Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QAMƏT SÜLEYMAN: «MƏN VƏHHABİ DEYİLƏM»

[ Aktual / 138 dəfə baxılıb ]   
|
 
Qamət Süleymanovun APA-ya eksklüziv müsahibəsi

- "Əbu Bəkr" dini icması Azərbaycanda nə vaxtdan fəaliyyət göstərir?

- Rəhbərlik etdiyim dini icma 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. 1998-ci ildən isə Ədliyyə Nazirliyində qeydə alınıb. İcmada təmsil olunan 18 nəfər müxtəlif təbəqəni, o cümlədən sünni, şiə məzhəbini təmsil edir. Olanların arasında müharibə veteranları da var. Biz çalışmışıq ki, icmada bütün tərəflər təmsil olunsun. Biz Nizamnamə əsasında fəaliyyət göstəririk, əsas məqsədimiz isə dini maarifçiliyin təbliğ olunması və dini ayinlərin yerinə yetirilməsidir.

- Azərbaycanda Sizin tərəfdarlarınızın sayı nə qədərdir?

- Bizim tərəfdarlarımız ancaq burada namaz qılanlarıdır. Cümə günləri burada namaz qılmağa yer tapılmır, hətta insanlar küçədə ibadət edirlər. Cümə günləri namaz qılmağa gələnlərin sayı 7-8 minə, bayram günləri isə 12 minə çatır. Hətta elə olur ki, sıxlıq üzündən adamlar başqa məscidlərə getmək istəyirlər. Bizim dini icma partiya zad deyil, sadəcə, insanlar ibadətə gəlir. Bütün dünyada insanlar dinə dönürlər. Bu prosesin qarşısını almaq mümkün deyil.

- Sizin dini icmanın yerləşdiyi "Cümə" məscidində həm də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, yəni Axund var. Ancaq Sizin fəaliyyətiniz həm Qafqaz Müsəlmanları İdarəsinin Axundunun, həm də məscidin adına müəyyən mənada kölgə salıb. İndi buranı hamı "Əbu Bəkr" məscidi kimi tanıyır.

- Hə, bu doğrudur. Bilirsiniz, mən bu məsciddə həm də sünni camaatına baxıram. Bir də ki, əvvəldən burada ibadət eləməyə sünnilər daha çox gəlib. Buranın təmirini də namaz qılmağa gələn imkanlı şəxslər həyata keçiriblər.

- Digər dini icmalarla müqayisədə, Sizin fəaliyyətiniz cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

- Bu, bizdən xoşu gəlməyən müəyyən adamların təbliğatının nəticəsidir. Ancaq mən sizə deyim ki, bu məsələlər vaxt keçdikcə əhəmiyyətini itirəcək və bizə qarşı olan anti-təbliğat zəifləyəcək. İnanıram ki, insanların bizə baxışları dəyişəcək. Əvvəllər bizə qarşı yalan və böhtanlardan istifadə edib, buranı bağlatdırmaq istədilər. Guya ki, biz dövlətin əleyhinəyik və buradan kimlərisə harasa göndəririk. Ancaq heç bir faydası olmadı. Əksinə, bura gələnlərin sayı artmaqda davam etdi. Əgər bizim fəaliyyətimizdə ziyanlı bir məqam olsaydı, buranı çoxdan bağlamışdılar.

- Digər dini icmalardan fərqli formada fəaliyyət göstərdiyinizin fərqindəsiniz? Məsələn, Sizin məscidə gələnlərin geyimləri və xarici görünüşləri fərqlidir. Bu, nə ilə bağlıdır?

- Bu məscidə gələnlərin bir hissəsi şəriətdə necə yazılıbsa, o cür də yaşamaq istəyirlər. Götürək, saqqal məsələsini. Bunu özlərindən götürməyiblər ki, Məhəmməd Peyğəmbər (s) buyurub ki, saqqalarınızı uzadıb, bığlarınızı gödəldin. Bu, bütün dinlərdə var. Amma nədənsə digərləri problemlə qarşılaşmır. Digər bir məqam da şalvarın topuqdan aşağı düşməməsi ilə bağlıdır. Məhəmməd Peyğəmbər (s) buyurub ki, şalvar topuqdan aşağı düşməməlidir. Bu, həm təvazökarlıq, həm də təmizliklə bağlıdır. Bunları biz özümüzdən çıxarmamışıq ki...

- Belə çıxır ki, saqqal uzadıb, şalvarını topuqdan yuxarı etməyənlər düz yaşamırlar?

- Yox, mən düz yaşamır, demirəm, sadəcə, peyğəmbərimizin qoyduğu qaydalara riayət etmirlər. Amma biz bu qaydalara əməl etməyən şəxslərə də pis baxmırıq.

- Hamı Sizi Azərbaycanda vəhhabiliyi yayan şəxs kimi tanıyır. Bununla razısınızmı?

- Mən vəhhabi deyiləm. Ümumiyyətlə, dünyada vəhhabilik yoxdur. Sadəcə, əhli-sünnə var, yəni sələflər, bir də radikal qruplar var. Məsələn, "Müsəlman qardaşları", "Hizbullah" və digərləri. Dini maarifçiliyin zəif olması üzündən insanlar hamını vəhhabi adlandırırlar.

- Bəs, onda vəhhabilik nədir?

- Vəhabilik 300 il əvvəl Səudiyyə Ərəbistanında baş vermiş bir hərəkatla bağlıdır. Bu hərəkatın rəhbəri Məhəmməd ibn Əbdül Vəhhab olub. Bunu yayanlara əslində Məhəmmədlər deməli idilər. Lakin Məhəmməd peyğəmbərlə (s) məhəmmədləri qarışdırmasınlar deyə bu hərəkatı onun banisinin atasının adı ilə, yəni Vəhhab kimi çağırmağa başlayıblar. Bu hərəkat insanları yalnız öz diləklərini Allahdan istəməyə çağırır. Yəni pirlərə, ocaqlara deyil, yalnız Allaha inanmağı vacib sayır. Onun ideyaları peyğəmbərin ideyalarıdır. Bu adam, sadəcə, insanları peyğəmbərin yoluna dəvət edib. Məhəmməd ibn Ədull Vəhhabla razılaşmayanlar isə onu vəhhabi adlandırıblar. Biz onun dediyinə müxalif deyilik. Lakin biz ona deyil, peyğəmbərə tabeyik.

- Yəqin Siz də razılaşarsınız ki, bu gün Azərbaycanda vəhhabilik geniş yayılıb...

- Vəhhabilik yox, sələfilik deyin. Qoy cəmiyyətdə də öyrəşsin.

- Sizin məscidə gələnlərin son vaxtlar qrup şəklində həbs olunduğunu yəqin bilirsiniz...

- Bu məsələ bizimlə bağlı deyil. Bəzən namaz qılan şəxs hansısa bir dəstəyə qoşulmaq fikrinə düşür. Bilirsiniz, bu gün dünyada gedən proseslər Azərbaycana da təsir edir. Radikalların ideyaları İnternet vasitəsilə ilə də yayılır. Onlara qoşulan insanlar mütləq bizdən ayrılırlar. Bizim məscid Azərbaycanda radikallığının qarşısının alınmasında böyük rol oynayır. Biz insanların arasında fitnə salmağın əleyhinəyik. Əgər radikallığın qarşısının alınmasında bizim rolumuzun nədən ibarət olduğunu bilsəydilər, bizə təşəkkür edərdilər. Ola bilər ki, bu məsciddə namaz qılan kimsə pis fikirlərə düşsün. Həbs olunan şəxslərin çoxunu tanımıram və onlar özləri bizi kafir adlandırıb. Onları bizimlə bağlamaq böyük xətadır. Bu gün Azərbaycanda "Təkfirçilər", "İxvanlar", "Muahidlər", "Tağufçular" və digər qruplar var. Onlar zəif olsalar da, radikal fikirlərin daşıyıcılarıdır. Bizdən çəkinməyə dəyməz. Bəzən mənim özümə də kafir deyənlər tapılır. Bu gün Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Radikallıq təkcə Azərbaycanda deyil, bütün dünyada yayılıb.

- Sizin məscidə gələnlərin haqqında söylənilən mənfi fikirlərdən biri də onların ünsiyyətdə olduqları qadınları yoldan birgə yaşayışa dəvət etmələri ilə bağlıdır.

- Bu da bizimlə bağlı məsələ deyil. Ola bilər ki, bizim məscidə namaz qılanlardan kimsə ailə qurub sonra boşanıb. Bu gün cəmiyyətdə də boşananların sayı artıb.

- Azərbaycanda müxtəlif sahələrdə tanınmış şəxslərin sizin tərəfdarlar sırasında olduğu söylənilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin də sizin tərəfdarlarınız sırasında olduğu bildirilir.

- Belə bir şey yoxdur. Mən bu məsciddə kimin namaz qılması ilə maraqlanmıram. Allah bilir kimlər gəlir... Rafiq Əliyevə gəlincə, bu da həqiqətə uyğun deyil. O, həmişə bizim əleyhimizə kifayət qədər sərt danışıb.

- Bu məscidə gələnlərin Sizə Şeyx kimi müraciət etməsinin şahidi olduq. Belə çıxır ki, onlar Şeyx kimi Sizi qəbul edirlər?

- Mənə hörmət əlaməti olaraq şeyx kimi müraciət edirlər. Şeyxülislam Allahşükür Paşazadəyə böyük hörmətimiz var və o, bütün Qafqazın şeyxidir.

- Azərbaycanda dini sahədə tolerantlığı dünyaya nümunə göstərirlər. Buna münasibətiniz necədir?

- Azərbaycanda dini sahədə vəziyyət bəzi ölkələrdən doğrudan da yaxşı mənada fərqlənir. Bu gün Azərbaycanda əsas çatışmazlıq dini maarifçiliyin zəif olmasıdır. Dini kitablar necə gəldi, nəşr olunub, yayımlanır.

APA-İnformasiya agentliyi
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka