Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMANIMIZIN ZƏİFLİYİNDƏN ...

[ Aktual / 4375 dəfə baxılıb ]   
|
 
Ramazan ayı gələrkən hamımız sevinclə, həvəslə və ruh yüksəkliyi ilə xeyir əməllərə başlayırıq. İbadət və itaətlərimizi çoxaldır, daim işlətdiyimiz kiçik günahları azaltmağa çalışırıq. Ayın ortasına çatanda artıq bu əməllər gözümüzdə adiləşir, tutduğumuz orucun və etdiyimiz ibadətlərin ləzzətini və tamını hiss edə bilmirik. Ayın sonuna doğru artıq xeyir əməllərimiz də azalır.

Hər birimizin həyatında elə anlar olur ki, ruh düşgünlüyü və iman zəifliyini hiss edirik. Bəzən bu iman zəifliyi nəinki aradan qalxmır, hətta getdikcə aşağıya doğru enir. Allah təalanı daim zikr etməyən, Onun əzəmətini və hər şeyi görüb-bildiyini hiss etməyən müsəlmanın imanı həmişə zəifləyir və hətta yox dərəcəsinə belə çatır.

Keçmişimizə, yəni İslamın ilk dövrünə nəzər salsaq, səhabələrin və Peyğəmbərin (s.a.s) davamçılarının necə yaşadığını öyrənsək, aramızdakı dəhşətli fərqi görərik.

Əbu Bəkr (r.a) bir gün bağçada bir nəfərlə gəzərkən, bir quş görür. O quşu diqqətlə izləyir, sonra başlayır ağlamağa. Yanındakı ondan (r.a) niyə ağladığını soruşanda O (r.a): «Quş istədiyi yerə uçur, istədiyi yerə qonur, istədiyini yeyir, amma etdiklərinə görə hesaba çəkilmir. Kaş, bir quş kimi olaydım, etdiklərimə görə Rəbbim məni hesaba çəkməzdi.»

Əbu Bəkrin xilafəti dövründə bir kor qadın var idi. Evdə onun bəzi işlərini kimsə görürdü. Ömər (r.a) bir dəfə qadından bu işləri kimin gördüyünü soruşur. Qadın: «Mən onu görmürəm, tanımıram. Gəlir yeməyimi hazırlayır, evimi süpürür sonra qoyunu sağıb südü qoyub çıxır gedir.» Ömər (r.a) bunun Əbu Bəkr (r.a) olduğunu anlayır və öz-özünə: «Özündən sonrakı xəlifələri yordun, ey Əbu Bəkr!» deyir.

Səhabələr və onlardan sonra gələnlər hər əməl və addımlarında Allahın rizasını qazanmaq üçün hərəkət edirdilər. Onların imanı daim onları xeyir işlərə sövq edirdi.


Bəs imanımızın zəiflik əlamətləri hansılardır?! Necə bilək ki, imanımız zəifdir?!

Çoxlarımız və bəlkə də demək olar ki, bir-ikimiz istisna olmaqla hamımız Allah təalanın kəlamını adi bir söz kimi qəbul edirik. Quran oxuyarkən, dinləyərkən və yaxud namazda oxunarkən biz o sözlərə və bu sözlərin kimə məxsus olduğuna diqqət yetirmirik. Buna görə də Rəbbimizin buyurduqları bizə təsir etmir. Rəbbimiz buyurur ki: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar.» (əl-Ənfal, 8:8)

Bir dəfə Peyğəmbərimiz (s.a.s) İbn Məsuda (r.a) «Quran oxu!» - deyir. İbn Məsud: «(Quran) Sənə nazil olub, mən oxuyum?». Rəsulullah (s.a.s): «Oxu!» – buyurur. İbn Məsud deyir ki: «Nisa surəsindən oxudum və "Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman nə cür olacaq?" (ən-Nisa, 4:41) ayəsinə çatanda mənə dayan dedi. Baxdım ki, gözləri yaşarıb.»

Düzdür biz Allahın buyurduqlarını Peyğəmbərimiz (s.a.s) qədər də dərk edib təsirlənə bilmərik, amma təəssüf ki, qəlblərimiz getdikcə daşa dönür. Bizlər öz halımıza yanmırıq, amma Rəsulullah (s.a.s) bizim halımıza bizdən də çox yanırdı, bizdən də çox narahat olurdu. Möminlərin anası Aişədən (r.a) rəvayət olunur ki: «Rəsulullah (s.a.s) bir gecə səcdəyə gedib – "Ümmətim, ümmətim ..." – deyərək, bütün gecəni ağladı.»

Başqa bir rəvayətdə də gəlir ki, Peyğəmbərimiz (s.a.s) bir gecə namaz qılarkən bütün gecəni bu ayəni «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən» (əl-Maidə, 5:118) oxuyaraq ağladı. O (s.a.s) bizim halımıza ağlayırdı.

Biz Rəbbimizin sözlərini bir-bir diqqətlə dinləyib, hər hərfində bir məna və hikmət olduğunu dərk etməliyik. Aləmlərin rəbbi bizə müraciət edir və bizə hər şeyi açıq-aydın bəyan edir, biz isə qafil olduğumuzdan imanımız zəifləyir.

Ömər bin Əbdül-Əziz haqqında rəvayət olunur ki, bir gün namaz qılır və əl-Leyl (Gecə) surəsini oxuyur və «(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.» ayəsinə çatanda ağlayır. Davam etmək istəyir, həmin ayəni təkrarlayıb yenə dayanır və ağlayır. Beləcə 3 dəfə təkrar edir, amma ondan sonrakı ayəyə keçə bilmir və başqa surədən oxumağa başlayır.

Saleh bəndələrdən biri haqqında rəvayət olunur ki, bir gecə namaz qılarkən «Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" – demələrini görəydin!" (əl-Ənam, 6:27) ayəsinə çatır və ruhunu Allaha tapşırır.

İnsan bütün günahlara əl atmaq istəyir və hətta sadəliklə zehnində və qəlbində edəcəyi günahları düşünür və planlaşdırır. Amma bir görək Allah nə deyir: «Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; Ürəklərdə olanlar faş ediləcəyi zaman, Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!» (əl-Adiyat, 100:9-11).

Müsəlman qardaşım və bacım!
Sən Qiyamət günü Allah təalanın qarşısında dayanıb sorğu suala çəkiləcəyin anı təsəvvür edə bilirsənmi? Bilirsənmi Rəbbin nə deyir o gün və o an haqqında? «O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətirilib ərz olunacaqsınız. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!» (əl-Haqqa, 18)

Namaz qılarkən, bu dünyada beləcə Rəbbinin hüzurunda dayanarkən, Həşr günü də Rəbbinin hüzurunda dayanacağın dəhşətli və acınacaqlı anı hiss edə bilirsənmi?

Bir gün Ömər bin Əbdül-Əziz bərk ağlayır. Ondan ağlamağının səbəbini soruşanda, belə deyir: «"...(Axirətdə insanların) bir qismi Cənnətdə, bir qismi isə Cəhənnəmdə olacaqdır!" (əş-Şura, 42:7) ayəsini oxudum və hansı qismə daxil olacağımı düşündüm.»

Biz də Allahın ayələrini oxuyarkən heç düşünürükmü, fikirləşirikmi, araşdırırıqmı və Allahın bizə buyurduğunu dərindən dərk edirikmi? Yoxsa biz sadəcə bir qəzet oxuduğumuz kimi oxuyuruq Quranı? Allah buyurur ki: «Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?» (Muhəmməd, 47:24).

Düşmənin qurduğu qurğular və ya hazırladığı hücum haqqında, yaxud vətənimizdən və ya işimizdən qovulacağımızı, yaxud hər hansı maliyyə problemləri ilə üzləşəcəyimizi, yaxud qiymətlərin qalxacağını eşitdikdə qorxuruq, fikrə dalırıq, planlar axtarırıq, həll yolları fikirləşirik. Amma Allahın bizə buyurduğu və vəd etdiyi Axirət günü, Cənnət və Cəhənnəm və yaxud hətta dünyada bizə göndərə biləcəyi bəlalar haqqında eşidəndə tükümüz belə tərpənmir. O dəqiqə bunu bir xəyal və nağıl kimi qəbul edirik. Amma Allaha inanırıqmı soruşulanda, ağız dolusu "əlbəət inanıram, ayıb söhbətdi" deyirik. Allaha inanırıqsa, bəs O Uca Rəbbin dediklərini niyə şəkk-şübhə ilə, amma insanların gələcək haqqında təxmin etdiyi fərziyələri qorxu ilə qarşılayırıq?! Allahın kəlamını dinləyib hiss edənlər əsl mömin bəndələrdir. Onları Rəbbimiz belə vəsf edib: «Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!»

Əsl möminin qəlbi və əzaları bu cür hiss etməlidir Rəbbinin kəlamını. Qurani Kərim əsl möminə hidayət və qurtuluş yolu göstərər.

Peyğəmbərimiz (s.a.s) Quran oxuyarkən və yaxud namaz qılarkən oxuduğu ayələrlə fəal olardı. Yəni O (s.a.s) hər bir ayənin mənasını dərk edərək o ayəyə qarşı öz reaksiyasını göstərərdi. Ayələrdə Allahın rəhmət və mərhəməti qeyd olunarsa, O, (s.a.s) Allahdan mərhəmət, Allahın məğfirəti qeyd olunarsa, Allahdan bağışlanma və əfv diləyər, Allahın əzabə və qəzəbi qeyd olunarsa, bunlardan Allaha sığınar və uzaq olmasını istəyərdi. Bəs biz necə? Namaz qılıb qurtardıqdan sonra, bizdən namazda hansı surələri oxuduğumuzu soruşsalar xatırlayarıqmı? İmamla namaz qılsaq, imamın oxuduqlarını bir-bir dinləyirikmi, yaxud namazdan sonra heç onun oxuduqları yadımızda qalırmı?

Əziz müsəlman! Mən və ya sən, bizdən hansımız bircə dəfə təklikdə oturub, bircə saat Allahı və Onun buyuruqlarını düşünmüşük? Bircə saat tək qalıb, hamıdan və bütün dünya işlərindən uzaq oturub, etdiyimiz əməlləri, günah və təqsirləri, Allahın bizi izlədiyini və qiyamət günü bütün burda topladıqlarımızla Onun qarşısında dayanacağımız o dəhşətli anı düşünmüşükmü? 50 min il Allahın qarşısında dayanıb ya Cənnətə, ya da Cəhənnəmə göndəriləcəyimiz Həşr gününü beşcə dəqiqəlik təsəvvür etmişikmi? Bütün insanlar özlərini itirmiş və heç kimə tanışlıq vermədən çaşbaş halda ora bura qaçacağı və hamı Allahın sorğuya çəkəcəyi anı gözlədiyi o qorxu və iztirab dolu saatları gözünün önünə gətirmisənmi? Bütün bunları düşünüb sonra halına acıyıb, Allahın əzəmətini bir anlıq hiss edərək gözlərin yaşarıbmı?


Niyə imanımız getdikcə zəifləyir?

Buna səbəb bizim günahlarımızdır. Xüsusilə də kiçik sayıb, əhəmiyyət vermədiyimiz günahlarımız. Bundan əlavə kiçicik etdiyimiz fərzlər və ibadətlərdir ki, 24 saatın içində 10 dəqiqə namaz qılmışıqsa, bununla Allah bizi bağışlayacağını düşünürük. Amma o namazın qəbul olub olunmayacağını və yaxud namazda olarkən fikrimizdən keçən planları heç düşünmürük. Fərzləri sadəcə əzalarımızla, ruhdan və qəlbdən təcrid olunmuş vəziyyətdə təkrarlayırıq və böyük iş gördüyümüzü sanırıq. Gündə min dəfə günahlar edirik və bunun kiçik və bağışlanacaq olduğunu düşünüb unutqanlıq edirik. Unutmayın ki, dağlar hamısı kiçik daşlardan ibarətdir.

«(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!»

Kiçik günahlarımıza qarşı unutqan olmağımız və bir-iki ibadətimizi böyük görməyimizin başqa təhlükələrini də bilmək istəyirsinizmi?! Bunlar insanda günahdan uzaq durmaq hissini silir və insan o qədər günah edir ki, sonra o etdiyi günahları açıb danışmağa və fəxr etməyə başlayır. Bir də eşidirsən filankəs deyir ki; O gün belə etdim, filankəsə belə dedim, filankəslə filan yerə getdim və s. Etdiyi günahlar az deyilmiş kimi, bunları ağız dolusu danışmaqdan belə çəkinmir. Bu cür insanları isə Allah təala bağışlamayacığını vəd edib. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunduğuna görə, ümmətimizin günahkarlarının hamısı bağışlana bilər, amma günahlarını biruzə edib göstərənlər əsla bağışlanmayacaqlar. Günahların çoxalması, sonra ibadətlərin zəifləməsinə də aparıb çıxarır. Günahları çox olan insanlar isə, artıq başqa müsəlmanların halı haqqında düşünməyə imkan tapmırlar. Bizdən hansılarımız hər gün İraqda, Fələstində, Türkiyədə və sairə ölkələrdə olan müsəlmanlar haqqında düşünürük? Əgər hər gün onların halını düşünüb, onlara necə kömək edə biləcəyimizi fikirləşib və ya onlara dua etmiriksə, deməli günahlarımız çoxdur və başımız günahlarımıza qarışıb. Günahlarımıza uyduqdan namazlarımızı yarımçıq qılırıq, sünnətlərə fikir vermirik, vaxtında qılmırıq, zikrləri də artıq azaldırıq, bəzi günləri oruc tuturduqsa indi ancaq Ramazanda tuturuq, gecə namazı nədirsə unutmuşuq, hər gün Quran oxuyurduqsa indi yalnız Ramazanda oxuyuruq. Biz ibadət və itaətlərimizi müntəzəm həyata keçirmək üçün plan və cədvəllər hazırlamaqdansa, pullarımızı sərfəli formada yığıb, sərfəli formada xərcləmək üçün gündə min cür plan qururuq. Günahlarımızın çoxluğundan, qarşımızda və ya ətrafımızda baş verən günahları gördükdə bunu hətta çox adi və sadə qəbul edirik. Günah edənin sahibinə bir söz demək nədir, bunu heç ürəyimizdə nifrətlə də qarşılaya bilmirik. Hansı ki, pis bir əmələ qarşı qəlbdə nifrət bəsləmək imanın ən zəif nöqtələrindəndir. Bütün bunlar hamısı bizim həyatımızda baş verir, amma biz buna necə yanaşırıq. Bəzilərimiz bunu hətta çox gözəl bir təşəbbüs kimi də qələmə verir. O kimsələr haqqında Rəbbimiz deyir ki: «(Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?" O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər» (əl-Kəhf, 18:103). Dünyada törətdiklərimizə haqq qazandıraraq Axirətdə savab qazanacağımızı düşünüb və bu ayədə təsvir olunanlar kimi olmaqdan Allah bizi qorusun.

Kimlərsə qəlbinin dərinliklərində tam olaraq Allaha müti olduğunu və qiyamət günü günahları bağışlanıb, mükafat alacağını düşünə bilər. Amma Allah bizi fikirlərin alt-üst olacağı gündə sabit etsin. «Və (o zaman) Allahdan onlara güman etmədikləri görünəcəkdir» (əz-Zumər, 39:47).

Bir gün ölüm gələcək. Hər bir insan ölüm ayağında öləcəyini 100% dərk edir və ətrafında olanlara baxaraq onlara sonunun olduğunu deyə bilmir. Ətrafında olan oğludursa, qızıdırsa, yoldaşıdırsa, yaxud atası-anasıdırsa, onlar tez həkim çağırmağa və dərman axtarmağa can atırlar. O isə artıq son saniyələr olduğunu bilir. «Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, "(Onu bu bəladan) kim xilas edə bilər?" – deyiləcəyi, (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!» (əl-Qiyamə, 75:26-31)

Amma, ey bacım və qardaşım, sonra biz hansı camaatdan olacağıq? Ölüb Rəbbimizə qovuşub mükafatını alanlardanmı, yoxsa Rəbbimizin vəsf etdiyi kimi: «Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!"» (əl-Muminun, 23:59), olacağıq? İnsanlar qarşısında özümüzü təmiz göstərib, təklikdə olanda Allahın nəzarət etdiyini unutsaq, Allah təala əməllərimizi puç edəcək. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan bir hədisdə deyilir ki; Qiyamət günü elə insanlar olacaq ki, onlar bütün saleh əməlləri görmüş və bu əməllər dağ boyda yığılacaq. Amma Allah təala həmin əməlləri göyə sovuracaq. Çünki onlar, insanlardan gizləndikdə və xəlvətdə olduqda Allahın haram etdiyi bütün günahları edirlərmiş. Allah isə bu kimi insanlara və bütün müsəlmanlara xitab edərək deyir ki: «Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!» (əl-Ələq, 96:14)

Həmin gün insan bütün etdiklərini xatırlayacaq, lakin faydası olmayacaq. «Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" – deyəcəkdir» (əl-Fəcr, 89:23). Özü daxil hamıya zülm etmiş və insanların haqlarını yemiş insanın halı necə olacaq?! «O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım"» (əl-Furqan, 25:27).

Bir gün Peyğəmbərimiz (s.a.s) səhabələrin qarşısında keçir və onların bir yerdə əyləşib, danışıb-güldüyünü görür. Onlara üz tutaraq belə deyir: “Mən bildiklərimi bilsəydiniz, az gülüb, çox ağlayardınız».

Müsəlman qardaşım və bacım! Sən əminsənmi ki, gecə yatıb səhər ayılacaqsan? Sən əminsənmi ki, işdən çıxıb evə çatacaqsan və yaxud evdən çıxıb işə çatacaqsan? Sən əminsənmi ki, bu məqaləni sonuna qədər oxuyub bitirə biləcəksən? Sən əminsənmi ki, nəfəsini içəriyə alıb, sonra o nəfəsi buraxa biləcəksən? Ölüm hər an gələ bilər və bunun vaxtından heç kim əmin deyil.

Təqvanı artır, çünki:
Gecə düşübsə, səhər açılacağını bilmirsən
Neçə gənclər gecə-gündüz əyləniblər
Heç bilmədən kəfənlərə bürünüblər.
Necə uşaqların gələcəyi planlaşdırıldı
Ruhları yalnız qəbrin zülmətinə qovuşdu.
Neçə gəlinlər bəylər üçün bəzədildi,
Bir-birinə qovuşmadan həmin gecə öldü.


Amma bu dünyada elə çalışmalıyıq ki, qiyamət günü Allahın razılığı nəticəsində etdiklərimiz əfv olunsun, əməl kitabımız sağ tərəfimizdən təqdim olunsun və O, Uca Rəbbimizin mərhəməti sayəsində cənnətə daxil olsun. O gün, Allah təala hamını bircə-bircə adı ilə, ey filankəs oğlu filankəs, ey filankəs qızı filankəs deyə çağıracaq. Bütün etdiklərini və törətdiklərini bir-bir xatırladacaq. Sən isə o günahları bir-bir xatırlayaraq həlak olduğunu düşünəcəksən. Lakin Rəhman və Rəhim olan Rəbbimiz isə başqa cür xitab edəcək. “Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun! Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” Bundan belə o, xoş güzəran içində, Yüksək bir Cənnətdə olacaqdır.» (əl-Həqqa, 69:19).

Allahın rəhmətindən heç məyus olma. Günahların nə qədər də olsa, Allahın rəhməti ondan da yüksək və genişdir. Allah təala qulunun tövbə etməsi ilə sevinir.

Allah imanımızı artırsın və sabit etsin! Bizi bu dünyadan imansız aparmasın!

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka