Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Əxlaqa və etiqada söykənən davranışlar

[ Müxtəlif / 3115 dəfə baxılıb ]   
|
 
Bəşər övladına təbiəti etibarilə yaxşı və pis əməl sahibi olmaq, günaha yol vermək, həmçinin, yaxşılıqdan sonra minnət qoymaq, başqasının yaxşı əməllərini onun bircə pis hərəkətindən dolayı unutmaq kimi xüsusiyyətlər də xasdır. Mələklərdən fərqli şəkildə nəfs, dərketmə və düşünmə qabiliyyəti ilə təchiz edilən insan bütün bu xüsusiyyətlərini yaradıldığı torpaqdakı münbitlik, şoranlıq, sərtlik kimi özündə əks etdirir:

“(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “Mən bildiyim şeyi siz bilmirsiniz!” - buyurdu”. (əl-Bəqərə 2/30)
Qəribədir, mələklər belə adımız çəkildikdə, Yer üzünün xəlifəsi kimi yaradılacağımız Uca Yaradan tərəfindən bəyan edildikdə bizi “fəsad törədənlər” adlandırırlar. Müfəssirlər sözügedən ayəni təfsir edərkən insanın sahib olduğu müsbət keyfiyyətləri vurğulasalar belə adəm oğlu etibarsız göründüyü halda sədaqətli, yaxud əksinə, sədaqətli göründüyü halda etibarsız olması kimi və digər mənfi xüsusiyyətlərə sahibdir. Ancaq ümmətin tarixinə nəzər saldıqda yüksək əxlaqa və məziyyətlərə sahib insanların da kifayət qədər olduğunu görürük. Fikrimizi əsaslandırmaq üçün elə özü ac-susuz ikən yeməyini qonağına ikram edən, ehtiyac içərisində olduğu halda digər müsəlman qardaşına yardım göstərən, ailəsini Allaha və Onun elçisinə həvalə edərək, mal-mülkünü Onun yolunda sərf edən səhabələrimizi və digər bir çox əməlisaleh bəndələri nümunə göstərmək kifayət edər.

Təəssüf ki, vaxt keçdikcə sağ əlin verdiyini sol əli bilməyən müsəlmanlar az iş görüb çox danışan, yaxşı əməllərini car çəkən, malını riyakarlıqla sədəqə verən və minnət qoyan insanlara çevrildilər: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!”. (əl-Bəqərə 2/264).

Şübhəsiz ki, ayədə vurğulanan mənfi xüsuslar bütün müsəlmanlara şamil edilə bilməz. Hər bir müsəlman düşüncəsi və yolunu izlədiyi məzhəb və ya cərəyana əsaslanaraq Allahın razı qalacağı həyat tərzi sürməklə cənnəti qazanmaq istəyir. Uca Allahın insanın hansı dini seçəcəyi xüsusunda belə məcburiyyəti qadağan edir. Belə ki, din xüsusunda məcburiyyət onu qəbul etdikdən sonra prinsip və əsaslarına bağlılıqla əlaqədardır: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”. (əl-Bəqərə 2/256)

Əxlaq və əqidə arasında seçim insanın bədən üzvlərinin hər hansı birinin digərindən üstün tutulmasına bənzəyir. Məsələn, əqidəni bədənin başı yaxud qəlbi olduğunu düşünsək, əxlaqı onun gözü və ya əli kimi təsəvvür edə bilərik. Başqa sözlə, başsız və ya ürəksiz bədənin yaşaması mümkün olmadığı kimi, gözsüz və əlsiz insan da hətta onun ölümünə belə səbəb olacaq ciddi xəstəliyi olan kəs deməkdir. Sağlam əqidəli insanın əxlaqsız olması onun böyük nöqsanıdır; eləcə də əqidəsi doğru olmayan əxlaqlı insan yalnız dünya həyatından nəsibini alan, lakin cənnət nemətlərindən dada bilməyən kəsdir.

Bu iki meyara sahib insan necə də xoşbəxtdir! Məsələyə bu prizmadan yanaşdıqda, dinin insanların həyat tərzini tamamilə dəyişdirən deyil, onu cilalayan və kamilliyə doğru aparan nicat yolu olduğu ortaya çıxır. Əxlaqi keyfiyyətlərə sahib insanlar İslamı sonradan qəbul etdikdə bu, əxlaq və əqidə harmoniyası həmin şəxslərin daha da kamilləşməsinə gətirib çıxarır. Səhabələrin həyatına nəzər salsaq, İslam gəlməzdən qabaq sədaqətliliyi ilə seçilən Hz. Əbu Bəkrin “siddiq” mərtəbəsinə çatdığı, həya abidəsi Hz. Osmanın sonralar “Zinnureyn” deyə çağrıldığı - (Peyğəmbərimizin 2 qızı ilə ailə həytı quraraq, 2 nur sahibi adlandırıldı), qətiyyətliliyi ilə tanınan Hz. Ömərin ədalət mücəssəməsinə çevrildiyi-( Haqqı batildən ayıran, fərq qoyan mənasında Farruq ləqəbi), elmə həvəsi ilə bilinən Hz. Əli ibn Əbu Talibin seçilmiş alim-səhabələrdən olduğu qeyd edilməlidir. Belə nümunələrin sayını çoxaltmaq mümkündür...

İnsanın ömrünü layiqli şəkildə sürməsi sahib olduğu əqidəsi qədər əxlaqi keyfiyyətlərindən də asılıdır. Çünki yaxşı müsəlman haqqı, doğru olanı və yüksək əxlaqi dəyərləri bilməklə kifayətlənən deyil, bilavasitə onu öz həyatında da əks etdirən insandır:
“Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!” ( Cümə 62/5)

Quran universaldır, hər dövrə və bütün bəşəriyyətə müraciət edir. Onun əmr, xəbərdarlıq və qadağaları da bütün insanlara ünvanlanıb. Quran əxlaqı ilə əxlaqlanmanın hədəflərindən biri də praktiki olaraq: “Möminlər həqiqətən də qardaşdırlar”, (Hucurat, 10) - ayəsinin həyatda öz əksini tapmasıdır. Bunun üçün müsəlmanın səmimi, təqvalı və əxlaqlı bir fərd kimi formalaşması gərəkdir. Müsəlmanın əqidə və əxlaqının harmoniyası din qardaşlarından əvvəl öz qüsurlarını görə bilməsində və digər yüksək əxlaqi keyfiyyətlərlə dinini yaşamasındadır.

Bu məqama nümunə kimi Hz. Həsən və Hz. Hüseynin dəstəmazı səhv alan yaşlı bir səhabəni utandırmadan səhvini düzəltməsi üçün yenidən dəstəmaz almalarını qeyd etmək yerinə düşərdi.
Yekunda bildirmək istəyirik ki, tarixi keçmişimiz müsəlmanların gözəl əxlaqi keyfiyyət və məziyyətlərini bəyan edən nümunələrlə zəngindir. Üzərimizə düşən vəzifə bu irsi araşdırıb onu öz həyatımızda yenidən canlandırmaq, əxlaqlı müsəlman kimi digər din qardaşlarımıza, eləcə də qeyri-müsəlmanlara örnək olmaqdır.


Sənan ƏZİMOV - İlahiyyatçı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:31
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:01
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka