Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Allah üçün yaşaya bilmək

[ Aktual / 2966 dəfə baxılıb ]   
|
 
Müsəlmanın həyatda ən böyük məqsədi, amalı və qayəsi onu yaradan Rəbbi üçün yaşaya, canından, malından, bir sözlə, Onun razılığını qazanmaq üçün hər şeyi fəda edə bilməsi olmalıdır. Allahın razılığını qazanmağa çalışmaq bir müsəlmanın ən böyük hədəfi olmalı, digər arzu və istəkləri bu hədəfə çatmaq üçün vasitə rolunu oynamalıdır. Görəsən, Allahın razılığını qazanmaq üçün nə etmək lazımdır? Bu suala aşağıdakı bəndlərdə cavab tapmağa çalışacağıq:
Allahı sevməyi bacarmaq: Uca Yaradan müsəlmanların bu xüsusuda iddialarını sübut etmələri üçün belə buyurur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 3/31). Allahı Onun razı qalacağı şəkildə sevmək əmrlərinə boyun əyib, qadağan etdiyi şeylərdən çəkinməklə mümkündür.
(Lazım gələrsə) Allah yolunda şəhid ola bilmək: Uca Yaradan Öz kitabında Onun yolunda vuruşan möminlər haqda: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə, 9/111) – buyurur. Bu ayə Allah yolunda ölməyi gözə alan möminlərin iddialarının nə qədər böyük, məsuliyyətli və ağır yük olduğunu bəyan edir.
Şüurlu surətdə birləşmək: Təəssüflə qeyd etməliyik ki, dövrümüzdə bir çox müsəlman öz din qardaşlarını fikir və düşüncələrinə, habelə etiqadi görüşlərinə görə müxtəlif adlarla çağırır. Peyğəmbərimiz buyurub: “Hikmət möminin itmiş malıdır. Gördüyü yerdə götürməyə ən çox haqqı çatan odur” (Tirmizi, Elm 19; İbn Macə, Zühd 17). Hətta görkəmli müsəlman alimlər belə müəyyən məsələlərdə qeyri-müsəlmanların rəylərini öyrənər, doğru olanlarını qəbul edərdilər. Bu baxımdan Allahın razılığını qazanmağa çalışan kəs digərlərini də dinləməyi, haqlı ilə haqsızı ayırmağı bacarmalıdır.
Allah üçün sevmək və qəzəblənmək: Allah üçün yaşamaq nəyi və ya kimi isə sevərkən və ya qəzəblənərkən yalnız Onun razılığını nəzərə almağı tələb edir. Həmçinin, mömin insanları Allaha ibadətə dəvət edənlərin qüsurlarını hallandırmamalı, ona tənə etmədən nəzakət qaydaları çərçivəsində nəsihətlə səhvə yol verənləri yanlış addımlardan çəkindirməlidir. Belə ki, kim müsəlman qardaşının nöqsanını ən münasib formada deyərsə, Allah da həmin kəsin eybini örtər, nöqsanını gizləyər. Digər tərəfdən, mömin bəndə öz din qardaşlarına göstərdiyi ədəb-mərifəti dinsiz, cahil və ya qeyri-müsəlmanla ünsiyyət vaxtı da qorumalıdır. Peyğəmbərimizin “Sənə ölüm olsun” – deyən yəhudilərə yalnız: aleykum: “Sizin üzərinizə olsun” – söyləməklə kifayətlənib təmkinini pozmaması da yuxarıda qeyd edilən xüsusa bir nümunədir. Qurani-Kərimdə buyurulur: (Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir! Başqa bir ayədə isə oxuyuruq: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər” (Furqan, 25/63).
Yaxşılığı əmr edib, pislikdən çəkindirmək: Allahın bu əmrini yerinə yetirmək üçün müctəhid alim olmağa ehtiyac yoxdur. Hər bir insan gücü və imkanı çərçivəsində ailə üzvlərini, qohum-əqrəbasını və tanışlarını pis işlərdən çəkindirməli, onlara yaxşı işlər görməyi tövsiyə etməlidir. Axı peyğəmbərimiz: “Mömin özü üçün istədiyini müsəlman qardaşı üçün də arzulamadığı müddətcə (həqiqətən) iman gətirmiş sayılmaz”, (Buxari, İman, 7; Müslim, İman, 71-72), - buyurur. Mömin bu əmr çərçivəsində əxlaqını gözəlləşdirməli, gözünü haramdan çəkməli, zinaya yaxınlaşmamalı, şeytana uymamalı və bu xüsusları digər din qardaş və bacılarına da tövsiyə etməlidir.
Allahdan layiqilə qorxmaq: Uca Yaradandan qorxumuz digər qorxu hisslərindən fərqli olaraq, mömin bəndəni Ona yaxınlaşdırmalıdır. Belə ki, Allahdan layiqilə qorxan bəndə sanki Onu görürmüşcəsinə ibadət etməli, Rəbbinin razılığını qazanmağa çalışmaq üçün əmrlərini yeriə yetirməli, qadağalarından çəkinməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (əl-Maidə, 5/35).
Son nəfəsədək Allahın razılığını qazanmaq şüuru ilə yaşamaq: Müsəlman əxlaqına uyğun yaşamaq nə qədər vacibdirsə, bu dünyadan köçərkən məhz həmin şüurla ölməyi Allahdan istəmək də bir o qədər vacibdir. Belə ki, müqəddəs kitabımızda möminlərə belə xitab edilir: “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran, 3/102).
Rəbbim bizə yaşayarkən Onun razılığını qazanmağı və müsəlman olaraq ölməyi nəsib etsin...

Sənan Əzimov - İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka