Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYADAN ÇIXMAQ İMANDAN ÇIXMAQ KİMİDİR

[ əqidə / 258 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun Aləmlərin Rəbbi olan Allaha. Hamını Yaradan, ruzisini verən, insanlara hidayət üçün Peyğəmbərimizi (s.a.s) göndərən və bəzilərini bəzilərindən üstün tutan hökm Sahibi Allaha. 


Peyğəmbərimiz (s.a.s) demişdir ki; "Həya yalnız xeyir gətirər". Əbu Hureyrənin rəvayət etdiyi başqa bir hədisdə də Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "İmanın yetmiş neçəsə və ya altmış neçəsə şöbəsi vardır. Onların ən üstünü Lə İləhə İlləl-lah deməkdir, ən aşağısı (insanların) yolunda olan əziyyət verən şeyləri təmizləməkdir. Həya da imanın bir şöbəsidir."


Hədislərdən görünür ki, həyaının İslamda xüsusi yeri vardır. Həya insanda ən gözəl xasiyyətlərdən biridir, hətta imanla müqayisə olunur. İnsanda həya olarsa, onu ona layiq olmayan əməllərdən çəkindirər. İnsanda həyanın az olması onun qəlbinin və ruhunun ölməsi deməkdir. Qəlb nə qədər salamat olarsa, həmin şəxsin həyasının kamilliyinə dəlalətdir. Həya çirkin əməllərdən çəkindirər və başqalarının haqqına girməkdən qoruyar.


Həya iki cür ola bilər. İnsanla Allah arasında və insanla başqaları arasında. İnsan Allahın hər şeyi gördüyünü bilərək Ondan utanar və günah əməllərdən çəkinər. Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: "Allahdan haqqıyla həya edin (utanın). Dedilər: Biz utanırıq ya Rəsulallah. Dedi ki; Elə deyil. Kim Allahdan haqqıyla həya edirsə, başını və dərk etdiklərini, qarnını və onun içinə yığılanı (qəbul ediləni) mühafizə etsin. Ölümü və bəlanı xatırlasın. Kim axirəti istəyərsə, dünya zinətini tərk edər. Kim bunları edərsə, Allahdan həqiqətən (haqqıyla) həya etmiş olar."


Bu hədisdə Peyğəmbərimiz (s.a.s) Allahdan həqiqi həya etmənin və utanmanın əlamətlərini bəyan etmişdir. İnsan öz orqanlarını günahlardan qorumalı, ölümü daim yada salmalı, dünya həyatına qapanıb ümid və xəyallarla yaşamamalı, dünya zinəti və şəhvətlərinə uyub axirəti unutmamalıdır. Başqa bir hədisdə də rəvayət olunmuşdur ki; "Kim Allahdan həya edərsə (utanarsa), Allah da ondan utanar". Allahın öz qulundan utanması isə kərəm, alicənablıq, ucalıq və yüksəklik mənasında gedir. Allahu Təala, Qulu əlini qaldıraraq dua edərsə, onu geri döndərməyə, müsəlman olaraq yaşayan bir ixtiyara əzab verməyə utanar.


İnsanla başqaları arasında olan həya isə insanı pis əməllərdən, nəlayiq işlərdən çəkindirər. İnsan başqalarından çəkinib çirkin əməllərə əl atmaz. Allahdan həya edən kimsə isə insanlar arasında olsa da olmasa da belə Allahın ona əmr etdiklərini edər.


İnsan öz qulluğunu və tabeliyini Allaha məhz belə göstərə bilər. İnsan Allahın əzəmətini dərk edər, Allahın daim qullarına yaxın olduğunu bilər, Allahın daim qullarının etdiyindən xəbərdar olduğunu anlarsa, Allahdan həqiqi olaraq həya etmişdir. Bu isə imanın ən üstün dərəcələrindən biri və hətta ehsan kimi sayılır. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunduğuna görə demişdir ki; "Ehsan (yaxşılıq etmək) odur ki, Allaha elə ibadət edəsən ki, sanki Onu görürsən, sən Onu görməsən də O, səni görür"


Peyğəmbərimiz (s.a.s) başqa bir hədisdə də buyurmuşdur ki; "İlk Peyğəmbərlikdən insanlara çatan söz belədir: Əgər utanmırsansa, nə istəyirsən et". (Əl-Buxari)


Bu hədis o anlama gəlir ki, insan hər cür rəzalətə gedər, çirkin əməllərə əl atar, günahlardan əl çəkməz. Çünki insanda həya yoxdur, hansı ki, insanı bütün bu qüsürlardan çəkindirər.


Salman Əl-Farisi belə demişdir: "Allahu Təala qulunun həlak olmasını (məhv olmasını) istəyərsə, ondan həyasını alar. Ondan həyasını alarsa, xoşa gəlməz (nifrət olunan kimsə) olar. Xoşa gəlməz olarsa, ondan əmanəti alar. Əmanəti alarsa, xəyanətkar olar. Xəyanətkar olarsa, ondan mərhəməti alar, onda da sərt və kobud kimsə olar. Sərt və kobud olarsa, ondan imanı alar, imanı alarsa, onu lənətlənmiş bir şeytan kimi görərsən."


Həqiqətən də həyası olmayan insan istədiyini edər, heç bir çirkinlikdən əl çəkməz və heç kimdən də çəkinməz. Nə Allahın nəzarət etdiyini düşünər, nə də insanların onu görməsindən utanar. Haram nədir, günah nədir bilməz. Hər şey danışar, dilindən gözəl bir şey çıxmaz. İndiki zamanımızda da çox insanlarda abır-həya qalmayıb. Münkər və xoşagəlməz əməllər çoxalıb, haram və günahlar baş alıb gedir, heç kim etdiyi günahlardan dolayı utanmır, pis əməlləri yaxşı kimi görür, namus-qeyrət tanımır və hətta bəzi insanlarda rəzalət və çirkinlik, gözəllik və fəzilət kimi qiymətləndirilir. Bunlara ən gözəl misal bu günümüzün müğənni və rəqs edənləridir ki, artıq onlar minlərlədir. Hər gün bir yenisi ortaya gəlir və hətta televiziyalar vasitəsilə camaata bu rəzaləti seçdirməyə çağırırlar. Kimsə bədənini göstərsin, rəqs etsin, mahnı oxusun, kimlərsə də bunlara baxsın. Artıq insanlar bu həyatda ömürlərini nəyə həsr etmələrini, nə ilə tanınmalarını və necə iş görmələrini. Bunlardan daha betəri də elə həmin insanlara oturub baxanlar, onları dinləyənlərdir. Uşaqlarımızdan müğənni, rəqqasə, aktyor və oyunçuların adlarını soruşsaq hamısını bir-bir sayarlar. Bəs onlar işğal olunmuş torpaqlarımızın adlarını bir-bir saya bilərlərmi?! Bəs onlar şairlərimizin və alimlərimizin adlarını bilirlərmi?! Bəs onlar Peyğəmbərlərimizin və müqəddəs kitablarımızın adlarını bilirlərmi?! Onlar dinimizin şərtlərini bilirlərmi?! Onlar hər birimizin evində bəzək əşyası kimi saxladığımız Qurandan bircə surə də olsa bilirlərmi, ya bircə səhifə də olsa oxuyublarmı?!


İnsanlar həyasızlıq edirlər və bunu hər yolla bizlərə göstərirlər, biz isə bu həyasızlığı izləməkdən heç utanmırıq da.


İndiki zamanda bəzilərimizin həyasızlığının həddi-hüdudu yoxdur. Bunlara adi gözlə baxırıq, amma təhlükəsini anlamırıq. Əcnəbi və başqa imansız qadınları öz evlərimizə gətiririk, ailəmizlə və uşaqlarımızla tanış edirik. Bəzilərimiz qadınları öz ofislərinə işlətməyə gətirir və onlarla bir yerdə, bir otaqda və hətta bir stol arxasında işləyirlər. Bəzilərimiz öz qadınlarını, qızlarını və bacılarını başqa sürücülərlə hara olsa göndərirlər. Çoxlarımız artıq qadınlarımızın geydiyi paltarlardan utanmırıq. Bəs hanı namus, qeyrət ?!


Qadınlarımıza gəldikdə isə, artıq onların paltarlarına söz ola bilməz. Yad gözdən özlərini qorumaqdansa, hər cür paltar geyirlər ki, hamı onlara baxsın.


Həyasızlıq evlərimizə də daxil olub. Ailənin bütün üzvləri oturub bir yerdə televizora baxırlar, nə ata öz qızından utanır, nə də ana öz oğlundan.


Açıq-saçıq geyinib, ətirlənib, küçə və mağazalarda kişilərlə nazik danışan qadınlarımızın həyası hanı?!


Uşaqları saatlarla küçələrdə gəzən, camaata əziyyət verən valideynlərin həyası hanı?!


Damağında siqaret, tüstüsü ilə ətrafdakıları incidən və zəhərləyən şəxsin həyası hanı?!


Malını satarkən çəkidə aldadan, qiymətlə oynayan və müştəriləri incidən tacirin həyası hanı?!


 


((Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir! (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir! Məgər Yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!)) (Əl-Mülk surəsi 12-14)


 


Ey müsəlmanlar, Allahdan haqqıyla qorxun və haqqıyla həya edin!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka