlara belə buyurmuşdur: ((Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də'vət etdim. Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim". Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!)) (Nuh surəsi 8-12 ayələr)


Ayələr təkid edir ki, islah etmək yalnız axirətə bağlı deyildir. Uca Allah bu dünyanın mənfəətlərini də axirətlə bağlayır. İnsan ruzisinin azaldığını hiss edərsə, Allahdan bağışlanma diləməlidir və haqqa dönməlidir.


 


İslahatların nə faydası var?


Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə bildirmişdir ki, həlak və məhv olmamağın, nicat tapmağın tək yolu yalnız islah olunmaq və doğru yolda getməkdir. Hud surəsinin 117-ci ayəsində Allahu Təala buyurur ki; ((Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!))


Bu ayə onu bildirir ki, hər bir millətin, qövmün, tayfanın və ya dövlətin məhv olmaması, həlaka getməməsi üçün mütləq və mütləq islah olunması zəruridir. Bunu aydın şəkildə anlamaq üçün, sonuncu qeyd olunan ayədən əvvəlki ayəyə nəzər yetirək. ((Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne'mətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.))


Yer üzündə fitnə-fəsad törətməyin və zülm etməyin isə cəzası böyükdür. Allahu Təala Yunus surəsinin 13-cü ayəsində belə buyurur: ((Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.))


 


İslah etmənin və saleh olmanın əsas faydaları:




  1. Allahu Təalanın rizası

Çünki bütün əməllərimizdə və işlərimizdə niyyətimiz və məqsədimiz yalnız Allah üçün olmalıdır.


((De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!)) (Əl-Ənam, 162-ci ayə)




  1. Özümüzü qurtarmaq və nicat tapmaq

Hamımız bir minikdəyik və bir yerdə yaşayırıq. Əgər ağıllı insan bilməyənin əlindən tutmazsa, ona doğrunu və haqqı göstərməzsə və cəmiyyəti islah etməyə çalışmazsa, özü də məhv olar və başqalarını da həlak edər. ((Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!)) (Əl-Ənfal, 25-ci ayə)




  1. Övladlarımızın saleh olması

Valideynlərin saleh olması ilə, övladlar da saleh olaraq böyüyür və saleh cəmiyyətdə yaşayırlar. ((...Onların atası əməlisaleh (bir adam) idi.)) (Əl-Kəhf, 82-ci ayə)




  1. Cəmiyyət daxilində problemlərin və çaxnaşmaların bitməsi

Hər bir şəxs öz haqqını, başqalarının hüquqlarını tanısa və hörmətlə yanaşsa, ictimaiyyətdə problem yaranmaz. Buna görə də insan özünü daxilən düzəltməli və vicdanını doğrultmalıdır. Necəki Əbu Bəkr (r.a) xəlifə olarkən Ömər bin Əl-Xəttab (r.a) hakim idi və bir il boyunca heç kim onun yanına şikayətçi olaraq gəlməmişdir.




  1. Bütün bəşəriyyətə və məxluqatlara xeyir gəlməsi

((Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.)) (Əl-Əraf, 96-cı ayə)


 


 


Allah bizim nəfsimizi islah etsin və xalqımızı doğru yola yönəltsin! Bizləri öz əllərimizlə həlak etməsin! Bizləri məhvə doğru deyil, yalnız nicat yoluna aparsın!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka