Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DİNİMİZ KİMİN DİNİ?

[ Müxtəlif / 1051 dəfə baxılıb ]   
|
 
Din, yoldur. Din, borcdur, Din, həyat tərzidir. Yaşadığımız həyat tərzi dinimizdir. Biz özümüzü kim və nə adlandırmağımızdan asılı olmayaraq son qərarı Allah verəcək. O bizim yaşadığımız həyatı test edərək bizə ad qoyacaq: müsəlman, mömün, münafiq, kafir, fasiq, müşrik…

Müsəlman, Allaha yönələndir,
Mömin, imanı təsdiq olunmuş qul.
Münafiq ikiüzlüdür,
Fasiq əməli ilə imanını təsdiqləyə bilməyən bir zavallı.
Kafir, küfr edən, nankordur.
Müşrik… atalarının dinində yaşayan insanlar topluluğudur. Onlar da Allaha inanır. Göydən yağışı Allahın yağdırdığına, yerdən bitkini Allahın çıxartdığına əmindirlər. Sorun Allaha imanda deyil, Allaha layiqi ilə inanmamaqdadır. Çünki Allaha inananlar sadəcə onlar deyil ki…
Şeytan da Allaha inanır, axirətdə hesab verəcəyini bilir, dua edir və hətta Allahdan qorxur da. Amma bütün bunlar onun iblisləşməsinə mane olmur. Azır və azdırmağa davam edir. Cəhənnəmə gedən özünə yoldaş axtarar, deyilblər və deyənlər İblisi nəzərdə tutublar. Çünki cəhənnəmə dəvət edən hər dəvətçi bir parça İblisdir.
Kimin yolundayıq? Kimin dəvətinə uymuşuq?
Allah da dəvət edir İblis də.
Biri cənnətə, biri cəhənnəmə.
Hər ikisi vəd verir. Hər ikisi verdiyi vədə sadiq qalır.
Hər ikisi dinə dəvət edir. Biri endirilənə, o biri uydurulana.

Din gününün sahibi Allahdırsa, axirətdə yaşadığımız dindən hesab verəcəyiksə bu dinin tərfini də Allahdan öyrənməyə borcluyuq. Bunun üçün Kitabı oxumaq lazımdır. Başdan sona qədər hər ayəni, hər surəni araşdırmaq, araşdırıb nəticə çıxatmaq, gəldiyimiz qənaətləri həyata keçirməklə mükəlləfik. Bu Allahın şərtidir. Dini öyrənməyin mərkəzinə kitabı (Bəqərə,2) qoymağımızı istəyir. Öncə Onun nə dediyini biləcəyik, sonra başqalarının bundan nə anladığına baxacağıq. Çünki kitabda «ey alimlər!» deyə bir xitaba rast gəlmirik. Amma «ey iman edənlər!», «ey möminlər!», «ey insanlar!» deyə bir çox ayə var. Allah bizə, biz insanlara xitab edir. İman etdikdən sonra xitabın şəkli və tələbi dəyişir. İnsandan istədiyi iman etməsi, iman edəndən tələbi sözsüz təslimiyyətdir.

Çevrəmizdə özünə müsəlman deyənlər çoxdur. Kimi etnik müəlmandır, kimi məzhəbçi müsəlman. Kimi Allahın göndərdiyi dinə iman edib, kimi uydurulan dinə. Kimi ayələrə uyur, kimi də atasına… Atasına uyanlar boyunlarına almasalar da Allahın dinini deyil, atalarının dinini yaşayırlar. Nə yaşadıqlarını bilmir, niyə elə yaşadıqlarını sorğulamırlar. Niyə belə edirsən deyə sual versəniz «atalarımız – babalarımız da belə edib» cavabını alacaqsınız. Halbuki Quranda «atalarının dinini yaşayanlar hər zaman qınaq mənbəyi olublar» Çünki Əbu Cəhil və onun kimilər də atalarının dinini yaşayırdılar. Namaz qılır, həcc edir, axirətdə bütlərindən şəfaət gözləyirdilər. Allah Rəsuluna savaş açmalarının ilk səbəbi onun onları atalarının dinindən uzaqlaşdırmaq cəhdinə idi. Bizi «atalarımızın dinindən uzaqlaşdırır» deyirdilər və Bədrə qədər gedib atalarının dinini qoruyurdular.

Əbu Cəhl bu gün bir çoxundan daha səmimi idi. Atamın dininə iman etmişəm dedi və inandığı din uğrunda son damla qanına qədər vuruşdu. Çünki nəyə və nə üçün iman etdiyini bilirdi. Onun üçün Allah deyil, atası, atasının dini önəmli idi. Atasının haqq yolda olduğunu düşünür və yanılırdı. Halbuki onun da məqsədi dinə xidmət etmək idi. Amma Allahın göndərdiyi elçiyə inanmadı və güvənmədi. Onu heç dinləmədi belə. İnandığı dəyərlərdən vaz keçməmək üçün "qulaqlarını tıxadı".

Çevrənizdəki insanlara baxın, özünüzə baxın və sorğulayın. Biz hansı dinə iman etmişik. Əbu cəhillik edirikmi? Nəyi və kimi müdafiə edirik? Allahın dinini kimdən öyrənirik? Çünki bu sualların cavabını axtaranda görəcəksiniz ki, tanışlarınızın çoxu, bəlkə elə siz özünüz də atanızın dinini yaşayırsınız və bundan xəbəriniz yoxdur. Namazı kimdən öyəndiniz, Allahdanmı, qonşudanmı? Həcc əməlini kim izah etdi sizə, Allahmı, həcc rəhbərinizmi? İnfakı, zəkatı, sədəqəni necə və kimə verəcəyinizi kimdən öyrəndiniz, Allahdanmı, hansısa bir alimdənmi? Axirət bilincinizi kim formalaşdırıb, Allahmı, hocanızmı?... Bütün bu suallar bir tək sualdan doğur. Oxudunmu?
Allah kitab göndərdi. Onu yaşayan elçilər təyin etdi, vəhylə həyatın hər sahəsinə müdaxilə edib qanunlar, qaydalar qoydu. Niyə? Səni, məni, bizi hidayətə çatdırması üçün. Öyrənmənin mərkəzində kitab yoxdursa heç bir zaman Allahın dinini öyrənə bilməyəcəyik. Öyrəndiyimiz hansısa alimin, atamızın, babamızın, qonşunun dini olacaq.
Allah isə bizdən sadəcə və sadəcə endirdiyi dini tələb edəcək. Və axirətdə verdiyi ilk sual yəqin ki, "oxudunmu?" olacaq. İlk qınaq da hər halda nə üçün oxumadığımız...

Şirk qoşulan din Allahın dini deyildir. Birini Allahdan çox istəmək, birinə Allahdan çox inanmaq, birinin sözünü (kim olursa olsun) Allahın sözündən üstün tutmaq Allaha şirk qoşmaqdır və Allah onu müşrik adlandırır. O adam özünü müsəlman saysa da, müşrikdir.

Allah bir daha nəbi təyin etməyəcək. Bir daha bizdən birini seçib ona ilahi vəhyini göndərməyəcək. Amma seçsəydi və göndərsəydi inanın ki, bir çoxumuz Əbu Cəhillik edər, Bədrə qədər gedib Allah Rəsulu ilə savaşardıq. Allahın elçisinə din öyrədərdik. Halbuki elçilər dini Alladan öyrənir…

Kəbədə yaşayan müşriklər namaz qılan bir topluluq idi. Allah onların namazını qınayıb «Vay o namaz qılanlara ki, namazlarından qafildirlər» dedi. Onlar qurban kəsir, həcc edirdilər. Allah nə qurbanlarını qəbul etdi, nə də həclərini. Səbəb? Dini Allahdan deyil də, bir başqasından öyrənmələri idi. «Atamız, babamız…» Heç düşnmədilər ki, atalar, babalar sadəcə insandır və yanıla bilər. Yanlış anlayıb, yanlış yaşaya bilər.

Çevrənizdə Quranı anlayaraq oxuyan nə qədər müsəlman var? Və ya Quran oxuyan varmı? Nə qədər müsəlman iman etdiyini iddia etdiyi kitabdan xəbərdardır? Sualları cavablandırarkən görəcəksiniz ki:
Bəziləri sadəcə ərəbcə tilavət edir. Ayənin nə dediyini anlamadan.
Bəziləri rəvayəti və dirayəti bilmədən təfsir edir.
Bəziləri ayənin önünü və arxasını oxumadan nəticə çıxarır.
Bəzilərinin kitabdan heç xəbəri də yoxdur. Onların evindəki Quran sadəcə bəzək əşyasıdır.
Və burada Sabirin məşhur kəlamı yada düşür
«Harda cin görürəm, şeytan görürəm qorxmuram.
Harda müsəlman görürəm qorxuram»

Kitabdan xəbəri olmayan «müsəlmandan» siz də qorxun. Çünki o atasının dinini yaşayan müşrikdir. Sadəcə bundan ya xəbəri yoxdur, ya da bilərək yaşayır. Onu harada görsəniz qaçın ondan. Şeytandan qaçan kimi. Cəhənnəmdən qaçan kimi. Allah kitabda müşrikin tərifini verir. Quranı oxuyun. O tərifə kim uyğun gəlirsə arxanıza baxmadan qaçın uzaqlaşın ondan. Atanız olsa belə. Övladınız olsa belə. Uzaqlaşın. Çünki o sizi cəhənnəmə dəvət edir.

Şirk, içində haqq olan batildir. Onun doğru söylədiklərinə uymayın. Unutmayın ki, bu doğruların yanında yanlışlar da var. Və hər bir yanlış bir doğrunu aparır. Axirətdə əliboş qalmaq istəmirsinizsə açın Kitabı oxuyun. Allah sizlə danışır. Siz də Onu dinləyin. Öncə O. Öncə Onun dediyi. Sadəcə Onun dini.

P.S. Allahın kitabından xəbərsiz müsəlman bir topluluq yetişib. Kitabda Allahın nədən və nə üçün danışdığını bilmir və bilmək də istəmir. Öncə iman edir. Sonra başqasını dinləyir. Amma öncə kitabı oxumalı, oxuduqlarını anlamalı və anladıqlarına iman etməli idi. Öncə Allahı dinləmək lazım idi. Çünki din gününün yeganə sahibi Odur. Çünki hesaba çəkən yeganə Yaradan Odur.


Rüzgar Kəskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:06
GÜNƏŞ06:48
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:05
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka