Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

“BÜTÜN ŞİƏLƏR DƏ DEYİR Kİ, BÜTÜN SÜNNİLƏR HAMISI VƏHHABİDİR”

[ Aktual / 17582 dəfə baxılıb ]   
|
 

“Anam yenidən oruca, Quran oxumağa Stalin vəfat edəndən sonra başladı”

Şərq qəzeti 10 oktyabr tarixində Xəzər Araşdırmaları Fondunun prezidenti, tanınmış politoloq Vəfa Quluzadə ilə səmimi həmsöhbət olub. Qəzet, Vəfa müəllimin eyni zamanda şərqşünas alim və ərəb dünyasını tanıyan insan olduğu üçün Ramazan ayı ilə bağlı onun fikirlərini öyrənməyi vacib sayıb.


“İftardan sonra”nın növbəti qonağı Xəzər Araşdırmaları Fondunun prezidenti, politoloq Vəfa Quluzadədir. Vəfa müəllim eyni zamanda şərqşünas alim və ərəb dünyasını tanıyan insan olduğu üçün Ramazan ayı ilə bağlı onun fikirlərini öyrənməyi vacib saydıq. Zənnimizdə yanılmadıq. Vəfa müəllim islam dini, ərəb dünyası və Ramazanla bağlı çox səmimi və sevgi ilə danışdı:


- Ramazan islam dinində ən xoş və ən əhəmiyyətli bir aydı. Ramazan ayı başlayanda bütün ərəb ölkələrində tamamilə başqa əhval-ruhiyyə olur. Azərbaycan hələ sözdə müsəlman ölkəsidir. 70 illik ateizmdən sonra Azərbaycan müsəlmançılığa hələ təzə qədəm qoyur. Amma məsələn, Misirdə, Əlcəzairdə, Suriyada, başqa ərəb ölkələrində orucluq başlayandan şəhərdə Ramazan ayı hiss olunur. Mən Əlcəzairdə işlədiyim illərdə bunu görürdüm və təəccüb edirdim ki, bu insanlar islama, Qurana necə də sadiqdirlər. Nə bir adam siqaret çəkir, nə bir restoran, nə bir kafe işləyir. Xaricilər də bu ənənəyə tabe olub müsəlmanların gözü qarşısında yeyib-içmirlər. Amma axşam ki yaxınlaşır, iftar başlayır, hər yerdə işıqlar yanır, hər yerdə bayram əhval-ruhiyyəsi hökm sürür, insanlar bir-birinin evinə qonaq gedirlər, şirni hədiyyə alırlar, birlikdə iftar edirlər. İftar vaxtı çatanda avtomobil hərəkəti tamamilə dayanırdı. Elə bil ölkədəki avtomobillər indi bizdə olandan da çoxdur. Amma hərəkət dayanırdı. Yollar boş olurdu. İftar saatlarında bir şəhərdən o biri şəhərə çox yüksək sürətlə getmək olardı. Əlcəzairdə paytaxtdan 50 km. məsafədə Bumerdes şəhəri var. Orada mənim azərbaycanlı dostlarım işləyirdi. Mən çox vaxt iftar saatından istifadə edib tez yola çıxırdım. Bilirdim ki, yol tamamilə boşdur. Saatyarımlıq yol 15 dəqiqəyə başa gəlirdi. Əlcəzair xalqı islama çox sadiq, sədaqətlidirlər. Mən Əlcəzair xalqını ələlxüsus misal gətirirəm, nəyə görə, çünki Əlcəzair xalqı öz azadlığı, müstəqilliyi üçün 1 milyon şəhid verib. Əlcəzairin ikinci adı “1 milyon şəhid ölkəsi”dir. Əlcəzair Fransa ilə uzun müddət döyüşüb. Fransa Əlcəzairi özünün bir departamenti elan etmişdi. Əlcəzair xalqı, qadını, kişisi, uşağı şücaət göstərib müstəqilliyini qazandı. Bu məğrur xalqdır və islam dininə bu qədər sadiq olduğuna görə iradəsi güclüdür və sonda qələbə çaldılar.

- Ramazan müsəlman aləminin ən önəmli ayı olduğuna görə, onu əsl bayram edirlər. Amma Azərbaycanda bu bayram əhval-ruhiyyəsi yoxdur. İftar da siyasətə çevrilib. İftarla ya bu siyasətçi, ya o siyasətçi, ya bizim müəyyən dini qurumlar iftardan istifadə edib siyasi görüşlər keçirirlər və orada siyasi söhbətlər aparırlar. Amma orucluğun əhəmiyyəti haqqında heç kim heç nə demir. Birincisi, orucluq insan orqanizminin təmizlənməsidir. Allah-taala insanlara buyurub ki, səhhətləri imkan verdiyi çərçivədə oruc tutsunlar. Deməli, orucluq birincisi, səhhət baxımından insanlara xeyir gətirir. Çünki gündə 3 dəfə yeməklə biz çox vaxt orqanizmimizi zəhərləyirik, ziyana salırıq. Ona görə ki, insan çox zaman yeməyi acgözlükdən yeyir, orqanizmin tələbatı qədər yemir. Keçmiş zamanlarda müsəlmanlar dəvələrlə səfərə çıxanda olduğu kimi indi də Əfqanıstanda köçəri həyat keçirən əhali səfərə çıxanda özləri ilə meyvə qurusu, tut qurusu, bir də ki, qoz-fındıq götürürlər. Onlar isti xörəyi bəlkə ayda bir dəfə yeyirlər. Amma biz isti yeməyi gün ərzində 3 dəfə yeyirik, hərdən qonaq da çağırılanda 4 dəfə yeyirik. Ondan sonra nəfəs ala bilmirik, nəfəsimiz kəsilir. İkincisi, mənəviyyat məsələsidir. Allah insanları bərabər yaratmayıb. Dünyada toxlardan başqa külli miqdarda aclar da var. Orucluq toxları acların nə hiss etdiyini anlamağa məcbur edir. Bu da insana müsbət təsir edir. O adam başa düşəndə ki, aclar nə qədər əzab, iztirab çəkirlər, islamın qaydalarına əməl edirlər. Sədəqə verir, xeyriyyəçiliklə məşğul olurlar.

- Vəfa müəllim, siz uşaqlıq, gənclik illərində ailənizdə orucluğu müşahidə etmişdinizmi? Ailənizdə oruc saxlayanlar var idimi?

- Bəli, mənim anam, rəhmətlik nənəm oruc saxlayırdı. Ailəmizin ana tərəfi çox dindar olub. Din alimləri də olub. Ana tərəfim zadəgan idi. Onlar həmişə islam qayda-qanununu saxlayırdılar. Baxmayaraq ki, nənəm üçün asan idi, çünki işləmirdi. Amma anam müəllimə işləyirdi, Sovet müəlliməsi idi. Düzdür, anam yenidən oruca, Quran oxumağa Stalin vəfat edəndən sonra başladı. Çünki nə qədər Stalin sağ idi, hamıda “divarların da qulağı var”, vahiməsi vardı. Bizim həyətimizdə iki gündən-bir “depo”lar həyata keçirirdilər. Sadə camaat bunu belə adlandırırdı. “KQB”dən gəlib ailələri yorğan-döşəkdən çıxarıb pişik kimi bayıra atırdılar, basırdılar maşina, naməlum tərəfə aparırdılar. Çox böyük qorxu vardı o vaxtlar.

- Nənənizin oruc saxlamağı, digər dini qaydalara riayət etməsi sizdə hansı fikirləri formalaşdırırdı?

- Mənim dinlə bağlı təsəvvürümü formalaşdıran böyüklər olub. Böyüklərin məndən tələbi budur ki, zəmanə təhlükəlidir, ölkəmiz dinsiz ölkədir, amma Allah var, hər bir insan Allahın varlığına inanmalıdır. Mənə hələ kiçik yaşlarımdan kəlmeyi-şəhadəti öyrətmişdilər. Bir də Quranın bir neçə ayəsini əzbər öyrətmişdilər. Məsələn, onlardan biri “Fatihə” surəsi idi. Mən ərəb dilini bilmədən uşaqlıqdan əzbər bilirdim. Mənə tapşırmışdılar ki, bunları hər gün ürəyində de. Sonralar artıq ərəbşünas olduqda bu ayələrin mənasını bildim, Quranı oxumaq imkanım oldu.

- Bəs özünüz nə zaman ilk dəfə oruc saxlamağa başladınız?

- Mən heç vaxt oruc tutmamışam. Birincisi, tutduğum vəzifələr, bilirsiniz ki, həmişə yüksək dövlət vəzifələrində olmuşam, buna imkan verməyib. İndi isə yaşa dolanda buna imkan var, səhhətim imkan vermir. Şəkər xəstəsiyəm. Şəkər xəstəliyi olanlar oruc saxlaya bilmir. Oruc saxlamaq çox gözəl bir əməldir. Amma hər insan buna nail ola bilmir, müəyyən səbəblərə görə. İslamda ən əsas qoyulan qayda-qanuna itaət etməklə Allahın varlığına inanmaqdır. Mən Allahın varlığına inanıram. Mən Məhəmməd peyğəmbərin həyatından bəhs edən kitabı bir neçə gün bundan əvvəl bitirmişəm və cəhd edirəm ki, onun göstərdiyi yolla gedim, onun qoyduğu mənəvi-əxlaqi normalara cavab verim. Çox arzu edərdim ki, mənim bütün müsəlman qardaşlarım, azəri türkləri hamısı buna əməl etsin. Çox arzu edərdim ki, bir gün bizim ölkədə də Ramazan bayramı Əlcəzairdə, Qahirədə, Türkiyədəki kimi qeyd edilsin, qəbul olunsun.

- Sizcə bizdə Ramazan ayına lazımi önəm verilməməsinin səbəbi yalnız Sovet dövrü ilə bağlıdırmı?

- Azərbaycan neçə yüz il xristian imperiyasının koloniyası olub. Bu xristian imperiyası öz adət-ənənələrini bütün ölkədə yayıb. Fikir verin ki, azərbaycanlıların bir toyu, bir məclisi içkisiz keçmir. Hətta Ramazan ayında da içki məclisləri açılır. Siz iftardan danışırsız... Üstəlik 70 il də dinsiz dövlət olmuşuq. Yəni bu hallar təbiidir. Amma bizim xalq addım-addım dininə qovuşur. Bu proses gedir. Cümə günü gedin məscidə, görün nə qədər adam var, hamısı bir-birilə iftar edir, əsl müsəlman qanunu ilə. Ölkə səviyyəsində isə hələ inkişaf etməmişik. Amma o gün də gələcək.

- Xalq məlumdur. Bəs din xadimləri? Artıq Ramazan ayı başa çatır, bu bir ay ərzində nə Qafqaz Müsəlmanları İdarəsi, nə digər dini qurumlar əhali üçün bir iftar süfrəsi açmadı, geniş tədbir keçirib maarifləndirmə işini aparmağa cəhd etmədi...

- Din xadimlərinin hamısı hakimiyyətdən asılıdır. Və eyni zamanda görünür, din xadimləri hakimiyyətdən buna dəstək almayıblar. Televiziyada Ramazanı təbliğ etmək, proqramlar yayımlamaq, eləcə də iftar süfrələri açmaq və s. Bunun səbəbi də var. Mən sizə açığını deyirəm. Qərb Azərbaycana külli miqdarda investisiya qoyub. Eyni zamanda, Azərbaycan NATO ölkəsi olmağa doğru gedir. Qərb Azərbaycanda islamın inkişafını görür və çox narahatdır. Qərb qorxur ki, Azərbaycan da əsl müsəlman ölkəsi olarsa, bir gün o da Qərb əleyhinə cihada qoşular. Amma Qərb gərək bundan qorxmasın. Çünki əgər Qərb müsəlman ölkələri ilə səmimi siyasət aparsa, heç vaxt müsəlman ona qarşı cihada qalxmaz. Amma ədalətsizlik, ölkənin var-dövlətinin talanmasını görəndə, sözsüz ki, xalq onları sevməyəcək. Və islamın inkişafı müsəlmanların xaricilərin əleyhinə birgə mübarizəsinə gətirib çıxaracaq. Bu dəqiqə onları narahat edən budur, mən məsələnin içindəyəm. Xaricdən çox adamlar gəlir, mənimlə də, başqaları ilə də görüşüb söhbət edirlər. Maraqlıdırlar ki, Azərbaycanda islam necə və hansı tərəfə inkişaf edir. Ona görə din xadimlərinin də imkanları bir o qədər geniş deyil.

- Ailənizin dindar olmağının şərqşünas ixtisası seçməyinizdə rolu oldumu?

- Hesab etmirəm. Atam, anam düşündülər mənə hansı ixtisası versinlər ki, siyasətdən uzaq bir sahədə olum və repressiyaya məruz qalmayım. Onlar çox arzu edirdi ki, mən şərqşünas alim olum, orta əsr kitabları ilə məşğul olum və s. Amma görün tale necə gətirdi, elə həmin şərqşünaslıq məni siyasətin ortasına atdı.

- Allahın varlığına, birliyinə inanmaq islamın əsasıdır. Amma islamın 5 əsas şərti də var ki, müsəlman olana bunlar vacib buyurulub. Yəni “mən Allahın varlığına inanıram” demək və həqiqətən də buna şəkk etməmək kifayətdir, yoxsa özünü müsəlman sayan şəxsə dinin vacib əməllərinə riayət etmək də zəruridir?

- Mənim Allah, din haqqında öz təsəvvürlərim var. Buna ictihad deyirlər. Və mən bu təsəvvürlərimi daim dərinləşdirirəm. Mütaliə etməklə. Bilirsiniz, din Allah tərəfindən insanlara göndərilib. Digər tərəfdən bu dinə insanlar tərəfindən çoxlu məsələlər daxil edilib ki, bunların Allaha dəxli yoxdur. Dindən kənar xurafatlar da var, mən indi insanların inancına toxunmaq istəmirəm, amma bütün bunlar islam dininin də, Məhəmməd peyğəmbərin əqidəsinin də əleyhinədir. Amma hesab edirəm ki, vacib şərtlərə mütləq əməl etmək lazımdır. Bu, hər bir müsəlmanın borcudur. Eyni zamanda müsəlman azad bir insandır. Siz fikir verin, dağlarda əcnəbi işğalçılar əleyhinə cihad aparanların dinin vacib əməllərinə hər zaman riayət etmək imkanları olmur. Amma onlar əsl mücahiddir və öləndə şəhid olurlar. Əsl müsəlman onlardır.

- Səudiyyə Ərəbistanında necə, olmusunuzmu?

- Bəli, olmuşam. Mənə çox böyük xoşbəxtlik nəsib olub. Mən Kəbə evinin içində namaz qılmışam. Hər adama bu imkan yaradılmır. O zaman mən prezident Heydər Əliyevlə birgə idim. Kəbə evində namaz qılmağa ancaq xüsusi şəxslərə, dövlət başçılarına icazə verilir. Kralın birbaşa göstərişi ilə. Və o zaman mən mərhum Heydər Əliyevlə birlikdə Kəbə evində namaz qıldıq.

- Mən Səudiyyə Ərəbistanını təsadüfən soruşmadım. Siz Əlcəzairi böyük sevgi ilə xatırladınız, bəs Səudiyyə Ərəbistanını necə gördünüz?

- Mən Əlcəzairdə bir neçə il yaşamışam, işləmişəm. Ancaq Səudiyyə Ərəbistanına ziyarətə getmişdik. Məkkəni, Mədinəni ziyarət etdik, buna kiçik ümrə deyirlər. Yəni Səudiyyəyə, sadəcə, səfər etmişəm. Düzdür, Səudiyyə Ərəbistanının tarixini, indiki vəziyyətini çox gözəl bilirəm, əhalinin əhval-ruhiyyəsi ilə tanışam. Səudiyyə xalqı da olduqca həm dinə bağlıdırlar, həm də ərəb aləminin problemlərinə münasibətdə olduqca vətənpərvərdirlər. Məsələn, Fələstin problemi, ərəb aləminin azad olması onlar üçün çox önəmlidir. Çox mərd xalqdırlar.

- Bizi maraqlandıran Səudiyyə Ərəbistanının vəhhabilik təriqətini nə dərəcədə yaymasıdır. Deyilənlər nə dərəcədə həqiqətəuyğundur?

- Rus təbliğatı müsəlmanlara həmişə bir damğa vurur. Məsələn, Özbəkistanda rus-sovet işğalına qarşı mübarizə aparan qəhrəman özbəklərə “basmaçı” adı qoymuşdular. Özləri başqasının ölkəsinə basqın ediblər, amma özbəyi basqınçı adlandırırlar.

- Əfqanıstanda da “düşmənlər” deyirdilər...

- Bunlar bütün dünyaya yeni bir termin icad etmişdilər. Deməli, ölkələrini işğal edirlər, işğala qarşı çıxanları isə “düşmən” adlandırırdılar. İndi bu vəhhabi də xaricilərin təbliğat siyasətidir. İslamda xeyli təriqətlər var. Amma bunlar nədənsə vəhhabi təriqətindən yapışıblar, nə vaxtsa orta əsrlərdə bu olub, ola bilsin Səudiyyə Ərəbistanında müəyyən qrup vəhhabilik ideyasına sadiqdir. Onların ideyasında da heç bir kriminal yoxdur. Bu ideya islam dininin əsaslarına olduqca mühafizəkar şəkildə sadiq qalmağın tərəfdarıdır. Bəzi dairələrsə vəhhabi sözünü terrorçu ifadəsi ilə eyniləşdiriblər. Vəhhabiliyin terrora heç bir dəxli yoxdur. Bu dəqiqə İraqda, İsraildə özünü partladanlar heç vəhhabi deyillər, axtarsan aralarında xristian da taparsan. Əcnəbilər onların ailəsini qırır, tək bir nəfər qalır, o da şəhid kəməri bağlayıb özünü partladır, şəhid edir. Ən pisi odur ki, bu dəqiqə Azərbaycanda nə qədər sünni məscidinə gedən var, xarici təbliğat onların hamısını vəhhabi elan edib. Bütün şiələr də deyir ki, bütün sünnilər hamısı vəhhabidir. Onların vəhhabizm haqqında heç təsəvvürləri yoxdur. Kim saqqal qoyursa, deyirlər vəhhabidir. Yaxşı, bəs Avropada, Qərbdə də saqqal qoyanlar var. Bu, müsəlmanları bir-birilə toqquşdurmaq və islamı məhv etmək cəhdləridir. İndiki zamanda islam artır, islam güclənir, müsəlmanlar öz haqları uğrunda mübarizə aparır. Amma onları islam terrorçuları adlandırırlar. Bunların hamısı böhtandır. İslamda terror yoxdur. Xristianlar hətta idman yarışına çıxanda da hamısı xaç çəkir. Ölümə gedəndə öz duasını oxuyur. Müsəlman da boğaza yığılır, qisas almaq istəyir, ona görə “Allahu-əkbər” deyir. Amma onu ölümə aparan qüvvə din deyil. Əksinə, islam dini sülhpərvər dindir və heç vaxt terroru təbliğ etməyib. Amma ölümə gedən müsəlman bütün dünya insanları kimi dinə müraciət edir, çünki din insanın iradəsini möhkəmləndirən məfhumdur.

- Son olaraq Ramazan ayında oruc saxlayanlara sözünüz, arzunuz...

- Bütün azərbaycanlıların bircə arzusu var; bizim işğal olunmuş torpaqlar azad edilsin, qaçqın vəziyyətində yaşayan bacı-qardaşlarımız öz torpaqlarını görsün, öz torpaqlarına qayıtsınlar. Bundan böyük arzum yoxdur.

AZERİSLAM.az
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka