Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏDİNƏ

[ Müxtəlif / 1842 dəfə baxılıb ]   
|
 
Yəsribin mədəniləşmiş, dinləşmiş halıdır Mədinə. Tarixdən qoparılmış tarixi bir şəhərdir. Hər küçəsində, hər daşında bir tarix yaşasa da o tarix olduğu kimi qorunub saxlanılmayıb.

Yolunuz Mədinəyə düşəndə ilk gedəcəyiniz yer heç şübhəsiz ki, «Kuba» məscidi olmalıdır. Rəsulun ilk inşa etdirdiyi məbəd. Təssüf ki, daşında torpağında o, saleh insanların izini axtarsanız da tapa bilməyəcəksiniz. Tarixdən bu günə qalan sadəcə o məscidin adı və verdiyi mesajdır: Bir yeri mədəniləşdirmək istəyirsənsə orada ilk olaraq məbəd inşa et!

Rəsulun bu tövsiyəsi ilə yolunuzu davam etdirib iki qibləli məscid olan Məscidi-Qibləteynə baş çəkirsiniz. Burada da tarixdən bir iz yoxdur. Yeni inşa olunmuş Məscidi-Qibləteyndə namaz qılarkən səhabələri anlamaq və anmaq istəyirsiniz. Qiblə dəyişimi nə demək idi? Rəsulun israrla istədiyi nə idi? Nə ilə imtahan olunurdular? Qazanan kim oldu, itirən kim? səpkili sualları cavablandırarkən öz qiblənizi düşünürsünüz: acaba hər gün namazda üzümü çevirdiyim qiblənin nə anlama gəldiyini bilirəmmi? Qibləli olmaq nə deməkdir? Bir evə dönərək namaz qıldığımın, o evin insanlığın ortaq məkanı olduğunun fərqindəyəmmi? Bu düşüncələrlə Bədir quyularına gedib qələbəni yaşamaq istəyirsiniz. Atanın oğula, oğulun əmiyə, qardaşın qardaşa düşmən kimi baxdığı Bədir quyuları olan ərazi əslində haqla batilin ilk savaş məkanı idi. Orada vuruşanlar qan qohumu olsalar da əqidə düşməni idilər. Allah Rəsulunun, onun əsabının savaşanı düşünür, cəhalətə qarşı verdikləri mücadiəninin 14 əsr sonrasına baxarkən üzülməyə bilmirsən. Bütləri qıran Rəsulun az qala bütə tapan ümmətinə çevrilmişik. Kimi dünyanı bütləşdirib, kimi dini simvolları, kimi cəmiyyəti bütləşdirib, kimi öz nəfsini, bəziləri elmi büt halına gətirib, digərləri elmsizliyi. Oxu deyən kitabı açıb oxumadan ona iman edənlərlə, oxuduğunu yanlış anlayıb, yanlış yaşayanları görüncə acaba bu ümmət Bədiri unutdumu deyə düşünürsünüz.

Bu düşüncələrlə Uhud təpəsinə qalxırsınız. Həmzənin nərəsini, Musabın qılıncının səsini duyur, Nəsibə anamızın qəhrəmanlığına heyran olmaya bilmirsiniz. Savaş meydanında olanları yaşamaq, onlarla birlikdə cahalətə meydan oxumaq istədiyin anda oxçuların xəyanətini xatırlayır, özünüzü o oxçulardan biri hesab edirsiniz. Çünki dünyanın bu halında olanlara seyirci qalman sənin də oxçulardan biri olduğuna dəlildir. Sən də döyüş meydanını dünya üçün tərk edib getmiş fərarisən. Oxçuları qınamaq haqqın yoxdur. Uhud təpəsindən yaşadıqlarınıza nəzər salırsınız...

Sonra aşağı enib Həmzənin, Musabın qəbrinə salam göndərir və söz verirsiniz: Bir daha yerimi tərk etməyəcəm. Bir daha sizə arxa çevirməyəcəm. Həmzənin çıxarılmış ciyərini xatırladıqca ciyəriniz parçalanır, Musabın kəfənsiz bədənini düşündükcə əyninizdəki son model libasından utanırsınız.

Sonra Xəndək ərazisinə gedib şeytanla aranızda böyük bir uçurum qazmaq keçir könlünüzdən. Doğrudur orada da xəndəkdən əsər-əlamət yoxdur. Əvəzinə böyük bir prospektlə qarşılaşırsınız. Amma sizi Mədinə ilə tanış edən bələdçi buranın Xəndək ərazisi olduğunu söyləyir. Mədinənin dağlarına yaslanaraq ərazinin seyrinə dalırsınız. Rəsulun savaş meydanındakı mövqeyinə baxır, döyüşü xəyalınızda canlandırmağa çalışırsınız. Şeytanla aranızda o məlum xəndək qazılmadan bu xəyalın gerçəkləşməyəcəyini də anlayırsınız...

Tarixdən əllə tutulan, gözlə görünən tək-tük xatirələrdən biri Heybər qalasının parçalarıdır. Qaladan bu günə qalmış parçalara baxaraq alınmaz heç bir qalanın olmadığını da anlayırsınız, heç bir qalanın əbədi olmayacağını da.

Bütün bunlardan sonra Məscidi-Nəbəviyə yollanırsınız. O böyük Rəsulun yaşadığı yerlərlə tanış olmaq, ona salam verib, çağırışına mən də gəldim, dəvətini mən də duydum demək üçün…
Yenə də tarix sizə böyük bir oyun oynayır. Gördüyünüz mənzərəni Rəsulun həyatı ilə müqaisə etmək istəsəniz də bacarmırsınız. Rəsulun əli ilə tikdiyi məsciddən əsər qalmayıb, əvəzində möhtəşəm bir məscidlə qarşılaşırsınız. Bura sizə Rəsulun xatirəsindən çox Firounun sarayını xatırladır. Belə bir məkanda aclıqla mücadilə edən İslamın əsri səadət fatehlərinin hekayələri də sizə nağıl kimi gəlir. Göz yaşlarınıza hakim ola bilmirsiniz. Rəsulu anlamaq və anmaq üçün gözlərinizi yumur və tarix kitablarından oxuduğunuz dövrü xəyalınızda canlandırmağa çalışırsınız. Gördüyünüzlə xəyalınız arasında böyük bir uçurum var. Amma xəyalınız daha xoş, daha mütavazidir. Sizin tanıdığınız, Quranın anlatdığı Rəsul bu şəhərdə yaşasa da bu məkanda əsla yaşamayıb. Xəyalınızdakı evi unutmamaq üçün gözlərinizi bərk-bərk yumub küçəyə çıxırsınız.
Bura gəlmişkən Ravzayı mutahharanı ziyarət etmək də keçir könlünüzdən: Rəsula salam vermək, onun nəfəsini hiss etmək üçün. Qarşılaşdığınız maneələr, gördüyünüz mənzərələr, Rəsulun "bütlə mücadiləsini" xatırladır, bu xatirə sizi geri dönməyə vadar edir. Mənim inandığım Rəsul belə yaşamamış, belə iman etməmişdir deyirsiniz. Büt qıran birinin qəbrinin bu cür bütləşdirildiyinə o qədər üzülürsünüz ki, xəyalınızdakı Rəsul xatirəsini pozmamaq üçün uzaqdan salam verir və geri dönürsünüz

Qadınsınızsa sizə səhabələrin uyuduğu Bâki Məzarlığına getmək də yasaqdır. Ora sadəcə kişiləri buraxırlar. Qadınların girməsinə icazə verilməmə səbəbləri müxtəlifdir. Qadının qəbirstanlığa getməsini yasaqlayan bir hədis sizin yolunuzdakı ən böyük maneədir. Səbəbi nə olursa olsun ora girə bilmədiyiniz üçün üzülürsünüz. Bəlkə də tarixin havasını uda biləcəyiniz tək məkan orası idi. Onu da qadınlıqdan dolayı itirirsiniz.
Orada qadın olmaq bəzən heysiyyətinizə ağır gəlir. Mücadilə surəsini hayqıra-hayqıra oxumaq keçir qəlbinizdən. Mənim dinim, məni ucaldarkən yenidən cahiliyyə adətinə gerimi döndük demək istəyirsiniz. Amma yenə də qadın olduğunuz üçün susursunuz. Səsinizi duymasınlar deyə. Əsas olan qəlbinizdəki üsyanı Allahın bilməsidir. Bir də içinizdə Rəsula şikayət edirsiniz. Ümmətin sənin mesajını unudub ey Rəsulum. Cənnət ananın ayaqları altındadır desələr də əməldə bu yoxdur...

P.S. Mədinəyə mütləq gedin. Amma öncə qəlbinizi, özünüzü mədinələşdirin. Gedərkən xəyalınızı da özünüzlə aparın. Gördüklərinizin sizi xəyal qırıqlığına uğradacağını bilsəniz belə mütləq gedin. Gedin ki, orada dua edə biləsiniz. Gedin ki, bütləri yenidən qırmaq cəsarətiniz olsun. Bədirdə söz verin, Uhudda and için, Xəndəkdə özünüzlə şeytanınız arasında çala qazın. Sonra... Evə dönün. Təvafa başlayın.


Rüzgar Kəskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka