Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HİDAYƏT YOLU - QURAN

[ Elm / 28302 dəfə baxılıb ]   
|
 
Qurani-Kərimin hər bir müsəlmanın həyatında əhəmiyyəti və rolu haqqında heç nə demək istəmirik. Bunun haqqında o qədər yazılar yazılıb ki, artıq məlumatlarla sizləri yormaq fikrində deyilik. Bu müqəddəs kitabın, biz müsəlmanların həyatındakı əhəmiyyətindən heç də az əhəmiyyəti olmayan başqa bir məsələ var ki, bizlər ola bilsin ondan uzağıq, yaxud da qafilik. Bu məsələ, bizlərin Qurani-Kərimə yanaşmağımız, ona verdiyimiz önəm, ona olan münasibətimiz haqqındadır. Müsəlman şəxs, Allahın bəndəsi, Onun buyuruqlarına hansı qəlblə, hansı hisslərlə, hansı rəftarla yanaşır?! Qurani-Kərimi sadəcə müqəddəs bir kitab hesab edərək, öpüb gözümüzün üstünə yaxınlaşdırıb sonra rəfdə lap yuxarı başdamı yerləşdiririk?! Yoxsa hər dəfə qohumlarımızdan ya doğmalarımızdan rəhmətə gedən olanda yadımıza düşür və bir Yasin oxutduduruq?! Ya həqiqətən özümüz hərdən açıb oxuyuruq, ərəbcə bilməsək də, tərcüməsini nəzərdən keçiririk?!
Rəbbimizin nazil etdiyi bu kitabı müqəddəs sayaraq həmişə hörmət etməklə, ona and içməklə, ölülərə oxutmaqla, bəzən oxumaqla hər şey bitirmi?!

Qurani-Kərim bütün bəşəriyyətə hidayət yolunu göstərən bir nurdur, müsəlmanların qəlbini rahat edən bir şəfadır, onları doğruldan və həyatda azmağa qoymayan bir çıraqdır, onlar üçün qanun, hikmət və düsturdur. Bu müqəddəs kitab əbədi olaraq dəyişilməyən, hər zamana və məkana aid olan və müqəddəsliyini itirməyən bir vəhydir. Lakin... çox təəssüf ki, həyatın keşməkeşli günləri, məşğuliyyətləri, ailə problemləri, cəmiyyətin iztirabları, müsibətlər və hər cür hadisələr Qurana olan münasibətimizi dəyişdirmişdir. Halbuki, bütün bu olanlardan çıxış yolunu biz, Qurani-Kərimə yönəlsək, sidq ürəklə ona üz tutsaq tapa bilərik. Allah Təala öz elçisi Muhəmmədi (s.a.s) bizlərə göndərərək və ona Quranı vəhy edərək belə vəzifələndirdi ki, Quranda olanları bizə çatdırsın və bəyan etsin. Həmçinin hər bir müsəlmanın da borcudur ki, Qurani-Kərimdə buyurulanlara əməl etməklə yanaşı, buyuruqları başqalarına çatdırsın və xatırlatsın. Uca Rəbbimiz buyurur ki: “...Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.” (ən-Nəhl, 44).
Bəs əgər biz Qurani-Kərimə düzgün münasibət bəsləməsək, onu anlaya bilməsək, içindəkilərin əhəmiyyətini dərk etməsək və özümüz də orada əmr olunanları həyata keçirməsək, başqalarına necə başa sala bilərik?!


Qurani-Kərimin dəyəri

Ən əsas, hər bir müsəlmanın dərk etməsi gərək sayılan şərt Qurani-Kərimin həqiqi dəyəri və qiymətidir. Onun qiymətini dərk edəriksə, layiq olduğu və gərək sayılan məqamda tutarıq. Həm də insan, qiymətini dərk etmədiyi bir şeyə əhəmiyyət verə bilməz.
- Qurani-Kərim, müttəqilərə və mütilərə bir hidayətdir, yollarında çıraqdır. Allah Təala bunu Qurani-Kərimin lap başlıqlarında bildirmişdir; “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır” (əl-Bəqərə, 2).
- Qurani-Kərim, özündən əvvəl nazil olan kitablarda buyurulanları özündə ehtiva edir. “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik.” (əl-Maidə, 48).
- Qurani-Kərimə Allah təalanın verdiyi adlar özü bu kitabın məkanını, məqamını və dəyərini göstərir. Bir yerdə onun hikmətli bir zikr, bir yerdə onun haqqı batildən ayırd edən bir kitab, bir yerdə onun nur olması və sairə kimi qeyd edilmişdir. Elə kitabın özündə belə buyurulub; “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.” (Ali-İmran, 58) “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir” (əl-Bəqərə, 185). “Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi.” (əl-Maidə, 15).
- Keçmişdə yaşayanların, qədimdə baş verən hadisələrin hekayəsinə, qeyb aləminə aid Qurani-Kərimdə qeyd olunanların hamısına tam əminliklə inanmaq mümkündür. Səhvsiz və şəksiz yeganə bu kimi məlumatlar yalnız Qurandadır.
- İslam ümmətini dəyərləndirən və onları fərqləndirən də Qurani-Kərimdir. Allah təala buyurub ki; “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (əl-Ənbiya, 10).
- Qurani-Kərim, yeganə səmavi kitabdır ki, onu dəyişdirmək, təhrif etmək, əlavələr və sairə etmək hələ də mümkün olmamışdır və həmişə də qorunacaqdır. “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9).
- Qurani-Kərim bütün bəşəriyyətə və insanların hamısını şamil edən bir kitabdır. Onu oxuyarkən biz Allahın insanlara müraciət etdiyini görə bilərik. O Uca Rəbbimiz bəzən “Ey insanlar”, bəzən də “ey Adəm oğlu” deyə müraciət edir. “Ey insanlar” müraciəti Quranda 19 dəfə, “Ey Adəm oğlu” da 4 dəfə təkrarlanıb.
- Qurani-Kərimin məzmununu ətraflı oxuyaraq anlayırıq ki, bu müqəddəs kitab sadəcə şəriət və ya ibadət kitabı deyil. Bu kitab özündə yalnız moizələr, ya tərbiyəvi, ya ictimai, ya da dini mövzular deyil, insan həyatını şamil edən və hər bir şeyə aid mövzuları özündə cəm edir.


Qurani-Kərimin hədəfi və məqsədləri

Qurani-Kərimlə düzgün rəftar etmək üçün ikinci ən əsas məsələ, bu müqəddəs kitabın içində olan hədəfləri, qayələri, məqsədləri dərk etməkdir. Fərdlərə və cəmiyyətə nə buyurubsa onu düzgün anlayıb həyata keçirməyi düşünməkdir. Bu məqsədləri təfsilatlı yazmaq və uzatmaq mümkündür, lakin başda duran və ondan şaxələnən əsas hədəflər vardır.
- Qurani-Kərim əsasən, bütün insanlara bir hidayət yolunu göstərən kitabdır. “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (əl-Maidə, 15-16)
- Qurani-Kərim, insanları müxtəlif zülmətlərdən çıxarıb nura aparan yeganə vasitədir. “Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (İbrahim, 1).
- Quran insanları səadətə və xoşbəxtliyə aparıb çatdırmaq məqsədini daşıyır. “Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə (bədbəxtçiliyə) düşəsən” (Ta. Ha , 2)
- Qurani-Kərimin hədəflərindən biri də islam ümmətini əziz və kəramətli saxlamaq, bu ümməti hamıdan üstün etməkdir. “Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir” (əz-Zuxruf, 44) “Sizə sizləri xatırladan bir Kitab nazil etdik” (əl-Ənbiya, 10).


Allahı tanımaq və Ona yaxınlaşmaq

Qurani-Kərim Allah təalanın kəlamı və Onun buyuruqlarıdır. Onun buyurduqlarını anlamaq, Onun kəlamı bizlərə xeyir və bərəkət gətirməsi üçün, mütləq Ona yaxın olmağa çalışmalıyıq. Yalnız bu zaman biz Uca Tanrının bizə çatdırmaq istədiklərini, buyuruqlarını, halal-haramını və əmrlərini dərk edə bilərik.
Bəs Allahı yaxından necə tanımaq olar?! Əlbəttə mövzumuz bununla bağlı olmadığından bu barədə təfsilatlı olaraq yazmayacayıq, amma sizlərə də məlum olan qısa məlumatları sadəcə xatırlatmaq niyyətindəyik. İlk öndə ağlı başında, şüurlu və dərrakəli hər bir insan oğlu, ətrafındakı kainata nəzər yetirərsə, hər bir şeydə Allah təalanın nişanələrini görər və hər bir şeyin vasitəsiylə Onu daha çox tanımağa başlar. Allah təala elə Qurani-Kərimdə belə buyurur: “De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir. ” (Yunus, 101). Bunun kimi Qurani-Kərimdə bir çox ayələr biz insanlara yerdə göydə olanlara baxmağı, fikirləşməyi və düşünməyi buyurur. Bunlardan əlavə, hər bir mömin bəndə Qurani-Kərimi oxumaqla, Allah təalanın buyuruqlarını diqqətlə dinləyib, araşdırıb, başa düşməyə çalışmaqla Allah təalanı daha gözəl tanımağa və Ona yaxınlaşmağa müvəffəq olur.


Əməl və tətbiq etmək

Qurani-Kərimi oxuyub, Allah təalanın buyurduqlarını qəlblə və can-başla qəbul edərək yerinə yetirmək gərəkdir. Hər bir ayədə buyurulan əmrə tabe olmaq və ya çəkindirilən işdən çəkinmək vacibdir. O buyuruqların hamısını həyatımızda tətbiq etmək niyyəti və rəğbətilə biz Qurani-Kərimi oxumalıyıq. Əslində buyurulanları sadəcə qəlblə qəbul edib, həyatımızda ona əməl etməsək, Qurani-Kərimi oxumağın nəinki faydası olmayacaq, hətta Axirət günü bizə zərəri də dəyə bilər. Yəni, Qurani-Kərim hər birimizə qarşı çıxaraq deyə bilər ki, niyə oxuyub buyurulanları həyatda etmək istəmirdiniz.
Qurani-Kərimi oxuyarkən biz bir çox ayələrdən keçərək görürük ki, Allah təala həmişə Ona imanı əməl etməklə birgə tutub, əməllə müqayisə edib. Bir çox ayələrdə iman edib saleh əməllər görənlər ya təriflənib, ya adi insanlardan fərqləndirilib, ya da Cənnətlə müjdələniblər. “İman gətirib saleh işlər görənlər” ifadəsi Qurani-Kərimdə 48 dəfə təkrar olunub.
Allah təala həyatımızda baş verən hər bir şeydə Qurana yönəlməmizi və Quranla hökm verməmizi əmr edibdir. “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən.” (ən-Nisa, 105) Bunu Peyğəmbərinə (s.a.s) əmr etsə də, buyuruq hamımıza aiddir.
Quranda buyurulanlara əməl və ya tətbiq etmək necə olur?! Təbii ki, hər bir müsəlman şəxs ilk öncə fərdə aid olan əmrləri özlüyündə tətbiq etməlidir. Allahın hər bir bəndəyə buyurduğunu qəbul edib, ona boyun əyməlidir. Nəfsini Allah təalanın buyuruqlarına əsasən insana zərər verə biləcək şeylərdən çəkindirməli, təmizləməli və saf saxlamalıdır. Həmçinin şəxsiyyətini yüksəltmək, dəyərləndirmək və Allah təala qatında yer qazanmaq, şərəf lövhəsində yazılmaq uğrunda daim çalışmalıdır. Bununla bərabər hər bir müsəlman bəndə həmçinin öz öhdəliyində olan şəxslərə də nəzarət etməlidir ki, Allah təalanın Quranda buyurduqları həyata keçir və buyuruqlara əməl olunur. “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır. ” (Ta Ha, 132) “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” (ət-Təhrim, 6).
Öz öhdəliyində olanlardan əlavə hər bir bir müsəlman çalışıb ətrafında olanlara, cəmiyyətində yaşayanlara və tanıdığı bütün insanlara Allahın buyuruqlarını çatdırmalı və xatırlatmalıdır. Müsəlman bəndə Allahın buyurduğunu haqq və nur olaraq qəbul edirsə, hidayət yolunu yalnız bunda görürsə, necə başqalarına çatdırmaya bilər?!


Tilavət

Qurani-Kərimlə münasibətin əsas şərtlərindən də biri onu gözəl oxumaq, tilavət etməkdir. Tilavət isə hərfləri düzgün tələffüz etmək, hərf məxrəclərini doğru yerinə yetirmək, təcvid qanunu ilə və sair şərtlərə riayət etməklə oxumaq vacibdir. Bu niyə vacibdir, niyə məhz belə olmalıdır deyə düşünürsünüzsə, onda baxın Allah təala-Qurani Kərimdə məhz bu barədə nə buyurub: “Mənə əmr olunub ki, müsəlman olum. və Quran oxuyum!” (ən-Nəml, 91-92). Müsəlmana hər gün Quran oxumaq yaraşar. Əslində hər gün Rəbbinin kitabını açıb oxumaq hər bir müsəlmanın həvəsi və marağı olmalıdır. Bundan əlavə başqalarına dəvət və ya təbliğ edərkən, Rəbbinin kəlamlarını xatırladarkən, müsəlman gərək Qurani-Kərimdən əzbər bildiyi hissələr də olsun. O ya bir neçə cüz, ya bir neçə surə, ya da ki, bütün Quranı əzbərləyə bilər. Bütün Quranı əzbərləmək isə müsəlman üçün böyük şərəfdir.
Təbii ki, Quranı yalnız gözəl oxuyub, əzbərləməkli kifayətlənməli deyil, müsəlman bəndə həm də onun hər hərfini anlamağa çalışmalıdır. Qurani-Kərimdə yalnız hər bir sözün deyil, hətta hər bir hərfin seçilməsinin öz hikməti və səbəbi vardır. Bunları isə yalnız ağıl və dərrakə sahibləri anlaya bilər. Allah Təala buyurur ki: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (ən-Nisa, 82). Quranda ziddiyyətlər olmadığını dərk etmək və Quran barəsində düşünmək üçün isə, onu daim oxumaq və diqqət etmək lazımdır.
Həqiqətən də, Qurani-Kərimə məhəbbət bəsləyən, Allahın bu müqəddəs kəlamlarına ürək bağlayan insan, əvvəl-axır Allahın iznilə onu başa düşəcək və hər dəfə oxuyanda yeni mənalar kəşf edəcək. Hər yeni məna və hikmət kəşf etdikcə də, həm Rəbbini yaxşı tanıyacaq, həm Ona daha yaxın olduğunu hiss edəcək və təbbi ki, bununla da o özünü çox xoşbəxt hiss edəcəkdir. Quranın onun yoluna nur saçdığını və hər bir şeydə çıxış yolu olduğunu görəcəkdir.
Allah bizlərə, Qurana düzgün münasibət bəsləməyi, Allahın razı qaldığı və buyurduğu şəkildə Quranla əməl etməyi nəsib etsin!

Hazırladı: Şahmar Kərimov/AZERISLAM.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka