Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEVDİYİMƏ...

[ Müxtəlif / 649 dəfə baxılıb ]   
|
 


























«İki günü eyni olan ziyandadır» demiş sevdiyim biri. Bizim iki günümüz deyil, ömrümüz eynidir, ey sevdiyim… 14 əsr öncə nə demişdinsə, niyə demişdinsə, necə demişdinsə onları təkrarlasaq da faysadı yoxdur. Oxumaq da fayda vermir, dinləmək də. Sənin geyimini, yeməyini, saç-saqqalını örnək alanlar, sənin missiyanı anlamadılar. Cahili də o dövrün cahilidir, kafiri də. Müşrik də sənin dinində olduğunu sanır, münafiq də.

Bir də gəlsən, bir də desən görən dəyişəcəyikmi? Səni görənlər, səni sevənlər, sənin yolunda olduğunu iddia edənlər səndən sonra o qədər çox yanlış etdilər ki, biz bu yanlışlarda azdıq. Dini onlar parçaladı, biz parçalarla oyalandıq. Hərə əlində bir parçanı alıb, bütün ondadır sandı. Başqasındakını da alıb, birləşdirmədi. Başqası ilə də birləşmədi.
Hüseyn nədən öldü, yezid niyə öldürdü? Kim haqlı, kim haqsızdır davası hələ də sürür. Hələ də dövrünün yezidləri cahanın hüseynlərini öldürür. Hələ də kərbəlada susuz qalmış nəsillər var. Dəyişən bir şey yox. Bir də gəlsən bunları düzəldə biləcəksənmi? Sənə inanıb düzəlmək istəyəcəklərmi?...

Gəl, gəl düzəlt deyəcəm, amma davanda sənə arxa dayaq olan Əbu Bəkrlər, Ömərlər, Əlilər yoxdur. Onları bir kənara qoy Əbu Taliblər belə yoxdur. Atam, anam sənə fəda olsun ey sevdiyim. Sənin atam, anam sənə fəda olsun dediyin Usama binti Zeyd kimi gənclərimiz də yox artıq. Musablar Uhudda öldürüldü. Həmzələrin ciyəri də elə orda dağlandı. Artıq Uhuda gedənimiz də, gedib mədinəsini qoruyanımız da yoxdur. Aramıza bir xəndək qazmışıq. O xəndəyi keçə bilən igidlər də yoxdur artıq… Gəlib üzülmə deyə, sənə gəl deyə bilmirəm.

Sənə bənzəmək istədik. Yerişimizlə, geyimimizlə, yemək kültürümüzlə. Amma dönüb Əbu Cəhlə bənzədik. Bədrə çıxdıq. Savaş açdıq, dini bizdən olmayan dindaşlarımıza. Atamızla, qardaşımızla vuruşduq. Allahın qoyduğu adları, – müsəlman, mömin, iman edən, - bəyənmədik. Biz özümüz özümüzü adlandırdıq, - şiə, rafizi, sünni, sələf, vəhabi… Gəlib üzüləcəksən ey sevdiyim, ona görə sən heç gəlmə.

Göydən enən kitabı başımızın üstünə qaldırıb, əlimiz çatmayan yerə qoyduq. «Müqəddəsdir» deyib toxunmadıq. Toxunanda da oxumaq üçün deyil, tozunu almaq üçün toxunduq. Bizə enməmişdi ki… sənə endi və səninlə də həyatımızdan çıxdı. Onu örnək ala bilmədik. Bir problemimiz olanda cavabını onda axtarmadıq. Allahın kitabında çarə axtarmayanlar başqalarının kitablarına yönəldi. Müəllflər çoxaldıqca fikirlər də haçalandı. Biz döndük durduq, amma hədəfə vara bilmədik.

Sənə səni sevdiyimi söyləmək istəyirəm. Amma bu etiraf yetərlimi bilmirəm. Sevən sevdiyinin yolundan getməli. Ona əziz olanları sevməli. Onun sevdikləri ilə mutlu olmalı. Sən nəyi yeməyi sevmisən deyə sorsalar, cavabını bilirəm. Nə geyinmisən, necə gülmüsən, niyə gülmüsən… Bu sualların cavabını sanıram hər kəs bilir. Amma sənin Quran eşqini, hər bir çətinlikdə sadəcə Allaha yönəlmək, yardımı da sadəcə Ondan gözləmək sevdanı öyrənə bilmədik, hələ də. Hələ də sənin qədər güvənmədik Allaha. Başqasına güvəndiyimiz, başqasına inandığımız kimi, imam deyib ətəyinə sarıldıqlarımıza, mürşid deyib başına döndüklərimizə inandığımız qədər Allaha inanmadıq.

Dünya həmən dünyadır, ey sevdiyim. Müşriki də eynidir, münafiqi də. Kəbənin içində büt yoxdur artıq, amma biz Kəbənin özünü bütləşdirmişik. Ona əl vurmağı, həcərüləsvədə toxunmağı din sayıb, dindaşlarımızı əzdik. İbrahim məqamında namaz qılmaq üçün haqqa girdik, əzdik və əzildik.

Bir İbrahimə həsrət, bir sənə həsrət yaşadıq. İçimizdəki bütləri dağıdıb, mədinəmizi qura bilmədik. Çünki hələ də haqqa qovuşanların haqqsız olduqlarının mübahisəsini edirik. Allahın sorması gərəkən sualları da biz veririk, o sualların cavabını da. Başımızı o suallarla qatırıq. Çünki bilirik ki, əks halda sual bizə veriləcək: nə etdin, niyə etdin, kimin üçün etdin? Bu gün şeytanı sevindirdinmi, nəfsini məmnun etdinmi?...

P.S. Sevən sevdiyinin yanında olsun. Ölüm gəlib çatıncayadək…

Rüzgar Kəskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka