Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏXLAQ

[ Müxtəlif / 4071 dəfə baxılıb ]   
|
 

Tərifi
Əxlaqın müxtəlif tərifləri mövcud olmaqla bərabər bu fərqli təriflərin ortaq xüsusiyyətləri də vardır:
Əxlaq, insanın özü ilə, insanlarla və ümumilikdə bütün canlı aləmlə münasibət və davranışlarını ehtiva edən dəyərlər bütünü, hər hansı bir cəmiyyətdə gözlənilməli qaydalar, həyata keçirilməli iş və vəzifələr, bir sözlə, cəmiyyət üçün yararlı bütün davranışlardır.

Əxlaqlı olmaq vacibdirmi?
İnsan ac olduqda yemək yeyir, susuzladıqda su içir, yorulduqda dincəlir, yuxusu gəldikdə isə yatır. Bəs nə üçün insan ac olur, susayır, istirahət edir və yatır? Bu sualların cavabı hamıya məlumdur. İnsanın digər canlılar (bitkilər və heyvanlar) kimi həyatını davam etdirə bilməsi üçün yuxarıda qeyd edilən xüsusların həyata keçirilməsi vacibdir. İnsan bioloji varlıq olduğu üçün bu xüsusiyyətlərinə görə digər canlılara oxşayır.
Heyvanlar yaşamaq üçün müxtəlif işlər görür. Məsələn, hörümçəklər qidalanmaq üçün tor qurur, arılar pətəklərdə yaşayır, quşlar yuva qurur, qoyunlar hansı otu yeyəcəyini “bilir”. Hər bir heyvan sağ qalmaq üçün ona nəyin yaxşı, nəyin pis olduğunu yaradılışı etibarilə bilir.

Bu xüsus insanlar üçün də keçərlidir. Belə ki, insan öz ehtiyacını ödəyə bilməsi üçün yaradılışından etibarən proqramlaşdırılmışdır. Bu baxımdan o, yalnız insana xas olan mənəvi, mədəni və sosial keyfiyyətlərin daşıyıcısıdır. İnsanın sərbəst qərar vermək hüququ, düşünmə bacarığı, iradəsi vardır və o, cəmiyyətin bir fərdidir. İradə isə insanın qərar qəbul etməsində başlıca amildir.
İnsanın öz iradəsi ilə etdikləri qeyri-ixtiyari hərəkətlərindən fərqlənir. Belə ki, şəxsin öz iradəsi ilə etdiyi hərəkətlər onun şüurlu surətdə, dərk edərək həyata keçirdiyi bütün əməlləridir. Biz bu cür hərəkətləri “əxlaqi davranış” adlandırırıq.

Digər insanlarla münasibət və əxlaq
İnsanın doğulduğu vaxtdan etibarən digər insanlarla münasibəti formalaşmağa başlayır. Tədricən formalaşan əxlaq insanın digər insanlarla münasibət və davranışlarında özünü büruzə verir. Bu zaman davranışlar yalnız əxlaqla məna və əhəmiyyət kəsb edir və müəyyən qaydalara tabe olur.
Hərəkət etmək həm də qiymətləndirmək deməkdir. İnsanın bu və ya digər davranışı onun həmin məsələyə münasibətini nümayiş etdirməklə yanaşı, ünsiyyət qurduğu insanın vəziyyətini qiymətləndirməsini də tələb edir.

Bu mənada davranışlarımız və məsələlərə baxışımız həm özümüzə, həm də digər insanlara müəyyən təsir göstərir. Bəzi davranışlarımızı əhəmiyyətsiz sayılsa belə həyatımızda mühüm iz qoyan hərəkətlərə də yol veririk.

Bəzən məsələlərə baxış tərzimiz və hərəkətlərimizlə qarşı tərəfə məsuliyyət yükləyirik; eyni hal bizə qarşı da nümayiş etdirilir ki, belə hərəkətlərdən bəzilərini haqq və öhdəlik adlandırırıq. Tarix boyu insanlar nizamlı sosial cəmiyyət qurmaq üçün davranış kodeksi, qanunlar və digər meyarlar müəyyənləşdirmişlər. Burada tarix boyu formalaşan adət-ənənənin də xüsusi çəkisi vardır. Əxlaq isə cəmiyyətin hər bir sahəsində olduqca vacib bir arada yaşama sənətidir.

Əxlaq, hər zaman ehtiyac duyulan sosial qüvvədir. O, həyatla iç-içədir. Başqa sözlə desək, həyatın heç bir sahəsini əxlaqdan kənarda düşünmək qeyri-mümkündür.

Bəşəri münasibətlərdə əxlaqi dəyərlər
İnsanlar arasındakı münasibətlərdə meydana çıxan əxlaqi dəyərlər ən bəsit ifadə ilə “yaxşı” və ya “pis” kimi xarakterizə etdiyimiz davranışlarla bağlı dəyərlərdir. Bir insana yardım əli uzatmağı yaxşı, yalan danışmağı isə pis davranış sayırıq. Bu, hərəkətin əxlaq nöqteyi-nəzərindən qiymətləndirilməsidir.

Əxlaqi dəyərlər davranışlarımıza yön verən qanun toplusudur. Bu toplu bizə nəyin yaxşı, nəyin isə pis olduğunu bildirir. Deməli, insanın doğru-düzgün həyat tərzi sürməsini əxlaqi dəyərlər müəyyən edir. Bu dəyərlər fərdə insan olma şüurunu aşılayır.

Şəxsiyyətin inkişafında əxlaqın rolu
İnsanın başlıca vəzifəsi həyatın mənasını, qayəsini və əsl dəyərini kəşf edib insanlarla bölüşməkdir. Əxlaqi dəyərlər insanı formalaşdıran dəyərlərdir. Belə ki, insanın hərəkət və davranışları onun şəxsiyyətinin və xarakterinin ifadəsidir. Şəxsiyyət (xarakter) fərdi başqalarından fərqləndirən başlıca əlamətdir. Bu, həm də onun davranışlarını formalaşdıran əsas amildir.

İnsanın şəxsiyyəti onun dünyaya gəlməsi ilə formalaşmağa başlayır, keçirdiyi həyat tərzinə müvafiq formada inkişaf edir. Əxlaqi dəyərlər çərçivəsində yaşamaq insan şəxsiyyətini formalaşdıran əsas amillərdəndir. Əxlaqa uyğun həyat bu dəyərlərə bağlı keçirdiyimiz ömürdür. Belə həyat tərzi insanın şəxsiyyətini formalaşdırıb inkişaf etdirir. Bu prosesdə insan eqoizm kimi xoşagəlməz və mənfi xislətdən xilas olur, daxilində gizli “mən”lə üzləşir. O “mən” ki, həm özünə, həm də başqalarına hörmətlə yanaşır, habelə digər canlılarla münasibətdə məsuliyyətini dərk edir. Axı əxlaq məsuliyyət daşımaq, insana və həyata hörmətlə yanaşmaq deməkdir.

Şəxsiyyətin inkişafı yalnız əxlaqi dəyərlərin hakim olduğu və yaxşılığın pisliyə üstün gəldiyi təqdirdə mümkündür. Çünki insanın müsbət keyfiyyətləri mənimsəməsi onun şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərir. Şəxsiyyəti inkişafdan saxlayan və mane olan bütün xüsuslar isə mənfi amillər kimi qiymətləndirilir. İnsan şəxsiyyətinin formalaşması və inkişaf etməsi üçün yaxşı olana meyl etməli, pis olandan isə çəkinməlidir.

Cəmiyyətin inkişafında əxlaqi dəyərlər
İnsanlar arasındakı münasibətlər əxlaq üzərinə bina edilməlidir. Yalnuz belə olan halda cəmiyyət içərisində layiqli həyat sürmək mümkündür. Cəmiyyətdən kənarda, tənha şəkildə insan kimi yaşamaq qeyri-mümkündür. Axı insan yaradılışı etibarilə sosial bir varlıqdır.

Əxlaqi dəyərlər bir cəmiyyətdə nə qədər möhkəm kök salarsa, bir o qədər də mənimsənər. Əxlaqi dəyərlərə uyğun ömür sürmənin tələblərindən biri də fərdin digərləri ilə münasibətini kəsməməsidir. Belə ki, insanlar bir-birilərinə qarşılıqlı təsir göstərən varlıqlardır. Bu qarşılıqlı təsir vaxtı əxlaqi normalara riayət fərdin və cəmiyyətin inkişafı üçün zəruridir.

İnsanın başqalarına pislik etməklə əxlaqi baxımdan ucalması qeyri-mümkündür. Məsələn, müştəri hüquqlarına əhəmiyyət verməyən satıcı bir müddət sonra aldadılacaq müştəri tapa bilməz. Nümunədən göründüyü kimi əxlaqi dəyərləri mənimsəmədən düzgün sosial hərəkətlər və əxlaqlı cəmiyyət formalaşması gözlənilməməlidir.

Əxlaqın hakim olmadığı cəmiyyətdə daim anarxiya, xaos, qarmaqarışıqlıq hökm sürəcəkdir. Belə cəmiyyətdə isə müəyyən müddət keçdikdən sonra qanunların öz qüvvəsini itirəcəyi qaçılmazdır. Əxlaqlı davranan insan kütləsi (cəmiyyət) qanunu pozan deyil, ona riayət edən bir cəmiyyətdir.

Burada ən ümdə əxlaqi dəyərin bir insanın başqa birinə hörmətlə yanaşması olduğu vurğulanmalıdır. Buna görə əxlaq insanın başqalarının fikir və düşüncələrini nəzərə alıb hörmətlə yanaşması, öz hərəkətlərinə diqqət yetirməsi və digərləri ilə sanballı münasibət qurmasıdır.

Xoşbəxtlik bölüşməklə artır
Unutmamalıyıq ki, bir insanın əsl xoşbəxtliyi onun sosial fəaliyyəti ilə, yaxşı əməl və davranışlarını bölüşməklə, sevinci və kədərini paylaşmaqla, yardımlaşma ilə, təkbaşına aradan qaldıra bilməyəcəyi bütün çatışmazlıq və problemlərin öhdəsindən sosial əlaqələri, habelə qardaşlıq və dostluq münasibətləri ilə gəlməsi ilə mümkündür.

Daşdəmir MAHMANDAROV-İlahiyyatçı Sosioloq/AZERISLAM.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]12:51
ƏSR [ 4 rükət ]15:22
MƏĞRİB [ 3 rükət ]17:41
İŞA [ 4 rükət ]19:12
GECƏYARI00:03
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka