Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏVƏKKÜLSÜZ İNANC?! (2)

[ əqidə / 6436 dəfə baxılıb ]   
|
 
Bundan əvvəl mövzunun sonluğunda Allah-Təalanın, elçisi və peyğəmbəri Muhammədə [s.a.s] təvəkkülü əmr etdiyi 9 ayəni xatırlatmışdıq. O ayələrin bir qismi Məkkədə, bir qismi isə Mədinədə nazil olmuşdur. Həmçinin qeyd etmişdik ki, o ayələr yalnız, peyğəmbərə “təvəkkül et” deyə əmr buyurulan ayələrdir. Ümumən isə təvəkkül haqqında başqa ayələr də vardır ki, o ayələrin bir qismini də burada xatırlatmaq bizim hamımız üçün faydalı olar.

“O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. [Özünə] ancaq Onu vəkil et!” [Muzzəmmil, 9]. Bu ayə, Rəsulullaha [s.a.s] vəhy olunan ilk ayələrdən biri idi. O zaman Rəbbi Ona [s.a.s] ağır bir kəlamı nazil və eləcə də böyük bir işi həvalə etdiyini bildirmişdi. Bütün bunlara qatlanmaq və tab gətirmək üçün də Rəsuluna yalnız Allaha güvənməyi və təvəkkül etməyi tövsiyə edirdi.

Başqa ayətlərdə də Rəbbimiz təvəkkül haqqında belə buyurur; “De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tamamilə azğınlıq içində olduğunu [tezliklə] biləcəksiniz.” [Mülk, 29].

“Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!” [Tövbə, 129].

Allah-Təala Rəsuluna [s.a.s] təvəkkülü əmr və ya tövsiyə etmişsə, bu, həm də bütün ümmətə bir xitabdır. Ancaq Rəbbimiz həm də möminlərə xitab edərək onlara da təvəkkülü buyurmuşdur; “Peyğəmbərləri onlara cavab verərək demişdilər: “Biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil [möcüzə] gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!” [İbrahim , 11].

“Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə [şəhər] qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” [Maidə, 23]. Sonuncu ayədə, Musanın tərəfdarlarından iki nəfərin söylədikləri ifadə olunur. Ayədən görünür ki, təvəkkül etmək imanın sübutu üçün vacib şərtdir. İmanını iddia edirsənsə, Allaha təvəkkül etməyi bacarmalısan. Möminlərə xas olan və mütləq sayılan təvəkkül xislətini Rəbbimiz başqa ayələrdə də bu cür buyurur; “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən [Allah yolunda] xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır.” [Ənfal, 2-4].

Ayənin əvvəlində də, sonunda da Rəbbimiz təkidlə mömin olmaq məsələsini qabarıq şəkildə bildirir. İmanını iddia edən həqiqi mömin bilir ki, Allahın izni olmadan onun başına heç bir şey gələ bilməz. O, Rəbbinə güvənmiş və yalnız Onu vəkil etmişsə, Rəbbi onu darda qoymaz. “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Himayədarımızdır. Qoy, möminlər Allaha təvəkkül etsinlər!” [Tövbə, 51]. “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” [Ali İmran, 160]. Bundan başqa möminlərə təvəkkülü tövsiyə edən [Təğabun, 13], [Maidə, 11], [Mücadələ, 10] kimi bir sıra başqa ayələr də vardır.

Təvəkkül etmə əxlaqı Nuh peyğəmbərdən başlayaraq bütün peyğəmbərlərə xas idi. Bunu da Rəbbimiz Qurani Kərimdə bütün peyğəmbərlərin dilindən belə vəhy etmişdir; “[Allah] bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy, təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər” [İbrahim, 12].
Rəbbimiz həmçinin bir sıra peyğəmbərlərin adından da onların təvəkkül etdiyini bizə çatdırmışdır.
Nuh peyğəmbər: “Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər [aranızda] qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. [Allaha] qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.” [Yunus, 71].
Hud peyğəmbər: “Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O, dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa [tapındıqlarınızın hamısından uzağam]. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, [Allah] onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.” [Hud, 54-56].
İbrahim peyğəmbər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.” [Mumtəhinə 4].
Şueyb peyğəmbər: “O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.” [Hud, 88].
Musa peyğəmbər: “Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım camaatın əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar.” [Yunus, 84-86].

Təvəkkül etməyin mömin bəndə üçün nə faydası vardır? Təvəkkül etmə hansı nəticələri verir, mömin nəyə nail olur? Rəbbimiz “Təlaq” surəsinin 3-cü ayəsində, açıq-aydın, amma böyük bir mənayla Ona təvəkkül etmənin nəticəsini belə bildirir: “Kim Allaha təvəkkül etsə, [Allah] ona kifayət edər.”

İnsan Allaha güvənmişsə, başqa sığınacaq axtarmamalıdır. Allah insana kifayət etmirsə, başqa kim ona kifayət ola bilər?! “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! ” [Zumər, 36] Həm də axı Allah, təvəkkül edən bəndələrini sevər.
Bunu da “Ali İmran” surəsinin 159-cu ayəsində bizə bildirmişdir. İnsanı Allahın sevməsindən daha üstün, daha yüksək, daha şərəfli nə ola bilər?!

Ardı var...


Dr. Yusuf əl-Qaradavinin “Təvəkkül” kitabından
Hazırladı: Şahmar Kərimov /Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka