Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ELMİR QULİYEV: “HƏR ADAM QURANI TƏRCÜMƏ EDƏ BILMƏZ”

[ Aktual / 8596 dəfə baxılıb ]   
|
 
Quranı rus dilinə tərcümə edən Elmir Quliyev: «Müsəlman dinini səthi bilən oxucuların böyük əksəriyyətinin bir sıra tərcümələrlə tanış olması məqsədəuyğun deyil, belə ki, bu tərcümələr müqəddəs Quranın mənasını ciddi surətdə təhrif edərək, İslam haqqında ümumi səhv bir təsəvvür yaradır».

- Son illər ərzində Qurani-Kərimin rus dilində 10-a yaxın tərcüməsi nəşr olunub. Quranın yeni bir tərcüməsini işləməyə sizi nə vadar etdi?
- Zənnimcə, məhz bu sual bir çox oxucuları maraqlandırır, çünki müqəddəs Quranın mahiyyətini öyrənmək istəyənlər ilk növbədə, bu günə qədər mövcud olan tərcümələr arasında seçim etmək məcburiyyətində qalır. Görkəmli müsəlman ilahiyyatçısı Əbdürrəhman əs-Səədi tərəfindən yazılmış Quranın təfsirinin tərcüməsinə başlayan zaman mən məhz bu problemlə üzləşdim. Əvvəllər mən Quran ayələrini müstəqil şəkildə tərcümə etməyə cürət etmirdim və mövcud tərcümələr arasından Quranın təfsirindən sitat gətirmək üçün münasibini tapmağa çalışırdım.

Boquslavskiy və Sablukov kimi Quranı ərəb dilindən rus dilinə ilk tərcümə etmiş müəlliflərin əsərlərində bir sıra ayələrin uğurlu tərcümələrinə rast gəlmək olardı, lakin ümumiyyətlə, onlar mənim tələblərimə uyğun gəlmirdi. Akademik İ.Y.Kraçkovskinin tərcüməsi əvvəlki tərcümələrlə müqayisədə bir sıra üstünlüklərə malik olsa da, ancaq qeyri-dəqiq və hətta məna baxımdan ciddi səhvlərə malik olan bu əsər geniş ədəbi redaktəyə ehtiyac duyurdu. V.Poroxovanın mənzum tərcüməsi Quranda qeyd olunan bir çox sözlərin, o cümlədən terminlərin dəqiq mənasını açmırdı. Professorlar M.-H.O.Osmanov və B.Y.Şidfarın tərcümələri fikrimcə, çoxlu sayda səhvlərə malik olub, onların bir çoxu hətta müsəlman dininin əsaslarına belə zidd idi. Bununla əlaqədar olaraq, mən təmiz müsəlman görüşlərinə uyğun gələn, yeni məna çalarlarına malik tərcüməyə başlamaq məcburiyyətində qaldım. Güman ki, hələ o zaman bu işin həyatımın ən ayrılmaz hissəsinə çevriləcəyini çox da yaxşı dərk etmirdim.

- Quranı tərcümə edərkən onu hansı yöndə təqdim etmək istəyirdiniz?
- İlk növbədə oxucuların diqqətinə müqəddəs Quranı ərəb dilində oxuyan və İslam dininin başlıca və ikinci dərəcəli əsasları haqqında məlumata malik adi müsəlman üçün aydın olan Quran ayələrinin mənasını çatdırmaq istəyirdim. Bu məqsədə nail olmaq üçün ilk növbədə müsəlman etiqadı və şəriətin əsas prinsiplərinə ziddiyyət təşkil edən kobud səhvlərə yol verməmək lazım idi. Müqəddəs Quranın ruhuna yad olan ifadələrdən istifadə edərək, rus dilinin zənginliyini göstərmək məqsədi güdmürdüm. Demək olar ki, tərcümə zamanı rəhbər tutduğum əsas prinsiplər dəqiqlik və sadəlik idi. Çox zaman Quranın tərcüməsində rus ədəbiyyatının şah əsərini görməyi arzulayan oxucuların maraqları ilə hesablaşmamaq məcburiyyətində qalırdım. Müqəddəs Quran digər bütün kitablardan fərqlənir. Quranda dini göstərişlərlə yanaşı, həmçinin ibrətamiz nümunələr var. Quran hər bir müsəlman üçün həyat qanunudur - ailə, əxlaq, əmək və cinayət hüququ haqqında qanunlar toplusudur. Bu kitabda qeyd olunan hər bir söz müəyyən mənaya malikdir və çox vaxt bir hərfdən bu və ya digər dini qayda hasil olur. Ona görə də mən mətnin bədii işlənməsindən daha çox, oxucuların tərcümədən çıxara biləcəyi nəticələrə fikir verirdim.

- Deyirlər, yaxşı tərcümələr olmur: onlar ya çox, ya da az uğurlu ola bilər. Siz də bu fikirlə razısınızmı?
- Müqəddəs Quranın tərcüməsindən danışırıqsa, hesab edirəm ki, bu tərcümələrin hər biri mütəxəssislərin diqqətinə layiqdir. Bir daha qeyd etmək istərdim - məhz mütəxəssislərin. Zənnimcə, müsəlman dinini səthi bilən oxucuların böyük əksəriyyətinin bir sıra tərcümələrlə tanış olması məqsədəuyğun deyil, belə ki, bu tərcümələr müqəddəs Quranın mənasını ciddi surətdə təhrif edərək, İslam haqqında ümumi səhv bir təsəvvür yaradır. Bundan başqa, bu tərcümələr bir çox oxucularda çaşqınlıq yarada bilər, çünki Quranın ayrı-ayrı ifadələri müxtəlif müəlliflər tərəfindən müxtəlif cür tərcümə olunub. Əgər oxucu ərəb dilini bilmirsə və Qurandan olan hər hansı bir hissənin mənasını dəqiqləşdirmək imkanına malik deyilsə, onda o, çox pis vəziyyətdə qalır: hansı müəllifə inansın? Hansı tərcüməçi səhv buraxıb? Bu ayəni bir sıra başqa üsullarla tərcümə etmək olarmı? Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, tərcümə zamanı nüfuzlu ilahiyyatçıların anlayışına uyğun tərzdə eyni bir ayəni müxtəlif üsullarla tərcümə etməyə çalışmışam. Qurandakı ayələr çoxmənalıdır və ayələrin aşkar mənaları arasında heç bir ziddiyyət yoxdur. Bir neçə düzgün tərcümələrin mümkünlüyü - Allah kəlamının son dərəcə ən gözəl xüsusiyyətlərindən biridir, belə ki, lakonik olmasına baxmayaraq, sonsuz sayda mənaya malikdir.

- Bir çoxları hesab edir ki, Quranı digər dillərə tərcümə etmək olmaz...
- Qeyd etmək istərdim ki, ilahiyyatçılar arasında Quranın digər dillərə tərcüməsinin qanuniliyi ilə bağlı mövcud fikir ayrılığı bu tərcümələrdən daha çox, tərcümələrin doğura biləcəyi nəticələrlə bağlı idi. Onlar qorxurdular ki, tərcümə müqəddəs Quranın əvəzedicisi kimi qəbul olunacaq və dini ayinlərin icra olunması üçün istifadə olunacaq, eləcə də dini göstərişlər nəzərə alınmayacaq. Digərləri hesab edirdi ki, tərcümələr digər müqəddəs kitablarda olduğu kimi, müqəddəs Quranın da təhrif olunması üçün qapı açır. Buna baxmayaraq, demək olar ki, bütün alimlər Quranda verilən mənanı - həm ərəb, həm də digər dillərdə olan başqa sözlərlə nəql etməyə icazə verirdi. Bir çoxları hətta hesab edirdi ki, zərurət yaranarsa, Quran məcburi qaydada tərcümə olunmalıdır. Lakin ilahiyyatçılar müqəddəs Quranın hərfi tərcüməsi ilə bağlı fərqli fikirlər söyləyirdilər. Tərcümə zamanı ərəb sözlərinin əvəzinə, həmin sözlərin mənalarına uyğun xarici sözlər qoyularaq, cümlə bu əcnəbi dildə qəbul olunmuş qaydalara uyğun qurulurdu. Şübhəsiz, bu cür tərcümə Quranın mənasını ciddi qaydada təhrif edə bilər, buna görə də ilahiyyatçılar Quranın hərfi tərcüməsini yolverilməz hesab edirdilər. Lakin əgər müəllif ərəb sözlərinin leksik mənası və ayələrin doğru-dürüst təfsirini əsas tutaraq Quran ayələrinin mənasını çatdırmağa çalışırsa, əksər alimlərin fikrincə, burda pis şey yoxdur. Hərçənd Quran ayələrinin məna çalarlarına əsaslanan tərcümə Müqəddəs kitabın bütün mənasını əhatə edə bilməsə də, bu onun tənqid olunması üçün heç bir əsas vermir. Çünki bu qəbildən tərcümə Quran ayələrinin təfsirinə yaxın olur. Məlumdur ki, Quran ayələrinin tam mənasını aça bilən bir təfsir yoxdur və hesab edirəm ki, buna heç bir insanın gücü də çatmaz.

- Bir çox müsəlmanlar Quranın müəllif tərcüməsindən sitat gətirirlər. Kimin Quranı tərcümə etməyə haqqı çatır?
- Əlbəttə, hamının Quranı tərcümə etməyə hüququ çatmır. Yuxarıda qeyd etdiyim kimi, Quranın tərcümələri ilə onun təfsirləri (şərhləri) arasında bir sıra fərqlər var. Buna görə də hesab etmək olar ki, Quranı tərcümə edən leksikoqrafiyanı (lüğət), sintaksisi (nəhv), morfologiyanı (sərf), söz düzəltməni (iştiqaq), izah etmək haqqında elmi (bəyan), qiraət haqqında elmi (qiraət), dinin əsaslarını, qanunşünaslığın əsaslarını (üsulul fiqh), ayələrin nazil olunma səbəblərini, ləğv edən və ləğv olunmuş ayələr haqqında elmi (nasix və mənsux), qanunşünaslığı (fiqh), hədislər haqqında elmi və onların terminologiyasını kifayət qədər yaxşı bilməlidir. Ən nəhayət, tərcüməçi müqəddəs Quranı tərcümə etdiyi dili də mükəmməl bilməli, dini, elmi və hətta bədii ədəbiyyat əsərlərinin tərcümə olunmasında zəngin təcrübəyə malik olmalıdır. Bundan başqa, fikrimcə, Quranın tərcümə olunması üçün müsəlman ilahiyyatçıları ilə ünsiyyət gərəkdir, belə ki, bu ünsiyyət olmadan heç bir mütəxəssis müqəddəs Quranın ruhunu duya bilməz.

- Birlik və vahidlik naminə müsəlmanlar özləri üçün Quranın yeganə və vahid “qəti olaraq müəyyən edilmiş” tərcüməsini seçməlidirmi?
- Zənnimcə, Quranın ümumqəbulolunmuş (kanonik) təfsiri olmadığı kimi, onun qəti şəkildə qəbul olunan bir tərcüməsi də ola bilməz. Hər bir müəllif öz tərcüməsində sadəcə olaraq öz imkanları daxilində Quran ayələrinin və ilahiyyatçıların təfsirlərinin öyrənilməsi zamanı dərk etdiyi mənanı verməyə çalışır. Buna görə də mən öz tərcüməmi rus islamşünaslığının inkişafının bir mərhələsi olaraq qəbul edirəm. Düşünürəm ki, gələcəkdə, bəlkə də tezliklə rusdilli müsəlmanlar tərəfindən Quranın yeni və daha mükəmməl tərcümələri meydana gələcək. Lakin ümid edirəm ki, onlar tərcümə edərkən mənim də tərcüməmə müraciət edəcəklər.

- “Quranın tam mahiyyətini yalnız ərəb dilində dərk etmək olar” fikri qeyri-ərəb müsəlmanları yumşaq desək, bir qədər alçaldır. Quranın tərcüməsi - bu fikrin təsbitidir, yoxsa təkzibi?
- Hər bir müsəlmanın ərəb dilini bilməsi onun özü üçün üstünlükdür. Bu dili bilmədən İslam dini sahəsində biliklər səthi olur. Bundan əlavə, ərəb dilini bilməyən şəxsin müstəqil şəkildə dini mülahizələr irəli sürməyə, müqəddəs Quranın mahiyyəti barədə və sairə bu kimi məsələlərlə bağlı mühakimə yürütməyə haqqı çatmır. Bu baxımdan, ərəblər digər müsəlmanlarla müqayisədə daha üstün mövqeyə malik olurlar. Lakin əgər qeyri-ərəb müsəlmanlar ərəb dilinə yiyələnib İslam dininin əsaslarını öyrənərsə, bunun müqabilində onlar mükafatlandırılır və bu mükafat çox şübhəsiz, həmin eyni səviyyəni fəth etmiş ərəblərin mükafatını üstələyir. Tarixə nəzər salsaq görmək olar ki, müsəlman alimlərinin böyük əksəriyyəti ərəb deyildi. Bundan əlavə, onlar ərəb dilini pis bilmirdilər, hətta bir çoxları əsil ərəblərdən belə yaxşı bilirdilər. Buna görə də zənnimcə, dindarın ərəb dilini bilməməsi heç də onu ərəb dilini bilənlərlə müqayisədə alçaltmır.

- Müsəlman xalqlarının milli özünüdərkin artması şərtləri altında namaz və digər dini ayinlər zamanı Quranın tərcüməsinin oxunması perspektivini necə qiymətləndirirsiniz?
- Atrıq hicri təqvimin II əsrində müsəlmanlar namaz zamanı Quranın tərcüməsinin oxunmasının yolverilməz olması haqqında razılığa gəldilər. Hətta əgər insan “əl-Fatihə” surəsini və ərəb dilində digər duaları öyrənə bilmirsə, onda onların əvəzinə “Allahu Akbar! Əlhəmdu lillah! Subhanallah!” və s. kimi sözləri təkrarlamalıdır. Bu haqda məlumat çox mötəbər hədisdə verilir. Bu o deməkdir ki, şəriət namaz zamanı Quranın tərcüməsinin oxunmasını qəti surətdə qadağan edir. Bu müqəddəs kitab ərəb dilində nazil olunub və Allahın kəlamlarını insan sözlərilə əvəz etmək cəhdləri mənim üçün perspektivsiz görünür.

- Sizcə nə yaxşıdır: düşünmədən Quranın əslini oxumaq, yoxsa dərk edərək tərcüməni?
- Ərəb dilini bilməyən insanın Quranı ərəb dilində oxuması bir ibadətdir. Quranda dəfələrlə qeyd olunur ki, Quranı oxumaq insan qəlbinə və ruhuna şəfa verir. Quranın oxunma ahəngi insanın daxili dünyasını qaydaya salır, onu sakitləşdirir və ruhuna əminlik verir. Aparılan tədqiqatlar göstərir ki, Quranı oxumaq insanın psixiki halına müsbət təsir göstərir, hətta insan oxunan Quran ayələrinin mənasını başa düşmürsə belə. Əldə olunan nailiyyətlərə baxmayaraq, müasir elm bu cür təsir mexanizmi yaratmaq iqtidarında deyil. Buna baxmayaraq, onu inkar etmək də olmaz. Bundan əlavə, Qurandan oxunan hər bir hərfin müqabilində dindar 10 dəfə çox mükafat qazanır. Şübhəsiz, əgər insan Quranı dərk edərək oxuyursa, onun mükafatı daha böyük olacaq. Bunun üçün Quranı oxumadan əvvəl və ya sonra mövcud tərcümələrin köməyilə oxunan ayələrin mənasını öyrənmək kifayət edər. Eyni zamanda, dindarların tərcümələri öyrənməsi onlara böyük fayda verir, çünki onlar çox qiymətli biliklərə yiyələnirlər.

- Quranı daha dərindən tədqiq edərkən müqəddəs kitabımızda sizi ən çox nə valeh etdi? Siz özünüz üçün nəsə kəşf etdinizmi?
- Etiraf etməliyəm ki, tərcümə olunan hər bir ayə mənim üçün demək olar ki, bir kəşf idi. Biliklərini artıran dindar çox vaxt 3 təşəkkül mərhələsindən keçir. Əvvəl ona elə gəlir ki, o, artıq hər şeyi bilir və müstəqil qaydada bir çox dini məsələlərdən baş çıxara bilər. Sonra o dərk edir ki, onun bilikləri məhduddur və tam əminlik olmadan İslam haqqında danışmaqdan utanır. Ən nəhayət, ona aydın olur ki, o demək olar ki, Allah-təala və Onun dini haqqında heç nə bilmir. O özünü nəhəng biliklər okeanının sahilində hiss edir və bu dəryanı yalnız Allahın köməyi və səbr edərək keçə bilər. Buna görə də mənim üçün ən böyük kəşf çox güman ki, Allah-təalanın müdrikliyinin və mərhəmətinin sonsuz olduğunu dərk etmək oldu.

- Necə düşünürsünüz, müsəlman ilahiyyatçının elmi yolu Quranın tərcüməsilə başlamalı, yoxsa qurtarmalıdır?
- Hesab edirəm ki, ilahiyyatçı məcburi qaydada Quranı tərcümə etmək məqsədi güdməməlidir. Bundan əlavə, kifayət qədər səriştəyə malik olmadan ilahiyyatçı Quranın tərcüməsinə başlayarsa, bu onun üçün çox ağır bir yük olar. Ancaq əgər Allah-təalanın köməyilə ona Quranı tərcümə etmək nəsib olarsa, bu, təbii ki, onun elmi araşdırmalarının başlanğıcı olmamalıdır.

Tanıtım:Elmir Quliyev kimdir?

1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri şöbəsinin dissertantıdır. Elmir Quliyev ilahiyyat və dini fəlsəfə sahəsində 10 monoqrafiya, eləcə də 50-yə yaxın elmi məqalə və tərcümələrin müəllifidir. 2002-ci ildə 7 ildən bəri Quranın məna çalarlarının tərcüməsi ilə bağlı apardığı işini yekunlaşdırıb. Onun bu tərcüməsi Rusiya Müftilər Şurasının rəhbərliyi, həmçinin Moskva İslam Universitetinin ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Evlidir, iki qızı var.

www.islam.com.az

P.S. Yenicə işıq üzü görmüş İslam.com.az internet ünvanının başa gəlməsində əməyi keçən hər kəsə rəbbimizdən bğışlanma diləyirik. Arzu edirik ki, dünya azərbaycanlıları bu ünvandan da lazımınca faydalana bilsinlər.
Gəncləri doğru yoldan azdırmağa çalışan internet ünvanlarının açıldığı bir dövrdə bu cür faydalı və elmli mənbəələrin olmasına çox ehtiyac var.
İnanırıq ki, İslam.om.az-da bunlardan olacaq.

Təqdim etdi: Azerislam.az
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka