Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

[ Müxtəlif / 10470 dəfə baxılıb ]   
|
 
Elmir müəllim, ölkəmizdə müsəlman icmalarının daxilində dini dözümlülüyün səviyyəsini necə dəyərləndirirsiniz?

- İslam ənənəvi olaraq dini azadlığı qəbul edən mötədil bir dindir. Müqəddəs Quran inananlara bağışlamağı, mərhəmətli olmağı və pisliyə xeyirlə cavab verməyi buyurur. Bu gün Azərbaycan müsəlmanlarının böyük əksəriyyəti bu prinsiplərə riayət edir və ümidvaram ki, nə bir sıra müsəlman ölkələrinə qarşı edilən təcavüzkarlıq, nə də təhqir olunmuş ədalət hissi bizi İslamın bu cür düzgün dərk etməyimizdən uzaqlaşmağa sövq etməyəcəkdir. Lakin əgər konkret olaraq dini icmalar daxilində vəziyyət haqqında danışsaq, orada müşahidə olunan dini dözümlülük ümumiyyətlə cəmiyyətimizə xas olandan bir qədər fərqli mahiyyət daşıyır. Cəmiyyətdəki tolerantlıq çox vaxt laqeydlik və etinasızlıq kimi təzahürlərlə qarışır. Dindən uzaq adamlar üçün tolerantlığın mənbəyi əksər hallarda digərlərin etiqadları haqqında bilginin olmaması və ya nəsə bilməyə istəyin olmamasıdır. Quranı öyrənən və dinin əsas prinsiplərinə riayət edən müsəlmanlara gəlincə, məsələ başqa cürdür. Onlar öz xalqının inanc və ənənələrini bilir və dəyərləndirir, eyni zamanda dünyaya başqa baxışı olan şəxslərə də hörmətlə yanaşır. Bu cür şüurlu dini dözümlülüyün nümayiş etdirilməsi ibadət edən müsəlmanların böyük əksəriyyətinə xasdır. Əlbəttə, başqa cür düşünmənin istənilən təzahürlərinə qarşı aqressiv münasibət bəsləyən radikal qruplar da var, lakin onlar sayca azdır və ən əsası, onların Azərbaycanda gələcəyi yoxdur.

- Azərbaycanda sünni – şiə münasibətləri haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, ölkə boyu bu zəmində hər hansı bir problemlə demək olar ki, qarşılaşmırıq, hərçənd məişət zəminində ayrı-ayrı neqativ faktlar baş verir. Bu yaxınlarda qadın atasının təkidilə ərinin sünni qaydası ilə namaz qılması səbəbi üzündən yoldaşının evini tərk etməsi kimi bir hadisənin şahidi olmuşam. Əlbəttə, belə bir istisnalar nadir hallarda baş verir. Lakin eyni zamanda bu, həyəcan doğuran bir zəngdir və bu cür faktlara laqeydlik nümayiş etdirmək olmaz. Son illər Azərbaycana İranda nəşr olunan və bütövlükdə məzhəblər arası münasibətlərin aydınlaşdırılmasına həsr olunan onlarla təxribat xarakterli ədəbiyyat gətirilib. Bu yaxınlarda Rusiyadan ölkəyə qanunsuz şəkildə gətirilmiş və açıq təxribat mahiyyəti daşıyan şiə məzhəbi əleyhinə kitabın yayılması cəhdinin qarşısı alınmışdı. Tam aydındır ki, müəyyən xarici qüvvələr şiələrlə sünnilər arasında orta əsrlərə xas ədavətin qızışdırılmasında maraqlıdır.

- Necə düşünürsünüz, bu, gələcəkdə məzhəblər arası ədavətin qızışdırılmasına gətirib çıxara bilərmi?

- İnanmaq istərdim ki, Azərbaycanda bu baş verməyəcəkdir. İraqdakı faciəvi hadisələr göstərdi ki, məzhəblər arasında baş verən qarşıdurmada qalib tərəf olmur. Dinc və günahsız adamlar həlak olur, müsəlmanlar isə daha yaxşı bilirlər ki, bir günahsız insan ölümü göy və torpağın viran edilməsindən daha pisdir. Bu gün ölkəmizdə hadisələrin bu cür inkişafı üçün heç bir zəmin yoxdur, lakin bu, o demək deyil ki, əlimizi ağdan-qaraya vurmamalıyıq. Cəmiyyət din pərdəsi altında bəşəri ideyalar əleyhinə fikirlər yayan şəxslərə qarşı laqeyd olmamalıdır. Təəssüflər olsun ki, bu cür radikal təmayüllü elementlər həm şiələr, həm də sünnilər arasında var. Bəziləri «gizli» imamın nüfuzuna əsaslanmayan hakimiyyəti tanımır və bütün dünyanı başqa cür düşünən müsəlmanlardan təmizləyəcək həmin imamın gəlişini gözləyir. Digərləri isə «ümumdünya xilafət» ideyasını düşünür və onlarla razı olmayan hər bir kəsin həyatına və mülkiyyətinə qəsd etməkdə özlərini haqlı sayır. Bu cür görüşlər sünni və şiələrin özləri tərəfindən pislənilir, lakin həmin fikirlərin mövcudluğu artıq bir faktdır və onlara göz bağlamaq olmaz.

- Elmir müəllim, müqəddəs Qurani-Kərimi tərcümə etmiş və dinin sosial aspektlərini tədqiq edən bir alim kimi necə düşünürsünüz, bunun qarşısını almaq üçün ilk növbədə hansı addımlar atılmalıdır?

- İlk növbədə, düzgün dini maarifləndirmə işi qurulmalıdır. Son bir neçə ildir biz bunun haqqında danışırıq, lakin hələ də əhəmiyyətli irəliləyişlər müşahidə olunmur. Bizim ruhanilər həmin problemi müstəqil surətdə həll etmək üçün kifayət qədər intellektual və maliyyə resurslarına malik deyil. Ümid edirik ki, dövlətimiz bu məsələyə maraq göstərəcəkdir. Fikrimizcə, dini maariflənmə prosesi yalnız din xadimləri tərəfindən idarə oluna bilməz və idarə olunmamalıdır – bu prosesə islamşünaslar, filosoflar, sosioloqlar və kulturoloqlar da cəlb olunmalıdır. Dini məktəblərin və mədrəsələrin tədris proqramları Təhsil Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanmalıdır. Azərbaycan dilində dini fənlər üzrə tədris vəsaitlərinə, sadəcə dini-maariflənmə ədəbiyyatına ehtiyac var. Əgər ölkə səviyyəsində vətəndaşların dinə olan marağını təmin etmək üçün hər hansı bir iş görülmürsə, xaricdən gətirilən təbliğat xarakterli materialların axınını necə məhdudlaşdıra bilərik? Yalnız intellektual və dini elitanın səylərini cəmləşdirərək dinimizin Azərbaycanın mədəni və mənəvi ənənələrinin bir hissəsi olaraq qorunmasına nail ola bilərik. Eyni zamanda qəbul etmək lazımdır ki, ənənənin özünün tənqidi baxımdan dərk edilməsinə ehtiyac var. İslam dininin 14 əsrlik tarixində sosial-mədəni inkişafı ləngidən, dini fanatizmi, biliksizliyi və radikalizmi dəstəkləyən bir çox ehkam və mərasimlər meydana gəlmişdi. Əgər biz sabah Azərbaycanın güclü vətəndaş və demokratik təsisatlara malik inkişaf etmiş bir dövlətə çevrilməsini istəyiriksə, artıq bu gün iradə nümayiş etdirib zamanın tələblərinə cavab verməyən, həmçinin sünni-şiə arasında fərqlilikləri xatırladan köhnəlmiş ənənələrdən imtina etməliyik.

- Necə düşünürsünüz, dini maariflənmə tam əksinə dini ekstremizmin artmasına gətirib çıxara bilərmi, axı biz məhz dini bilikləri əldə etmək asan olduğu bir zamanda belə bir problemlə üzləşdik?

- Lakin dini biliklər deyil, məhz dini savadsızlıq buna səbəb oldu. Artıq iki onillikdir ki, İslam Azərbaycanda öz-özünə yayılır, əksər hallarda xarici missioner təşkilatlarının təsiri altında. İnsanlar heç də həmişə Quranda buyrulan dəyərlər, İslamın məqsədi və məramı haqqında düzgün bilgilər əldə etmirlər. Müqəddəs məntlərin izahı zamanı onların mənası müəyyən siyasi və geosiyasi qüvvələrin maraqlarına uyğun şəkildə təhrif olunur. Bütün bunlar İslamın əslində nə olduğu, inananların mənəvi siması, onların həyati və vətəndaş mövqeyi necə olmalıdır kimi məsələləri aydınlaşdırmağa kəskin ehtiyac duyulduğunu sübut edir. Həqiqi iman insanın daxili dünyasını bəziyir və nəcibləşdirir, onu Allahı dərk etmək və Ona qəlbən xidmət etmək yoluna gəlməyə yardımçı olur, ətrafındakılara xətər yetirməkdən, mənəvi qüsur və əxlaqsızlığa sürüklənməkdən saxlayır. Qurana həqiqətən inanan və onun əsl mənasını anlayan şəxs qrupda ən çalışqan tələbə, işlədiyi şirkətdə isə ən vicdanlı əməkdaş olacaqdır. Həqiqi iman insanı heç vaxt aqressiv, təmkinsiz, avara və ya tənbəl etmir. Əgər siz kin və ədavətə çağıran bir təlimlə üzləşmisinizsə, bu, cəmyyət üçün təhlükəlidir. Bu cür yanlış fikirləri aradan qaldırmaq üçün dini maariflənmə işini təşkil etmək zəruridir. Lakin ekstremist təmayüllərə müqavimət göstərmək üçün yalnız bu bir addımın kifayət edəcəyini düşünmək də düzgün deyil. Dini ekstremizmin artmasına sosial-iqtisadi problemlər, yaşayış səviyyəsinin aşağı olması, sosial bərabərsizlik kimi amillər də az təsir göstərmir.

- Hesab edirsiniz ki, iqtisadi şərait də insanların dini etiqadına təsir göstərir?

- Dini ekstremizm sosial etirazın formalarından biridir. Əgər insan küçədə, işdə, hətta ictimai nəqliyyatda neqativ hallarla üzləşirsə, məmur özbaşınalığından yaxa qurtara bilmirsə və özünün sosial hüquqlarının müdafiə olunmadığını hiss edirsə, bu etiraz təbii ki, onu hərəkətə keçməyə sövq edəcək. 100 il bundan əvvəl məhz bu zəmində inqilabçıların sıraları böyüyürdü. Bu gün dini ideyalara müraciət edərək öz etirazını bildirmək dəb halını alıb. Bəziləri xristian sektalarına daxil olur, digərləri isə radikal müsəlmanlara qoşulur. Axırıncıların daha da məşhurlaşmasında KİV-in rolu böyükdür, məhz KİV Ben Laden və ona oxşar cinayətkarlar barəsində Amerika qlobalizmi və dünyada hökm sürən bərabərsizliyə qarşı vuruşan qorxmaz mübariz imicini formalaşdırıb. Təəssüflər olsun ki, İslam haqqında məhdud bilgilər bir çoxlarına Allahın dininin sosial problemlərə reaksiya göstərməkdən daha üstün olduğunu dərk etməyə imkan vermir. Quran bütün məzlumların və istismar olunanların hakim sinfə qarşı mübarizəyə birləşdirmək üçün nazil olunmayıb. Qurani-Kərim bizim qarşımızda daha ali məram qoyur – günah və şübhə zülmətindən iman, bilgi və məhəbbətin köməyi ilə xilas olmaq. İnanın ki, bu məqsədə çatmaq öz şəxsi uğursuzluqlarında hakimiyyət və digər insanları günahlandırmaqdan daha çətindir.
Lakin bilmək lazımdır ki, ekstremist təmayüllü şəxslərin heç də hamısı cinayət etmək iqtidarında deyil. Bir qayda olaraq, ictimai qaydalar əleyhinə davranış nümayiş etdirən və aşağı əxlaqa malik adamların xüsusi psixoloji tipi cinayət törədə bilər. Bu şəxsləri möminlərin sırasına aid etmək olmaz, çünki onlar ruhlarını təmizləyən həmin imanı əldə etməyiblər. Onlar dinin astanasına daxil olublar, lakin daha irəli gedə bilməyiblər. Əgər onlar dinə müraciət etməsəydilər, hər bir cəmiyyətdə müşahidə olunan adi cinayətkar olardılar.

Azadinform
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka