Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN ALIMLƏRININ DƏQIQ ELMLƏR SAHƏSINDƏ ƏLDƏ ETDIKLƏRI NAILIYYƏTLƏR

[ Elm / 14567 dəfə baxılıb ]   
|
 
VIII–XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymətin sayəsində bir sıra alimlər yetişmiş və elm aləminə böyük töhvələr vermişdir. Müsəlman ölkələrində elm Avropa ölkələrinə nisbətən daha geniş yayılmışdı. Bu hər şeydən əvvəl islamın sayəsində mümkün olmuşdu. Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdu: «İnsan beşik evindən məzar evinə qədər elm öyrənməlidir».

Ərəbistanda, islamı qəbul etmiş ölkələrdə və orta Asiya ölkələrində astronomiyanın, eləcədə elmin digər sahələrinin inkişafı davam edirdi. Böyük karvan yolları və dənizçilik, mürəkkəb Ay təqvimi sistematik müşahidələr və astronomiya haqqında bilik tələb edirdi. Ona görə də bir çox müsəlman ölkələrində elmi mərkəzlər və xüsusi rəsədxanalar yaradılırdı. Bu yaradılan rəsədxanarda daimi müşahidələr aparılırdı. Orta şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı.

İslamın qəbulundan sonra müsəlmanlar arasında yunan, Bizans və Sasani mədəniyyətlərinin elmi irsinə misli görünməmiş bir maraq yarandı. Çox böyük zəhmət və ciddi cəhdlər hesabına islam dünyası bir neçə əsr ərzində dünyanın elm və mədəniyyət mərkəzinə çevrildi. Elmlə məşğul olmaq istəyənlər Çinə yox, Xilafətin paytaxtı Bağdada üz tuturdular. Məhz həmin zamanlar Pifaqor, Platon, Aristotel, Arximed, Qalen, Hippokrat, Evkilid, Ptolomey və başqalarının əsərləri ərəb dilinə tərcümə edildi.

Birdən ona qədər rəqəmləri avropalılara müsəlmanlar öyrətmişlər. Avropanın elm adamlarının özləri etiraf edirlər ki, intibahımızın riyaziyyat müəllimləri müsəlman alimləridir.

Müsəlman dünyasının ən böyük alimlərindən biri Məhəmməd Xarəzmidir (750-850). Riyaziyyat və astronomiya ilə məşğul olmuşdur. İlk kitabı «Əl–Cəbr vəl-müqabələ» olmuşdur. Bu görkəmli elm xadiminin ərəbcə əl-Xarəzmi adı əvvəlcə riyaziyyatda ərəb rəqəmləri ilə hesabı, sonra isə ciddi qaydalar üzrə hesablama sistemi kimi alqoritmi bildirmək üçün işlədilmişdir. Qərb ölkələrinə «alqebra» sözü bu kitabın adındakı «əl – Cəbr» sözündən keçmişdir.

Riyaziyyat sahəsində böyük nailiyyətlər əldə etmiş mütəfəkkirlərdən biri də Bəttanidir (850 - 929). Bu alim triqonometriyanın əsasını qoymuşdur. Triqonometrik funksiyaların köməyi ilə Hipparx və Ptolomeyə nisbətən daha dəqiq astronomik müşahidələr aparmışdır. Ay orbitinin böyük oxunun hərəkət etdiyini tapmışdır. Əbu –əl–Vəfa (940-998) Ayın hərəkətində üçüncü bərabərsizliyi –yəni Ayın variasiyasını aşkar etmişdir. Bu sahə üzrə ilk ciddi kitabı, «Kitab şəkili-qita» traktatını isə, Azərbaycan alimi N.Tusi (1201-1274) yazmışdır. Şərqin ən böyük rəsədxanası cənubi Azərbaycanın Marağa şəhərində yerləşmişdir. N.Tusi haqqında ayrıca məqalə olacağından biz onun haqqında bununla kifayətlənirik.

Müsəlman alimlərinin ən çox məşğul olduğu elm sahələrindən biri də astronomiya olmuşdur. Böyük müsəlman şəhərlərinin əksəriyyətində demək olar ki, rəsədxana tikilib istifadəyə verilmişdi. Həmin elm ocaqlarında qazanılan nailiyyətlər elm dünyasına əsrlərlə bələdçilik etmişdir. Kopernik və Qaliley kimi bir sıra Avropalı düha sahibləri müsəlman alimlərinin elmi əsərlərindən yararlanmışdır.

Ulduzların koordinatını və onların arasındakı məsafəni ölçmək üçün işlədilən «Üstürlab» cihazını təkmilləşdirən, onun yeni növlərini yaradanlar da müsəlman alimləri olmuşdur.

Məşhur alim Biruni (973-1048) dünyada ilk dəfə Yerin öz oxu və Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdür. Biruni Yerin çevrəsinin uzunluğunu Eratosfendən və bir sıra özündən əvvəlki müsəlman alimlərindən daha dəqiq hesablamışdı. Biruni astronomiyaya aid qanunlar məcmuəsi – traktatlar yazmışdır. Bunlardan birində Biruni yazırdı ki, Yer kürəsinin öz oxu ətrafında fırlanması astronomiyanın heç bir müddəasına zidd deyildir. Biruni 18 kimyəvi maddənin xüsusi çəkisini hesablamış, suyun sıxlığını hesablamağa nail olmuşdur.

«Astronomiyaya giriş» kitabının müəllifi Əbül-Abbas Əhməd Fərqani (IX əsr) Günəş səthində tutqun ləkələrin olduğunu aşkar etmişdir. Fərqaninin astronomiyaya dair kitabları XVI əsrə qədər latın dilinə tərcümə olunmuş və uzun müddət astronomiyadan dərs vəsaiti kimi istifadə olunmuşdur.

Hökmdar olmasına baxmayaraq, Əmir Teymurun nəvəsi Uluq Bəy (1394-1449) özü geniş şəkildə elmlə məşğul olmuşdur. Özbəkistanın ikinci böyük şəhəri olan Səmərqənddə rəsədxana tikdirmişdir. Həmin rəsədxanada Qazizadə Rumi, Muinəddin, Əli Quşçu və başqaları Uluq Bəylə birlikdə çalışmışlar. Bu rəsədxanada Uluq Bəy bir sıra ciddi astronomik müşahidələr aparmışdır. 1019 ulduzu əhatə edən ulduz kataloqunu tərtib etmişdir. Ulduzların meridiandan keçmə anını qeyd edərək onların doğub batma vaxtlarını hesablaya bilmişdir. Uluq Bəyin bilavasitə iştirakı ilə planetlərin daha dəqiq efemerid cədvəlləri tərtib olunmuşdur. Bu rəsədxana bir tarixi muzey kimi hazırda da qorunub saxlanılır. Bu sətirlərin müəllifinə hələ 1975 –ci ildə bu rəsədxananı ziyarət etmək nəsib olmuşdur.

Cabir bin Əflah (XII əsr) ulduzların koordinatını hesablamaq üçün azimut cihazını alman astronomu Reqimontanusdan 300 il əvvəl düzəltmişdir. O, 1190 –cı ildə müsəlman İspaniyasının Seviliya şəhərində tikilən rəsədxananın inşasına rəhbərlik etmişdir.

Günəş və Ay tutulmalarını ilk dəfə müsəlman alimləri müşahidə etmişlər. Səlcuqlar zamanında Konyada tikilən Qaratay mədrəsəsində astronomiya ilə xüsusi məşğul olmuşlar.

Azərbaycan astronomiyasının da özünəməxsus tarixi vardır. Marağa rəsədxanası cənubi Azərbaycan ərazisində yerləşir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası Nəsirəddin Tusinin adını daşıyır. Bu rəsədxana haqqında biz ətraflı danışacağıq. Cənubi Azərbaycanda yerləşən Marağa Rəsədxanası orta əsrlərdə dünya astronomiyasında şərəfli yer tutduğu kimi, şimali Azərbaycanda da astronomiya elminə böyük maraq olmuşdur.

XIX əsrdə Mir Möhsün Nəvvab astronomiyanın bilicisi olmuş və hətta Saturn planetinin həlqəsi ilə birlikdə maketini hazırlamışdır. Həmin dövrdə alim, yazıçı - şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun astronomiya elmində, xüsusilə astronomiyanın elmi səviyyədə şərhində böyük xidməti olmuşdur. O, 1840 –cı ildə fars dilində «Kainatın sirri» adlı əsərini yazmışdır. Həmin əsəri özü ərəbcəyə tərcümə etmişdir. Sonralar bu əsər Türkcəyə tərcümə edilmişdir. 1985 –ci ildə isə «Elm» nəşriyyatı tərəfindən Azəri türkcəsində çap olunmuşdur.

Tibb sahəsində İbn Sina (980-1037) çox böyük nailiyyətlər əldə etmişdir. «Qanun» adlı kitaba təkcə müsəlman dünyasında deyil, həm də avropada uzun müddət tibbin əsaslarını öyrənmək üçün istifadə olunmuşdur. Bu fikirlərin sübutu kimi onu göstərmək olar ki, həmin kitab Avropada «Tibbin İncili» statusunu qazanmışdır. Avropa universitetlərində 600 il dərslik kimi istifadə olunmuşdur.

Mikrobu ilk dəfə İbn Sina kəşf etmişdir. Tibb elmindən başqa İbn Sina məntiq, psixologiya və digər elmlərlə də məşğul olmuşdur. Bu alimin adı ilə 29 elmi kəşf bağlıdır. Hər elm adamına nəsib olan bir şey deyildir.
Zəkəriyyə Razi (864-925) bacarıqlı həkim və alim olmuşdur. Bəziləri onu İbn Sinaya bərabər tuturlar. Tibb sahəsində mühüm əhəmiyyət kəsb edən çiçək və qızılcanın mikroblarını ilk dəfə bu həkim kəşf etmişdir.
İbn Sina başda olmaqla Razi, Zəhravi, İbn Zöhr kimi müsəlman alimlərinin əsərləri uzun müddət Avropa universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdur.

Fizika elmində də müsəlman alimlərinin xidmətləri danılmazdır. Əhməd bin Musa 100–ə qədər mexaniki alətin təsvirini vermişdir. Əbülfəz bin İsmail əl-Cəzəri (1136-1206) «Kitabül - Hiyəl» adlı məşhur əsəri ilə kibernetikanın əsasını qoymuşdur.Qeyd etmək yerinə düşər ki, bu elm sahəsinin inkişafında rus artilleriyasının «atası» adlandırılan general Əliağa Şıxlinskinin görünməyən hədəfin vurulması üzrə işləri bir nümunə olmuşdur. Maraqlıdır ki, bu sahənin daha mükkəmməl inkişafı əslən Cənubi Azərbaycan türklərindən olan Lütvizadənin qeyri səlis tənliklər nəzəriyyəsinin təkmilləşdirməsi ilə bağlıdır. Bu alim hazırda da həmin sahənin ən məşhur xadimlərindən biridir. Hazırda Amerikada yaşayır. Müasir kompyüter texnikasının banilərindən biri kimi tanınır.

İbn Heysəmin (965 - 1039) optikaya dair əsəri R.Bekon (1214 - 1294), Kepler (1571 - 1630) və Leonardo (1452 – 1519) kimi alimlərin yetişməsində böyük rol oynamışdır. Bir sıra Avropa ölkələrində Alqazen adı ilə tanınan Heysəm işığın əks olunması və sınması qanunlarını şərh etmişdir.

Fizika elmi sahəsində «Kimyanın atası» ləqəbi ilə tanınan Cabir bin Həyyandır (721 - 805). Ən kiçik hissəciklərdən biri olan atomun parçalana biləcəyini, atomda çox böyük enerji mənbəyinin ola biləcəyini və parçalandığı zaman Bağdad kimi böyük şəhəri dağıda biləcəyini söyləmişdir. Əgər belə demək mümkünsə hazırkı atom bombası ideyasını nəzəri olaraq dilə gətirmişdir.

Piri Rəis (1465 - 1554) böyük türk dənizçisi olmuşdur. Coğrafiya üzrə böyük alimlərdən biridir. Təxminən 500 il bundan qabaq dünyanın hazırkı xəritəsinə uyğun xəritəsini çəkmişdir.Osmanlı Türkiyəsində sultan Suleyman Qanunin zamanında Hind dənizi kapitanı vəzifəsinə gətirilmişdir. Osmanlı dövlətində 1574 –cü ildə xəritəçilik xidmətinin başçısı olmuşdur. Onun çəkdiyi iki dünya xəritəsi bu günümüzə qədər gəlib çıxmışdır. Hər iki xəritə İstanbulda Topqapı Sarayı muzeyində saxlanılır. Xəritənin kənarında Piri Rəisinin özü tərəfindən Amerikanın kəşfi ilə bağlı yazılan qeydlər var.

Qeyd etmək yerinə düşər ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər vardır. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, Xristofop Kolumbun və Amerika Vespuçinin Nəsirəddin Tusinin bu əsərlərindən xəbəri olmuşdur. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özü tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.

Bizim bildiyimiz bu qədər. Daha doğrusunu və yaxşısını Allah bilir.

Nazim Hüseynov Əli oğlu
Fizika – riyaziyyat elmləri namizədi
Şamaxı astrofizika rəsədxanasının böyük elmi işçisi
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:54
GÜNƏŞ07:24
ZÖHR [ 4 rükət ]13:35
ƏSR [ 4 rükət ]17:03
MƏĞRİB [ 3 rükət ]19:44
İŞA [ 4 rükət ]21:10
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka