Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

LOĞMANIN OĞLU OLMAQ

[ Müxtəlif / 2117 dəfə baxılıb ]   
|
 
Quran bizə qissələr danışır, ailələr barədə məlumat verir. Bəzən gözümüz önündə kafir atanın mömin oğlu İbrahim canlanır, bəzən mömin atanın kafir oğlu Kənan. Bəzən bizə Firounun mömin zövcəsi Asyanın hekayəsini danışır, bəzən Lutun kafir xanımının. Bəzən atalara qibtə edirik, bəzən oğullara... Bəzən Azər oluruq, bəzən Kənan. Allah isə bizdən İbrahim olmağımızı, Nuh olmağımızı istəyir.

Ailələr fərqli olduğu kimi hekayələri də fərqlidir. Amma Quran, istəyir ki, biz, oğuluqsa İbrahim olaq, atayıqsa Loğman. Firounun zövcəsiyiksə Asya kimi davranaq, İbrahimə Həcər olaq. Anayıqsa Hannə olub övladımızı Allaha adayaq. Məryəmiksə İsaya hamilə qalaq...
Bu hekayələr sadəcə hekayə olun deyə danışılmır. Örnək alınsın, ibrət alınsın və tətbiq edilsin deyə danışılır. Allah, hər rastlaşdığımız həyat hadisəsinə bir çözüm olması üçün danışır o hekayələri.

Qissələr bəzən ad vermədən hadisəyə diqqət çəkir: Adəmin iki oğlunun hekayəsi kimi. Biri malının ən yaxşısını qurban vermişdir, biri sahib olduğunun ən pisini. Habillik etmək də, Qabil kimi davranmaq da bizdən asılıdır. Allah bizim əməlimizə baxıb bizə ad verəcək. Ya bizə Habil deyəcək, ya da ki Qabil...
Firounun zövcəsinin davranışından danışır bizə. Firouna asi çıxdığı üçün biz onu Asya olaraq anırıq. Firounun da adı bəlli deyil, Asyanın da. Davranışımız müəyyən edəcək biz saraydan vaz keçməyən Firounuqmu, ya saraya arxa çevirən Asya...
İmranın ailəsini anladır bizə. Məryəmin anasının adının Hannə olduğunu açıqlamadan. Məqsəd bizə Hannəni tanıtmaq deyil, məqsəd Hannəliyi öyrətməkdir.
Loğmandan danışır Allah, bizə. Onun rəsul və ya nəbi olub olmadığını mübahisə mövzusu etməyimiz üçün deyil, onun oğluna verdiyi nəsihəti üstümüzə alıb əməl etməyimiz üçün.

Quran bizə nə Loğmanın hekayəsini danışır, nə də onun oğlunun kimliyini açıqlayır. Bizi maraqlandıran “onlar kimdir, nə zaman və harada yaşayıblar?” sualı olmamalıdır. Bizi düşündürən o nəsihətdən pay alıb almamağımızdır.
Nə deyir Loğman oğluna?
1. Allaha şirk qoşma. Deyir və səbəbini açıqlayır: çünki şirk ən böyük zülmdür
2. Valideyinlərimizə yaxşı davranmağı nəsihət edir və yenə də səbəbini açıqlayır: ana övladını bətnində daşıyıb, ağır sancılara qatlanaraq dünyaya gətirib, süd verib... Dönüşün Allaha olacağını unutmadan valideyinə də Allaha da şükrü öyrədir bizə Loğman atamız.
3. Bilgisiz itaəti inkar edir. Əməldə bilgini şərt qoşur.
4. Allahın şahid olduğunu, hər əməli gördüyünü xatırladır oğluna. Xardal dənəsi boyda olsa da o əməldən Allahın xəbərdar olduğunu yada salır. Gizli və açıq kameraların həyatımızın hər tərəfini işğal etdiyi bir dövrdə Allahın bizi necə gördüyünü təsəvvür etmək artıq çətin deyil... Həm də Allahın kamerası gizli deyil. Öncədən elan edilmiş bir xəbərdarlıqdır.
5. Loğmanın oğluna verdiyi təlimatlardan biri də ibadəti haqqı ilə əda edərək yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Yaxşını əmr etmək üçünsə həm yaxşını bilmək lazımdır, həm də bildiyinlə əməl etmək. Çünki Loğman öncəki bir nəsihətində bilgisiz əməli inkar etmişdir. Nəyi nə üçün etdiyini bilməyənin əməli sadəcə təqlidir. Təqlid isə meymuna yaraşar, insana deyil.
6. Təkəbbürdən, lovğalıqdan uzaq olmağa səsləyir. Allahın verdiyi nemətin fərqində olan şükrü kimə edəcəyini bildiyi üçün təkəbbürdən uzaq olar.
7. Loğmanın son nəsihəti, həyat yolumuzda intizamlı yürməyi, səsimizi yüksəltməməyi tövsiyədir. Səbəbi yenə bəllidir: ən pis səs uzunqulağın səsidir. Bənzətmə metaforadır: anlatmaqla anqırmaq arasındakı fərq insanla heyvan arasındakı fərq kimidir. Loğman bizə insanlığı öyrədir, insan kimi davranmağı nəsihət edir...

Loğmanın oğlu olmaq onun nəslindən olmaq anlamına gəlmir. Loğmanın oğlu olmaq onun nəsihətinə uymaq deməkdir. Bu nəsihəti üstünə alan, ona əməl edən hər kəs Loğmanın oğludur. İstər anadan qız doğulsun. Allah ona Loğmanın oğlu gözü ilə baxacaq.

P.S. Quran dərs kitabıdır. Bizə həyat dərsini keçir. Övlad olmağı da oradan öyrənirik, valideyn olmağı da. Ərlik də Qurandan öyrənilməlidir, qadınıq da. Yerişimizə, geyimimizə, işimizə-gücümüzə, evliliyimizə - boşanmağımıza, yeməyimizə - içməyimizə, qazancımıza – xərcliyimizə qarışan Allah, bizi cənnətə istiqamətləndirir. Quran, cənnətinin yoluna işıq salan mayakdır. Qaranlıq yolların sonu cəhənnəmə çıxır. Yol bəlli, bələdçi bəlli. Yolu seçmək yolçunun ixtiyarındadır. Ya Loğmana uyub onun oğlu olacağıq, ya Nuhun kafir oğlu Kənan kimi qayalara çırpılacağıq.


Rüzgar Kəskin /azerislam.com
Məqalədən istifadə edərkən istinad vacibdir
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka